12 avqust Beynəlxalq Gənclər Günüdür
12 avqust Beynəlxalq Gənclər
Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə
iş üzrə nazirlərin iştirakı ilə
keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin
dünyada Gənclər Günü kimi qeyd olunması qərara
alınmışdır.
Tarixən hər bir xalq
özünün xoşbəxt gələcəyə olan
ümidlərini ilk növbədə gənc nəsillə
bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir
ölkə üçün ən başlıca məsələdir.
Çünki ölkənin gələcəyi, müqəddəratı
indiki gənclərdən asılı olacaqdır. Nəsillər
dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr,
milli dəyərlər yaşayır və ölkənin hərtərəfli,
uğurlu inkişafına hər bir insan öz töhfəsini
verməlidir.
Gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması onun mənsub olduğu
xalqın rifahının, ölkənin çiçəklənməsinin
rəhnidir. Bu gün böyük iftixarla demək olar ki,
müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi
göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını
qurarkən ilk öncə müstəqil Azərbaycanın bu
günü və gələcəyi haqqında
düşünür, öz fəaliyyətində yüksək
vətəndaşlıq hisslərinə malik olduğunu
nümayiş etdirir.
Həmçinin hər bir
xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər
vardır. Azərbaycan xalqı isə bu günü və
sabahı üçün ulu öndərimiz Heydər Əliyevə
borcludur. Ümummilli liderimiz həmişə xalqına
arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir,
dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi
gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin
bütün dövrlərində ulu öndər sağlam,
normal gəncliyin, bu dövlətə sahib dura biləcək
bir nəslin yetişməsinə xidmət edirdi.
Ulu öndərin ən
böyük xidmətlərindən biri də o idi ki, gənclərlə
bağlı məsələləri həmişə öz
siyasətinin əsas tərkib hissələrindən biri hesab
edir, gənclərin imkan və bacarıqlarını yüksək
qiymətləndirir, onların problemlərinin həlli istiqamətində
həyata keçirilən tədbirlərə xüsusi önəm
verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin
ən mühüm fəaliyyət istiqamətlərindən
biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin
70-80-ci illərində Heydər Əliyevin diqqət və
qayğısı sayəsində minlərlə azərbaycanlı
gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə
müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
Gənc nəslə diqqət və qayğı dövlətin
ən mühüm fəaliyyət istiqamətlərindən
birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması
əsas məqsədlərdən biri kimi qarşıya
qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə
iş sahəsindəki fəaliyyətini əlaqələndirmək
məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər
və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər
siyasətinin istiqamətlərini müəyyənləşdirərək
uğurla həyata keçirməyə
başlamışdır.
O vaxtdan dövlət gənclər
siyasətinin işlənib hazırlanması və həyata
keçirilməsi sayəsində əməli işlər
görülmüşdür. Ümummilli liderin 1995-ci ildə
irəli sürdüyü Gənclər Forumu ilə
bağlı təşəbbüsündən sonra 1996-cı
ildən başlayaraq Azərbaycan gənclərinin forumları
keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin
proqram xarakterli nitqlərində gənclərin
qarşısında duran vəzifələr müəyyənləşdirilmiş,
gənc nəslin hərtərəfli inkişafı, problemlərinin
həlli sahəsində tədbirlərin görülməsi əlaqədar
təşkilatların qarşısında mühüm vəzifə
kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən
I Forumda Heydər Əliyev gənclər qarşısında
tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər
şeydən çox, hər şeydən artıq müstəqil
Azərbaycanın bu günü, gələcəyi haqqında
düşünməlidir”. Bu forum Azərbaycanda gənclər
hərəkatının vüsət almasına təkan verdi.
Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu
keçirilmişdir.
Heydər Əliyev I Forumdan sonra gənclərlə
aparılan işin nəzərəçarpacaq dərəcədə
canlandığını nəzərə alaraq 1997-ci ildə
imzaladığı sərəncamla tədbirin keçirildiyi
günü - fevralın 2-ni Azərbaycan Gənclər
Günü elan etmişdir.
Tarixdə böyük şəxsiyyətlərin
əksəriyyəti gəncliyə xitab etmişdir. II Forumda gənclərə
müraciət edən ümummilli liderimiz demişdir: “Biz
müstəqil Azərbaycanın taleyini gələcəkdə
sizə tapşıracağıq. Ona görə də Azərbaycanı,
Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək
üçün hazır olun!”.
Ulu öndərin gənclərlə
bağlı imzaladığı bir çox sənədlər
isə respublikanın ictimai-siyasi həyatında gənclərin
daha da fəal iştirakı üçün şərait
yaratmış, gənclər siyasətinin məqsəd,
prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını
müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin
gənclərə böyük qayğısının
sübutu idi.
Ümummilli lider Heydər Əliyevin
uzaqgörənliklə formalaşdırdığı gənclər
siyasəti bu gün yeni mərhələyə qədəm
qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər
siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları
ilə sübut etmişdir. Dövlətimizin
başçısı gəncləri aparıcı qüvvəyə
çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini
təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə
edən dövlət proqramını təsdiq etmişdir.
