Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın
Avratlantik institutlara inteqrasiyasının mühüm tərkib
hissəsidir
Azərbaycanın beynəlxalq
mövqeləri möhkəmlənir, beynəlxalq imici güclənir.
Azərbaycan etibarlı tərəfdaş, dost ölkə kimi
beynəlxalq təşkilatlarda və dünyada öz yerini
möhkəmləndirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Avropa
İttifaqının (1993-cü ilədək Avropa Birliyi) əsası
1951-ci il aprelin 18-də Avropa Kömür və Polad Birliyini təsis
edən müqavilənin imzalanması ilə qoyulmuşdur. Müqavilə
Avropanın altı dövləti - Fransa, Almaniya, İtaliya,
Belçika, Hollandiya və Lüksemburq tərəfindən
imzalanmışdır. Belə bir qurumun yaradılması təklifi
Fransanın o zamankı xarici işlər naziri Robert Şuman tərəfindən
1950-ci il mayın 9-da irəli sürülmüş, ondan bir qədər
əvvəl isə Fransanın Milli Planlaşdırma
İnstitutunun başçısı Can Monne tərəfindən
söylənilmişdir. 1957-ci il martın 25-də Romada
imzalanmış müqaviləyə əsasən Atom Enerjisi
üzrə Avropa Birliyi və Avropa İqtisadi Birliyi təsis edilmişdir.
1965-ci ildə Brüsseldə yuxarıda adları çəkilən
qurumların vahid orqanları yaradılmaqla bu üç təşkilat
Avropa İqtisadi Birliyi adı altında birləşdirildi.
1973-cü ildə
Danimarka, İrlandiya, Böyük Britaniya, 1981-ci ildə
Yunanıstan, 1986-cı ildə isə Portuqaliya və
İspaniyanın Avropa Birliyinə qəbul olması ilə bu
təşkilatın üzvlərinin sayı 12-yə
çatdı. 1979-cu il martın 13-də valyuta dəyişmə
mexanizmlərini ümumiləşdirmək məqsədilə
Avropa Valyuta Sistemi təsis edildi. 1985-ci ildə dövlət və
hökumət başçılarının Milan sammitindən
sonra Vahid Avropa Aktının imzalanması inteqrasiya proseslərini
sürətləndirdi və 1993-cü ilə kimi vahid daxili
bazar yaratmaq, eləcə də siyasi əməkdaşlığa
doğru irəliləmək məqsədi qarşıya
qoyuldu.
1992-ci il fevralın
7-də Hollandiyanın Maastrixt şəhərində
Avropanın 12 dövlət başçısı tərəfindən
Avropa İttifaqının yaradılması haqqında
müqavilə imzalandı. Müqavilədə Roma müqaviləsinin
müddəalarına bir sıra düzəlişlər olundu
və bu sənəd 1993-cü il noyabrın 1-dən qüvvəyə
mindi. Müqaviləyə Avropa İqtisadi və Valyuta
İttifaqının yaradılması, eləcə də bu
qurum çərçivəsində vahid valyutaya keçmə
prosesinə dair bir sıra maddələr daxil edildi. Həmin
vaxtdan Avropa Birliyi Avropa İttifaqı adlanmağa
başlandı.
Maastrixt müqaviləsi
həm də ilk dəfə olaraq Avropada Ümumi Xarici Siyasət
prinsiplərinin həyata keçirilməsini təsbit etməklə,
Avropa inteqrasiyasının dayağı sayılan ümumi
xarici və təhlükəsizlik siyasətinin əsası
qoyulmuş oldu. 1997-ci ilin iyun ayında Amsterdamda dövlətlərarası
yeni bir müqavilənin
imzalanması ilə Maastrixt müqaviləsinə yeni düzəlişlər
edilərək tərkibinə bir sıra maddələr əlavə
edildi və bu müqavilə 1999-cu ilin may ayından qüvvəyə
mindi. Amsterdam müqaviləsinə əsasən ümumi xarici
və təhlükəsizlik siyasəti üzrə Ali
Nümayəndə vəzifəsi də təsis edildi.
