Suraxanı rayonunda ilin ilk yarısına yekun vurulmuşdur
Suraxanı Rayon İcra Hakimiyyətində 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açmışdır. Natiq bu ilin altı ayı ərzində rayonda sosial-iqtisadi sahələrdə həyata keçirilən tədbirlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etmişdir.
Bildirmişdir ki, rayonun sənaye müəssisələri 2009-cu ilin birinci yarımilliyində 60,7 milyon manatlıq iş yerinə yetirmiş, orta aylıq əmək haqqı 358 manata, o cümlədən mədənçıxarma sənayesində çalışan işçilərin orta aylıq əmək haqqı 676 manata çatdırılmış, müəssisələrdə və firmalarda 861 nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən Suraxanı rayonunda görülməsi nəzərdə tutulmuş işlərin əksəriyyəti başa çatdırılmış, Əmircan qəsəbəsinin A.Rzayev küçəsində 300 metr kanalizasiya xətti çəkilmiş, Bülbülə qəsəbəsində 50 gəlişli poliklinika tikilib istifadəyə verilmiş, Hövsan kanalının yenidən qurulması və Hövsan qəsəbəsində Olimpiya İdman Kompleksinin tikintisi işləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na uyğun olaraq Bülbülə gölünün qurudulması üçün inşa edilmiş fekal nasosxananın transformator məntəqəsi tikilmiş, kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilmişdir.Əmircan qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi başa çatdırılmış, Heydər Əliyev parkı salınmışdır.
İ.Abbasov demişdir ki, bu ilin may ayının 4-ü rayon üçün ən əlamətdar gün olmuşdur. Belə ki, həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, mərkəzlə, yenicə istifadəyə verilmiş Heydər Əliyev parkı və rayon icra hakimiyyətinin yeni inzibati binası ilə tanış olmuş, öz tövsiyələrini vermişdir. Natiq, eyni zamanda, göstərmişdir ki, Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında dekorativ divarların tikintisi, kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması işləri, Əzizbəyov dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonunun ərazisindən keçən 8 kilometr hissəsinin yenidənqurulması, dekorativ divarların tikintisi, kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması işləri davam etdirilmişdir.
“Dədə Qorqud” adlandırılan yeni yaşayış sahəsinin yaxınlığında 70 min kubmetr həcmli su anbarının tikintisi və anbara su xətlərinin çəkilməsi, Qaraçuxur qəsəbəsi “D” yaşayış sahəsində Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə əlil uşaqlar üçün “Qayğı” reabilitasiya mərkəzinin tikintisi işləri, Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binasının inşası davam etdirilmiş, Yeni Günəşli “V” yaşayış sahəsinin yaxınlığında 150 min kubmetr həcmli su anbarının tikintisinə başlanılmışdır.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni ikimərtəbəli inzibati binası istifadəyə verilmişdir. Əmircan qəsəbəsi Balandin küçəsində Türkiyənin “TİKA” idarəsinin köməyi ilə yeni su nasosxanası tikilib istifadəyə verilmiş, ətrafı abadlaşdırılmışdır.
Qaraçuxur qəsəbəsindəki 338 saylı uşaq bağçası əsaslı təmir olunmuş, Yeni Günəşli “V” yaşayış sahəsi 13, 14, 14a saylı yaşayış binalarının həyəti abadlaşdırılmış, ARDNŞ-in müvafiq idarəsi tərəfindən Əmircan qəsəbəsindəki 5 saylı evin qarşısında yeni qazanxana tikilmiş, Atəşgah məbədinin, Hövsan qəsəbəsi O.Şabanov küçəsi 4 saylı yaşayış binasının həyətinin abadlaşdırılmasına başlanılmışdır.
