Naxçıvan Muxtar Respublikası - 85

 

Naxçıvan Atabəylər dövründə

 

“Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur”.

 

Heydər Əliyev,

Ümummilli lider

 

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamında Vətənimizin şanlı tarixində bu qədim diyarın mühüm rolu çox yüksək qiymətləndirilmişdir: “Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir”.

Naxçıvan tarixinin ən mühüm mərhələlərindən biri Atabəylər dövləti (1136-1225) dövrünə düşür. Bu dövlət XII əsrin ortalarından Eldənizlər xanədanının hökmranlığı altında təşəkkül tapmışdır. Həmin əsrin 30-70-ci illərində Naxçıvan şəhəri bu dövlətin əsas mərkəzi şəhəri, paytaxtı olmuşdur. Eldənizlər dövlətinin banisi Atabəy Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründən dövlətin siyasi mərkəzi, “padşahlıq iqamətgahı” Naxçıvan şəhərində yerləşmişdir. “Əcaib-əd-dünya” adlı tarixi mənbədə bu barədə belə yazılır: “Naxçıvan Eldənizin dövründə tam tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı (darülmülk) yaratdılar və dövlətxana təsis etdilər”.

Azərbaycan tarixinin Atabəylər dövrü görkəmli tarixçi-şərqşünas, akademik Ziya Bünyadovun orijinal orta əsr məxəzləri və digər dəyərli mənbələr əsasında yazdığı monumental “Azərbaycan Atabəylər dövləti” adlı əsərində yüksək elmi səviyyədə tədqiq olunmuşdur.

Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz haqqında tarixi mənbələrdə və elmi araşdırmalarda maraqlı məlumatlar vardır. Səlcuq hökmdarı Sultan Mahmudun hakimiyyəti dövründə (1118-1131) kiçik yaşlı Eldəniz qıpçaqlar ölkəsindən bir tacir tərəfindən qul kimi alınaraq İraqa gətirilmişdi. Qıpçaqların adətinə görə, tacir bir dəfəyə 40 qul alanda qul sahibi onların 39-nun pulunu alır, qırxıncını isə pulsuz verirdi. Rəvayətə görə, İraqda Sultanın vəziri qulları tacirdən satın alır. Balaca Eldəniz ağlayaraq yalvarır ki, onu da götürsün. Vəzir razılaşır.

Eldəniz fərasəti və diribaşlığı ilə tezliklə ağasının rəğbətini qazanır. 1122-ci ildə vəzir ismaililər tərəfindən öldürüldükdən sonra Eldəniz sultanın xidmətinə keçir. O, tezliklə qabiliyyəti və xoş rəftarı ilə seçilir və sultan mətbəxinə başçı təyin olunur. Burada da o, səliqə-səhman və iş aparmaq bacarığı ilə fərqlənir və Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) sultanın şəxsi məmlükləri sırasına daxil olur. Məmlük-Şərq saraylarında yüksək mənsəbə layiq görülmüş qullara verilən rütbə idi. Sultanın xanımı və dövlət işlərində onun ən yaxın məsləhətçisi olan Möminə xatun gənc Eldənizə xüsusi iltifat göstərirdi. Sultan Eldənizin sədaqətini və şəxsi keyfiyyətlərini yüksək qiymətləndirərək onu azad edib əmir rütbəsinə layiq görür və azyaşlı oğlu Aslan şaha atabəy (himayəçi) təyin edir.

Həmin dövrdə səlcuq dövləti bir-birindən asılı olmayan sultanlıqlara parçalanmışdı. Bu yeni dövlətləri səlcuq sultanlarının keçmiş məmlükləri yaratmışdılar. Həmin dövlətlərin hakimləri vəliəhd şahzadələrin atabəylərindən (hami-tərbiyəçilərindən) olurdu. Zaman keçdikcə atabəylərin siyasi nüfuzlu və gücü artır, onlar dövlətin taleyini həll edən əsas simaya çevrilirdilər. XII əsrdə meydana gəlmiş belə dövlətlərdən biri də Azərbaycan Atabəylər (Eldənizlər) dövləti oldu.

