Azərbaycanın iqtisadi qüdrətinin artması və
beynəlxalq aləmdə nüfuz qazanması xalqın hakimiyyətə
olan inamını daha da gücləndirib
ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının
apardığı rəy sorğusunun nəticəsi də
bunu təsdiqləyir
“Gallup” təşkilatı
Amerika Birləşmiş Ştatlarında yerləşir. Çox
nüfuzlu və mötəbər qurum kimi ümumdünya səviyyəsində
tanınmış bu təşkilat bütün dünya
üzrə müstəqil tədqiqat aparır. İnsan
resurslarını öyrənən, statistik araşdırma
xidmətləri göstərən “Gallup” apardığı
sorğular ərzində liderliyə, qanuna və hüquq
qaydasına, qidalanmaya, işə, iqtisadiyyata, səhiyyəyə
və 130 dünya ölkəsinin əhalisinin rifahına aid dəlillər
toplamışdır. Hər il dünyada müxtəlif rəy
sorğuları keçirir. “Gallup” təşkilatı müsəlman
dünyasında və Qərbdə də təhsilə, dinə,
mədəniyyətə və demokratiyaya aid məlumatlar
toplamışdır.
“Gallup” təşkilatı
dünyanın 10 müsəlman ölkəsində də
sorğu aparmışdır. Aparılmış
sorğular nəticəsində məlum olmuşdur ki, bu
ölkələrin əhalisinin böyük əksəriyyəti
İslam qanunlarının demokratiya ilə heç bir ziddiyyət
təşkil etmədiyinə və demokratiya şəraitində
bu qanunların çox gözəl şəkildə tətbiq
edilə bilməsinə əmindirlər. Rəy
sorğusu nəticəsində həm də bəlli
olmuşdur ki, bu ölkələrdə yaşayan müsəlmanların
mütləq əksəriyyəti demokratik dəyərləri
qəbul edir.
“Gallup” təşkilatı bir
müddət əvvəl Azərbaycanda da rəy sorğusu
aparmış və ölkə əhalisinin 77 faizinin hakimiyyətin
fəaliyyətindən razı qaldığını
bildirmişdir. Bu barədə daha ətraflı məlumat əldə
etmək üçün Milli Məclisin deputatı Rüstəm
Xəlilova müraciət etdik.
O dedi:
— Hazırda sosioloji tədqiqatlarla
məşğul olan çoxlu sayda beynəlxalq qurumlar var.
“Gallup” onlar arasında ən çox tanınan təşkilatlardandır.
Bu təşkilat dünyanın əksər dövlətlərində
sosioloji tədqiqatlar aparır və çox obyektiv, inamlı
nəticələr barədə məlumatlar yayır. Bu
yaxınlarda Azərbaycanda tədqiqatlar aparan “Gallup” təşkilatı
belə bir nəticəyə gəlmişdir ki, Azərbaycan əhalisinin
77 faizi hakimiyyətin fəaliyyətindən razıdır. Yəni,
xalq indiki hakimiyyətlə həmrəy olduğunu bildirir, bu
iqtidarın daxili və xarici siyasətini bəyənir, ona
inanır. Azərbaycanın sürətli
inkişaf yoluna qədəm qoyması, əhalinin rifah
halının yüksəldilməsi, quruculuq-abadlıq işlərinin
geniş vüsət alması, insan hüquq və
azadlıqlarının yüksək səviyyədə qorunması
əhali tərəfindən müsbət qiymətləndirilir.
Mötəbər təşkilatın keçirdiyi rəy
sorğusunda Azərbaycan bütün postsovet ölkələrini
qabaqlayıb.
