Dünya ölkələrinin təcrübəsindən
Kooperativlər kənd təsərrüfatının
inkişafını sürətləndirir
İnkişaf etmiş ölkələrdə
fermerlərin kooperativləşməsi kənd təsərrüfatının
inkişafında ən güclü amil hesab olunur.Təsadüfi
deyil ki, ABŞ-da, Kanadada, Yaponiyada və Avropa İttifaqı
ölkələrində dövlət kooperativlərin
inkişafına köməklik edir. Kooperativlərə güzəştli
kreditlər verilir, mütəhərrik vergilər tətbiq
edilir və dövlət hesabına kooperativlərin təkmilləşdirilməsinə
aid müxtəlif proqramlar maliyyələşdirilir.
Nəticədə, fermerlərə
məxsus emal və ticarət müəssisələrinin
geniş şəbəkəsi yaradılır. Eyni zamanda, bu
ölkələrdə torpaq bankları, kredit və
sığorta kooperativləri də fəaliyyət göstərir.
Banklar fermerlərin tələbatına uyğun olaraq, illik
8-10 faiz dərəcəsi ilə kredit verir. Hazırda bəzi
ölkələrdə kənd təsərrüfatı
maşınları, yem, gübrə, dərman preparatları
istehsal etmək üçün müxtəlif kooperativlərin
assosiasiyası, hətta elmi-tədqiqat kooperativləri
yaradılır.
İnkişaf etmiş ölkələrdə
kənd təsərrüfatı kooperativlərinin iqtisadi
mövqeyi çox yüksəkdir. Şimali Avropa ölkələrində
kooperativlər heyvandarlıq məhsullarının
satışı üzrə üstünlüyə malikdir. Bu
ölkələrdə ət məhsullarının və diri
heyvanların 80 faizi, yumurta məhsulunun 65-70 faizi,
İsveç və Finlandiyada taxılın 65-79 faizi,
Danimarkada 50 faizi kooperativlər tərəfindən
satılır. Norveçdə və Finlandiyada süd məhsullarının
hamısı və qida sənayesinin 55 faizi kooperativlərin nəzarəti
altındadır. Şimali Avropa ölkələrində əmtəəlik
məhsulların 75-80 faizi xarici bazarlarda satılır. Həmin
məhsullar yüksək rəqabət qabiliyyətinə
malikdir. Çünki kooperativlərin emal sənayesi
tullantısız texnologiya üzrə ən müasir
avadanlıqlarla təchiz edilmişdir.
İsveçdə ixrac olunan
süd və süd məhsulları 100 faiz, yumurta məhsulu isə
75 faiz kooperativlər tərəfindən göndərilir.
Fransada da ölkə iqtisadiyyatında kooperativlərin rolu
böyükdür. Onlar əmtəə
istehsalçılarının 80 faizini əhatə edirlər.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə
fermerlərin kooperativ təşkilatı böyük qüvvədir,
ilk növbədə vasitəçilər sıradan
çıxarılıb məhsulların satılmasından və
emalından əldə olunan gəlir kooperativlərdə
qalır.
Fermer kooperativləri ölkənin
siyasi həyatına da ciddi təsir göstərir. Aqrar siyasətin
hazırlanmasında və qiymətlərin müəyyən
edilməsində kooperativlərin rəyi nəzərə
alınır. İstehsalçıların
subsidiyalaşdırılması, kreditləşdirilməsi,
xırda təsərrüfatlara köməklik, ixracın
subsidiyalaşdırılması və digər məsələlər
birlikdə həll olunur. Kənd təsərrüfatının
subsidiyalaşdırılması kənd təsərrüfatı
kooperativləri vasitəsilə həyata keçirilir.
İnkişaf etmiş Avropa
ölkələrində kənd təsərrüfatı
kooperativləri kapitalist müəssisələrinə rəqib
olaraq yaradılmışdır. Bu zaman əsas məqsəd
çox gəlir qazanmaq yox, öz üzvlərinə və cəmiyyətə
müəyyən xidmətlər göstərmək
olmuşdur. Yəni kooperativlərin məqsədi cəmiyyətin
maraqları ilə əlaqədardır. Hamılıqla qəbul
edilən fakt budur ki, kənd təsərrüfatı
kooperativləri doğrudan da çox mürəkkəb
sosial-iqtisadi mexanizmdir. Kooperativlərin fəaliyyəti bu
gün təkcə kənd təsərrüfatı
istehsalını yox, həm də məhsulların
emalını, saxlanmasını, satışını, kənd
təsərrüfatı üçün istehsal vasitələrinin
istehsalını əhatə edir.
