Bakı - yeniləşən, gözəlləşən
şəhər
Bakı şəhərinin
son durumu paytaxtını sevən sıravi bir vətəndaş
kimi məndə son dərəcə qürur doğurur. Ona
görə də ürəyimdə gəzdirdiyim fikirlərimi
mənimlə həmrəy olanlarla bölüşmək istəyirəm.
Bu yaxınlarda qatarla Tiflisdən Bakıya gəlirdim. Mənimlə
bir kupeyə iki gürcü düşmüşdü. Biri
uzun müddət Rusiyada yaşayan və Gürcüstandan —
öz vətənindən qayıdırdı, digər
gürcü isə yalnız 25 il əvvəl Bakıda
olmuş, indi isə işi ilə əlaqədar Bakıya
ezamiyyətə gəlirdi.
Həmişə
olduğu kimi, ümumi güzaran haqqında söhbətlə
bərabər hərə öz şəhəri haqqında da
yenilikləri söyləyirdi. Bakıda 25 il əvvəl
olmuş gürcü Tiflisi öyməyə, onun gözəlliyini
tərif etməyə başladı. Mən də öz
növbəmdə Bakının son durumunu söyləyəndə
o qaşlarını çatıb, Tiflisə heç bir
Qafqaz şəhərinin bənzəmədiyini deyib, söhbəti
mübahisəyə çevirdi. Bu vaxt, o biri gürcü, yəni
bir ay bundan əvvəl Bakıda olub, sonra Tiflisə gedənin
ana dilində ona söylədiyi sözlər məndə
böyük qürur doğurdu. Onlar mənim gürcü
dilini başa düşdüyümü bilmirdilər. Ona
görə də, təxminən on dəqiqə öz dillərində
Bakının indi necə olduğunu müzakirə etdilər.
Mən isə gülümsəyirdim. Doğrudur, Bakıda
çoxdan olmuş gürcü bununla razılaşa bilmirdi. Amma,
o birisi ona sabah Bakını gəzməyi məsləhət
bildi.
Mən 50 ildən
çoxdur ki, Bakıda yaşayıram. Bu müddət ərzində
çoxlu vəzifəli şəxslərin Bakıda
gördükləri işlərin şahidi olmuşam. Hər dəfə Bakıda yeni
bir yaraşıqlı bina tikiləndə, park salınanda,
küçələr asfaltlananda uşaq kimi sevinmişəm.
Amma Bakıda son 4-5 ildə
görülən işləri görəndə qanad
açıb uçmaq istəyirəm. Çünki, əvvəllər
Moskvaya, Tallinə, Tiflisə gedəndə, onların gözəl
prospektlərini, parklarını görəndə qüssələnirdim.
İndi Bakıda belə parkların, küçələrin
sayını itirmişəm. Mən bilirəm ki, bu
yazını oxuyanlardan bəziləri özünə məxsus
yozmalar da edəcəklər. Ancaq bir Allah şahiddir ki, mən
bunu öz ürəyimin arzusu ilə yazıram. 70 yaşı
haqlamışam, heç bir vəzifədə, heç nədə
tamahım yoxdur. Ancaq vətənimizin paytaxtının
vurğunuyam, onu gözəl görəndə
sağlamlaşıram.
Bakı nəinki gözəlləşir,
həm də yenidən qurulur. Bunu görməmək
mümükün deyil. Əlbəttə, bütün bunlar
hörmətli Prezidentimiz cənab İlham Əliyevin iradəsi
ilə, göstərişi və arzusu ilə həyata
keçirilir. Özü də sürətlə həyata
keçirilir. Bu işdə onun göstərişi ilə
yaradılan Azərbaycan Respublikası Neft Şirkəti nəzdində
Sosial İnkişaf İdarəsi işçilərinin, bu
idarənin rəisi cənab Bədəl Bədəlovun xidmətlərini
də deməmək günah olardı. Bu qeydləri yazmaq
fikrinə düşərkən, mən Sosial İnkişaf
İdarəsinin binaları təmir edən fəhlələri,
briqadirləri, mühəndislərinin bəziləri ilə
söhbətlər aparmalı oldum.
Köhnə sovet dövründən
fərqli olaraq, bu idarənin iş intizamı, dəqiq və
düz işləmələri məni heyran qoydu. Mən bəzi
binaların sakinləri ilə görüşüb, onları
narahat edən şeyləri də öyrənmək istədim.
