Ona müsbət xarakterli rollar daha
çox yaraşırdı
Dünyanın kino sənəti inkişaf etmiş ən böyük ölkələrində ilkin mərhələdə kino teatrdan çox bəhrələnib. Elə Azərbaycan kinosunun inkişafında da teatrın böyük rolut olmuşdur. Kino sənətimiz teatr aktyorlarının xidmətindən çox bəhrələnmişdir. Teatrdan kinoya gələn onlarla aktyorumuzun adını çəkmək olar. Onların arasında böyük sənətkar Məmmədrza Şeyxzamanov da var.
Məmmədrza müəllim Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsubdur. Bu aktyorun yaradıcılıq yolu ölkəmizin teatr və kino tarixinin böyük bir dövründən keçir.
O, isti avqust günlərinin birində
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən
olan Gəncə şəhərində anadan olmuşdur. Bu
şəhərin mədəni mühiti onun taleyində əhəmiyyətli
rol oynamışdı. Orta təhsilini bu şəhərdə
almış Məmmədrza Şeyxzamanov aktyorluq peşəsinə
bu şəhərdə də yiyələnmişdir. Belə
ki, teatra hədsiz həvəs onu Gəncə Dram Teatrı
Studiyasına gətirmişdi. Özfəaliyyət dərnəklərində
iştirakı, müxtəlif səpkili rollar ifa etməsi onu
az da olsa tanıtmışdı. Beləliklə,
ömrünü əbədi olaraq aktyor sənətinə
bağladı və Gəncədən başlanan sənət
yolu Bakıda davam etdi. Elə Bakıda da sona yetdi. 1936-cı
ildən 1954-cü ilə qədər Gəncə teatrında
çalışan aktyor burada bir sıra mürəkkəb,
dramatik xarakterli rolları ifa etdi. Özü deyirdi ki, Gəncə
teatrı mənim sənət taleyimdə mühüm rol
oynadı. Məmmədrza müəllim bu teatrın
aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun
qəhrəmanları əsasən xeyirxah, zəhmətsevər,
millətini və xalqını böyük məhəbbətlə
sevən namuslu insanlar idi.
Azərbaycan Dövlət Akademik
Dram Teatrına gələndə isə o, artıq yetkin aktyor
kimi şöhrət qazanmışdı. 1955-ci ildən
ömrünün sonuna kimi Məmmədrza müəllim bu
teatrda çalışdı. Az vaxt ərzində teatrın
kollektivinin böyük hörmətini qazanan aktyor, teatrın
repertuarındakı əksər tamaşalarda çox dəyərli
rollar aldı. Zəhmətsevərlik,
mehribançılıq, səmimiyyət onun xarakterinin əsas
xüsusiyyətləri idi. Məmmədrza müəllim təbiətcə
sakit adam idi. Çoxlu dostları vardı, hamı ona
xüsusi məhəbbətlə yanaşırdı. Bu aktyorun
teatrda yaratdığı rolları sadalamaqla qurtaran deyil.
Onlardan bir neçəsini xatırlatmaq istərdik. O, “Vaqif”də
Qacarı, “Fərhad və Şirin”də Xosrovu, “Yaşar”da
İmamyarı, “Aydın”da Aydını, “Göz həkimi”ndə
Şahbazovu, “Antoni və Kleopatra”da Edqarı, “Ölülər”də
Hacı Həsəni, “İblis”də İxtiyarı
böyük istedadla ifa etmişdi. Aktyor oynadığı
rolları özününküləşdirə bilirdi,
onları öz daxilindən gələn xüsusi həvəslə
ifa edirdi.
Hər halda Azərbaycan
tamaşaçıları onu daha çox teatr aktyoru kimi
tanıyırdılar. Əslində isə Məmmədrza
müəllim kinomuza teatrdan az xidmət göstərməmişdi.
Onu kinoya böyük sənətkar, kinorejissor Lətif Səfərov gətirmişdi. “Bəxtiyar” filmini 1955-ci ildə ekranlaşdıran rejissor ona professor Rəcəbov rolunu həvalə etmişdi. Sakit, həlim təbiətli professor konservatoriyada dərs deyir. O, bu sənəti ürəkdən sevir və istəyir ki, Azərbaycan musiqisinə istedadlı gənclər gəlsin. Bağ evində məktəbli Bəxtiyarla ilk tanışlıqdan onun böyük gələcəyi olacağına inanır və ona bu sənətin ardınca getməyi məsləhət görür. Sonradan neftçi olan Bəxtiyarı tapır və onu yenə müğənni olmağı, konservatoriyaya gəlməyi tövsiyə edir. Axır ki, professor Rəcəbov öz arzusuna yetişir və filmin finalında biz Bəxtiyarın konservatoriyada professora imtahan verdiyini görüb, onun gələcəyin böyük müğənnisi olacağına inanırıq. Məmmədrza müəllimin yaratdığı bu obraz əsl mənada ziyalıdır. Xalqına, onun milli xüsusiyyətlərinə yüksək hörmətlə yanaşan bir insandır. Onun ifası üçün elə cizgilər tapa bilmişdir ki, obraz tam həyati təsir bağışlayır.
