Mətbuat üzərindən senzuranın
götürülməsi Azərbaycanın demokratik dəyərlərə
sədaqətindən xəbər verirdi
Ulu öndərin 1998-ci il 8 avqust tarixli fərmanı
milli mətbuatımızın inkişafında yeni mərhələ
oldu
Siyasətçilər gələcək siyasəti,
jurnalistlər isə gələcək nəsilləri
düşünürlər.
Heydər Əliyev
Ümummilli lider
Möhtəşəm qiymətləndirmə,
özünəməxsus ümumiləşdirmə,
müdrikanə etimad nümunəsidir. Diqqət yetirin, Avrasiyanın son əsrdəki
ən nüfuzlu siyasət xadimlərindən biri bizə — qələm
əhlinə necə qiymət verir: “...jurnalistlər gələcək
nəsilləri düşünürlər”. Məhz
bu inamın və etimadın nəticəsi idi ki, ulu öndər
Heydər Əliyev özünün ictimai-siyasi fəaliyyətinin
bütün dövrlərində mətbuata böyük həvəs
və maraqla yanaşmış, ölkəyə rəhbərlik
etdiyi dövrlərdə kütləvi informasiya vasitələrinə
daim qayğı və diqqət göstərmişdir. Məhz bu inamın nəticəsi idi ki, ümummilli
liderimiz heç bir vəzifə tutmadığı dövrdə
(1987-90-cı illər) də daim KİV təmsilçilərinin
diqqətindən kənarda qalmamış, mətbuatın istənilən
sualını diqqətlə qarşılayaraq cavab
vermişdir. Onun ömrünün məşəqqətli
Naxçıvanda keçən günlərində də daim
qəzet-jurnal əməkdaşları ulu öndərin
hörmətli qonağı kimi qəbul edilmişlər.
Ulu öndər Azərbaycanın
vətəndaş müharibəsinə sürükləndiyi,
milli dövlətçiliyimizin məhv olmaq təhlükəsilə
üzləşdiyi günlərdə — 1993-cü ilin iyununda
Naxçıvandan Bakıya gələndə də ilk
görüşdüyü adamlar jurnalistlər olmuşdu. AXC-Müsavat
iqtidarının acizanə xahişləri, xalqın
israrlı tələbi ilə xilaskar kimi Bakıya gəlmiş
Heydər Əliyev vətəndaş müharibəsinin
qarşısını almaq üçün ilk növbədə
Gəncəyə, tamamilə silahlanmış, dövlətlə
ultimatum dilində danışan Surət Hüseynovla
görüşə getməyi qərara
almışdı. Bu səfərdə onun özünə yol
yoldaşı seçdiyi adamlar da məhz jurnalistlər idi.
Prezident kimi ilk dəfə and içəndə də —
andiçmə mərasimindən öncə
görüşüb söhbətləşdiyi ilk adamlar
jurnalistlər idi. Hətta bu yaxınlarda qəzetlərdən
biri yazmışdı ki, Heydər Əliyev 1993-cü ilin
oktyabrında prezident seçilsə də, dövlət
başçısı kimi ilk dəfə başqa peşə
sahiblərini deyil, məhz 1994-cü ilin iyulunda jurnalistlərin
peşə bayramını təbrik etmişdi: “Əsası Həsən
bəy Zərdabinin ”Əkinçi" qəzeti ilə
qoyulmuş, şərəfli tarixə və zəngin ənənələrə
malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin
inkişafında, xalqımızın mədəni-mənəvi
təkamülündə mühüm rol
oynamışdır".
