Şair Qabilin nurlu xatirəsinə

 

Avqustun 12-də Azərbaycan ədəbiyyatının görkməli nümayəndəsi şair Qabilin anadan olmasının 83-cü ildönümü tamam olur. Şair Qabilin ilk şeiri 1944-cü ildə çap olunmuşdur. Onun “Səhər açılır” (1950), “ Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973), “Ömür həbləri” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Bütün həyatı, yaradıcılığı və qəlbi ilə Azərbaycana, türk dünyasına bağlı olan, haqqı-ədaləti hər şeydən uca tutan Qabil incə yumor hissinə malik böyük şəxsiyyət idi. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının qələmə aldığı “Şair Qabilin qəribə əhvalatları” kitabı bu fikri bir daha təsdiq edir.

Qabil dünyasını dəyişdikdən sonra onun oğlu istedadlı jurnalist, publisist Mahir Qabiloğlu “Atam Qabilin qəribə əhvalatları” kitabını qələmə almışdır. Böyük şairin doğum günü münasibətilə çapa hazırlanmış həmin kitabdan bir hissəni dəyərli oxucularımıza təqdim edirik.

 

 

NƏRİMAN HƏSƏNZADƏYƏ

 

Atam 1977-ci ildə “Azərbaycan” jurnalında işləyirdi. Xalq şairimiz Nəriman Həsənzadə isə həm Litfondun direktoru, həm də Yazıçılar İttifaqının partkomu idi. Günlərin bir günü atama zəng edir ki, filan işçiyə icazə ver yanıma gəlsin. Atam icazəni verir, həm də nəzmə çəkir:

 

Nə ixtiyarla, ay canım,

Mən sənə etiraz edim?

Bu xahişinlə keyfimi

Gərək bir az da saz edim.

Partiya naz götürməyir,

Əşşi, düşər-düşməzi

Lap istəyir həddin aşım,

Lap istəyir bir az edim.

Şükr edirəm sifarişin

Sən deyən ağır olmadı.

Yaxşı qurtarmışam, gərək

Gedib nəzir-niyaz edim.

Bir tərəfin xəzinədar,

Bir tərəfin də partkom,

Gərək səninlə, Nəriman,

Haqq-hesabı taraz edim.

 

 

VAXT TAPDIN ÖLMƏYƏ?

 

1983-cü il idi. Orta məktəbi bitirirdim. Qarşıda ən böyük problem dururdu. Universitetin filologiya fakültəsinə daxil olmaq. Məndən çox atam həyəcanlanmışdı: “Birdən girə bilməz, sonra əsgərlik, kim bilir o vaxta da mən sağ qalacağam, yoxsa yox?” Vaxt yaxınlaşdıqca həyəcanlar da artırdı. Universitetdə rektor Faiq Bağırzadədən tutmuş sıravi müəllimə qədər hamı atamın xətrini istəyirdi. “Bunların ehtiramına bax e, mən xahiş eləməkdən, səni tapşırmaqdan, özləri yaxınlaşıb mənə ürək-dirək verirlər ki, Qabil müəllim, narahat olma, oğlun daxil olacaq”. Onlardan biri də prorektor Yəhya Məmmədov idi. O, həm bir alim kimi, həm də şair Cabir Novruzun qudası kimi atamla çox yaxın idi. İmtahana 2 ay qalırdı. Şüşəli bazarın qabağında Yəhya müəllimlə qarşı - qarşıya gəldik.

- Yəhya, necəsən?

- Necə olacam, Qabil? Bu təzyiq, ürək lap məni bir təhər edib. Ölürəm.

Belə halda əsasən “Allah eləməsin” və digər ürək-dirəkverici sözlər dilə gəlir. Lakin qəbul imtahanlarının həyəcanını yaşayan atam:

- Hara ölürsən. Qoy uşaq qəbul olsun sonra da?.. Vaxt tapdın sən də ölməyə?