Bir il sonra rejissor İsmayıl Əfəndiyev onu “Kölgələr sürünür” filminə dəvət etdi. Niyazov o qədər böyük rol olmasa da, aktyor onu sevdirə bilib. Bu film geoloqların həyatından bəhs edir və çox mürəkkəb insan münasibətləri filmin dramaturgiyasını səciyyələndirir.
Kino getdikcə Məmmədrza müəllimin yaradıcılığında daha mühüm yer tutmağa başlamışdı. O, teatrda işləyə-işləyə filmlərdə də çəkilirdi.
“Bir qalanın sirri” filmi “Çiçəkli dağ” (müəllif M.Təhmasib) pyesi əsasında çəkilmişdi. Bu filmlə rejissor Əlisəttar Atakişiyev uşaq kinosunun ən gözəl nümunəsini yararmışdı. Filmdə Məmmədrza müəllimə həkim Eldostu rolu həvalə olunmuşdu. Biz hələ uşaq yaşlarımızda bu filmə baxıb həkim Eldostunu sevmişik. O, yenə də xeyirxah, insanların xoşbəxtliyinə çalışan çox mehriban bir insandır. Bütün əzablara baxmayaraq o, şər qüvvələrə kəşf etdiyi dərmanın sirrini vermir. Hətta başa dördərilsə belə. Bütün nağıllarda olduğu kimi burada da hadisələr xeyir qüvvələrin qələbəsi ilə bitir və həkim Eldostu xilas edilir.
Məmmədrza Şeyxzamanov
60-cı illərdə kinoda daha məhsuldar işləmişdir.
“Böyük dayaq” filmi onun yaradıcılığında məxsusi
yer tutur. Bu film Azərbaycan kinosunun uzunömürlü
kinolentlərindəndir. Onun qəhrəmanları sovet
dövrünün kənd adamlarıdır. Məmmədrza
müəllimə bu filmdə raykom katibi rolu həvalə
edilmişdi. Şərəfoğlu Rüstəm kişinin cəbhə
yoldaşıdır. İndi isə Rüstəm kişinin
kolxoz sədri işlədiyi rayona birinci katib təyin
olunmuşdur. Şərəfoğlu Rüstəm kişinin
işgüzar, prinsipial, öz vəzifə səlahiyyətini
yaxşı başa düşən bir rəhbər
olduğunu öyrənir. O, Rüstəmin
düşdüyü vəziyyət haqqında da məlumat
alır və sonra ona əl tutmağa, bu vəziyyətdən
onu çıxarmağa çalışır. Rüstəm
kişiyə məsləhət verməyi də unutmur. Onun səhvlərini
üzünə deyir.
Rüstəm isə artıq ətrafındakı
nadan adamların torundan yaxa qurtara bilmir. Nəticə isə
acınacaqlı olur və xeyirxah insanların köməyi ilə
xilas olur.
Şərəfoğlu
M.Şeyxzamanovun rolları arasında öz yüksək
ifasına görə seçilən obrazdır.
Onun “Əhməd haradadır?”
filmindəki Şirin kişi rolu komik planda işlənmiş
bir obrazdır. Bu rolu ilə o, demək olar ki, öz
ampluasından çıxmış və çox maraqlı
bir ekran qəhrəmanı yaratmışdır.
“Nəsimi” filmində Şeyx Əzəm
isə tamamilə mənfi bir roldur. Amma onun ifasında
yaxşı baxılır. Bu rolu ilə aktyor xarakterlər
ustası olduğunu bir daha sübut etdi. Onun
yaratdığı İsfəndiyar kişi (“Tütək səsi”)
olduqca maraqlı bir obrazdır. Müharibənin əzablarını
yaşayan İsfəndiyar kişi kəndin
ağsaqqalıdır. Kənddə baş verən
bütün münaqişələr onun müdaxiləsi ilə
həll edilir. Hətta Qılınc Qurban belə onunla
hesablaşır. Oğlundan qara kağız alanda onun
keçirdiyi iztirabları aktyor çox məharətlə
ifa edə bilmişdi.
Məmmədrza Şeyxzamanov
bütün mənalı ömrünü aktyor sənətimizin
inkişafına həsr etmişdir. Onun çoxsaylı teatr və
kino rolları qalereyasına diqqət yetirsək bir daha bu
böyük aktyorun necə məhsuldar bir sənətkar
olduğunu görərik. O, xalq artisti idi. Xalq onu sevirdi və
bu bu gün də bu məhəbbət sönmək bilmir.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2009.- 11 avqust.- S. 6.