1995-ci ildə
Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul
olduqdan sonra təşkilatın üzvlərinin sayı 15-ə
çatdı və İttifaqın genişlənməsinin əsası
qoyuldu. 1999-cu ildə vahid Avropa valyutasının qəbul
olunmasına başlanmaqla Avropa valyutalarının bir-birinə
münasibətdə və qəbul olunmuş ümumi pul
vahidi “avroya” qarşı
məzənnələr təsdiq edildi. Avropa İqtisadi və
Valyuta İttifaqına 11 üzv dövlət daxil oldu və həmin
dövlətlərin milli valyutası avro ilə əvəz
olundu.
2001-ci ildə Nis
müqaviləsi imzalandıqdan sonra Yunanıstan avro
zonasının sayca 12 -ci üzvü oldu. 2002-ci il yanvarın
1-dən avro sərbəst olaraq dövriyyəyə
buraxıldı və milli valyutalar həmin ilin iyul ayına qədər
tam olaraq dövriyyədən çıxarıldı.
2003-cü ildə Aropa İttifaqına üzvlüyə
namizəd olan 10 ölkə ilə müqavilələr
imzalandı və Nis müqaviləsi qüvvəyə mindi.
2004-cü il may ayının 1-də Kipr, Malta, Polşa,
Çex Respublikası, Slovakiya, Sloveniya, Macarıstan, Latviya,
Litva və Estoniya, 2007-ci il yanvarın 1-də isə
Bolqarıstan və Rumıniya İttifaqa üzv qəbul
oldular. Beləliklə, Avropa İttifaqının
genişlənməsi nəticəsində təşkilatın
üzvlərinin sayı 27-yə çatmış oldu.
Müstəqillik əldə
etdikdən sonra Azərbaycan dövləti qarşıya
çıxan problemlərini, ilk növbədə
özünün təhlükəsizlik məsələlərini,
xüsusilə, Ermənistanın Dağlıq Qarabağa dair ərazi
iddiaları və hərbi təcavüzü məsələsini
beynəlxalq təşkilatlar vasitəsilə ümumavropa təhlükəsizliyi
səviyyəsinə çıxarmaqla regionda sülhün təmin
edilməsinə onların təsir etməsini sürətləndirməyə
çalışır. Eyni zamanda, ölkədə
islahatların həyata keçirilməsi və dünya
inteqrasiya proseslərinə daha sıx cəlb olunması
müstəvisində qısa müddət ərzində Azərbaycan
bir sıra beynəlxalq və regional təşkilatlarla
çoxtərəfli əlaqələr yaratmışdır.
Azərbaycanın
xarici siyasət prioritetləri içərisində Avroatlantik
strukturlara və institutlara inteqrasiya mühüm yer tutur.
1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində
Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və
bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa
İttifaqı ilə fəal əməkdaşlığa
başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində
yerləşən Azərbaycanın strateji mövqeyi Avropa
İttifaqına üzv dövlətlərin də eyni zamanda,
ölkəmizlə siyasi və iqtisadi münasibətləri
inkişaf etdirmək marağını daha da
artırmışdır.
Azərbaycan-Avropa İttifaqı əlaqələri
xüsusi proqramlar çərçivəsində qurulmuş
və müxtəlif sahələr üzrə: iqtisadi və
sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya
(TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların
inkişafı və s. istiqamətlərdə aparılır.
SSRİ süqut
etdikdən sonra, 1991-ci ildə Avropa İttifaqı yeni müstəqil
dövlətlərə texniki yardım və ekspert köməyi
vasitəsilə demokratik islahatlar keçirmək, bazar
iqtisadiyyatı infrastrukturlarını yaratmaq, ölkələr
arasında ticarət, nəqliyyat, gömrük işlərini
inkişaf etdirmək üçün xüsusi TASİS proqramı
hazırlamışdır.