Əgər sorğunun nəticələrinə
fikir versək, görərik ki, Gürcüstanda əhalinin
21, Ukraynada 4 faizi, Azərbaycanda isə əhalinin böyük
əksəriyyəti hökumətin fəaliyyətindən
razılığını bildirib. Təbii ki, bu göstərici
təsadüfi deyildir. Son beş ildə Azərbaycan
bütün sahələr üzrə çox sürətlə
inkişaf edib. İqtisadiyyatın artımındakı sürət
tempinə görə müstəqil dövlətimiz təkcə
regionda deyil, dünyada lider dövlətdir. Bir
faktı da qeyd etmək yerinə düşərdi. Ötən
il Dünya Bankı tərəfindən açıqlanan “Doinq
Business-2009" hesabatında Azərbaycan dünya ölkələri
arasında ən islahatçı dövlət elan
edilmişdir. Ötən beş ildə qazanılmış
uğurları gözlərimiz önünə gətirəndə
bir daha şahidi oluruq ki, respublikamızın
bütün bölgələrində təhsil ocaqları, səhiyyə
müəssisələri, Olimpiya-idman kompleksləri, istirahət-əyləncə
mərkəzləri və digər sosial obyektlər tikilib
istifadəyə verilmişdir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə
yetirilməsi nəticəsində fəaliyyətini
dayandırmış müəssisələr bərpa
olunmuş, beynəlxalq standartlara tam cavab verən çoxlu
sayda sənaye və istehsal sahələri tikilmişdir.
Bunun da sayəsində beş il ərzində 766 min iş yerləri
yaradılmış, əhalini ən çox narahat edən
işsizlik problemi demək olar ki, aradan
qaldırılmış, yoxsulluğun səviyyəsi 49 faizdən
13,2 faizə enmişdir.
Hakimiyyətin yeritdiyi uğurlu
daxili və xarici siyasət sayəsində müstəqil
dövlətimizin dünya birliyində mövqeləri daha da
möhkəmlənmiş, əlaqələri genişlənmişdir.
Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş davamlı tədbirlər cəmiyyətin
böyük rəğbətinə səbəb olmuş, ona
görə də “Gallup” kimi nüfuzlu bir təşkilatın
apardığı rəy sorğuları zamanı respondentlərin
böyük əksəriyyəti hakimiyyətə
inandığını, dövlətin
yeritdiyi daxili və xarici siyasəti bəyəndiyini
bildirmişdir. Ölkədə yaranmış davamlı
ictimai-siyasi sabitlik, həmçinin insan hüquq və
azadlıqlarının qorunmasının daim dövlətin
diqqət mərkəzində saxlanılması da əhali tərəfindən
yüksək qiymətləndirilib. Bilirsinizmi, hər
hansı bir təşkilat tədqiqat aparanda yalnız bir sahə
üzrə maraqlanmır. Onlar ölkənin hərtərəfli
inkişafı ilə maraqlanır, ətraflı sorğular
aparır, ən başlıcası isə bu sorğular anonim
şəklində olur. Ona görə də belə tədqiqatların
nəticələri heç kimdə şübhə
doğura bilməz.
Məsələn, “Gallup” təşkilatının
tədqiqatına fikir verək. Bu təşkilatın
keçirdiyi rəy sorğusunda Azərbaycan bütün
postsovet ölkələrini qabaqlayıb. Əgər burada
şübhəli və qabaqcadan hazırlanmış bir tədqiqat
olsaydı, o zaman digər ölkələr öz
etirazlarını bildirərdilər. Məgər postsovet
ölkələrində bilmirlərmi ki, 2005-ci ildən
başlayaraq, Azərbaycan iqtisadi artım tempinə görə
dünyada lider ölkə olmuşdur? Bütün dünyaya bəllidir
ki, Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış,
adambaşına düşən gəlir 5500 dollara
çatmışdır. Sənaye istehsalının həcmi
2,5 dəfə yüksəlmişdir. Həyata keçirilən
uğurlu islahatlar əhalinin həyat səviyyəsini xeyli
yaxşılaşdırmışdır. Minimum əmək
haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4
dəfə artmışdır. Bunlar adi rəqəmlər
deyil, son beş ildə Azərbaycanın sürətli
inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyən
faktlardır. Bu gün dünyanın inkişaf etmiş
ölkələri Azərbaycanla əməkdaşlığa
böyük maraq göstərir. Bir vaxtlar
hamının əfsanə kimi qəbul etdiyi
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri məhz möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi sayəsində
həyata vəsiqə aldı. Hazırda tikilməkdə olan
Bakı—Tbilisi—Qars dəmir yolunun reallaşması da
möhtərəm Prezidentimizin siyasi fəaliyyətinin məhsuludur.
