Neft xəbərləri
BTC kəməri ilə
neftin nəqli artır
Azərbaycan neftini
dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri ilə xam neftin nəqli getdikcə
intensivləşir. Dövlət Neft Şirkətinin socar.az
saytının məlumatına görə, cari ilin iyul ayında
adı çəkilən kəmərlə 3 milyon 193 min 622
ton Azərbaycan nefti nəql olunmuşdur. İlin ötən
yeddi ayı ərzində isə bu kəmərlə 20 milyon
935 min 762 ton neft daşınmışdır. Ümumiyyətlə,
2006-cı ilin yayından ötən üç il ərzində
ulu öndər Heydər Əliyevin adını daşıyan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin uğurlu fəaliyyəti
nəticəsində 91 milyon 251 min 427 ton xam neft Səngəçal
terminalından Türkiyənin Ceyhan terminalına
çatdırılmışdır.
Yeri gəlmişkən,
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəmərinin uğurlu fəaliyyəti dünya
bazarına çıxarılan Azərbaycan neftinin həcminin
aybaay, ilbəil artırılmasına imkan yaradır. Xatırladaq
ki, 2009-cu ilin iyul ayında Türkiyənin Aralıq dənizi
sahilindəki Ceyhan limanından 3 milyon 476 min 47 ton xam neft
tankerlər vasitəsilə dünya bazarına
çıxarılmışdır. Cari ilin yanvar-iyul
aylarında bu göstərici 21 milyon 14 min 271 ton təşkil
etmişdir. Bütövlükdə isə Bakı-Tbilisi-Ceyhan
kəməri istismara verilən gündən 2009-cu il avqust
ayının 1-dək Ceyhan limanından 89 milyon 322 ton Azərbaycan
nefti dünya bazarlarına yola salınmışdır.
“Neft Daşları”nda daha bir quyu istismara
verilmişdir
Bu ilin payızında 60 illik yubileyini qeyd etməyə hazırlaşan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin kollektivi hasilat tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsi üçün bütün imkanları səfərbər etmişlər. Yubileyi layiqli əmək töhfələri ilə qeyd etmək əzmində olan neftçilərə dəniz qazmaçıları da yaxından kömək göstərirlər. Məhz onların səyi ilə cari ilin ötən dövrü ərzində bir neçə yeni quyu qazılıb neftçilərin sərəncamına verilmişdir. Bu günlərdə isə “Neft Daşları” yatağında qazmadan daha bir yeni quyu istismara qəbul edilmişdir. 1878 nömrəli quyu 2440 metr dərinlikdən sutkada 34 ton neft verir. Ehtiyatda isə daha bir neçə məhsuldar horizont mövcuddur. Bu da quyunun neftlə zəngin olmasına dəlalət edir. Xatırladaq ki, quyu 2006-cı ildə “Neft Daşları” yatağının çoxsaylı 5-ci blokunda istifadəyə verilmiş 1887 nömrəli platformadan qazılmışdır. Platforma 36 quyu üçün nəzərdə tutulmuşdur. Ötən üç il ərzində burada 18 quyu qazılmışdır. Həmin quyular isə birlikdə sutka ərzində 480 ton neft verir.
Yeri gəlmişkən, 1887 nömrəli platformadan quyuların qazılması Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. Qazmaçılar “Neft Daşları”nın 60 illik yubileyi şərəfinə daha 6 quyunun istismara buraxılmasını nəzərdə tutmuşlar ki, bu da 1887 nömrəli platformadan sutkalıq neft hasilatını 570 tona çatdırmağa imkan yaradacaq.
Xam neft və neft məhsullarının
ixracı artır
Dövlət Neft Şirkəti Azərbaycandan xaricə xam neft və neft məhsullarının ixracını getdikcə artırır. ARDNŞ-in socar.az saytı məlumat verir ki, ötən ay şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanından 247 min 42 ton xam neft ixrac etmişdir. Cari ilin yanvar-iyul aylarında həmin istiqamətdə ixrac olunmuş xam neftin həcmi 1 milyon 475 min 567 ton təşkil etmişdir.
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin iyul ayında 26 min 161 ton avtomobil benzini, 112 min 93 ton dizel yanacağı və 16 min 608 ton təyyarə yanacağı ixrac etmişdir. Bütövlükdə isə yanvar-iyul aylarında ixrac olunmuş həmin neft məhsullarının ümumi həcmi 1 milyon 211 min 597 ton təşkil etmişdir.
Yanvar-iyul aylarında dövlətə 6,7 milyard kubmetr qaz təhvil verilmişdir
Ölkə iqtisadiyyatının və əhalinin “mavi yanacaq”la təminatının səviyyəsi getdikcə yaxşılaşır. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, 2009-cu ilin iyul ayında dövlətə 814 milyon 97 min kubmetr təbii qaz təhvil verilmişdir. Təhvil verilmiş qazın 493 milyon 627 min 453 kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 320 milyon 470 min 406 kubmetri isə Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən xarici neft şirkətləri tərəfindən yaradılmış konsorsiumun payına düşmüşdür. Bütövlükdə isə, cari ilin yanvar-iyul aylarında dövlətə 6 milyard 604 milyon 902 min 941 kubmetr qaz təhvil verilmişdir. Həmin qazın isə 3 milyard 757 milyon 6 min kubmetri ARDNŞ-in, 2 milyard 847 milyon 896 min 759 kubmetri adı çəkilən konsorsiumun payına düşür.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.- 2009.- 15
avqust.- S. 3.