1134-cü ildə Sultan II Toğrul öldükdən sonra Sultan Məsud (1135-1152) hakimiyyətə gəldi. O, Şəmsəddin Eldənizi II Toğrulun dul qadını Möminə xatunla evləndirdi. Onların iki oğlu — Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan, eləcə də bir qızları olmuşdu. Sultan Məsud 1136-cı ildə Arranı Atabəy Eldənizə iqta (xidmətlərinə görə pay) torpağı verdi. Həmin hadisə Atabəylər dövlətinin yaranma tarixi sayılır. Şəmsəddin Eldəniz nüfuz və hakimiyyət dairəsini getdikcə genişləndirərək tezliklə bütün Azərbaycana sahib oldu. Süleyman şah hakimiyyətdən salınıb öldürüldükdən sonra Eldəniz oğulluğu Arslan şahı sultanlıq taxtına çıxarmaq üçün 1160-cı ildə 20.000-lik qoşunla Həmədana gəldi. Arslan şaha tacqoyma mərasimi keçirildi və Şəmsəddin Eldəniz rəsmi olaraq “Böyük Atabəy” rütbəsinə layiq görüldü. Onun oğulları — Məhəmməd Cahan Pəhləvan sultanın əmir-hacibi, Qızıl Arslan isə sultan ordularının baş komandanı təyin edildi. Azərbaycan Atabəylər dövlətinin real hökmdarı Şəmsəddin Eldəniz idi. Onun hakimiyyəti dövründə Naxçıvan Atabəylər dövlətinin əsas iqtisadi, siyasi və mədəniyyət mərkəzinə çevrilmişdi. Şəmsəddin Eldənizin daimi yaşayış yeri və sarayı Naxçıvanda idi.

Şəmsəddin Eldənizin xanımı Möminə xatun 1175-ci ildə Naxçıvanda vəfat etdi. Atabəy Eldəniz onun məzarı üzərində möhtəşəm məqbərə tikdirməyə başladı. Lakin arvadından bir ay sonra Atabəy Şəmsəddin Eldəniz özü də vəfat etdi. Məqbərənin tikintisini 1176-cı ilin aprelində onların böyük oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırdı. Möminə Xatun türbəsini tək Azərbaycanın deyil, ümumən Şərqin böyük memarı Əcəmi Əbu Bəkr oğlu Naxçıvanı inşa etmişdir. Məqbərənin tikintisi gedən zaman, Atabəy Şəmsəddin Eldənizin ölümündən iki ay sonra onun himayədarlıq etdiyi sultan Arslan şah da vəfat etdi. Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz öz dövrünün çox görkəmli dövlət xadimi olmuş, sultanın qəyyumu kimi əsasını qoyduğu sülalənin siyasi hakimiyyətinin, qurduğu dövlətin ərazilərinin genişləndirilməsi üçün böyük işlər görmüşdür.

Ərəb tarixçisi İbn Əl-Əsir “Əl-Kamal fi-t-tarix” ( “Mükəmməl tarix” ) adlı əsərində Atabəy Şəmsəddin Eldəniz haqqında yazırdı: “...O, Azərbaycan, Arran və Şirvana, Cibəl ölkəsinə, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə sahib olmuşdu. Xilat, Fars, Xuzistan, Mosul və Kirmanın hakimləri də ona tabe idilər.”

XII əsrdə yadellilərin Azərbaycana tez-tez baş verən basqınlarına Naxçıvan daha çox məruz qalırdı. Buna görə də Şəmsəddin Eldənizin ölümündən sonra oğlu Məhəmməd Cahan Pəhləvanın zamanında (1174-1186) Atabəylər dövlətinin paytaxtı Naxçıvandan Həmədana köçürüldü. Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra hakimiyyətə onun kiçik qardaşı Qızıl Arslan gəldi (1186-1191). Məhəmməd Cahan Pəhləvanın oğulları Əbubəkrin (1191-1210) və Özbəyin (1219-1225) hakimiyyəti dövründə paytaxt Təbrizdə yerləşsə də, Naxçıvan ölkənin iqtisadi və mədəni həyatında mühüm rol oynamaqda davam edirdi. Eldənizlərin bütün hakimiyyəti dövrü Naxçıvanda hakimiyyət iqamətgahı fəaliyyət göstərirdi və bu şəhər bir növ ikinci paytaxt statusunu axıracan qoruyub saxlamışdı.