TASİS
proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın
üç əsas istiqamətinə üstünlük
verilir: infrastruktur, özəl sektor və insan resurslarının
inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar
əsas çoxtərəfli şəbəkə layihələri
mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə
və onların əməkdaşlarına yardım göstərən
TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional
inteqrasiyasını təmin etmək məqsədilə
yaradılan İNOQEYT proqramı və TRASEKA-dır.
1993-cü ilin
mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü
ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi”
(TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi
dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin
konfransında təsis edilmişdir. “Brüssel Bəyannaməsi”
adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb
“İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası,
nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən
qurulması və inkişaf etdirilməsi qərara
alınmışdır.
1998-ci il sentyabrın 8-də
Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü
ilə və TRASEKA proqramının dəstəyi ilə “Tarixi
İpək Yolunun bərpası” adlı beynəlxalq konfrans
keçirilmişdir. 32 ölkə və 13 beynəlxalq
təşkilat nümayəndələrinin iştirakı ilə
keçirilən konfransın sonunda “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya
dəhlizinin inkişafına dair çoxtərəfli
saziş” adlanan mühüm bir sənədlə
yanaşı, iştirakçılar adından Avrasiya ölkələri
arasında hərtərəfli əməkdaşlığı
və regional inteqrasiyanın əsas prinsiplərini əks
etdirən “Bakı Bəyannaməsi” də
imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25
texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini
dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın
payı ümumilikdə 100 milyon avrodan artıqdır.
Avropaya dövlətlərarası
neft və qaz ixracı (İNOQEYT) Avropa İttifaqının
yeni müstəqil dövlətlərə maliyyə dəstəyi
çərçivəsində həyata keçirilən əsas
regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da
daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan
çərçivə Sazişi əsasında fəaliyyət göstərir.
1996-cı il aprelin
22-də Avropa İttifaqı və Azərbaycan Respublikası
arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət,
immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının
alınması sahəsində əməkdaşlığı
nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması
Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən
biri kimi qiymətləndirilir. Dövlətimiz və
xalqımız üçün mühüm tarixi əhəmiyyət
kəsb edən bu müqavilə Azərbaycanın Avropa
strukturları və institutları ilə əlaqələrin
genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində
hüquqi baza rolunu oynayır.
1999-cu il iyunun 22-dən qüvvəyə
minən Avropa İttifaqının hazırladığı və
ümummilli lider Heydər Əliyevin imza atdığı bu
saziş tərəflər arasında yüksək səviyyəli
əməkdaşlığın təşəkkül
tapmasını təsdiqləyir.
İmzalanan TƏS-də
müvafiq siyasi dialoq çərçivəsində tərəflər
arasında siyasi münasibətlərin inkişafının təmin
edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi,
iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə
bəzi struktur islahatların aparılması, ticarət və
investisiyanın
inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni
əməkdaşlıq məsələləri nəzərdə
tutulmuşdur. Bu məsələlərin təmin edilməsi
üçün Azərbaycan qanunvericiliyinin Avropa
İttifaqı qanunvericiliyinə
uyğunlaşdırılması sahəsində geniş
iş prinsipləri müəyyənləşdirilmişdir.
“Saziş”də nəzərdə
tutulur ki, Əməkdaşlıq Şurası Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın
əsas istiqamətlərini müəyyənləşdirir və
qarşıya qoyulan məqsədlərə nail olmaq
üçün lazımi tədbirləri həyata
keçirir. Bundan
başqa, fəaliyyət göstərən Əməkdaşlıq
Komitəsi Şuranın tövsiyələrinin həyata
keçirilməsinə nəzarət edir.
Komitənin nəzdində ticarət
və sərmayə qoyuluşu ilə əlaqədar
müzakirələr aparmaq məqsədilə Xüsusi Alt
Komitə yaradılmışdır. Avropa İttifaqı ilə
Azərbaycan arasında energetika və nəqliyyat məsələləri
üzrə ayrıca Alt Komitə də təsis edilmişdir.
Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətini
əlaqələndirmək üçün Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq
və Əməkdaşlıq üzrə Dövlət
Komissiyası yaradılmışdır.
2004-cü il
mayın 17-19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Brüsselə rəsmi səfəri
zamanı Avropa İttifaqına on üzvün qoşulması
ilə əlaqədar olaraq “Tərəfdaşlıq və Əməkdaşlıq
haqqında Saziş”ə Əlavə Protokol
imzalanmışdır.
Avropa
İttifaqının Azərbaycanla əlaqələri təkcə
TRASEKA layihəsi və “Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi” çərçivəsində deyil, həm də
Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq
layihəsi, eyni zamanda bölgədə sülhün və
sabitliyin təmin
olunmasına dair digər proqramlar çərçivəsində
reallaşdırılır.
Cənubi Qafqazda
mövcud olan münaqişələrin aradan
qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri
arasında vahid əməkdaşlıq və təhlükəsizlik
sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa
İttifaqının əsas şərtlərindəndir.
Avropa
İttifaqı öz nümayəndəsini 1998-ci ildə Azərbaycana
göndərmiş, 2000-ci ildə isə Azərbaycan Avropa
İttifaqında öz Daimi Nümayəndəliyini
açmışdır. 2003-cü il iyulun 7-də Avropa
İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini
təyin etməsi təşkilatın regionda fəallığının artmasını göstərən
addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, Avropa
Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin
edilməsinə mane olan Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınmasının vacibliyini
bildirmişdir. Avropa Parlamentinin sessiyasında
“Avropa İttifaqının Cənubi Qafqaz siyasəti”
mövzusunda Pyer Qartonun məruzəsi əsasında qəbul
edilmiş qətnamədə ermənilərin işğal
etdikləri ərazilərdə azərbaycanlılara
qarşı etnik təmizləmə apardıqları göstərilmişdir.
Bununla yanaşı, Avropa Parlamenti Cənubi
Qafqazda təhlükəsizliyin bərqərar olmasına mane
olan münaqişənin nizama salınması
üçün işğal olunmuş Azərbaycan ərazilərinin
(Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad
edilməsi təklifi ilə də çıxış
etmişdir.
Dövlət
başçısı cənab İlham Əliyev 2004-cü il
martın 17-də Bratislavada “Daha geniş Avropaya doğru: yeni
gündəlik” mövzusunda keçirilən beynəlxalq
konfransda Ermənistanın işğalçılıq siyasətinin
bütünlüklə Avropada, xüsusilə, Cənubi
Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə
ciddi maneə olduğunu vurğulayaraq, təcavüz nəticəsində
Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğal
olunduğunu, nəticədə bir milyondan artıq insanın
acınacaqlı vəziyyətdə
yaşadığını bildirməklə ölkəmizin
prinsipial mövqeyini bəyan etmişdir.
2004-cü il
mayın 12-də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi
Pyer Qarton Ermənistanda “Genişlənmiş Avropa - yeni
qonşular” proqramı çərçivəsində
keçirilən müzakirələrdə “Ermənistan
işğal altında saxladığı ərazilərdən
öz qoşunlarını tədricən
çıxarmalıdır” — deməklə Avropa İttifaqının Cənubi Qafqaz
regionunda münaqişənin tezliklə aradan
qaldırılmasının tərəfdarı olduğunu
bildirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev 2004-cü il mayın 19-da
Brüsseldə Avropa Siyasi Mərkəzinin təşkilatçılığı
ilə “Avropa Birliyi və Azərbaycan-tərəfdaşlıq
üçün yeni üsullar” mövzusunda keçirilən
siyasi brifinqdə Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması
üçün öz qətiyyətli mövqeyini növbəti dəfə bəyan
etdi. Dövlət başçısının
nitqində bu son dərəcə mürəkkəb və tale
yüklü problemin Azərbaycanın xarici siyasət kursunun
mühüm tərkib hissəsinə çevrildiyi bir daha
öz təsdiqini tapdı. Prezident İlham Əliyevin
Brüsselə bu səfəri Azərbaycanın Avropa İttifaqı
ilə münasibətlərində tamamilə yeni mərhələ
oldu və ölkəmizin adı çəkilən
İttifaqla “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində
genişmiqyaslı əməkdaşlığına dair
razılaşmalar əldə edildi.
