Zərdab: inkişaf
bütün sahələri
əhatə edir
Bu günlərdə Zərdab
rayonunda 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
yekunları və qarşıda duran vəzifələrlə əlaqədar
olaraq geniş yığıncaq keçirilmişdir. Rayon icra
hakimiyyətinin başçısı Lütvəli Babayev məruzə
ilə çıxış etmişdir.
İstər məruzədə,
istərsə də ayrı-ayrı çıxışlarda
qeyd edilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin iclasında
bütövlükdə ölkə üzrə
görülüb başa çatdırılmış
işlər, həyata keçirilən tədbirlər
geniş təhlil edilmiş, uğurlar ümumiləşdirilmiş,
qarşıya həlli vacib olan konkret vəzifələr
qoyulmuşdur. İndi bütün qüvvə və səylər
proqram xarakterli həmin vəzifələrin yerinə yetirilməsinə
yönəldilmişdir.
Rəqəmlərin dili ilə
Hesabat məruzəsində
göstərildiyi kimi, respublikamızda gedən intensiv
inkişaf prosesi Zərdab rayonundan da yan keçməmiş,
2009-cu ilin birinci yarımilində iqtisadiyyatın bütün
sahələrində irəliləyiş baş vermişdir. Fakt
və rəqəmlər rayonun həm iqtisadi, həm də
sosial sahələrinin daha dinamik və sürətlə
inkişaf etdiyini göstərir. Belə ki, istehsalın
ümumi həcmi artmış, xidmət sahələrinin fəaliyyəti
genişləndirilmiş, əhalinin pul gəlirləri xeyli
yüksəlmişdir. İlin birinci yarısında rayonda
iqtisadiyyatın əsas sahələrində 29 milyon 828 min
manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə xeyli
çoxdur.
Hesabat dövründə
istehsal olunmuş məhsul və xidmətlərin 22 milyon 185
min manatı və ya 74,4 faizi kənd təsərrüfatının,
5 milyon 301 min manatı və ya 17,8 faizi ticarət və xidmət
sahələrinin, 1 milyon 258 min manatı və ya 4,2 faizi
tikintinin və s. payına düşmüşdür. İqtisadiyyatın
bütün sahələrində məhsul
buraxılışı ötən ilin müvafiq
dövrünə nisbətən yüksəlmişdir,
artım 3 milyon 93 min 300 manat və ya 11,6 faiz təşkil
etmişdir. Ötən dövr ərzində rayonda 109 daimi
iş yeri yaradılmışdır.
Məhsul artır, kənd inkişaf edir
Hesabat
yığıncağında qeyd edildiyi kimi, Zərdab ənənəvi
kənd təsərrüfatı rayonudur. 2009-cu ilin məhsulu
üçün 4418 hektar payızlıq arpa, 14 min 745 hektar
payızlıq buğda, cəmi 19 min 163 hektar sahədə
taxıl əkilmişdir. Əkin sahəsi əvvəlki ilə
nisbətən 4383 hektar genişləndirilmişdir. Ölkə
Prezidentinin kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyindən
ruhlanaraq zərdablılar bu il 52382 ton taxıl, o cümlədən
40486 ton buğda istehsal etmişlər. Ümumi taxıl məhsulu
2008-ci ilin göstəricisindən 12255 ton, buğda
istehsalı isə 12304 ton çoxdur. 14 toxumçuluq təsərrüfatı
üzrə 2100 tondan çox məhsul istehsal edilmişdir.
Ötən il isə cəmi 6 toxumçuluq təsərrüfatı
fəaliyyət göstərmiş və 805 ton məhsul
istehsal olunmuşdu.
Hazırda rayon üzrə
iri malın sayı 52 min 250 baş, qoyun-keçilərin
sayı 105 min 667 baş, quşların sayı isə 171 min
600 baş olmuşdur. Keçən ilə nisbətən ət
istehsalı 4,7 ton artaraq 1951,7 ton, süd istehsalı 20 ton
yüksələrək 10 min 841,7 ton, yumurta istehsalı 36 min ədəd
çoxalaraq 3 milyon 850 min ədəd olmuşdur. Quşçuluğun
inkişaf etdirilməsi məqsədilə Turac MMC bu il 6700 ədəd
yumurtanı inkubasiya edərək mülkiyyətçilərə
satmışdır.
Təhsil, səhiyyə, mədəniyyət
2009-cu ilin birinci
yarım ilində rayonun təhsil, səhiyyə və mədəni-maarif
müəssisələrində xeyli iş
görülmüşdür. Ümumi icbari orta təhsilin həyata
keçirilməsi nəzarətdə saxlanılmış, təhsil
və səhiyyə sahəsində həyata keçirilən
islahatlar uğurla davam etdirilmişdir. Dövlət
Proqramına uyğun olaraq 6 ay ərzində təhsil müəssisələrinə
51 min 368 manatlıq inventar, 28 min 200 manatlıq idman
avadanlığı, 21184 manatlıq 9 ədəd “noutbuk”
alınmışdır.