Xarici ölkələrdə
fermer kooperativləri əmtəə
istehsalçılarının inteqrasiya əlaqələri
üzrə geniş yayılmış formasıdır. Bu əlaqələr
bəzən hətta tərkibində sənaye və ticarət
müəssisəsi olan bir neçə iri kooperativləri də
birləşdirir. Mərkəzləşmə prosesi kooperativlər
üzrə çoxpilləli təşkilat quruluşunun
formalaşmasına səbəb olmuşdur. Məsələn,
ABŞ-da yerli kooperativlər, regional kooperativlər və sahələr
üzrə ixtisaslaşdırılmış kooperativlər fəaliyyət
göstərir. Şimali Avropa ölkələrində
kooperativlər sisteminə Aqrar Kooperativlər İttifaqı
başçılıq edir. Kooperativlər İttifaqı
onların əhatə etdiyi alt kooperativlərin və birliklərin
maraqlarına uyğun olaraq, strateji vəzifələri həll
edir.
Ümumiyyətlə, ABŞ-da və
digər ölkələrdə kənd təsərrüfatına
aid dövlət siyasəti (qanunlar, direktiv sənədlər)
fəaliyyət istiqamətini və əsas prinsipləri
müəyyən edir. Hökumət qiymətlərin və gəlirlərin
sabitliyini təmin edir, müvafiq məhsulların
aşağı qiymətlərlə təchiz olunmasına, məhsulların
keyfiyyətinə və təhlükəsizliyinə,
aqrobiznesin inkişafında düzlüyə və ədalətliliyə
zəmanət verir, kənd təsərrüfatı məhsullarının
artırılmasına və ixrac olunmasına köməklik
göstərir.
Qərbi Avropa ölkələrində
də kənd təsərrüfatı gəlirlə işləyən
sahədir. Burada da dövlət siyasəti fermerlərin səmərəli
fəaliyyət göstərməsinə və məhsullar
üzrə ifrat istehsalın azaldılmasına xidmət edir.
Yaponiyada fermerlərin 97 faizi, İtaliyada 76 faizi, Belçikada
33 faizi və Hollandiyada 28 faizi 5 hektardan az torpaq sahəsində
təsərrüfatçılıq edir. Fransada 5 ha-dan az
torpaq sahəsi olan fermer yoxdur. Burada torpaq sahəsi 10 ha-dan
çox olan fermerlərin xüsusi çəkisi 80 faiz,
İsveçdə 69 faiz, Hollandiyada 58 faiz, Belçikada 52
faiz, Danimarkada 84 faiz, Yeni Zelandiyada 79 faiz və İtaliyada cəmi
12 faiz təşkil edir.
Kənd təsərrüfatında
özünəməxsus xüsusiyyətlərə malik olan
ölkələrdən biri də Yaponiyadır. Burada 20-ci əsrin
40-cı illərindən başlayaraq aparılan islahatlar nəticəsində
torpaqlar kəndlilərə verilmiş və bununla aqrar sahədə
bazar münasibətlərinin inkişafına yol
açılmışdır. Lakin iri kənd təsərrüfatı
müəssisələrinin yaradılması üçün
göstərilən təşəbbüslər isə nəticəsiz
qalmışdır. Yaponiyada bütün fermer təsərrüfatları
üzrə torpaq sahəsi orta hesabla 1,2 hektardır və o da
bir neçə yerdə olan daha xırda sahələrdən
ibarətdir.
Ölkə iqtisadiyyatında kənd
təsərrüfatının xüsusi çəkisi
çox deyil. Bununla belə dövlət güzəştli
vergilərlə və nizamlanan qiymətlərlə kənd təsərrüfatına
böyük köməklik göstərir. Qərbi Avropa
ölkələrində fermer təsərrüfatlarının
inkişafında bir-birinə oxşar cəhətlər
çoxdur. Məsələn, bütün ölkələrdə
təsərrüfatların sayı getdikcə azalır və
ümumi istehsalda iri təsərrüfatların xüsusi
çəkisi artır, kənd təsərrüfatı
yüksək gəlirliliyi ilə fərqlənir, ifrat
istehsalda isə problemlər var, ixrac potensialı çox
yüksəkdir və dövlət istehsala köməkliklər
göstərir. Əkin sahələrinin hər hektarına
görə bu köməkliklər Avropa İttifaqı ölkələrində
300 dollar, Yaponiyada 473 dollar, ABŞ-da 324 dollar və Kanadada 188
dollar təşkil edir.
