Qocaman jurnalistin döyüş və söz marafonu
Bu ay “Xalq qəzeti”nin 90 illiyi tamam olur. Xoş təsadüfdür ki, ömrünün yarım əsrini bu qəzetdə keçirək təqaüdə çıxmış Kazım Ələkbərovun da 85 yaşı məhz qəzetin yubileyi ilə üst-üstə düşür.
Bir neçə günün söhbətidir. Telefonu zəng çaldı. Redaksiyamızın veteranı, qocaman jurnalist Kazım Ələkbərov idi. Hal-əhval tutandan sonra dedi:
— Avqustun 12-də yaxınlarım, əzizlərim ətrafıma toplaşacaqlar. Aralarında, sözsüz ki, doğma “Xalq qəzeti”ni təmsil edənlər də olacaq. 85 il yaşamışam. Həyatın hər üzünü görmüşəm. Yaşımın bu vədəsində mənim üçün ən böyük mükafat əzizlərimin, doğmalarımın və övlad kimi rəğbət bəslədiyim həmkarlarımın xoş təbəssümünü görmək, halal süfrəmdə onlarla düz-çörəyi təzələmək olar. Mən bundan güc-qüvvət toplayaram, yaşamaq eşqim artar, gümrahlaşıb xəyalən gənclik illərimə qayıdaram. Doğma “Xalq qəzeti”nin 90, mənim isə 85 yaşım tamam olur. Bu, mənim üçün ikiqat fərəhlidir.
Bu xitabdan təsirləndim. Həmkarımızı, dostumuzu necə təbrik edək? Müdriklərin kəlamı məni nigarançılıqdan xilas etdi: Zər qədrini zərgər bilər, söz qədrini isə söz sərrafları. Xatirələrə “söykənib” sözdən “çələng” hörməyə başladım. Bir daha yəqin etdim ki, deyilən söz yadigardır...
Kazım Hacı oğlu Ələkbərov
85 il əvvəl Bakıda dünyaya göz açıb. O, pedaqoji məktəbi bitirəndən sonra təyinatla Xaçmaz rayonuna gedib. 18 yaşlı gənc pedaqoq oradan ordu sıralarına çağırılıb. Bakı
zenit-artileriya məktəbinə
göndərilib. Oradan
kiçik leytenant kimi Belorusiya cəbhəsinə aparılıb.
546-cı kiçikçaplı zenit alayında komandir olub. Belorusiyanın və Polşanın azad edilməsində iştirak
edib. O, Pripyat çayı üzərindəki
korpüdən qoşunlarımızın
maneəsiz keçmələrində
və “Baqration” əməliyyatının təşkilində
fəallıq göstərib.
Ömrünün 40 ilini “Kommunist” qəzetində keçirən Kazım müəllim xoşbəxt jurnalistlərdəndir. Ötən əsrin 50–60-cı illərindən mətbuatda tanınırdı. Gərgin əməyi, işıqlı ürəyi, iti qələmi ilə Azərbaycan ziyalıları arasında nüfuz qazanmışdı. Kazım müəllim tarixə korifey kimi daxil olan ziyalılarımızın çoxu ilə həmsöhbət olub, dostluq edib, müsahibələrini dərc etdirib, onların canlı obrazını yaratmaqla mənəvi dünyamızı zənginləşdirib.
“Kommunist” qəzetinin 2 noyabr 1957-ci il tarixli nömrəsində dərc olunmuş “Şərəfli yol” oçerki dünya şöhrətli alim Azad Mirzəcanzadə barədədir. Həmin oçerki oxuyanda akademikin obrazı və zəkası gözlərimiz önündə canlanır. Kazım müəllim S. Vurğunla, Y. Məmmədəliyevlə, M. Topçubaşovla və başqa görkəmli insanlarla da müsahibələr aparıb, bir tədqiqatçı publisist kimi onların ali keyfiyyətlərini lakonik, həm də çox sadə və oynaq uslubda oxucuların ixtiyarına verib.
