Müasir dünyanı
ciddi narahat edən ekoloji təhlükəsizlik problemi
Azərbaycanda yüksək
səviyyədə həll
edilir
2013-cü ilədək ölkəmizdə bu məqsədlə
daha 23 böyük layihə icra ediləcəkdir
Ətraf mühitin
qorunması hər bir ölkənin prioritet məsələsi
olmalıdır, xüsusilə, ekoloji durumu o qədər də
yaxşı olmayan ölkələrdə. Biz bunu etməyə
qadirik. Həm təmizlənmə işləri, həm də
içməli su kəmərlərinin çəkilməsi,
xüsusilə, ekoloji cəhətdən ən ağır vəziyyətdə
olan yüzlərlə kəndə keyfiyyətli içməli
suyun çəkilməsi məsələləri də həll
olunur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil Azərbaycanın
sosial-iqtisadi inkişafının indiki mərhələsi
gündəliyə yeni məsələlər
çıxarır. Dövlət əvvəllər ərzaq
çatışmazlığının aradan
qaldırılmasına, yoxsulluğun azaldılmasına,
çoxsaylı iş yerlərinin yaradılmasına istiqamətlənmiş
proqramlar həyata keçirirdisə, indi istiqamətlər
xeyli başqalaşır.
Çünki son illər,
daha çox isə 2003-cü ilin oktyabrından sonra həmin
problemlər tam olmasa da, əksərən aradan
qaldırılmışdır. İndi artıq Azərbaycan
dövləti neft kapitalının intellektual kapitala
çevrilməsi, informasiya-kommunikasiya texnologiyalarının
daha geniş şəkildə tətbiq edilməsi, kosmosa rabitə
peyki çıxarılması, elektron hökumət
yaradılması, ölkənin hər yerində infrastrukturun
müasirləşdirilməsi və nəhayət, ekoloji
tarazlığın qorunması istiqamətində proqramlar həyata
keçirir. Müstəqil qəzetlərdən birinin
yazdığı kimi, 90-cı illərin birinci
yarısında azərbaycanlı fərdə ilk növbədə
çörək, daha sonra isə ölkədə hökm
sürən hərc-mərclik və
özbaşınalıqlardan öz canını qorumaq
lazım idi. İndi həmin fərdi ekoloji cəhətdən
daha təmiz olan ərzaq və ölkədəki sabitlikdən
bəhrələnərək daha yaxşı istirahət etmək,
daha yaxşı yaşamaq məsələləri
düşündürür.
Bu ilin fevral ayında
Bakıdakı “Gülüstan” sarayında xarici ölkələrdən
birinin milli bayramı münasibətilə tədbir
keçirilirdi. Orada İran İslam Resepublikasını təmsil
edən bir həmkarımla söhbət edirdik. Həmsöhbətim
Azərbaycan həqiqətləri barədə maraqlı fikirlər
söylədi. Onun bu fikri bizim bəzi jurnalistlər
üçün kifayət qədər istiqamətverici məzmunda
idi: “Siz Azərbaycanın müxtəlif sahələrdəki
uğurlarından danışırsınız. Ancaq mənim
fikrimcə, bu uğurlar arasında birini daha fəxrlə
söyləyə bilərsiniz. Sizdə dövlət ətraf
mühitin təmizlənməsinə çox böyük diqqət
ayırır. Mən Bakıya təyyarə ilə deyil,
avtomobillə gəlirəm. Həmişə
görürdüm ki, Astara-Bakı yolu üstündə olan kəndlərdə
insanlar içməli suyu hardan gəldi götürürlər.
Bakıya çatanda isə hər tərəf mazut, his,
tüstü, mədən suları... pis mənzərə idi.
İndi televizorda görürəm ki, aran
rayonlarınızın hamısında içməli su xətləri
çəkilib, sutəmizləyici qurğular qoyulubdur. Bakı
ətrafındakı Bayıl buruq meşələrinin ərazisini
isə televizorla yox, bilavasitə özüm görürəm.
Adam inana bilmir ki, bu səliqəli, yaşıl meşəlik
4-5 il əvvəlki mazut göllərinin, bataqlıqların ərazisində
yaradılıb. Bu, ətraf mühitin təmizlənməsi
istiqamətində çox böyük irəliləyişdir.
Avropada buna ekologiyanın qorunması deyirlər”.
Həmkarım tamamilə
haqlı idi. Dövlət başçısının
tapşırığı və imzaladığı
mühüm sənədlər əsasında Ekologiya və Təbii
Sərvətlər, Səhiyyə, İqtisadi İnkişaf və
Maliyyə nazirlikləri son beş-altı ildə ölkədə
ekoloji tarazlığın bərpası və qorunması
istiqamətində onlarla mühüm proqram və layihə
icra etmişlər. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində
qeyd etdi ki, ölkədə ekoloji tarazlığın
qorunması məsələsi qarşıdakı illərdə
daha geniş şəkildə gündəlikdə
qalacaqdır: “Növbəti illərdə, Azərbaycanda — bu,
dövlət proqramında da öz əksini tapıb, —
içməli su, meliorasiya, suvarma... problemləri həll edilməlidir.