XI-XII əsrlərdə Naxçıvan əhalisinin sayına görə Yaxın Şərqin iri şəhərləri ilə eyni səviyyədə dururdu. Məhəmməd Naxçıvani şəhərin bu dövrü haqqında yazır: “Təbrizdən və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yox idi.” Bəzi mülahizələrə görə, həmin dövrdə Naxçıvan şəhərində təxminən 150-200 min əhali yaşamışdır. Əhalinin tam əksəriyyəti islam dininə mənsub olan Azərbaycan türklərindən ibarət idi. Bundan başqa, şəhərdə farslar və səlcuq türkləri və az sayda digər etnoslar da yaşayırdılar. Bu faktı Naxçıvanın qədim şəhər qəbiristanlıqları da təsdiq edir. Şəhərdə çoxlu məscid və mədrəsələr inşa edilmişdi. Əhalinin sosial tərkibi şəhər zadəganları, ruhanilər, sənətkarlar, tacirlər, məmurlar, hərbiçilər və şəhər yoxsullarından ibarət idi.

XI əsrdə Naxçıvanda hakim sülalə Əbu Dülafilər, XII əsrdə isə Eldənizlər olmuşdur. Azərbaycanın tarixi məğrurluq rəmzi sayılan, “Kitabi-Dədə Qorqud” dastanında möhtəşəm və yenilməz bir istehkam kimi təsvir edilən Əlincə qalası Eldənizlərin iqamətgahlarından biri idi. Ən təhlükəli məqamlarda dövlətin xəzinəsi və hökmdarın əhli-əyalı bu qalada qorunurdu. Əlincənin ən yüksək pilləsində qutval (qala rəisi), yaxud qorçubaşı üçün nəzərdə tutulmuş qəsr yerləşir. Bu tikinti kompleksi yerli əhali tərəfindən Şahtaxtı adlandırılır. Əlincə qalasında minə yaxın döyüşçü yerləşdirilə bilirdi. Bundan başqa, qalada silah hazırlayan karxanalar, ilxı və mal-qara üçün fövlələr də vardı.

Məhəmməd Cahan Pəhləvanın arvadı, Nüsrətəddin Əbubəkrin anası Zahidə xatunun əsas iqamətgahı da Əlincə qalasında yerləşirdi. Bu bacarıqlı diplomat qadın dövrünün tanınmış şəxslərindən biri olmaqla, Eldənizlər dövlətinin siyasi həyatında mühüm mövqeyə malik idi. Zahidə xatun əsasən Naxçıvanda yaşamış, hakim kimi Azərbaycanın bu vilayətini idarə etmişdi. Eldənizlər dövlətinin Əlincə qalasındakı xəzinəsi Zahidə xatunun sərəncamında idi. Zahidə xatun vəfat etdikdən sonra Naxçıvanın hakimi vəzifəsini bir müddət əl-Cəlaliyyə tutmuşdur. Ehtimala görə, əl-Cəlaliyyə Zahidə xatunla Məhəmməd Cahan Pəhləvanın qızıdır.

“Əcaib əd-dünya” adlı tarixi mənbədə Naxçıvan şəhərindən bəhs edilərkən yazılır: “Orada çoxlu saray, köşk, eyvan vardır. Şəhərin yaxınlığında daşdan qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır. Bütün binalar gəcdən və bişmiş kərpicdən inşa edilmişdir. Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir.”

Naxçıvanın cənub səmtində salamat qalmış orta əsrlərə aid qala divarları hazırda Möminə Xatun türbəsinə xüsusi əzəmət və yaraşıq verir. Naxçıvan XI-XII əsrlərdə Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Gəncə, Şamaxı şəhərləri ilə bir sırada iri sənətkarlıq və ticarət mərkəzi kimi tanınmışdı.