Avropa
İttifaqının region dövlətləri ilə həm
ikitərəfli, həm də regional inteqrasiya kontekstində
çoxtərəfli münasibətlər qurması və gələcəkdə
onların təşkilatla daha sıx əməkdaşlığı
üçün ciddi fəaliyyət göstərməsi nəticəsində
son illərdə adı çəkilən təşkilat öz sərhədlərini
bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri
genişlənən İttifaq Avropada yeni qonşular
qazanmış və 2003-cü ildə “Daha geniş
qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə
təşəbbüsü” adlı proqram qəbul etmişdir.
Avropa İttifaqının xarici işlər nazirləri
2004-cü ilin yanvarında üç Cənubi Qafqaz
respublikasını bu təşəbbüsə qoşmaq
üçün Avropa Komissiyasına təkliflər
hazırlamaq haqqında tapşırıq vermişlər.
2004-cü il mayın 12-də
Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair
Strategiya sənədini qəbul etdi. Adı
çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan,
Gürcüstan və Ermənistanın bu siyasətə daxil
edilməsi üçün Avropa İttifaqı
Şurasına tövsiyə etmişdir. 2004-cü il iyunun 14-də
Avropa Komissiyasının tövsiyəsinə təşkilatın
Ümumi Məsələlər və Xarici Əlaqələr
üzrə Şurasında baxılmış və
Şura, Cənubi Qafqaz dövlətlərini qeyd edilən
siyasətə daxil etməyi qərara almışdır.
Qonşuluq Siyasətinin
strategiya sənədinə əsasən Avropa
İttifaqının tərəfdaş ölkələrlə
münasibətlərini yaxın gələcək
üçün tənzimləyən əsas sənəd fəaliyyət
planları olacaqdır ki, bu sənəddə İttifaq ilə
ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi
nəzərdə tutulur.
Avropa Qonşuluq Siyasətinə
görə bu prioritetlər aşağıdakılar ola bilər:
*siyasi, iqtisadi və
inzibati islahatların səmərəli şəkildə həyata
keçirilməsi və birgə dəyərlərə
hörmət edilməsində konkret irəliləyişlərə
nail olunması müqabilində tərəfdaşların tədricən
Avropa İttifaqının daxili bazarında müəyyən
paya sahib olmaq imkanı;
*eyni zamanda, vətəndaşların,
əmtəənin və kapitalın sərbəst dövriyyəsini
təmin etmək məqsədilə gələcək
inteqrasiya prosesləri;
*Avropa
İttifaqı ölkələri ilə daha səmərəli
siyasi dialoq və əməkdaşlıq, güzəştli
ticarət əlaqələri və açıq bazar,
miqrasiya, investisiyaların təşviqi imkanları, yeni maliyyə
mənbələri, Ümumdünya Ticarət Təşkilatına
üzvlüyün dəstəklənməsi və s.
2004-cü ilin may ayında Avropa
İttifaqı Qonşuluq Siyasətinin həyata keçirilməsi
üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi
Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü
iş aparır. Adı çəkilən
proqrama qoşulan ölkələr İttifaq institutlarına
insan hüquqlarına hörmətlə yanaşmaq,
qanunların aliliyini təmin etmək, səmərəli və
şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə
hörmət bəsləmək və xarici siyasət sahəsində
beynəlxalq hüquq normalarına əməl etmək əzmində
olduqlarını nümayiş etdirməlidirlər.