Heydər Əliyev
ictimai-siyasi fəaliyyətinin bütün dönəmlərində
mətbuatla daim əlaqəli işləmiş adam kimi
yaxşı bilirdi ki, Sovet mətbuatının tərkib hissələrindən
olan Azərbaycan mətbuatı özünün 1920-1990-cı
illərini müəyyən çərçivələr
daxilində yaşamışdır. Hətta, SSRİ-nin
çökməsindən sonra da postsovet məkanında
kütləvi informasiya vasitələri üzərində təzyiqlər,
hökmranlıqlar mövcud idi. Doğrudur, Heydər Əliyev
1993-cü ilin payızından sonra Azərbaycan mətbuatının
azad və sərbəst fəaliyyətinə zəmin
yaratmış, açıq sözə meydan vermişdi. Ancaq
mətbuat üzərindən dövlət nəzarətinin rəsmi
şəkildə götürülməsi barədə ilk
dövlət sənədi 1998-ci ilin 8 avqustunda
imzalanmışdır. Bu yazıda məhz həmin fərmana
qədərki prosesləri yada salmaq istəyirik.
Ulu öndərin
siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda
hüquqi, demokratik, sivil və dünyəvi dövlət
quruculuğu kursu götürüldü. Bu kursun çox zəruri
şərtləri var idi. Ən başlıcası isə
ölkədə əsas insan hüquq və
azadlıqlarının qorunmasının təmin edilməsi idi. İnsan hüquq
və azadlıqlarının qorunması isə hansısa əmr,
sərəncam və ya fərmanla reallaşdırıla bilməz.
Bunun üçün ölkədə hüquqi baza
yaradılmalı, müvafiq institutların fəaliyyətə
başlaması təmin edilməli idi. Heydər Əliyev ilk
islahatların məhz bu istiqamətdə aparılmasına
başladı və nail oldu. Qısa müddətdə
ölkənin müstəqillik dövründə qəbul ediləcək
ilk Konstitusiyasının layihəsi hazırlandı. Bu əsas
qanunun maddələrinin təxminən üçdən biri məhz
əsas insan hüquq və azadlıqlarının
qorunmasına aid idi. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi — referendum vasitəsilə qəbul edilən həmin
Konstitusiya ölkəmizə beynəlxalq aləmdə yeni
nüfuz qazandırdı. Dünya ictimaiyyəti, xüsusən,
insan hüquq və azadlıqlarının qorunması ilə
məşğul olan beynəlxalq təşkilatlar Azərbaycanın
həqiqətən sivil, hüquqi və demokratik dövlət
quruculuğu kursu götürdüyünə inandılar və
ölkəmizə beynəlxalq aləmdə etimad göstərildi.
Bu prosesdən sonra
ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sürətləndi,
bütün dünyada insan hüquq və
azadlıqlarının qorunması ilə məşğul
olan ölkələr Azərbaycana gəldilər. Ölkəmizə
gələn nümayəndə heyətlərinin hərəsi
bir müsbət fikir söyləməklə özləri də bilmədən
Azərbaycan haqqında yeni imic formalaşdırırdılar.
Ancaq onlar bilmirdilər ki, Azərbaycanın bütün
müsəlman Şərqində ilk dəfə atacağı
ən böyük addımlar hələ qabaqdadır. Cəbhədə atəşkəsə, ölkədə
daxili sabitliyə nail olunması, respublika iqtisadiyyatının
tənəzzül və böhrandan
çıxarılması (1994-1996-cı illər) və Azərbaycanın
xarici siyasətdə bir sıra uğurlar əldə etməsi
(1996-1997-ci illər, xüsusən, ATƏT üzvü olan
ölkələrin dövlət başçılarının Lissabon sammiti) və nəhayət,
ölkə daxilində köklü islahatlara start verilməsi
ulu öndərin növbəti və konkret addımlar
atmasına zəmin yaradırdı. Zəruri anda lazımi yerdə
olmaq, vacib məqamda gərəkli addımı atmaq kimi
müdriklik nümunələrini özündə cəmləmiş
Heydər Əliyev məhz bütün bu proseslərdən
sonra — 1998-ci ilin yayında postsovet məkanında və
müsəlman Şərqində ilk dəfə olaraq iki
möhtəşəm qərar qəbul etdi.