Dövlət quruculuğunda gənclərin iştirakına
şərait yaradılması, gənclərin mənəvi
inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi,
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil
alması, sosial müdafiəyə ehtiyacı olanların
problemlərinin həlli, gənclər təşkilatlarının
formalaşması və inkişafı üçün
yaradılan yüksək şərait böyük diqqət və
qayğının nəticəsidir. 2005-ci ildə gənc ailələrə
güzəştli ipoteka kreditinin verilməsi barədə
Prezidentin imzaladığı fərman Azərbaycan dövlətinin
gənclərə göstərdiyi qayğının bariz
nümunəsidir.
Gənclər siyasətində
idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin
artırılması da mühüm yer tutur. Dövlətimizin
başçısının ardıcıl səyləri nəticəsində
Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən
birinə çevrilmişdir. Azərbaycanın müxtəlif
bölgələrində olimpiya idman komplekslərinin
açılması, ölkəmizin nüfuzlu beynəlxalq
idman yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın olimpiadalarda, dünya
çempionatlarında uğurlu çıxışları
buna əyani sübutdur.
Prezident İlham Əliyevin 2007-ci
ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı
gənclərin ölkə həyatındakı fəallığını
daha da artırmışdır. Azərbaycanda müasir gənclər
hərəkatının inkişafı üçün
dövlət səviyyəsində kifayət qədər
işlər görülmüş, uşaq və gənclərin
qeyri-hökumət təşkilatlarının yaradılması,
fəaliyyətlərinin təşkili üçün
sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir.
Hazırda öz sıralarında 200 minədək gənci
birləşdirən YAP Gənclər Birliyi bu gün ABŞ,
Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan
və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları
ilə sıx əməkdaşlıq edir. Bu, böyük
nailliyyətdir.
Dövlətimizin
başçısının davamlı inkişaf
konsepsiyasının uğurla həyata keçirilməsində
Heydər Əliyev Fondunun da xidmətləri
böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə
həllini gözləyən bir sıra problemlərin aradan
qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda
elm və təhsilə ictimai təsisat səviyyəsində
yüksək qayğı göstərmək nümunəsi
olmaqla yanaşı, cəmiyyətin ümumi
potensialının bu zəmində səfərbər
olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik
inkişafı, gənc nəslin təlim-tərbiyəsinin
yüksək səviyyədə qurulması, yeniyetmələrin
sabahın layiqli vətəndaşları kimi yetişməsi
istiqamətində məqsədyönlü tədbirləri
ilk növbədə vətənpərvərlikdən irəli
gəlir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva ulu öndərin əsasını
qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi konseptual təhsil strategiyasının həyata
keçirilməsinə öz töhfəsini verir.
“Hər bir xalqın, hər bir
millətin, hər bir ölkənin gəncləri onun həm
bu günüdür, həm də sabahıdır,
ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də
aktual səslənir və gəncləri Azərbaycanın
sabahı naminə səfərbər edir.
Həqiqətən də gənclik
böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri
öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar
ölkəmizin dəyərli vətəndaşlarıdır.
Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi,
etibarlı gələcəyimizin təmin edilməsi gənclərin
sosial-siyasi fəallığının yüksəldilməsindən
çox asılıdır. Ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş və
hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilən
dövlət gənclər siyasətinin aparıcı xəttini
də məhz bu mühüm konsepsiya təşkil edir.
Bütün bunlar bir daha sübut edir ki, dövlət gənclərə
diqqət və qayğısını əsirgəməyəcək,
həm onların üzləşdikləri çətinliklərin
aradan qaldırılması, həm də cəmiyyətin
bütün sahələrində fəal
iştiraklarını təmin etmək üçün
bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Bu, böyük xoşbəxtlik,
böyük səadətdir ki, indiki gənclər müstəqillik
dövründə formalaşırlar. Bəzi hallarda indiki gənclərin
ağlına da gələ bilməz ki, vaxtilə
yaşadığımız ölkədə müəyyən
məhdudiyyətlər var idi, azadlıqlar yox idi. Sərbəst
fikir söyləmək, ayrı fikirdə olmaq, dünyanı
görmək kimi hər bir insan üçün təbii olan
imkanlar mövcud deyildi. Bizim böyük xoşbəxtliyimiz
ondadır ki, bu gün müstəqil ölkə kimi
yaşayırıq. Azərbaycan xalqı müstəqilliyə
qovuşmuşdur. Eyni zamanda, müstəqil, açıq
dövlətə xas olan bütün amillər Azərbaycanda
mövcuddur. Bu gün Azərbaycan öz tarixinin şərəfli
və mürəkkəb bir dövrünü yaşayır.
Azərbaycanın dövlət müstəqilliyinin və
suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi
bütövlüyünün təmin edilməsi, o cümlədən
işğal olunmuş torpaqlarımızın azad olunması,
ölkə iqtisadiyyatının sürətlə inkişaf
etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın
dünya birliyində öz layiqli yerini tutması yolunda
görüləsi işlər hələ çoxdur. XXI əsrdə
müstəqil Azərbaycanın inkişafı naminə
görüləcək bu əzəmətli işlərin həyata
keçirilməsinin əsas ağırlığı və
məsuliyyəti isə bugünkü gənclərin üzərinə
düşür.
Bu gün Azərbaycanın gəncliyi
ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə
bağlayır, öz həyat və yaradıcılığını
xalqına, Vətəninə və dövlətinə həsr
etməyə hazırdır.
Albina Atlixanova
Xalq qəzeti.- 2009.- 12 avqust.- S. 3.