Məsələn, Bülbül prospekti, 30-da yaşayan mənzil
sahibləri ilə söhbət əsasında məlum oldu ki,
onların narahat olduqları məsələlərlə əlaqədar
Sosial İnkişaf İdarəsinə edilən hər bir
müraciətə (istər şikayət, istərsə də
müxtəlif təkliflərə) 3-4 gün ərzində
reaksiya verilib və tədbir görülür. Məlum
olduğu kimi, əvvəllər hərə öz balkonunda bir
neçə televiziya antennası asırdı, bununla da bina
yöndəmsiz şəklə düşürdü. İndi
isə, təmirçilər bütün antennaların
hamısını binanın ən hündür yerində bir
yerə yığıb, səliqə ilə
quraşdırıblar. Lakin ev sahiblərinin bəziləri həmin
vaxt mənzillərində olmadıqlarından xəbərdar
edilə bilməyiblər. Ona görə də
narazılıq edərək, şikayət edənlər
olmuşdu. Buna görə də antenna ustaları mənzilləri
gəzərək, hər kəsin antenna yerini göstərdilər,
hətta evlərində televizorlarını da yüngül təmir
etdilər. Eləcə də, elektrik xətləri, divar
sobaları və s. haqqında olan bütün
narazılıqlar təmin olunub. İndi mən və mənim
kimi şəhərini sevənlərin müəyyən
arzuları var, onlar da həyata keçsə biz
özümüzü xoşbəxt sanardıq. Məlumdur ki,
bir çox şəhərlərin sevimli prospekti və ya
küçələri var. Məsələn, Tiflisdə
Rustaveli prospekti, Kiyevdə Kreşsatik küçəsi,
Moskvada Qızıl meydan və s. Bizim şəhərdə də
belə küçələr çox olsa daha yaxşı
olardı. Məsələn, Bülbül prospekti buna
münasibdir. Belə ki, bu küçə həm ulu öndərimiz
Heydər Əliyev sarayının qarşısından
keçərək, bulvara qədər uzanır, həm də
şəhərin tam mərkəzindədir. Əlbəttə,
Heydər Əliyev adına saraya gələn qonaqların
çoxu onun qarşısındakı bağı da gəzirlər.
Ona görə də, bu sarayın
yaxınlığındakı evlərin balkonları qədimi
stildə düzəlsə, çox gözəl olardı.
Xüsusən, Ü.Hacıbəyov adına Konservatoriya ilə,
Heydər Əliyev adına sarayın kassası arasında yerləşən
binalar (Bülbül prospekti — 30,32) sarayın
qabağındakı bağla kompleksvari bütövlük təşkil
edir. Bu parkın və sarayın ümumi gözəlliyi
xatirinə həmin binaların (Konservatoriyaya qədər) qədimi
stildə təmiri oranı şəhərin ən gəzməli-görməli
yerinə çevirərdi.
Bütün bunlar arzulardır və
belələrini çox sadalamaq olar. Əsas odur ki, nəinki
15-20 il bundan əvvəl Bakıya gələnlər, hətta
Bakının özündə yaşayanlar da
paytaxtımızın gözəlliyinə heyran olur, az qala
şəhərimizi tanımırlar.
Əlbəttə, şəhərimizin
gözəlləşməsinə əngəl törədən
təşkilatlar da var. Məsələn, Bakı şəhərində
ayrı-ayrı rayonlar üzrə sanitariya, gigiyena idarələrinin
nə ilə məşğul olduqları məlum deyil. Zibil
yerləri dərmanlanmır, bəzən zibil yeşikləri
yaraşıqlı küçə boyunca düzülür,
antisanitariya hökm edir. Bu işdə Nəsimi rayonu gigiyena və
epidemiologiya mərkəzinin işi göz önündədir.
Onlar antisanitariya ilə bağlı hər hansı şikayəti
başqa rayona istiqamətləndirir, zirzəmilərdəki
restoranların fəaliyyətinə fikir vermirlər və s.
Biz əminik ki, hörmətli Prezidentimiz bir dəfə bunlara
da diqqət yetirməyə vaxt ayıracaq. Göstərilən
qüsurlar başlanmış böyük və gözəl
işi dayandıra bilməz.
Bu sözlər şəhərini
qəlbən sevənlərin ürək sözləridir. Belə
xoş sözlərin yaranmasına səbəb olanların
hamısına, başda Prezidentimiz cənab İlham Əliyev
olmaqla, minnətdarlığımızı bildirməyi
özümüzə borc bilirik.
Vəli Musayev
Xalq qəzeti.- 2009.- 8 avqust.- S. 4.