Lerik: nailiyyətlər davamlı xarakter almışdır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və rayonda görülmüş işlər Lerikdə geniş müzakirə edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun məruzəsində və çıxışlarda ölkəmizdə aparılan sosialyönümlü iqtisadi siyasət, əhalinin maddi rifah halının durmadan yaxşılaşması xüsusi vurğulanmış, qarşıdakı vəzifələrə diqqət cəlb edilmişdir. Qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin iclasında səslənən fikirlər qazanılan nailiyyətlərin davamlı olduğunu bir daha təsdiq edir. İlk altı ayın əlamətdar yekunlarından biri ondan ibarətdir ki, Azərbaycan hökumətinin vaxtında reallaşdırdığı tədbirlər, son illər aparılan islahatlar nəticəsində dünyada yaşanan iqtisadi böhran ölkəmizin iqtisadiyyatına minimum təsir göstərmişdir. Məhz təmin edilmiş dinamika nəticəsində ilin ilk yarısında Azərbaycanda ümumi daxili məhsul 3,6 faiz olmuş, qeyri-neft sektorunda isə 4,1 faiz artım əldə edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl siyasət hər yerdə olduğu kimi, Lerik rayonunda da işgüzar mühitin yaranmasına səbəb olmuşdur. Rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafı, əhalinin maddi-məişət şəraitini daha da yaxşılaşdırmaq üçün ardıcıl iş aparır.

İlin altı ayında rayonda icrası nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 295 yeni iş yeri açılmışdır. Əsasən tikinti-abadlıq sahəsində 80 nəfər daimi işlə təmin edilmişdir.

Rayonun daxili imkanları hesabına Lerik şəhərində su xətlərinin yeniləşdirilməsi ilə bağlı işlər görülmüş, Lələhiran kəndinə 1,5 kilometr məsafədən plastik borularla su xətti çəkilmişdir. Şəhərdə su çatışmazlığını qismən aradan qaldırmaq üçün kommunal müəssisələri istehsalat birliyi üçün alınmış 2 su maşınından istifadə edilir. Rayonda tikinti-abadlıq işləri 2009-cu ilin keçən 6 ayı ərzində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq davam etdirilmişdir. Rayon mədəniyyət evi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilmişdir. Çayrud kəndində 200, Hovil kəndində 120 şagird yerlik məktəblərin tikintisində son tamamlama işləri aparılır.

Lənkəran-Lerik yolu boyunca turizm-istirahət mərkəzlərində iş davam etdirilmiş, yeni kotteclər, istirahət meydançaları tikilmişdir. Qosmalian kəndi ərazisində “Relax” turizm-istirahət mərkəzinin yeni istirahət evləri tikilir. Bilnə kəndi yaxınlığındakı yeni “Səfa” turizm mərkəzində tikinti davam etdirilir. Burada 15 nəfərdən artıq sakin müvəqqəti işlə təmin edilmişdir.

Lənkəran-Lerik yolunun 50-ci kilometrində müasir standartlara cavab verən ticarət mərkəzinin tikintisi davam etdirilir. Yolun Piran kəndindən keçən hissəsində yeni ticarət obyektləri inşa edilmiş, kəndin küçələrində işıqlandırma sistemi yaradılmışdır. Bundan başqa, iş adamları tərəfindən “Aqrotexservis” ASC-nin özəlləşdirilmiş binalarında, torpaq sahələrində yenidənqurma, tikinti işləri aparılır. Əhaliyə müxtəlif xidmətlər göstərəcək bu tikintidə 12 nəfərdən çox adam müvəqqəti işlərə cəlb edilmişdir. Rayondaxili yolların bərpası və təmiri ilə əlaqadar daxili imkanlar hesabına 12 kilometrlik Lerik-Nuravud yolunda əsaslı təmir işləri aparılmışdır.

Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evi tikilir. Anbu kəndində Qarabağ müharibəsi əlili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər bir şəraiti olan fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.

Şəhərdə 5 kommunal evin, rayon icra hakimiyyətinin inzibati idarə binasının dam örtükləri dəyişdirilmişdir. Küçələrdə işıqlandırma sisteminin bərpası, küçələrin genişləndirilməsi və istinad divarlarının milli ornamentlərə uyğun yenidən tikintisi davam etdirilir.

Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmiri sona çatır. Dövlət vəsaiti hesabına tikilən Piran və Blaband kənd həkim məntəqələri əhalinin istifadəsinə verilmişdir.

Rayon icra hakiimiyyəti aparatı üçün 3 mərtəbəli, Baytarlıq idarəsi üçün 2 mərtəbəli yeni inzibati idarə binaları tikilir. Heydər Əliyev meydanında milli ornamentlərə uyğun tikilən muzey tamamlanmaq üzrədir. Mərkəzi meydan yenidən qurulur, meydanda ulu öndərin möhtəşəm abidə kompleksi yaradılır, fəvvarələr tikilir, yaşıllıq zolaqları salınır. Daxili imkanlar hesabına rayon “Uzunömürlülər” muzeyi və Cəngəmiran kəndində 35 yerlik uşaq bağçası üçün yeni binaların tikintisinə başlanılmışdır. Tarix— diyarşünaslıq muzeyinin qarşısında fəvvarə kompleksi tikilmiş və ətrafı abadlaşdırılmışdır.

