Azərbaycanda nəqliyyat sahələri
və infrastrukturunun inkişafı region ölkələri üçün
əlçatmaz səviyyədədir
2013-cü ilə qədər bu sahədə daha
möhtəşəm göstəricilər əldə ediləcəkdir
Neft sektorundan sonra nəqliyyat
ölkə üçün ən mühüm sahədir və
burada inkişaf pesrpektivləri çox gözəldir. Biz
bütün imkanlarımızdan istifadə edərək nəqliyyat
sektorunu daha sürətlə inkişaf etdirəcəyik.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
“Statistik göstəricilər cəmiyyət həyatının güzgüsüdür” – ifadəsini ilk dəfə kim işlədibsə, çox uğurlu və məntiqli bir deyimlə tarixə düşüb. Ancaq bu güzgü hansısa reallıqları deyil, həmin reallıqların faktlardan və rəqəmlərdən ibarət olan çox qısa məğzini göstərir. Dövlət Statistika Komitəsinin ötən il nəşr etdirdiyi “Azərbaycan Respublikası hökumətinin fəaliyyətinin əsas nəticələri və prioritet istiqamətləri” adlı, diaqram, qrafik və xəritələrlə zəngin icmalda da kifayət qədər faktlar və rəqəmlərlə rastlaşırıq. İcmalın bugünkü yazımıza aid olan bölməsi isə daha zəngindir.
Bu gün Azərbaycan Respublikası nəqliyyat sahələri və infrastrukturunun inkişafına görə postsovet məkanında özünəməxsus uğurlar əldə etmiş, maraqlı yeniliklərə imza atmışdır. Nəqliyyat sektorunda bir sıra transmilli layihələr həyata keçirilmiş, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi inkişaf etdirilmiş, uzunluğu 1768 kilometr olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri və uzunluğu 690 kilometr olan Cənubi Qafqaz boru kəməri istismara verilmiş, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisinə başlanılmışdır.
Azərbaycanın nəqliyyat qovşağı vasitəsilə yük daşımaları 1,5 dəfə, yük dövriyyəsi isə 3,5 dəfə artmışdır. Müxtəlif sahələr üzrə ümumilikdə nəqletmə fəaliyyəti yüksəldilmiş, dəniz və dəmir yolu nəqliyyatının hərəkət heyəti genişləndirilmiş, avtomobil nəqliyyatı vasitələrinin sayı rekord həddə çatmışdır. Qonşu ölkələrin televiziyalarında və internet saytlarında Bakıdan və Yerevandan eyni gündə verilən görüntülər ən azı 25-30 il fərqli tarixdə çəkilmiş lent təsiri bağışlayır. Ermənistan paytaxtındakı nəqliyyat vasitələri 80-ci illərdə SSRİ-nin bütün şəhərlərində görünən vasitələrdir. Azərbaycanda isə həm yük, həm də sərnişin nəqliyyatının parkı tamamilə yenidən qurulmuş, ən müasir standartlara cavab verən texniki vasitələr alınmışdır. Hesabatlarda göstərilir ki, daşınmış yükün həcmi dəmir yolu nəqliyyatında 39 faiz, avtomobil nəqliyyatında isə 38,2 faiz artmışdır.
Eyni zamanda, qeyri-ənənəvi nəqliyyat vasitəsi olan boru kəməri nəqliyyatı vasitəsilə nəqletmədə də mühüm göstəricilər əldə edilmişdir. Boru kəmərləri vasitəsilə nəqletmə 2,7 dəfə artmış, beynəlxalq daşımaların həcmi isə ümumi nəqliyyat daşımalarının 46,6 faizini təşkil etmişdir.
Bir maraqlı müqayisəyə diqqət yetirək. Əgər 2003-cü ildə Azərbaycanın nəqliyyat sektorunda yük daşınmasının həcmi 110 milyon ton idisə, 2008-ci ildə bu göstərici 185,3 milyon ton olub. 2013-cü ildə isə yük daşınmasının həcmi 256,5 milyon tona çatdırılacaqdır. Nəqliyyat sektorundakı yük dövriyyəsinin artım tempi də müqayisədə daha aydın şəkildə görünür. 2003-cü ildə 22,3 milyard ton-kilometr olan bu göstərici 2013-cü ildə 132,1 milyard ton-kilometrə çatdırılacaqdır. Qeyd edək ki, “Regionların inkişafında yol nəqliyyatının möhkəmlənməsi başlıca rol oynayır. Yol olmayan yerdə inkişaf da yoxdur. Əgər biz bütün regionları inkişaf etdirmək istəyiriksə və bunu ediriksə, burada birinci şərt yoldur” – deyən dövlət başçısı İlham Əliyev nəqliyyat, iqtisadi inkişaf, maliyyə nazirlikləri, eləcə də nəqliyyatla bağlı olan idarə və təşkilatlar qarşısında konkret vəzifələr qoyur, həmin vəzifələrin icrasına şəxsən özü nəzarət edir.