Cari ilin birinci
yarımilində fənn olimpiadalarının respublika turunda
müxtəlif dərnəklər üzrə 12 nəfər
III–IV yerlərə layiq görülmüşdür. Gəlmə
kənd orta məktəbinin “Cəsurlar” komandasının
respublika turnirində birinci yer tutması xəbəri
bütün zərdablıları ürəkdən
sevindirmişdir.
Ölkə rəhbərinin
2009-cu ili “Uşaq ili” elan etməsi ilə bağlı təhsil,
səhiyyə və mədəniyyət müəssisələrində
geniş tədbirlər planı təsdiq edilmiş və
icrası ilə bağlı hazırda ciddi işlər
aparılır. Mədəni-maarif müəssisələri tərəfindən
həyata keçirilən tədbirlərin dairəsi 2008-ci ilə
nisbətən 2009-cu ildə daha da genişləndirilmiş,
keyfiyyəti yaxşılaşmışdır. “Uşaq ili”
ilə bağlı mədəniyyət evində təntənəli
açılış mərasimi olmuş, böyük konsert
proqramı, digər silsilə tədbirlər
keçirilmişdir. Bu işlər hazırda da davam etdirilir.
Cari ildə respublika Gənclər
və İdman Nazirliyinin keçirdiyi “Hünər-4” vətənpərvər
mahnı müsabiqəsində rayon sakini Sevda Nuralıyeva
qalib gələrək respublikada birinci yerə
çıxmışdır.
2009-cu ilin birinci yarımili idman sahəsində də uğurlu olmuşdur. 2009-cu ilin martında şahmat üzrə Azərbaycan çempionu adı qazanmış İzzət Rəhimli cari ilin noyabr ayında İstanbulda keçiriləcək dünya çempionatında iştirak etmək hüququ, həm Avropa çempionatına, həm də şahmat məktəblilərinin Afinada keçirilən dünya birinciliyinə vəsiqə qazanmışdır. Taekvondo üzrə ölkə çempionatında Nihalə Camalzadə qızıl, Nuranə İbrahimli və Nərmin Camalzadə gümüş, Natiqə Qurbanzadə isə bürünc medal qazanmışlar. Rayon Mərkəzi Stadionu əsaslı təmir edilmişdir.
Sosial ehtiyaclar uğurla həll edilir
İlin birinci yarısında xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Elektrik təsərrüfatında əhalini və iqtisadiyyatı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün təmir, xidmət işlərinin keyfiyyətinə diqqət artırılmışdır. İlin əvvəlindən başlayaraq müxtəlif təbii təsirlərdən qəza vəziyyətinə düşmüş dayaqlar yeniləri ilə əvəz olunmuş, 187 yeni sayğac quraşdırılmış, 15 sıradan çıxmış sayğac yenisi ilə əvəz edilmişdir. Ümumiyyətlə, 2009-cu ilin birinci yarımilində rayonun elektrik təsərrüfatında 23 min 467 manatlıq iş görülmüşdür.
2009-cu ilin birinci yarım ili ərzində 20 milyon 341 min 371 kvt/saat elektrik enerjisi istehlak edilmişdir. Dəyəri 1 milyon 220 min 482 manat təşkil etməklə ödəmə 88,4 faiz olmuşdur. Əhali üzrə isə ödəmə 97,5 faizdir.
Əhalinin fasiləsiz və keyfiyyətli qazla təmin edilməsi üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlər planına uyğun olaraq qaz xətləri və qurğuları üzərində təmir işləri aparılmışdır. Qaz itkilərinin qarşısının alınması və əhalinin normal və təhlükəsiz qazla təmin edilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Qaz İstismar İdarəsində həyata keçirilən kadr dəyişikliyi və bu sahəyə diqqətin daha da gücləndirilməsi nəticəsində son aylarda istehlak olunan qazın dəyəri rayon, o cümlədən əhali sektoru üzrə artıqlaması ilə ödənilir, debitor borcların yığılması yüksək səviyyədə təşkil olunur. Təsadüfi deyil ki, iyun ayı üçün qazın dəyəri rayon üzrə 140,7 faiz, əhali sektoru üzrə isə 157 faiz ödənilmişdir. Rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində son illər aparılmış işlər cari ildə də uğurla davam etdirilir. “Qumlu” yaşayış sahəsində qaz xəttinin çəkilişi başa çatdırılaraq abonentlərin istifadəsinə verilmişdir. “15-ci məhəllə”nin, “Təzəkənd” yaşayış sahəsinin, o cümlədən Qaravəlli, Gəlmə və Salahlı kəndlərinin qazlaşdırılması ilə bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması haqqında” 2007-ci il 20 iyun tarixli sərəncamına əsasən, 2009-cu ilin birinci yarımilində Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı və Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici qurğular tikilərək əhalinin istifadəsinə verilmişdir. Bnunla da əhalinin suya olan tələbatı xeyli yaxşılaşdırılmışdır.