Fermer təsərrüfatlarının
inkişafında milli xüsusiyyətlər mövcuddur.
Dövlətlər bir-birindən subsidiyalaşdırmanın
səviyyəsinə görə də fərqlənirlər. Ən
yüksək səviyyə İsveçrə və
Norveçdə təmin edilir. Məsələn,
İsveçrədə əmtəəlik məhsulun dəyərinin
76 faizini dövlət tərəfindən göstərilən
əvəzsiz köməkliklər təşkil edir. Burada
bütün fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi fermer
kooperativlərinin üzvüdür. Bu ölkələrdə
demək olar ki, fermerlərin hamısı təhsillidir,
Hollandiyada isə məsələ daha ciddidir. Burada xüsusi kənd
təsərrüfatı təhsili olmayan şəxs fermer ola
bilməz.
Son zamanlar inkişaf etmiş
ölkələrdə üzvi əkinçilik də
inkişaf etdirilir. Çünki ekoloji təmiz məhsullara tələbat
getdikcə artır, belə məhsullar yüksək qiymətləndirilir
və baha satılır. Fakt budur ki, Avropa İttifaqı
ölkələrində 2010-cu ilə qədər əkinçiliyin
10 faizini ekoloji əkinçiliklə əvəz etmək
planlaşdırılmışdır. Hesab edilir ki, kənd təsərrüfatı
istehsalını intensivləşdirməklə ətraf
mühitə əvəzolunmaz zərbələr vurulur. Lakin
üzvi əkinçilik təsərrüfatlarda əmək məhsuldarlığını,
məhsul istehsalını və məhsuldarlığı
aşağı salır. Ona görə də üzvi əkinçiliyin
miqyası dövlət siyasətindən asılıdır.
Son illərdə Böyük
Britaniyada üzvi əkinçiliklə məşğul olan
fermerlərə verilən ödənişlər iki dəfə
artırılıb. Başqa ölkələrdə isə
mineral gübrələrdən və pestisidlərdən
yüksək dozada istifadə edənlərə qarşı
xüsusi vergi qaydaları tətbiq olunur. Qəbul edilir ki, kənd
təsərrüfatının sənayeləşdirilməsi
və böyük aqrofabriklərin yaradılması nəticəsində
ekoloji tarazlığın pozulması halları getdikcə
artır. Ona görə də ailə təsərrüfatlarının
saxlanılmasına və inkişaf etdirilməsinə səy
göstərilir. Ekoloji məhsul istehsalı və kənd yerlərinin
inkişafı ailə təsərrüfatlarının
inkişafı ilə əlaqədardır.
Dünyəvi vəzifələr
də kənd yerlərinin ənənəvi sərvətlərinin
(həyat tərzi, su, hava, torpaq, landşaft, fauna, flora və
s.) qorunması və gələcək nəsillər
üçün saxlanmasını tələb edir. Əlbəttə,
inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı
istehsalının əsas özəyi ailə-fermer təsərrüfatlarından
ibarətdir. Burada fermer təsərrüfatlarının fəaliyyətindəki
təşkilati-iqtisadi mexanizmin pozitiv məqamlarından Azərbaycanda
da istifadə etmək olar. Çünki təsərrüfatlararası
kooperasiyanı inkişaf etdirmək, inteqrasiya əlaqələrini
genişləndirmək, dövlət tənzimlənməsini
təkmilləşdirmək və dövlət
yardımını gücləndirmək fermer təsərrüfatlarının
iqtisadi səmərəliliyini artırmaqla məşğulluq
probleminin həllini və kənd adamlarının
rifahını təmin edir.
Kooperasiya üzrə 150 illik
dünya təcrübəsi ilə sübut olunmuşdur ki,
müəyyən vəzifələri yerinə yetirmək
üçün birləşmək fermerlərin fəaliyyətini
əsaslı surətdə asanlaşdırır. Fermerləri
kooperativlərdə iştirak etməyə vadar edən
başlıca səbəb gəlirlərini artırmaq istəyidir.