İlin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Adambaşına düşən gəlir 2008-ci ilə nisbətən 43,6 manat artaraq 364,8 manata çatmışdır. Ümumi daxili məhsul buraxılışının həcmi 2008-ci ilə nisbətən 1,1 faiz, o cümlədən sənaye məhsulu istehsalı 1,6 faiz, nəqliyyat daşımalarının gəlirləri 27,3 faiz, rabitə xidməti 31,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,3 faiz, pullu xidmət 15,7 faiz və təmir-tikinti işləri 1 faiz artmışdır. Rayon üzrə əhalinin nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 43,5 faiz artaraq 223,8 manata çatmışdır.

Kənd təsərrüfatı rayon iqtisadiyatının əsasını təşkil edir, heyvandarlıq əhalinin əsas gəlir mənbəyi hesab edilir. Mal-qaranın sayı keçən ilin müvafiq dövrünə görə 162 baş artaraq 36198 başa, qoyun və keçilərin sayı isə 380 baş artaraq 127299 başa çatdırılmışdır. Altı ay ərzində ət istehsalı 1048 tona, süd istehsalı 9038 tona, yumurta istehsalı 1731 min ədədə, yun istehsalı 223 tona çatdırılmışdır. “Aqrolizinq” ASC tərəfindən fermerlərə 8 cins inək verilmişdir.

Son illər respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün dövlət tərəfindən fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum və kreditlər verilir. Xüsusilə buğda əkən fermerlərə verilən 80 manat vəsait Lerikdə taxıl əkininə ciddi təsir göstərmişdir. Əgər keçən il fermerlər tərəfindən cəmi 1,9 min hektarda buğda əkini aparılmışdısa, bu il əkin sahələri 2,8 min hektara çatdırılmışdır. Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olmuşdur. Rayonda taxıl yığımı başa çatdırılmış, sahələrdən keçən ilə nisbətən 1195 ton artıq buğda götürülərək istehsal 5446 tona çatdırılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 1928 nəfər hüquqi və fiziki şəxsə 2009-cu ilin birinci rübündə 112,6 min manat vəsait plastik kartlarla ödənilmişdir. Payızlıq və yazlıq bitkilərin əkini və yığımı üçün 2268 nəfər məhsul istehsalçısına 136 min manat kompensasiyanın ödənilməsi üçün müvafiq sənədlər hazırlanaraq respublika komissiyasına təqdim edilmişdir. Rayona tələb olunan kənd təsərrüfatı texnikasının əldə edilməsi üçün “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” xidməti fəaliyyətə başlamış və alınan texnika fermerlərə icarəyə verilmişdir. Lerik rayon “Aqroservis” xidmət məntəqəsi tərəfindən 2009-cu ildə bir ədəd kombaynın alınması taxıl istehsalçılarına məhsulun yığımında böyük dəstək olmuşdur.

Yazlıq əkin dövründə rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən 29 min müxtəlif növ ağac əkilmiş, yeni meşə zolaqlarında əkin işləri aparılmışdır.

“Hərəmiz bir ağac əkək” devizinə qoşulan rayon sakinləri Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 1907 ədəd ağac və kol, o cümlədən vələs, ağcaqayın, akasiya, qovaq, çinar, söyüd, palıd, şam və gül kolları əkmişlər.

İlin birinci yarısında rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 63 nəfər vətəndaşa ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ümumilikdə rayon üzrə 2165 ailənin 12988 nəfər üzvünə ünvanlı dövlət sosial yardım ödənişi aparılır.

İlin 7 ayında bütün işçilərin əmək haqları, digər vətəndaşların təqaüdləri və müxtəlif müavinətləri tam ödənilmişdir.

Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən səyyar qəbulların və vətəndaşlarla görüşlərin böyük səmərəsi olur. 2008-ci ildə səyyar qəbullar zamanı 438 vətəndaş rayon icra hakimiyyəti başçısına müraciət etmişdir. 2009-cu ilin 6 ayında isə 14 ərazidə keçirilən səyyar qəbullarda və ərazi inzibati dairələrində vətəndaşlarla görüşlər zamanı 220 vətəndaş 104 məsələ ilə bağlı müraciət etmişdir. Bütün müraciətlərə diqqətlə yanaşılmış və müvafiq tədbirlər görülmüşdür.

Respublikamızda aparılan sosial-iqtisadi inkişafın Lerikdə də dinamikliyini təmin etmək üçün rayonda işlər bacarıqla əlaqələndirilmiş, bunun nəticəsində sosial-iqtisadi, ictimai-siyasi vəzifələrin yerinə yetirilməsində uğurlara nail olunmuşdur. Rayonda aparılan quruculuq, abadlıq işlərinə diqqətin gücləndirilməsi, insan amilinin əsas götürülməsi fərəhli nəticələr verir.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 14 avqust.- S. 4.