Zərdabı tanımaq olmur
Son illər Zərdab öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Tikinti, abadlıq və quruculuq işləri hesabat dövründə də sürətlə davam etdirilmişdir. Xanməmmədli kəndində smeta dəyəri 262 min 900 manat olan 100 şagird yerlik orta məktəb binasının tikintisi artıq başa çatdırılmışdır. Rayon icra hakimiyyəti və Əhalinin Sosial Müdafiə Mərkəzi üçün yeni inzibati binalar istifadəyə verilmişdir. Ulu öndərin doğum günü ərəfəsində bu binaların açılışı olmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binasında da tikinti işləri başa çatdırılmış və hazırda binanın ətrafında abadlıq işləri davam etdirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illik yubileyi ərəfəsində çoxsaylı digər obyektlərlə yanaşı, Heydər Əliyev parkı ərazisində smeta dəyəri 280 min manat olan Heydər Əliyev İdeoloji Mərkəzinin binasının tikintisi də başa çatdırılmışdır.
Tikintisinə 2007-ci ilin dekabr ayında başlanmış, smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbi, Cilovxanlı kəndində 80 yerlik məktəb binası isə istifadəyə hazırdır. Alıcanlı kəndində smeta dəyəri 1 milyon 172 min manat olan 360 yerlik məktəb binasının tikintisində 6 ay ərzində 643 min manatlıq iş görülmüşdür.
Cari ilin birinci yarısında Heydər Əliyev və Zərdabi adına parklarda, Şəhidlər Xatirə kompleksində, Sahil parkında, küçələrdə xeyli abadlıq, təmir və yaşıllaşdırma işləri aparılmışdır. Ramiz Kərimov, C.Cabbarlı, 1 May, Azadlıq, Azərbaycan, Samir Abdullayev, Alı Mustafayev və sair küçələrə 15 min kvadrametrdən çox asfalt örtük döşənmişdir. Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M.Hüseyn, S.Abdullayev, Nizami, M.Xəlilov, Rəsulzadə, Ş.Şükürov küçələrində və Heydər Əliyev prospektində uzunluğu 25 kilometr, həcmi 5 min kubmetr olan kanalların təmizlənməsi, keçidlərin açılması işləri görülmüş və buna 32 min manat vəsait xərclənmişdir.
Ucar–Zərdab magistral yolunda 4 min ədəd, Zərdab–Mollakənd yolunda 5060 ədəd, Zərdab–Pirəzə yolunda 4840 ədəd, Zərdab–Ağcabədi yolunda 3200 ədəd ağac əkilərək, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu iş rayonun başqa ərazilərində də davam etdirilmiş, hesabat dövründə kəndlərdəki yol kənarına 5 mindən çox ağac əkilmişdir. Bu işlər payız mövsümündə də davam etdiriləcəkdir. Şəhərin küçələrində müasir ekzotik işıqlanma dirəkləri quraşdırılmış, 4 yol ayrıcında isə müasir tipli kompleks tikilmişdir.
Respublika hökuməti rayon əhalisinin arzu və təkliflərinin nəzərə alaraq 2008-ci il aprelin 10-da Zərdab rayonunda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstünün qoyulması haqqında qərar qəbul etmişdir. Qəhrəmanın abidəsinin qoyulması ilə bağlı işlər başa çatmış və 9 May – Qələbə günü həmin büstün açılışı olmuşdur.
2009–2013-cü illəri əhatə edəcək ikinci Dövlət Proqramında Zərdab rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılmışdır. Rayonda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya şəbəkəsinin, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması ilə bağlı geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu diqqət və qayğıya görə zərdablılar ölkə Prezidenti İlham Əliyevə minnətdardırlar.
Yığıncaqda Rayon Maliyyə İdarəsinin rəisi Cərulla Cərullayev, Qaz İstismar İdarəsinin rəisi Mail Hüseynov, Şıxbağı kənd icra nümayəndəsi Polad Əhmədov, Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov çıxış edərək ayrı-ayrı sahələrdə görülmüş işlərdən, qarşıda duran konkret vəzifələrdən danışmışlar. Belə bir yekdil fikir ifadə edilmişdir ki, ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək və rayonun daha sürətli inkişafı üçün zərdablılar bütün imkanlardan səmərəli istifadə etmək əzmindədirlər.
Ziyəddin Sultanov
Xalq qəzeti.- 2009.- 12
avqust.- S. 4.