Bu dövrdə Naxçıvan mühüm sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhər görkəmli memarları, dülgərləri, bənnaları, bəzzazları, dulusçuları, dəmirçiləri, dabbaqları, başmaqçıları, xalçaçıları, zərgərləri, boyaqçıları ilə məşhur idi.

Naxçıvanda istehsal olunan gözəl parçalar,örtüklər, keçə, çuxa, kasa, ağac tabaqlar və s. məmulatları bir çox qonşu ölkələrə də aparılırdı. Naxçıvan sənətkarları tərəfindən nadir sənətkarlıq nümunəsi olan xalçalar, keyfiyyətli yun, ipək və pambıq parçalar toxunurdu. Dulusçuluq, misgərlik kimi mühüm sənət növləri də yüksək səviyyədə inkişaf etmişdi.

Möminə Xatun türbəsi yaxınlığında, şəhərin orta əsr Narın qalasında aparılan arxeoloji qazıntılar nəticəsində dulusçu kürələrinin qalıqları, zəngin çeşidli, əsasən həndəsi və nəbati naxışlarla bəzədilmiş şirəli və sadə saxsı qablar, müxtəlif mis qab nümunələri aşkara çıxarılmışdır.

Keramika məmulatları içərisində zər naxışlı nəfis bədii tərtibatlı qablar və seladon qablar xüsusilə diqqəti cəlb edir. Seladon qablar Naxçıvana ticarət əlaqələri nəticəsində Çindən gətirilmişdir. Gildən hazırlanmış müxtəlif formalı bəzək kərpicləri, kaşılar Naxçıvan memarlığında geniş istifadə edilmişdir. Həmin dövrdə Naxçıvan şəhərində şüşə istehsalı sənətkarlığı da təşəkkül tapmışdı.

Sənətkarlığın inkişafı Naxçıvanın qonşu ölkələrlə ticarət əlaqələrinin güclənməsinə təkan vermişdi. Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinyət əşyaları, incə naxışlı qablar, keramika və metal məmulatları, həmçinin duz, pambıq, taxıl, quru meyvə və s. məhsullar Azərbaycanın digər bölgələrinə və qonşu regionlara aparılırdı.

Ticarətin inkişafı nəticəsində Naxçıvanda çoxlu karvansaralar tikilir, yollar çəkilir, körpülər salınırdı.

Naxçıvan İran, Bizans, Orta Asiya, eləcə də qonşu Cənubi Qafqaz şəhərləri ilə ticarət əlaqələri saxlamış, Mərənd, Xoy, Təbriz, Marağa, Urmiya, Səlmas, Dəbil və başqa şəhərlərə gedən ticarət yolu üzərində yerləşəni əsas mərkəz olmuşdur. Ticarət əlaqələrinin inkişafı sayəsində pul dövriyyəsi də xeyli genişlənmişdi. Naxçıvan şəhərindən, Şərur ərazisindən tapılmış çoxlu pul dəfinələri, X-XII əsrlərə aid mis, gümüş, qızıl sikkələr buna əyani sübutdur. Bu sikkələr Abbasi xəlifələri, Bizans çarları, sacilər, salarilər, səmanilər, səlcuq sultanları, atabəylər və başqaları tərəfindən zərb etdirilmişdir.

Naxçıvan Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Burada mədrəsələr, ruhani məhəllə məktəbləri, təkyələr mövcud idi.

Eldənizlərin hakimiyyəti dövründə Naxçıvan şəhərində iki böyük mədrəsə açılmışdı. Bu mədrəsələrin xərcləri Möminə Xatın və Yusif ibn Küseyir türbələrinin vəqfləri, gəliri hesabına ödənilirdi.