Prezident İlham Əliyevin tapşırığı ilə son beş-altı ildə ölkədə dəniz gəmiçiliyində ümumi yükgötürmə tutumu 83 min ton olan 7 gəmi, dəmir yolu nəqliyyatında 18 vaqon, hava nəqliyyatında 5 sərnişin təyyarəsi, metro nəqliyyatında 75 sərnişin vaqonu alınmışdır. Eyni zamanda, yüz kilometrlərlə yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş, 2255 kilometr uzunluğunda avtomobil yolları təmir edilmiş, 70-dən çox körpü istifadəyə verilmiş, İpək Yolu marşrutu üzrə avtomobil yollarının dünya standartlarına uyğun tikintisi davam etdirilmiş, Zaqatala və Lənkəran hava limanlarının yenidən, müasir standartlara uyğun qurulması başa çatdırılmışdır. Statistik materiallarda göstərilir ki, Azərbaycanda 2003-cü ildə hər 100 ailəyə 22 şəxsi minik avtomobili düşürdüsə, 2008-ci ildə bu göstərici 35 olmuşdur.
Bütün bunlar ölkənin nəqliyyat sektorunda həyata keçirilmiş tədbirlərin və əldə olunan nailiyyətlərin bir qismidir. 2009-2013-cü illərdə bu göstəricilər qat-qat artacaqdır. Görüləcək işlərin miqyasını təsəvvür etmək üçün bəzi konkret məqamlara diqqət yetirək.
Növbəti beş ildə Azərbaycan Dövlət Dəmir Yolunda institusional islahatların aparılması planlaşdırılır. Bu sahədə ilk addım qurumun səhmdar cəmiyyətə çevrilməsidir. Dəmir yolunun Yalama-Biləcəri və Bakı-Abşeron hissəsində optik-lifli rabitə xətti yaradılacaq. Dəmir yolunun Bakı-Böyük Kəsik hissəsində 550 kilometr uzunluğunda baş yollar əsaslı şəkildə təmir ediləcək, Astaraçay çayı üzərində dəmir yolu körpüsü salınacaq. Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu çəkiləcək. Bu illər ərzində dəmir yolu nəqliyyatının imkanlarını genişləndirmək üçün 50 ədəd yeni elektrovoz, 50 ədəd yeni sərnişin vaqonu və neft məhsullarını daşımaq üçün 1500 ədəd yeni çənlər alınacaq.
Avtomobil nəqliyyatı üzrə də böyük perspektiv plan mövcuddur. Növbəti 5 ildə ilk növbədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulurdu ki, bu obyekt artıq ölkə və region əhalisinin sərəncamındadır. Həmin avtovağzaldan gündə 300-dən çox marşrutla sərnişin daşınır. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması da əsas vəzifələrdən biri idi. İlin əvvəlində Koreyanın müvafiq şirkətləri ilə imzalanan sənədlər əsasında həmin planın icrasına başlanılmışdır. İri tutumlu şəhər sərnişin avtobuslarının alınması və regionlarda yeni avtovağzal komplekslərinin tikintisi davam etdirilir. 22 kilometr uzunluğunda “Bakı dairəvi-1", 59 kilometr uzunluğunda ”Bakı dairəvi-2" və 134 kilometr uzunluğunda “Bakı dairəvi-3" yollarının tikintisi iti sürətlə aparılır. Bütün dünyanı lərzəyə salan iqtisadi böhrana baxmayaraq Azərbaycanın hər yerində – paytaxtdan tutmuş ən ucqar kəndlərə qədər geniş miqyaslı yol tikintisi, mövcud yolların bərpası, körpü, tunel və yol qovşaqlarının inşası davam etdirilir.
Hava nəqliyyatının inkişaf etdirilməsi üçün də xüsusi dövlət proqramı həyata keçirilir. Mülki Aviasiya donanmasının yeniləşdirilməsi məqsədilə “Aerobus”, “Boeinq” və “ATR” tipli təyyarələrin alınması davam etdirilir. Naxçıvan və Gəncə hava limanlarında hava hərəkətinin idarə edilməsi sistemi tamamilə müasirləşdirilir. Qeyd edilən dövrdə Lənkəran, Zaqatala, Şəki, Yevlax, Naftalan, Gəncə hava limanlarının, eləcə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ağırtonnajlı təyyarələri qəbul etmək üçün uçuş-enmə zolaqlarının yenidən qurulması tamamilə başa çatdırılacaqdır.
Bir sözlə, gündən-günə inkişaf edən, müasirləşdirilən və yenidən qurulan Azərbaycan nəqliyyat sektoru ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandırır. Bu nüfuz region ölkələri üçün tamamilə əlçatmaz bir səviyyədədir.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2009.- 12 avqust.- S. 3.