İslam sülh və mehribanlıq dinidir

 

“Bakı - İslam mədəniyyətinin paytaxtı — 2009" mədəniyyət ili davam edir

 

Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən islamı terrorizmlə eyniləşdirmək cəhdləri bizi çox üzür, narahat edir və hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Müsəlman dünyasını təmsil edən ən böyük dini və siyasi təşkilatların Azərbaycan paytaxtını İslam mədəniyyətinin paytaxtı elan etməsindən fəxr duyaraq qələmə aldığımız yazını bir hikmətlə başlayırıq. Hind xalqının böyük oğlu, dahi mütəfəkkiri olan Mahatma Qandi dini mənsubiyyətinə görə müsəlman olan Əllamə Abdulla Səhrəverdinin toplayıb tərtib etdiyi “Həzrəti Məhəmmədin Kəlamları” adlı məcmuəsi haqqında yazmışdır:

“Bu məcmuə çox böyük zəhmətin nəticəsində meydana gəlmişdir. Böyük həvəslə mütaliə edib, ondan çox mətləbləri öyrəndim. Bu qiymətli kəlamlar təkcə müsəlmanların bilik xəzinəsi deyil, bəlkə bütün bəşəriyyətə aid olan xəzinədir.

Mən özüm dünyanın bütün dinlərinin həqiqətinə və böyük məziyyətlərinə inanan möminəm. Dinimizin hörməti və ehtiramı xatirinə əgər zəhmət çəkib öz dinimiz kimi bütün başqa dinləri öyrənib hörmət etməsək, dünyamızda möhkəm sülh və əmin-amanlıq daimi və əbədi bərqərar olmaz.

Peyğəmbərlərin fikirlərinin dəqiq mütaliə edilməsi bir-birimizi anlamaq üçün müsbət addımdır”.

Göründüyü kimi, bu çox qiymətli fikir Allahı, Tanrını, onun elçisini — Məhəmməd Peyğəmbəri (570-632), həmin dahi insanın və onun yaratdığı sülh, mehribanlıq, dözümlülük dini olan islamı, dinimizin əsasını təşkil edən kitabı — müqəddəs Quranı sevən oxuculara təqdim olunan yazımızın ana xəttini, onun leytmotivini ehtiva edə bilər.

Ümumbəşər fəlsəfəsinin mühüm tərkib hissələrindən biri olan islamşünaslıq elmi sübt etmişdir ki, islam dini sülh dini olmaqla yanaşı, digər monoteist (təkallahlılıq) dinlərindən fərqli olaraq bəşəri dəyərlərlə daha zəngin olan bir fenomendir. Məhz buna görə də islamşünaslıq elmi bu dinə elmilik, obyektivlik və dünyəvilik baxımından aşağıdakı tərifi vermişdir. İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olub, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.

Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev islam dininə və onun əsasını təşkil edən müqəddəs Qurana aşağıdakı tərifləri, qiymətləri vermişdir: “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir”. “Qurani-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”, “Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

Biz, azərbaycanlılar — bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur — heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi məntiqlərimizdən istifadə edərək gələcəyimizi quracağıq.

Sülh və mehribanlıq dini olan islam dini digər dünya dinlərinə nisbətən tarixilik baxımından çox-çox cavan olmasına baxmayaraq, bu dində ümumbəşəri, mənəvi dəyərlər daha çox və zəngindir. Bu, hər şeydən əvvəl aşağıdakılarla izah oluna bilər.

Birincisi, bu din, yəni islam dini Qərbdə deyil, məhz insanların planetdə ilk dəfə pərvəriş tapdığı Şərqdə böyük tarixi şəxsiyyət olan Məhəmməd Peyğəmbər (570-632) tərəfindən yaradılmışdır.

İkincisi, islam dini özündən əvvəl meydana gəlmiş digər monoteist dinlərdə olan bütün müsbət ümumbəşəri mənəvi dəyərləri qəbul etmiş, onların hamısından çox səmərəli, orijinal istifadə edərək, həmin mənəvi dəyərləri yaradıcılıqla istifadə edərək formalaşdırıb inkişaf etdirmişdir.

Burada təbii və haqlı olaraq sual ortaya çıxır: islam dini dünyaya, insanlığa, o cümlədən Azərbaycana, onun xalqına nə kimi yüksək ərmağanlar, töhfələr vermişdir? Onları sadalasaq aşağıdakıları göstərə bilərik.

Birincisi, ümumbəşəri şüur sayılan islam şüuru əsasən VIII əsrdən başlayaraq xalqımızın qədim və zəngin mifoloji, bədii-estetik, əxlaqi-mənəvi, fəlsəfi, hüquqi, iqtisadi, habelə hərbi şüuru ilə bir kontekstdə təkamül yolu ilə formalaşıb inkişaf etməyə başlamışdır.

İkincisi, islam şüuru yuxarıda göstərilən zamandan etibarən dünya xalqlarının, o cümlədən müsəlmanların, eləcə də azərbaycanlıların tarixi yaddaşının bərpa olunmasında misilsiz rola və əhəmiyyətə malikdir.

Üçüncüsü, islam şüuru qeyd olunan zamandan etibarən bu dinə etiqad edən dünya xalqlarının, o cümlədən azərbaycanlıların milli mənlik şüurunun təkrar istehsalında aparıcı amillərdən birini təşkil edir.

Dördüncüsü, islam şüuru dünya miqyasında milli mənsubiyyətləri müxtəlif olan xalqların, o cümlədən Azərbaycan xalqının milli mentalitetinin zənginləşməsində əhəmiyyətli dərəcədə xüsusi çəkiyə malikdir.