...1998-ci ildə Birləşmiş
Millətlər Təşkilatının Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi qeyd
edilirdi. SSRİ-nin çökməsindən
sonra yaranan gənc müstəqil dövlətlərin hərəsi
bu mühüm yubileyə öz töhfəsini verməyə
çalışırdı. Təbii ki, insan hüquq və
azadlıqlarının qorunması sahəsində. Sonralar Qərb
ekspertlərinin yazdığına görə həmin yubileyə
ən möhtəşəm töfhəni məhz Azərbaycan
Prezidenti Heydər Əliyev vermişdi. Azərbaycan
Prezidenti 1998-ci ilin avqustunda insanın ən ali, ən birinci hüququ
olan yaşamaq hüququnu ona qaytarmaq üçün müsəlman
Şərqində ilk dəfə olaraq Azərbaycanda
ölüm hökmünün ləğv edilməsi barədə
sənəd imzalamışdı. (Qeyd edək ki, ulu öndər
hələ 1994-cü ildən bu
hökmün icrasını dayandırmışdı).
Həmin il avqustun 8-də isə... KİV təmsilçilərinin
dediyi kimi “Azərbaycan mətbuatının
qarşısında əbədi bir yaşıl işıq
yandırılmışdı”.
Məhz həmin
gün — 1998-ci il avqustun 8-də “Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı
imzalanmışdı. Bu fərmanla Nazirlər Kabineti
yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət
sirlərini mühafizə edən Baş idarə — “Qlavlit” ləğv
edilmişdi. Bu isə artıq Azərbaycan mətbuatının
iti sürətlə inkişafı demək idi. Üstəlik
dövlət kütləvi informasiya vasitəsi yaratmaq istəyən
ölkə vətəndaşlarının öz istəyini
reallaşdırması üçün daha bir neçə
addım atmış, qəzet, jurnal və elektron kütləvi
informasiya vasitəsi təsis etməyi qat-qat asanlaşdırmışdı.
Bu isə ölkə daxilində insan hüquqlarının
daha geniş şəkildə qorunması kimi qiymətləndirilmiş,
xaricdə Azərbaycana olan inam və etimadı qat-qat
artırmışdı.
Ulu öndər daim mətbuat
vasitələrinin rəhbərləri ilə
görüşür, onların problemləri ilə maraqlanır,
mətbuatın inkişafına əngəl törədə
biləcək istənilən maneənin aradan
qaldırılmasına nail olurdu. Təsadüfi deyil ki, Heydər
Əliyev həm Azərbaycanda, həm də xaricdə dəfələrlə
“mətbuatın himayədarı”, “jurnalistlərin dostu” və
başqa fəxri adlara layiq görülmüşdür. Təsadüfi deyil ki, Türkiyənin ən
nüfuzlu televiziya kanallarından olan “Nərgiz TV”nin 1997-ci il
boyu keçirdiyi möhtəşəm sorğunun nəticəsi
olaraq (nəticələr 1998-ci ilin yanvarında elan
edilmişdi) Azərbaycan Prezidenti Heydər Əliyev
özünün ABŞ-dan olan həmkarı Bill Klintonu və Böyük Britaniyanın Baş naziri Toni
Bleyri də qabaqlayaraq ən çox səs qazanmış
(59,413) və insan haqlarının qorunmasına, demokratik dəyərlərin
daha geniş şəkildə tətbiq edilməsinə, sivil
dövlət quruculuğu kursunun uğurla davam etdirilməsinə
görə “Dünyada ilin adamı” fəxri adına layiq
görülmüşdü. Yəni ulu öndər təkcə
Azərbaycanda mətbuat üzərindən senzuranın
götürülməsinə görə deyil, ümumiyyətlə,
daim mətbuatın diqqət mərkəzində olmuşdur.
Ölkənin ən
uzunömürlü mətbuat vəsaitələrindən olan
“Xalq qəzeti” də daim ulu öndərin diqqət və
qayğısını görmüşdür. Bu il
özünün 90 illiyini qeyd edən “Xalq qəzeti” müxtəlif
dövrlərdə, müxtəlif yubileylər münasibətilə
ümummilli liderimizin təbrik məktublarını
almış, həmin məktublar kollektivimizi daha böyük
uğurlara ruhlandırmışdır.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2009.- 8 avqust.- S. 3.