Regionların inkişafına dair Dövlət
Proqramında başlıca məqsəd sosial şəraitin
daha da yaxşılaşdırılmasıdır
Bu ilin birinci yarısında 35 min
iş yeri açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 14-də imzaladığı fərmanla regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin əsası qoyulub. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir.
Qarşıdakı beş ildə (2009- 2013-cü illər) ölkənin davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni proqram respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədi daşıyır.
Sözügedən Dövlət Proqamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün artıq möhkəm təməl, zəngin təcrübə mövcuddur. Əlbəttə, burada söhbət 2004—2008-ci illəri əhatə edən regional Dövlət Proqramının uğurlu icrasından gedir. Təkcə onu demək kifayətdir ki, ötən beş il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, ötən beş ilin başlıca hədəflərindən sayılan qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş vermiş, xüsusən də sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri isə düz 4 dəfə artmışdır.
Sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Ölkənin növbəti beş illik sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm Dövlət Proqramında üç əsas istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.
Regional Dövlət Proqramında göstərilir ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı şəkildə reallaşdırılmasına əlverişli şərait yaratmışdır.
Proqramda bildirilir ki, bundan sonra da orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, gömrük dərəcələrinin optimal həddə saxlanılması siyasəti yeridiləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığın genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəldiləcəkdir.
Yeni regional proqramda vurğulanır ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur.
Ümumiyyətlə, Dövlət Proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri aydın göstərilmişdir. Bu, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə subsidiyaların artırılmasını, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlbini, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafnının dəstəklənməsini nəzərdə tutur.
Yeni Dövlət Proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlər də öz konkret ifadəsini tapmışdır. Məsələn, qarşıdakı illərdə vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması, sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının, habelə özəl vergi məsləhəti xidmətinin yaradılması nəzərdə tutulur.
Proqramda göstərilir ki, qarşıdakı illərdə pul-kredit siyasətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə ilk növbədə manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanılmasını reallaşdıran məzənnə siyasətinə mühüm əhəmiyyət veriləcəkdir. Bununla yanaşı, pul-kredit siyasətinin əsas məqsədləri sırasına ölkənin valyuta ehtiyatlarının artırılması, bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional şəbəkəsinin genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin quraşdırılmasının sürətləndirilməsi, sığorta və lizinq xidmətlərinə xüsusi üstünlük verilməsi diqqət mərkəzində saxlanılacaqdır.
Dövlət Proqramında əminliklə vurğulanır ki, qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənəcək, müasir istehsal avadanlıqlarının quraşdırılması sürətləndiriləcəkdir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, qarşıdakı illərdə məşğulluq siyasətinin, miqrasiya prosesinin konkret məsələlər əsasında tənzimlənməsi, sosial təminatın gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrində mövcud problemlərin aradan qaldırılması üçün regional proqramda konkret tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin altı ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə baxmayaraq, milli iqtisadiyyat tarazlığını qorumuşdur. Bu ilin birinci yarısında ÜDM 3,6 faiz artmış, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Altı ayda 19 faiz təşkil edən əhalinin pul gəlirləri ilə müqayisədə inflyasiyanın 3,7 faiz təşkil etməsi müsbət göstəricidir.
Cari ilin birinci yarısında orta əmək haqqı 15 faiz artmış, ölkə miqyasında 25 mini daimi olmaqla 35 min iş yeri açılmışdır. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalında artımlar müşahidə olunur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün qəbul olunmuş yeni Dövlət Proqramına uyğun həyata keçirilmiş dövlət siyasəti əhali tərəfindən rəğbətlə qarşılanır. Bu il 3 milyon ton taxıl istehsal olunması, ölkəyə gətirilən ərzaq məhsullarının ixrac səviyyəsinin aşağı salınması iqtisadiyyatın ümumi inkişafı barədə aydın təsəvvür yaradır.
“Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiə üçün hər şeyi edir”. Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial yönümlü islahatlar üstünlük təşkil edir. Artıq hər bir vətəndaş yeni Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir. İqtisadiyyatın ümumi inkişafının dinamik xarakter almasının, maliyyə imkanlarının güclənməsinin sosial tədbirlərin reallaşdırılmasına mühüm əhəmiyyət verilir. Məhz elə buna görə də nəticəsidir ki, 2009-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya 4,024 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 790,4 milyon manat çoxdur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yarım ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasda yeni Dövlət Proqramı ilə bağlı bir məqamı da xüsusi vurğulamışdır: “Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün proqramlar öz həllini tapmalıdır.
Bu il sahibkarlığın
inkişafı üçün daha da böyük vəsait nəzərdə
tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin
məbləği artır, eyni zamanda, ənənəvi olaraq
kənd təsərrüfatının inkişafı
üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da
deməliyəm ki, birinci altı ayda həm sənaye
istehsalı, həm də kənd təsərrüfatı sahəsində
artım müşahidə olunur. Yəni Azərbaycanda elə
bir sahə yoxdur ki, orada tənəzzül müşahidə
edilsin. Bir daha demək istəyirəm, bu, onu göstərir
ki, Azərbaycan gələcəyə çox böyük
ümidlərlə baxır. İndiki vəziyyət çox
ürəkaçandır və şübhə etmirəm ki,
bizim uğurlu inkişafımız ilin sonuna qədər davam
edəcəkdir".
Bu ilin birinci yarısında
iqtisadiyyatın davamlı inkişafına müsbət təsir
göstərən amillərdən biri olan investisiya
qoyuluşlarının həcmi də artmışdır. Ən
diqqəti çəkən cəhət isə odur ki, ölkənin
maliyyə imkanlarının genişlənməsi nəticəsində
daxili investisiyalar xarici investisiyalara nisbətən xeyli
artmışdır. Bütün bunlar isə yerli sərmayədarların
potensialının güclənməsini, onların investisiya
qoymaq imkanlarının genişlənməsini göstərir.
Eyni zamanda, büdcə gəlirlərinin artması da dövlətin
investisiya imkanlarını gücləndirir, nəticədə
qeyri-neft sektorunun inkişafını sürətləndirəcək
infrastrukturun yenidən qurulmasına əlverişli şərait
yaradır.
Regionlarda magistral və
rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı
məhsulları emalı müəssisələri, tikinti
materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə
müəssisələri tikilmiş və ya yenidən
qurulmuşdur. Hazırda regionlarda əhalinin və
sahibkarların kommunal xidmətlərlə təminatını
daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri,
su xətləri çəkilir.
Regionların sosial-iqtisadi
inkişafının əsas istiqamətləri üzrə
yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsinin dinamikası, tədbirlər
üzrə ötən aylarda görülən işlərin
həcmi və məqsədəuyğunluğu göstərir
ki, regionlara göstərilən diqqət və qayğı nəticəsində
ölkə vətəndaşlarının sosial vəziyyəti
və maddi rifahı yaxşılaşmaqda davam etmişdir.
Regionlarda təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişafını şərtləndirən
tədbirlər davam etdirilir, yeni məktəblər, əlavə
sinif otaqları, xəstəxana, poliklinika, tibbi ambulatoriya
binaları tikilir, mövcud binalar əsaslı təmir edilir,
müasir tipli idman kompleksləri istifadəyə verilir.
Vaqif Bayramov
Xalq qəzeti.- 2009.- 15 avqust.- S. 1; 2.