Azərbaycan Respublikası da bu
sahədə qarşıda duran vəzifələrin həlli
istiqamətində ardıcıl addımlar atmaqla öz
mövqeyini ifadə etmişdir. Bu məqsədlə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2005-ci il iyunun 1-də “Azərbaycan Respublikasının Avropaya
inteqrasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında” imzaladığı sərəncamda
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
daha da gücləndirilməsi, İttifaqın Azərbaycan
üzrə Fəaliyyət Planının
hazırlanması və həyata keçirilməsi üzrə
səmərəli, əlaqələndirilmiş işin təmin
edilməsi məsələləri öz əksini tapdı.
Bununla yanaşı, qəbul edilmiş sənəddə Avropa
İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və
enerji, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə,
humanitar, elm, təhsil və digər əməkdaşlıq
sahələri üzrə işçi qrupun yaradılması
nəzərdə tutulmuşdur.
Hazırda Avropa
İttifaqının regionda həyata keçirdiyi yeni
qonşuluq siyasəti layihəsinin əsas məqsədi Cənubi
Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən
Avropa dəyərlərinə yaxınlaşmasını
sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz
ölkələri də bu məsələdə
maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli
münasibətləri genişləndirməyə
çalışırlar.
Bu mənada Prezident İlham Əliyevin
2006-cı il oktyabrın 6-8-də Brüsselə rəsmi səfəri
mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı Nazirlər Şurasının
Baş katibi, xarici və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Xavyer Solana ilə
keçirdiyi görüşdə Azərbaycanla Avropa
İttifaqı arasında əməkdaşlığın
yeni mərhələsinin başlandığını bildirən
dövlət başçısı İlham Əliyev bu səfərin İttifaqın Cənubi Qafqaz regionuna dair
yeni qonşuluq siyasətinin gələn beş il ərzində
ölkəmizdə siyasi və iqtisadi inkişaf
meyarlarının Avropa İttifaqındakı göstəricilərinə
uyğunlaşdırılmasının əsasını
qoyacağını bəyan etdi: “Avroatlantik məkana
inteqrasiya sahəsində Azərbaycanın neçə illər
ərzində apardığı siyasət həm ölkəmiz,
həm də bütövlükdə regional əməkdaşlıq
üçün çox böyük nəticələr
vermiş və verəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev
və Avropa Komissiyasının sədri Joze Manuel Barroza
2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan
Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair anlaşma
memorandumu imzaladılar. Bu sənədin imzalanması
Azərbaycanın Avropa İttifaqının enerji
bazarlarına daha tez inteqrasiyasına kömək etməklə
yanaşı, Xəzərin enerji
daşıyıcılarının nəqli nəticəsində
İttifaqın enerji təhlükəsizliyi daha da güclənəcəkdir.
Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq
və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya,
xüsusilə, Azərbaycanın böyük neft, qaz
ehtiyatları və ölkəmizin gələcək
inkişafı üçün böyük əhəmiyyəti
vardır.
Həmin gün Brüsseldə
Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan
Prezidenti İlham Əliyevin iştirakı ilə siyasi brifinq
keçirildi. “Avropa İttifaqı-Azərbaycan:
enerji sahəsində və digər sahələrdə əməkdaşlıq”
mövzusuna həsr olunmuş tədbirdə
çıxış edən dövlət
başçısı İlham Əliyev Azərbaycan-Avropa
İttifaqı münasibətlərinin artıq yeni səhifəsinin
açıldığını bəyan edərək, əmin
olduğunu bildirdi ki, səfər çərçivəsində
imzalanan enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumu əsasında bir çox sahələrdə
əməkdaşlığımızı daha da məqsədyönlü
və hərtərəfli formada qurmaq mümkün olacaqdır.
Bununla yanaşı, birgə səylər nəticəsində
Avropa İttifaqının Cənubi Qafqaza dair “Yeni qonşuluq
siyasəti” çərçivəsində yeni addımlar
atılacaq və bu da Azərbaycanın gələcək
inkişafına böyük təsir göstərəcəkdir.
Dövlət başçısı İlham Əliyevin
Belçika Krallığına səfəri həm Avropa
İttifaqı ilə əməkdaşlığın
genişləndirilməsi, həm də münasibətlərin
yeni mərhələsi kimi qiymətləndirilir.