Naxçıvan Eldənizlər dövlətinin paytaxtı olanda burada elm və mədəniyyətin inkişafına gözəl şərait yaradılmışdı. Şəhərdə çoxlu alim, mütəfəkkir, şair, memar yaşayırdı. XI əsrin ikinci yarısında Azərbaycanın görkəmli mütəfəkkirləri Şeyx Abdulla Bakuvi, Pir Hüseyn Şirvani, Baba Kuhi Bakuvi, Əbü Nəsir Şirvani ilə yanaşı naxçıvanlı filosof Əbu Ömərin də xüsusi yeri vardı. Bu dövrdə görkəmli həkim Əkmələddin Naxçıvani “təbiblərin sultanı” kimi vəsf edilərək böyük şöhrət qazanmışdı.

XII-XIII əsrlərdə Naxçıvan Azərbaycanın əsas memarlıq mərkəzlərindən biri kimi məşhur olmuşdur. Naxçıvanın orta əsrlərə aid memarlıq abidələri öz möhtəşəmliyi, qeyri-adi gözəlliyi və zərifliyi ilə diqqəti cəlb edir. Bu dövrdə Naxçıvanda şəhərsalma, qalatikmə, körpüsalma, monumental çoxmərtəbəli sarayların, türbələrin, məscidlərin inşası, təsviri və tətbiqi sənət çox yüksək səviyyədə inkişaf tapmışdı. Naxçıvan şəhərinin orta əsr qala divarları, Yusif ibn Küseyir, Möminə Xatun türbələri, İmamzadə kompleksi, Əlincə qalası, Xaraba Gilan istehkamları və türbələri, Aza məqbərələri, Gülüstan türbəsi, Araz, Gilançay və Əlincəçay üzərindəki körpülər və digər memarlıq abidələri bunu parlaq şəkildə göstərir. Naxçıvan memarlıq məktəbinin banisi, dahi sənətkar Əcəmi Əbubəkr oğlu Naxçıvani XII əsrdə yaşayıb yaratmışdır.

Naxçıvan memarlığı özünəməxsus orijinal xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bişmiş kərpicdən və rəngarən kaşılardan həndəsi motivlərdə, monumental kompozisiyalarda qurulmuş memarlıq ontamentləri zərifliyi və yüksək bədii tərtibatı ilə zövq oxşayır.

Araşdırmalar göstərir ki, XII əsrdə Naxçıvan şəhərinin mərkəzi Möminə Xatun türbəsinin yerləşdiyi sahədə olmuşdur. Burada meydan ətrafında bir sıra binalar kompleksi — hökmdar sarayı, böyük Cümə məscidi və ticarət binaları yerləşirmiş. Buradakı ictimai binalar, möhtəşəm Cümə məscidi, eləcə də kompleksə aid qala, minarələr və digər tikililər orta əsrlərin sonrakı mərhələlərində müharibələr nəticəsində dağıdılaraq məhv edilmişdir.

Böyük memar Əcəminin yaratdığı Möminə Xatun və Yusif Küseyir oğlu türbələri Şərq memarlığının nadir inciləri sayılır və XII əsrdə Naxçıvanın ölkəmizin əsas mədəniyyət mərkəzlərindən olduğunu təsdiq edir.

Yusif Küseyir oğlunun türbəsi 1162-ci, Möminə Xatun türbəsi isə 1186-cı ildə inşa edilmişdir. Möminə Xatun türbəsinin hündürlüyü 26 metrdir. Yeraltı sərdabə onbucaqlı formasındadır. Türbənin yerüstü qurğusu xaricdən onguşəli, daxildən isə dairəvi plandadır. Türbənin xarici səthi müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından ibarət kitabələr, həndəsi ornamentlər və nəbati təsvirlərlə çox yüksək bədii tərtibatda bəzədilmişdir. Abidənin bəzədilməsində firuzəyi kaşılardan istifadə olunmuşdur.

Möminə Xatun türbəsi üzərindəki bəzəklər Əcəminin tükənməz yaradıcılıq fantaziyasına malik sənətkar olduğunu göstərir. Memarın adını daşıyan kitabə giriş tağından yuxarıda verilmişdir. Türbənin yuxarı hissəsi kufi xətli yazılarla və firuzəyi kaşılarla bəzədilmiş qurşaqla əhatələnir. Türbənin daxilində günbəzin mərkəzi hissəsindəki medalyonda (qönçədə) yazılıb.