Bütün bunlardan sonra Azərbaycan dünyada iri infrastruktur
layihələrin reallaşdırılmasında zəngin təcrübəsi
olan dövlət kimi tanınıb.
Bu layihələr həyata
vəsiqə aldıqdan sonra bundan gələn gəlir
hesabına ölkə iqtisadiyyatı daha da inkişaf etdi,
insanların yaşayış şəraiti xeyli
yaxşılaşdı. Ən başlıcası ordu
quruculuğu sahəsində çox mühüm irəliləyişlər
oldu.
Dövlətimizin
başçısı bu günlərdə keçirilən
Nazirlər Kabinetinin 2009-cu ilin blirinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş geniş iclasında da bu məsələni
xüsusi vurğulayaraq dedi: “Ordu quruculuğu məsələlərinə
ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan
müharibə şəraitində yaşayır və belə
olan halda, ilk növbədə, bu məsələlərə ən
böyük diqqət göstərilməlidir. Keçən
ay ordu günü ərəfəsində keçirilmiş
genişmiqyaslı hərbi təlimlər bir daha bizim
gücümüzü göstərdi. Keçən il biz hərbi
parad keçirməklə öz hərbi texnikamızı
nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi
nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan
ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən
vəzifəni uğurla icra edə bilər. Bizim bütün
səylərimiz bu məqsədə xidmət edir — Azərbaycanın
ərazi bütövlüyü bərpa olunsun,
işğalçı qüvvələr ölkəmizin zəbt
edilmiş torpaqlarından çıxarılsın”.
Azərbaycan vətəndaşları
bütün bu uğurları, nailiyyətləri görür.
İlham Əliyev kimi praqmatik düşüncəli,
intellektual səviyyəli, demokratik düşüncəli bir
şəxsiyyəti Azərbaycan Prezidenti seçməklə
fəxr edir, qürur hissi keçirirlər.
“Gallup” təşkilatının
faktlara əsaslanaraq gəldiyi nəticə hamımızı
sevindirir. Ölkəmizin adının belə bir nüfuzlu təşkilat
tərəfindən uca tutulması, dövlətimizin fəaliyyətinin
yüksək dəyərləndirilməsi bəzi bədxahların
ovqatını tamamilə korlayıb. Bundan ötrü təəssüflənməyə
dəyməz. “Bəlkə də qaytardılar”
xülyasından hələ də əl çəkməyən
belələri öz şəxsi mənafelərini hər
şeydən, hətta, xalqın taleyüklü məsələlərindən
də üstün tutduqlarını ört-basdır edə
bilmədilər. Onlar Azərbaycan əhalisinin hakimiyyətin fəaliyyətindən
bu dərəcədə razı qalmasından çox ciddi
narahat olmağa başlayıblar və “Gallup” təşkilatının
faktlara söykənən rəy sorğusuna kölgə
salmağa çalışırlar. Belələri
vaxtaşırı çayxanalara toplaşaraq öz
aralarında “rəy sorğuları” keçirir və bir-birlərini
“reytinqli”, “ən yaxşı siyasətçi” adlandıraraq
bundan təsəlli tapırlar. Özlərini demokrat
adlandıran, belə özlərindən müştəbehlər
14-15 ildir ki, adi bir partiya sədrliyindən bərk-bərk yapışaraq
əsl “demokratiya” nümayiş etdirirlər. Öz gözlərində
tiri görməyib başqalarının gözündə
tük axtaran belə vəzifə hərislərinə xalq
çoxdan “yox” deyib. Bu gün “Gallup” kimi nüfuzlu bir təşkilatın
sosioloji tədqiqatına kölgə salmağa
çalışan həmin adamlar yanılırlar. Azərbaycan
əhalisinin böyük əksəriyyətinin hakimiyyətin
fəaliyyətindən razı qalması onları bərk
narahat edib. Əslində onlar xalqın yaddaşından birdəfəlik
siliniblər və bir daha geriyə qayıtmayacaqlar. Azərbaycan
isə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
altında beynəlxalq aləmdə öz mövqelərini
daha da möhkəmləndirəcək, daim irəliyə,
yüksəlişə doğru gedəcək.
Əliqismət Bədəlov
Xalq qəzeti.- 2009.- 8 avqust.- S. 2.