Təcrübəli jurnalist Yusif Məmmədəliyev, Adil İsgəndərov, Bülbül, Rəşid Behbudov, Nazim Hikmət, Nəsir İmanquliyev, İsrafil Nəzərov kimi tanınmış şəxsiyyətlərlə görüşlərini, söhbətlərini indi də ehtiramla xatırlayır. Jurnalistika peşəsinin vurğunu olan həmkarımız yazılarını da əziz xatirə kimi qoruyub saxlayır. Ötən illərdə ən yaxşı oçerk, reportaj, müsahibə, zarisovkalarını qruplaşdırıb kitab şəklində nəşr elətdirib. “Mən necə jurnalist oldum”, “Jurnalist ömrünün akkordları”, “İki cəbhə əsgərinin xatirələri”, “Yazmışam ki, izim qala...” və başqa kitablarında həyatının müxtəlif anları, 50 ildən artıq jurnalistika fəaliyyəti öz əksini tapıb.
Həmin publisistik yazılarda zaman, məkan və vaxt nəzərə alınmaqla həyati faktlara obyektiv münasibət, bu faktların arxasında duran insanların mənəviyyatı, əxlaqı və cəmiyyət qarşısında cavabdehliyi ön plana çəkilib.
Kazım Ələkbərov uzun illər müxtəlif səpkili yazılarında Vətən və vətəndaş məfhumlarının ucalığını, məsuliyyətini anlatmağa çalışıb, qəhrəmanları, oxucularını böyük ideallara səsləyib. Faydalı əməyin, elmin, sənətin cəmiyyətin inkişafındakı rolu Kazım müəllimin qələminin aparıcı mövzuları olub. Gəncləri işgüzarlığa, əməksevərliyə, ixtisaslara yiyələnməyə, milli-mənəvi dəyərləri qorumağa çağırıb, onları kamil vətəndaş kimi görmək istəyib.
Tanınmış qələm sahibləri Kazım Ələkbərovun həyat və yaradıcılığı, son illərdə işıq üzü görən kitabları barədə ürək sözlərini dəfələrlə oxucularla bölüşmüşlər. Həmkarlarım, təcrübəli jurnalistlər Telman Əliyev, Rafiq Həsənov və başqaları Kazım müəllimin çoxillik, həm də məhsuldar jurnalistlik fəaliyyəti haqqında yeri gəldikcə xoş xatirələrini qələmə almışlar. Yazıçı Aqşin Babayevin “Jurnalistikamızın tarixindən səhifələr”, akademik Bəkir Nəbiyevin “İzi qalacaqdır”, jurnalist Müzəyyən Ağabəyovanın “Ömrün müdriklik zirvəsində” yazılarında və başqa müəlliflərin xatirələrində Kazım müəllimin mənalı həyat və yaradıcılığı barədə söz açılıb. Həmin müəlliflər haqlı olaraq Kazım müəllimi jurnalistlərin müəllimi, ustad yazar kimi səciyyələndirirlər.
“Xalq qəzeti”nin sabiq baş redaktoru — Prezident təqaüdçüsü, əməkdar jurnalist Rəşid Mahmudov da sağlığında tez-tez Kazım müəllim barədə ciddi qələm sahibi, işıqlı ziyalı, sadiq dost kimi söz açırdı.
Mənalı ömrünün 55 ilini mətbuatda keçirən Kazım müəllim əmək fəaliyyətinin son on ilini Bakı ŞİH-də tərcümə və dərcetmə bölməsində məsləhətçi kimi çalışıb. Mətbuatımızın ağsaqqallarından sayılan Kazım müəllimin ömür yolu müasir gənclərimiz üçün örnək olmağa layiqdir.
Veteran həmkarımız həm də nümunəvi ailə başçısıdır. Ömür-gün yoldaşı ağbirçək Asiya xanım, övladları Azər və Sevinc qocaman jurnalistin adını daim uca tuturlar.
O, artıq ömrünün 85-ci ilini şərəflə başa vurur. Bu söz çələngi ilə uzun illər çalışdığı redaksiyamız ağsaqqal jurnalistin ad gününü təbrik etməyi qərara aldı. Kazım müəllim, sizə ahıl yaşınızda cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
İsaq Əmənullayev
Xalq qəzeti.- 2009.- 11
avqust.- S. 5.