 

Biz gedəcəyik, dünya duracaq,

Biz öləcəyik, bu yadigar qalacaq.

 

Möminə Xatun türbəsi əsrlər boyu Naxçıvana gəlmiş Şərq və Avropa səyyahları və alimlərinin böyük marağına səbəb olmuş, onları heyrətə salmışdır. Onların fikrincə, Möminə Xatun türbəsi orta əsr memarlıq sənətinin şah əsəridir. Məşhur şərqşunas alim, akademik M. V. Alpatov “Ümumdünya incəsənət tarixi” əsərində bu abidə haqqında yazır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyanın belə klassik kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı əsərlərində olduğu kimi insanpərvərlik nəfəsi gəlir”.

Naxçıvan şəhərində ən möhtəşəm memarlıq abidəsi olan Cümə məscidi də Möminə Xatun türbəsinin yaxınlığında yerləşirmiş. Məscidin əsas günbəzinin hündürlüyü 30 metrə yaxın olmuşdur. Bu nadir abidə, təəssüf ki, zəmanəmizədək gəlib çatmamışdır. XVII əsr fransız səyyahı Tavernye Naxçıvan Cümə məscidini Asiyada ən möhtəşəm məscidlərdən biri kimi qiymətləndirmişdir. XI-XIII əsrlərdə tikilmiş bu nəhəng abidə XIX əsrin ortalarında dağılmağa başlamış, o dövrün hakimiyyət orqanları tərəfindən heç bir qayğı göstərilmədiyindən XX əsrin əvvəllərində tamam dağılaraq sıradan çıxmışdır.

Naxçıvanın mərkəzi memarlıq ansamblının əsas və möhtəşəm tikililərindən biri də Eldənizlərin saray kompleksi olmuşdur. Şəhərin digər memarlıq abidələri məhz bu sarayla bağlı olub, onun ətrafında salınmışdı. Təəssüf ki, bu möhtəşəm abidə də bizim günlərə qədər gəlib çatmamışdır.

Əcəmi memarlıq məktəbinin təsiri altında sonrakı əsrlərdə Naxçıvanda bir sıra orijinal monumental memarlıq abidələri ucaldılmışdır. Belə abidələrdən biri Culfa rayonu ərazisində, Arazın sol sahilində yerləşən Gülüstan türbəsi XIII əsrdə tikilmişdir. Kirnə kəndindəki möhtəşəm məscid binası da bu əsrin yadigarıdır. Naxçıvan memarlığının ən qiymətli nümunələrindən biri sayılan Qarabağlar türbəsi XIV əsrin əvvəllərində inşa edilmişdir.

Naxçıvan memarlıq məktəbinin Azərbaycan, eləcə də bütün Yaxın Şərq memarlığına böyük təsiri olmuşdur. Azərbaycanda bu təsir şimalda Bərdəyə, cənubda isə Həmədan və Zəncana qədər geniş şəkildə yayılmışdır. Məşhur Avstriya sənətşünası Ernest Dits “Türk sənət tarixi” əsərində göstərir ki, böyük türk memarı Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri altında inşa edilmişdir.

Atabəylər dövründə Naxçıvanda incəsənətin rəssamlıq, nəqqaşlıq, zərgərlik kimi sahələri də yüksək səviyyədə inkişaf etmişdi. Naxçıvan, Xaraba Gilan, Şərur orta əsr abidələrindən tapılmış bir çox mis qab nümunələrinin üzəri kəsmə və oyma üsulları ilə nəbati motivlərlə incə zövqlə bəzədilmişdir. Orta əsrlərdə Təbriz miniatür məktəbinin təsiri ilə Naxçıvanda da miniatür rəssamlıq nümunələri meydana gəlmişdir.

Azərbaycanın dövlətçilik tarixində çox böyük rol oynamış Atabəylər dövrü siyasi, iqtisadi, mədəni inkişaf baxımından Naxçıvan tarixinin intibah dövrü sayıla bilər.

 

 

Vəli Əliyev

 

Xalq qəzeti.- 2009.- 8 avqust.- S. 5.