 

 

“28 APREL”

 

Universitetə qəbul üçün sənədləri verəndə aldığım imtahan vərəqinin nömrəsi 28 idi. İmtahanlara xüsusi nəzarət vardı. Hətta müəllimlər öz kölgəsindən də qorxurdular. Valideynlərin də nəzər-diqqəti öz yerində. Atam isə belə şeyləri bilmirdi. Həyətdə Musa Yaqubla (onun qızı Yaqut da mənimlə imtahan verirdi) gəzişə-gəzişə hey gözü imtahan götürəcək müəllimləri gəzirdi ki, elə orada yaxınlaşıb “məni yada salsın”. İlk gözünə sataşan isə dostu, professor Cəlal Abdullayev oldu. Cəlal müəllim atamın xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, onda diplomatiya, ehtiyatkarlıq deyilən şey yoxdur. İndi yaxınlaşacaq, camaaatın yanında : “Cəlal, necəsən? Tamilla, uşaqlar necədir? Mahir burdadı haa? 1-ci qrup, nömrəsi 28. Özün bilirsən də gözümün ağı-qarası bircə oğlum var. Day sizə işim-zadım düşməyəcək. Faiq Bağırzadədən də xeyir-dua almışam. Sən Allah yaddan çıxartma”. Atamın yaxınlaşdığını görən Cəlal müəllim atamı görmürmüş kimi “Bilirəm 28 Aprel, 28 Aprel” - deyə təkrar eləməyə başlayır. 28 Aprel - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu gün idi. Cəlal Abdullayevin tapıntısı atama, daha doğrusu, mənə çox kömək elədi. Daha heç kimə yaxınlaşmaq lazım deyildi. Uzaqdan elə “28 Aprel” desən bəs idi. 1983-cü ildə universitetə qəbul olan “28 aprel”i 1991-ci ildən sonra atam dəyişdirib 28 May elədi.

 

 

“CANIM, GÖZÜM HƏSƏN!”

 

Az.TV-nin “Xəbərlər” proqramına təzə işə düzəlmişdim. Atamın da növbəti şeirlər kitabı çapdan çıxmışdı. İki kitabın üstünə avtoqraf yazdı. “Birini Nizami Xudiyevə (Az.TV-nin sədri), birini də müdirin Həsən müəllimə (“Xəbərlər”in baş redaktoru Həsən Həsənova) verərsən, - dedi. Əslində Həsən müəllimə yazdığı avtoqraf ərkyanə bir tapşırıq idi.

Canım, gözüm Həsən!

Mahirə bir şey olsa,

Bəs sən orda nəsən?

 

 

HİTLERƏ!

 

Şamaxıda atamın yaxın dostu var idi - Baba müəllim. Qardaşdan artıq bilirdi onu. Öləndən sonra da əlaqələrini kəsməmişdi. Günlərin bir günü Baba müəllimin oğlu Nadir zəng elədi ki, “Qabil əmi, təzə raykom gəlib. Firuz Mustafayev. Məni ona tapşır, iş versin”. Atam da onu şəxsən tanımadığı üçün soraqlaşıb öyrəndi ki, bəs Firuz Mustafayev akademik Xudu Məmmədovun dostudur, o da Bəxtiyar Vahabzadənin. Nədənsə nə Xududan, nə də Bəxtiyardan səs çıxmadı. İşi belə görən atam qərara gəldi ki, özü getsin Şamaxıya. “Mən tanımıram. Yəqin ki, o, məni tanıyar” dedi. Xülasə, “raykom”a deyirlər ki, Bakıdan Qabil müəllim gəlib. O vaxt da Bakıdan rayonlara tez-tez yoxlama komissiyaları gedirdi. Firuz Mustafayev əl-ayağa düşür, atamı hörmətlə qəbul edir. Çay gətizdirir. Amma nədənsə nəzərlərini ondan ayıra bilmir. Bu atamın da nəzərindən qaçmır. Firuz Mustafayevin torpaq adamı, zəhmətkeş insan olduğunu, yəni şeirdən-sənətdən uzaq olduğunu bilən atam girişə ehtiyac olduğunu sezir və özünü təqdim edir. Firuz Mustafayev isə:

-Yox e, onları bilirəm. Amma mən sizi kiməsə oxşadıram, onu tapa bilmirəm.

- Hitlerə?

Bunu eşidən Firuz Mustafayev əlini stola çırpıb “elədir ki, var. Yoxsa səhərdən fikirləşə-fikirləşə qalmışam ki, səni kimə oxşadıram”.

Həmin söhbətlə başlanan iki səmimi insanın dostluğu axıracan davam elədi. Nadirə isə vəzifə verildi.

 

 

EVDƏ KİŞİNİN PİŞİYİ DƏ GÖZƏL OLMALIDIR...