Avropa İttifaqı ilə əlaqələrin
genişləndirilməsi baxımından Azərbaycan
Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika
Krallığına işgüzar səfəri mühüm əhəmiyyət
kəsb edir. Səfər zamanı Avropa
Komissiyasının sədri Joze Manuel Barroza ilə
görüşündə dövlət
başçısı İlham Əliyev Avropa İttifaqı
ilə ölkəmiz arasında əlaqələrin müxtəlif
sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə
çatdıraraq Azərbaycanın Avropaya
inteqrasiyasının bundan sonra da davam etdiriləcəyini
bildirdi.
Azərbaycan Prezidenti Brüsseldə
Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə
“Azərbaycan: Avropa İttifaqı
üçün getdikcə əhəmiyyəti artan tərəfdaş”
mövzusunda keçirilən görüşündə
ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti
artan ölkə olduğunu xüsusi qeyd edərək, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynadığını diqqətə
çatdırdı. Bununla yanaşı,
görüş zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas
məsələlərdən biri kimi müzakirə
mövzusuna çevrildi. Azərbaycan Prezidenti
İlham Əliyev bu məsələnin həllində qətiyyətli
mövqeyini növbəti dəfə bəyan edərək,
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini,
Ermənistanın işğal altında saxladığı
torpaqları azad etməsinin vacibliyini və işğal siyasətinin
sonunun olmadığını xüsusi vurğuladı.
Dövlət
başçısı cənab İlham Əliyevin Avropa
İttifaqı Nazirlər Şurasının Baş katibi,
xarici siyasət və təhlükəsizlik siyasəti üzrə
ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi
görüşündə Avropa İttifaqı ilə ölkəmiz
arasında əlaqələrin qarşılıqlı şəkildə
faydalı olduğunu və “Şərq tərəfdaşlığı”
proqramı çərçivəsində yaranacaq yeni
formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini
bəyan etdi.
Bu səfərin
davamı olaraq mayın 7-də Praqada Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
Sammitində iştirak edən Prezident İlham Əliyev bu
proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin
daha da yaxınlaşmasına və genişlənməsinə
təkan verəcəyini qeyd edərək, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynadığını
diqqətə çatdırdı. Mayın 8-də Praqada “Cənub
dəhlizi—Yeni İpək Yolu” sammitində dövlətimizin
başçısı cənab İlham Əliyev Azərbaycanın
təşəbbüsü və iştirakı ilə qlobal
enerji layihələrinin, neft boru kəmərlərinin,
sonra isə qaz kəmərlərinin inşasının
uzaqgörənliklə hazırlanmış bir strategiya
olduğunu və ölkəmizdən müxtəlif istiqamətlərdə
neft- qaz nəql edən kəmərlərin fəaliyyət
göstərməsini çoxşaxəliliyin təmin
olunmasına töhvə kimi qiymətləndirdi.
Ölkəmiz Avropa
İttifaqı ilə münasibətlərində öz xarici
siyasət prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli
əlaqələrə üstünlük verir. Avropa
İttifaqının regional layihələrində iştirak
etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi
iqtisadi tərəqqidəki payına görə lider dövlət
olan Azərbaycan İttifaqın xarici əlaqələrində
müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli
əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq
üçün zəruri olan bütün təsisatları
inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi,
siyasi və təhlükəsizlik məkanına inteqrasiya
olunmaq istəyini nümayiş etdirir.
Bu gün Avropa
İttifaqı ilə əlaqələrin genişləndirilməsi
və dərinləşdirilməsi, Azərbaycanın Avropaya
inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil
etməsi baxımından xüsusi əhəmiyyət kəsb
etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan
dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası Beynəlxalq
münasibətlər və
xarici siyasət kafedrasının dosenti, siyasi elmlər
namizədi
Xalq qəzeti.- 2009.- 14 avqust.- S. 3.