Bunu etmək üçün bütün imkanlar var. Əvvəllər
başladığımız layihələr icra olunur,
Oğuz-Qəbələ- Bakı su kəməri tikilməkdədir,
onun böyük hissəsi artıq tikilibdir. Samur-Abşeron
kanalında iş gedir, Taxtakörpü su anbarı tikilir, digər
lazımi tədbirlər görülür. Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin xətti ilə Kür-Araz boyu
yerləşən kəndlərin su ilə, yəni Beynəlxalq
Səhiyyə Təşkilatının standartlarına
uyğun şəkildə içməli su ilə təmin
olunması prosesi gedir. Əvvəllər bulanıq sudan istifadə
edən yüz minlərlə soydaşımız indi ən təmiz
su alırlar. Bütün proqramın icrası nəticəsində
800 minə yaxın əhali təmiz içməli su ilə təmin
olunacaqdır. Bu istiqamətdə əgər hansısa əlavə
tədbirlər görmək lazımdırsa, bu məsələ
də qaldırılsın. Su probleminin həlli işində
biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq
edirik... Yenə də deyirəm ki, yüz minlərlə əhaliyə
təmiz su vermişik”.
Görülmüş
işlərin həcmindən asılı olmayaraq (bu barədə
aşağıda yenə də söz açacağıq)
dövlət başçısı sahə rəhbərlərinə
tapşırıq verir ki, əgər əlavə tədbirlərə
də ehtiyac varsa, məsələ qaldırılsın. Yəni
Azərbaycan dövləti ölkə əhalisinin ekoloji təhlükəsizliyinin
qorunması üçün heç nəyi əsirgəmir. Ancaq
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin adı çəkilən
iclasında nazirlərə və sahə rəhbərlərinə
ekoloji məsələlərə dair digər konkret
tapşırıqlar da vermişdir: “Mən Bakıda və Azərbaycanda
ağacların kəsilməsinə qadağa qoyuram... maksimum
çalışmalıyıq ki, hansısa layihəyə
maneçilik törədən ağaclar məhv edilməsin. İndi
xüsusi maşınlar da alınıbdır. Bu
maşınlarla ağacı kökü ilə bərabər
çıxarıb başqa yerdə əkmək
mümkündür”.
Göründüyü kimi,
Azərbaycan Prezidenti istənilən şəraitdə təbiətin,
xüsusən, yaşıllığın qorunması
üçün həm tapşırıqlar verir, həm də
həmin tapşırıqların icrası üçün
şərait yaradır.
Dövlət Statistika
Komitəsinin hazırladığı hesabatda göstərilir
ki, 2003-cü ilin oktyabrından bəri ölkə vətəndaşlarının
həyatını və sağlamlığını, atmosfer
havasını, su ehtiyatlarını, yerin təkini,
torpağı, bitki və heyvanlar aləmini təbii və
antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən
qorumaq üçün silsilə tədbirlər həyata keçirilmişdir.
Ətraf mühitin mühafizəsi hökumətin daimi diqqət
mərkəzində olmuş, 6 dövlət proqramı və
milli strategiyalar qəbul edilmiş, köklü islahatlar
aparılmışdır. Azərbaycan ətraf mühitin
yaxşılaşdırılmasına dair 20 beynəlxalq
konvensiyaya qoşulmuşdur. Son illər təbiətin
qorunmasına çəkilən xərclər ilbəil
artmışdır. Təkcə onu qeyd edək ki, 2003-2008-ci
illərdə ölkədə təbiətin qorunması
üçün xərclənən vəsait 19 dəfə
artmışdır. Dövlət başçısı tərəfindən
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı” təsdiq
edilmiş, nəzərdə tutulan işlərin müvafiq
dövlət orqanları tərəfindən icrası təmin
edilmişdir.
Ancaq bu sahədə
görüləcək işlər hələ çoxdur. 2013-cü
ilə qədər ölkə əhalisinin su təchizatı,
ətraf mühitin mühafizəsi, bu sahə üzrə milli
monitorinq, Xəzər dənizinin monitorinqi və
balıqçılığın inkişafı sahəsində
daha 23 nəhəng layihənin reallaşdırılması nəzərdə
tutulur. Bu işləri görmək üçün dövlətin
imkanı, dövlət başçısının təşəbbüskarlığı,
eləcə də müvafiq orqanların icra
prinsipiallığı vardır. Bütün bunları nəzərə
alan Prezident İlham Əliyev qeyd edir: “Bizim imkanlarımız
artır, iqtisadi potensial artır, amma insanların
sağlamlığı bilavasitə ekoloji vəziyyətlə
bağlıdır. Ona görə də bu məsələyə
diqqət göstərilməlidir”.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2009.- 15 avqust.- S. 2.