Rayonda S.Bəhlulzadə adına mədəniyyət sarayında, Əhalinin Sosial Müdafiəsi Mərkəzi rayon şöbəsinin yeni inzibati binasında, “Bakı Transformator” ASC-nin yeni korpusunda, Zığ qəsəbəsindəki süd emalı zavodunda tikinti işləri, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsinin genişləndirilməsi, Əmircan və Bülbülə qəsəbələrində S.Bəhlulzadə küçəsinin abadlaşdırılması davam etdirilmişdir.
Rayonun xidmət və mənzil -kommunal sahələri tərəfindən 2227 metr qaz, 1517 metr su, 1590 metr kanalizasiya, 665 metr istilik xətləri çəkilmiş və ya dəyişdirilmiş, 12 ədəd müxtəlif ölçülü qaz siyirtməsi və 7 ədəd su siyirtməsi dəyişdirilmiş, 4 ədəd qaz tənzimləyici şkaf, 4 yeni Kompleks Transformator Məntəqəsi(KTM) quraşdırılmışdır.
Payız-qış mövsümündə 181, o cümlədən Yeni Günəşli yaşayış sahəsində 115, Hövsan qəsəbəsində 43, Qaraçuxur qəsəbəsində 23 bina istiliklə təmin edilmişdir. 2009-cu ilin 2-ci rübündə abonentlərə verilən qazın haqqı 85,1 faiz ödənilmiş, iyun ayında bu rəqəm 95 faizə, sayğaclaşdırılmış abonentlərin sayı isə 100 faizə çatdırılmışdır. 2009-cu ilin 2-ci rübündə abonentlərə verilən elektrik enerjisinin dəyəri 71,4 faiz ödənilmiş, iyun ayında bu rəqəm 74,3 faizə, sayğaclaşdırılmış abonentlərin sayı isə 92,2 faizə çatdırılmışdır. 2009-cu ilin 2-ci rübündə əhaliyə verilən içməli suyun dəyəri 30,2 faiz, iyun ayında bu rəqəm 29,1 faiz, sayğaclaşdırılmış abonentlərin sayı isə 54,4 faiz təşkil etmişdir.
İ.Abbasov demişdir ki, hesabat dövründə rayon ərazisində məskunlaşmış 23500 nəfərdən artıq qaçqın və məcburi köçkünün mənzil-məişət, sosial problemlərinin həlli istiqamətində müəyyən işlər görülmüş, Qaraçuxur qəsəbəsində yerləşən və ARDNŞ-ə məxsus 1 və 2 nömrəli yataqxanalar əsaslı təmir olunmuş, Qaraçuxur qəsəbəsi M.Fətəliyev küşəsi, ev 15 ünvanda yaşayan məcburi köçkünlər üçün yeni qaz xətti istifadəyə verilmiş, Yeni Suraxanı qəsəbəsi keçmiş yod-brom zavodunun ərazisində məskunlaşmış məcburi köçkünlər üçün qaz və su xətti təmir edilmişdir.
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə baxılması, səyyar görüşlərin keçirilməsi işinə diqqət artırılmış, rayon icra hakimiyyətinə 2437 ərizə, şikayət və xidməti sənəd daxil olmuş, RİH-in başçısı tərəfindən 276 nəfər vətəndaş qəbul edilmişdir.
Natiq çıxışında qeyd etmişdir ki, qarşıda görüləsi işlər, həll olunası problemlər hələ çoxdur. Belə ki, rayonda elektrik şəbəkəsi yenidən, müasir qaydalara uyğun qurulmalı, su təminatı yaxşılaşdırılmalı, yeni su xətləri çəkilməli, müasir kanalizasiya şəbəkəsi yaradılmalı, yolların kənarlarında yağış sularını axıdan xətlər salınmalı, yeni təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, üzgüçülük hovuzları tikilməli, mövcud təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin bəziləri əsaslı təmir edilməli, Bülbülə gölü qurudulmalıdır.
Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin yarım il ərzindəki fəaliyyəti ilə bağlı hesabat verdilər.
Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu, Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
B.Vaqif
Xalq qəzeti.- 2009.- 8
avqust.- S. 3.