 

Anamı insult vurmuşdu, yataq xəstəsiydi. Xəstəxanadan çıxandan sonra xüsusi qulluq lazım idi. Həyat yoldaşım Sevinc də işlədiyindən ona “sidelka” axtarırdı. Nəhayət ki, tapdı. 30-35 yaşında bir gəlin idi. Atam da bütün günü evdə olurdu. Bir də yoldaşım görür ki, “sidelka” anamdam çox atama diqqət yetirir. Atam da o cümlədən. Ona görə də baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün qızı yavaş-yavaş evdən uzaqlaşdırmağa başladı. Nəhayət bir gün “sidelka” ümumiyyətlə gəlmədi. Atam yoldaşıma:

- Qız yoxdur bu gün. Görəsən niyə gəlməyib?

- Mən demişəm gəlməsin.

- Niyə?

- Yaxşı baxmırdı mamaya, təzəsin tapmışam. Canla-başla qulluq edəcək.

- Hə, nə olar? Kimdir təzə tapdığın?

- “Xozyayka”dır bizim xəstəxanada?

- Hə, bəs neçə yaşı var?

- 62. Qoca arvaddır.

- Yox e, ay gəlin. Köhnəsi yaxşı idi. Həm cavan idi, həm də qəşəng.

- Elə ona görə də onu uzaqlaşdırdım.

Çox gəlini yola gətirmək istədi ki, bəs kasıbdır, çörəyinə bais olma və digər dəlillər. Xeyri olmadı. Qızın da telefonun alıb eləməmişdi ki, amiranəliyin göstərib geri qaytarsın. Yoldaşım “yox” deyib durmuşdu. Axırda dözmədi:

- Bilirsən, ay gəlin, evdə kişinin pişiyi də gözəl olmalıdır.

 

 

İNANMIRSAN? GET ÖZÜNDƏN SORUŞ!

 

Bir qohumu var idi. Allah rəhmət eləsin, yeyib-içən kişi idi. Vəsiyyət eləmişdi ki, mən öləndən sonra basdırın, day qəbir üstündən çadıra qayıtmayın, gedin ruhumu yad eləyin, yəni “vurun”. Günlərin bir günü Feyzulla kişi rəhmətə gedir. Saat 4 radələrində tabutu yerdən götürməliylərmiş. Atamın, bir də xalası oğlu Əsədin yadına düşür ki, bəs kişi vəsiyyət eləyib, yaxşı deyil onun bu son arzusunu yerinə yetirməmək. Sovet dövründə araq satılan şöbələr axşam saat 6-da bağlanırmış. Bundan sonra arağı yalnız restoranlardan baha qiymətə tapmaq olarmış. Atam Əsəd xalaoğluna deyir ki, gərək tədarükü indidən eləyək, yoxsa sonra gec olacaq. Əsəd xalaoğlu da şoferinə (sürücünün milliyyəti rus imiş) pul verir ki, get 2 dənə araq al.

Xülasə, hamı həyətdə dayanıb gözləyir ki, tabutu 5-ci mərtəbədən düşürsünlər. Bu məqamda şofer hər əlində bir araq camaatın içində yaxınlaşır atamla Əsəd xalaoğluna və bərkdən:

- Asad Aleskeroviç, vodku kuda polojit?

Sürücü rus olduğundan elə bilib ki, burda da adət-ənənə onlarda olduğu kimidir. Mərhumu xristiansayağı xatırlayacaqlar. Ona görə də heç bir məxfiliyə varmayıb. Əsəd xalaoğlu da yağlı bir rus söyüşündən sonra “poloji v maşinu”deyir. Lakin artıq gec imiş. Qohum-əqraba hamısı başa düşür. Mərhumun qardaşı dözməyib yaxınlaşır bunlara:

- Ay Qabil, ay Əsəd, day eləməyin də. Bilirəm e, onsuz da gedib vuracaqsınız. Rəhmətlik də sizdən geri qalmırdı belə işlərdə. Amma qoy heç olmasa basdıraq, sonra da.

- Ay kişi, bilirsən nə var? Özbaşına eləmirik ki... Feyzulla vəsiyyət eləyib ki, məni basdıran kimi vurun. Biz də yerinə yetiririk, bildin?

- İndi mən nə bilim ki, siz düz deyirsiniz, ya yox?

Bu zaman tabutu blokdan çıxarırılar. Qabil cənazəni göstərir:

- Hələ gec deyil. İnanmırsan? Get özündən soruş. 

 

 

Həsən HƏSƏNOV

 

Xalq qəzeti.- 2009.- 12 aqvust.- S. 4.