Beşincisi, müstəqil Azərbaycan 1991-ci ildə beynəlxalq miqyaslı İslam Konfransı Təşkilatına üzv olduqdan sonra ölkəmizin dünyada geniş nüfuz qazanmasında islam amilinin rolu danılmazdır.

Altıncısı, müstğəqil Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət, humanist, sivilizasiyalı və vətəndaş cəmiyyəti quruculuğu kimi ali missiyanın müvəffəqiyyətlə yerinə yetirilməsində islam amilindən, onun ümumbəşəri mənəvi dəyərlərindən səmərəli və məqsədyönlü şəkildə istifadə olunur.

Müstəqil Azərbaycan müsəlman ölkəsi, dünyəvi dövlətdir. Bu fakt demək olar ki, ölkəmizin 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyasının 18,48 və 71-ci maddələrində də qanunvericiliklə təsbit olunmuşdur. Məsələn, 18-ci maddənin birinci və üçüncü bəndlərində deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. ... Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.

Bu müddəada qanunçuluqla təsbit olunmuş müddəaları elmilik, obyektivlik və dünyəvilik baxımından şərh etmiş olsaq, aşağıdakı məntiqi qənaətlərimizi söyləyə bilərik.

Birincisi, 18-ci maddənin birinci bəndində qanunçuluqla təsbit olunmuş müddəalardan göründüyü kimi, ölkəmizdə rəsmi fəaliyyət göstərən üç monoteist din — islam, xristianlıq və iudaizm onların fəaliyyətini tənzimləyən Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav İcması və Yəhudi Sinaqoqu öz fəaliyyətlərində dövlətimizin xarici və daxili siyasi məsələlərinə qarışmır. Onlar öz fəaliyyətlərini ölkəmizin mövcud qanunları çərçivəsində qururlar. Öz növbəsində müstəqil Azərbaycan dövləti də yuxarıda adları qeyd olunan dini icmaların daxili işlərinə müdaxilə etmir. Əksinə, Azərbaycan dövləti bilavasitə Azərbaycana aid rəsmi bayramlarla yanaşı, hər üç dinə aid olan əksər bayramları da rəsmi dövlət səviyyəsində qeyd edir.

Azərbaycanda islam, xristian və yəhudi dinlərinin ardıcıllarına digər Azərbaycan vətəndaşları kimi yüksək qayğı göstərir, onların dini tələbatlarını ödəmək, dini təhsillərini artırmaq üçün lazım olan bütün şəraitləri yaradır. Məsələn, Azərbaycan hökuməti respublikamızın ayrı-ayrı vətəndaşlarını mükafatlandıran, onların imtiyazlarını ödəyərkən dini, milli və digər sosial mənsubiyyətlərini fərqləndirmir. Onların ali hakimiyyət orqanlarına seçib-seçilmək hüquqlarının da qayğısına qalır.

Biz yuxarıda qeyd etdik ki, islam sülh dinidir. Bu münasibətlə ölkəmizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı çox qiymətli fikirini yada salmaq istərdik. Dövlətimizin başçısı 2006-cı ilin sentyabrında Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasındakı çıxışında demişdir: “Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə, bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən islamı terrorizmlə eyniləşdirmək cəhdləri bizi çox üzür, narahat edir və hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik. İslamı terrorizmlə eyniləşdirmək omaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir. Azərbaycan terrorun qurbanıdır. Erməni terrorçu təşkilatları bizə qarşı 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində iki mindən artıq Azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorçu təşkilatları hər hansı bir dinə bağlamırıq. Bu düz deyildir. Terrorizmin nə dini var, nə də milliyyəti. Ona görə biz bu məsələlərə etirazımızı daha da inamla bildirməliyik, öz sözümüzü deməliyik. Eyni zamanda, gərək, bütün təbliğat imkanlarımızdan istifadə edərək, çox böyük narahatçılıq doğuran bu mənfi meylə münasibətimizi bildirək, öz hərəkətlərimizlə bunun qarşısın alaq”.

Göründüyü kimi, burada respublikamızda islamşünaslıq, ümumiyyətlə, dinşünaslıq elmini inkişaf etdirmək zərurəti üzə çıxır. Beynəlxalq terrorçuluğun mühüm istiqamətlərindən və onun ayrılmaz tərkib hissələrindən biri olan erməni terrorçuluğuna qarşı mübarizədə islamşünas, dinşünas alimlərin və mütəxəssislərin qarşısına çox önəmli və məsul vəzifələr qoyulmalıdır. Odur ki, biz bu sahədəki fəaliyyətimizdə həmin problemin tədqiqinə, tədrisinə və təbliğinə aid məsələlərə xüsusi diqqət yetirməliyik.

Azərbaycan dini baxımından da çox tolerant ölkədir, məkandır. Ölkəmiz uzun illərdir ki, həmin sahədə Cənubi Qafqazdakı ölkələrə nümunə göstərilir. Bu münasibətlə YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşağıdakı çox dərin elmi-nəzəri və əməli əhəmiyyət kəsb edən fikrini xatırlatmağı zəruri hesab edirəm: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühiti yaşamışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dialoq əsas dəyərlərini ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirməsi üçün imkan yarada bilər”.

Qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özünün bu çox qiymətli fikrini 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunda söyləmişdir.

Əlbəttə, bu qəbildən olan mülahizələrin sayını artırmaq da olardı.

 

 

Gülbahar Əliyeva

 

Xalq qəzeti.- 2009.- 15 avqust.- S. 4.