Lakin ölkələrin kooperasiya təcrübələri
bir-birindən fərqlənir. Məsələn, ABŞ-da
bütün təsərrüfatların 50 faizi,
İsveçdə isə 90 faizi müxtəlif kooperativlərin
üzvüdür. İsveçdə istehsal kooperativləri
geniş yayılıb. ABŞ-da isə kənd təsərrüfatı
kooperativlərinin çoxu səhmdarlar kimi formalaşıb.
Lakin kooperativ səhmləri alver obyekti deyil və fond
birjalarında satılmır.
Avropa İttifaqı ölkələrində
isə son illər müxtəlif xidmətlər göstərmək
üçün ixtisaslaşdırılmış kooperativlər
geniş yayılıb. Almaniyada kooperativlər kənd təsərrüfatını
istehsal vasitələri ilə təmin etməkdə
mühüm rol oynayır. Burada bütün
istehsalçılar kooperativlərlə əhatə olunub,
fermerlər kənd təsərrüfatı texnikasından
birlikdə istifadə etmək üçün də
kooperativlərdə birləşirlər. Böyük
Britaniyada tədarük və təchizat kooperativləri fermerləri
istehsal vasitələri, yem, gübrə və digər zəruri
istehsal vasitələri ilə təmin edir. Burada maşın
və texniki vasitələri almaq və birlikdə istifadə
etmək üçün 2-20 nəfəri birləşdirən
sindikatlar da fəaliyyət göstərir. Onlar 4 il müddətində
geri qaytarmaq şərti ilə maşının dəyərinin
80 faizi qədər kredit almaq hüququna malikdirlər.
Texnikanın alınmasına
qoyulan vəsait kooperativ üzvləri arasında becərilən
torpaq sahəsinə və fermanın ölçüsünə
mütənasib olaraq bölüşdürülür.
Texnikanın saxlanması, təmiri və
sığortalanmasına çəkilən xərclər də
analoji qaydada bölüşdürülür. İsveçdə
fermer kooperativlərinə məxsus olan dövriyyənin 30-35
faizi satış və təchizat fəaliyyətinə sərf
olunur. İstehsal üçün zəruri vasitələrin
60 faizini kooperativlər təmin edir. Əmtəəlik
südün 98 faizini, taxılın 80 faizini, mal-qaranın və
quşların 75 faizini kooperativlər satır. Ölkədə
süd sənayesinin hamısına, ət sənayesinin 80
faizinə və un sənayesinin 54 faizinə kooperativlər nəzarət
edirlər.
Tədarük və təchizat
kooperativlərinin fəaliyyəti kompleks xarakter
daşıyır. Ölkənin hər yerində anbarlara,
elevatorlara və təmir emalatxanalarına malik olan kooperativlər
fermerləri istehsal vasitələri ilə, habelə xidmətlərlə
təmin edir. İsveçrədə satış kooperativləri
həm də təchizat fəaliyyəti ilə məşğul
olur. Məsələn, südçülük kooperativləri
üzv təsərrüfatları sağım qurğuları
ilə, seperator və soyuducu avadanlıqlarla təmin edir.
İsveçrədə kooperativlər haqqında qanun 1988-ci
ildə qəbul edilib. Gəlir qanunla müəyyən edilən
maliyyə ehtiyatını formalaşdırmaq
üçün lazım olan vəsaitdən artıq olduqda
ondan 52 faiz vergi tutulur.
Danimarkada ölkə üzrə
istehsal və emal edilən südün 91 faizi, mal ətinin 65
faizi, donuz ətinin 93 faizi, quşçuluq məhsullarının
51 faizi, meyvə-tərəvəz məhsullarının 60
faizi, qarışıq yemin 48 faizi və gübrələrin
47 faizi kooperativlərin əlindədir. Burada kooperativlər
konkret sahələr üzrə ixtisaslaşdırılmışdır.
Altı ay ərzində kooperativlərin xidmətindən
istifadə etməyən fermer direktorlar şurasının qərarı
ilə üzvlükdən azad olunur. Kooperativlər vergi
güzəştlərindən istifadə edir və adi təsərrüfatlarda
tətbiq edilən 52 faiz gəlir vergisi onlar üçün
cəmi 20 faizdir.
Bir sözlə, təcrübə
ən yaxşı məktəbdir. Avropa İttifaqında,
ABŞ-da və Yaponiyada mövcud olan kooperasiya təcrübələrindən
dinamik inkişaf yolunda olan Azərbaycanda da istifadə edilməsi
zamanın tələbidir.
Musa Hacıyev
Xalq qəzeti.- 2009.- 15 avqust.- S. 3.