Siyahıyaalma materiallarının yekunları təhlil edilir

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 7 iyun 2006-cı il tarixli fərmanı ilə əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi, yekunların işlənib təhlil edilməsi və nəticələrin dərc edilib yayılması Dövlət Statistika Komitəsinə tapşırılmışdır. Eyni zamanda, respublika Nazirlər Kabinetinin “2009-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən tədbirlər haqqında” 12 sentyabr 2006-cı il tarixli 200 nömrəli qərarı ilə ölkə Prezidentinin fərmanının həyata keçirilməsini təmin etmək məqsədilə siyahıyaalmaya hazırlıq işlərinin görülməsində ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının, rayon, şəhər icra hakimiyyətlərinin və digər mərkəzi idarə və təşkilatların vəzifələri və onların icra müddətləri müəyyən edilmişdir.

Ötən dövrdə icrası Dövlət Statistika Komitəsinə tapşırılmış tədbirlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilərək nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi təmin edilmiş, siyahıyaalmaya hazırlıq işlərinin icrasını təmin etmək məqsədilə 2006-cı ildə Dövlət Statistika Komitəsində 24 ştat vahidindən ibarət əhalinin siyahıyaalınması şöbəsi yaradılmış, hazırlıq işləri üçün tələb olunan maliyyə vəsaitinə dair 2007, 2008 və 2009-cu illər üzrə hesablamalar aparılaraq Maliyyə Nazirliyinə təqdim olunmuş və dövlət büdcəsində həmin illər üzrə “müxtəlif siyahıyaalmaların keçirilməsi” maddəsində bu məqsəd üçün maliyyə vəsaiti ayrılmışdır.

Tədbirin mütəşəkkil keçirilməsində və əhalinin siyahıyaalınma ilə tam əhatə olunmasında istifadə üçün 57 şəhər, 124 qəsəbə və 69 iri kənd olmaqla cəmi 250 yaşayış məntəqəsinin sxematik planları və 58 rayonun xəritəsi hazırlanıb nəzərdə tutulmuş vaxtda yerli statistika orqanlarına təhvil verilmişdir.Siyahıyaalmanın metodiki materiallarını, təşkilat planlarını, məlumatların işlənməsi texnologiyasını və proqramını sınaqdan çıxarmaq məqsədilə 2008-ci ilin aprel ayında Şamaxı rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilmişdir.

Ölkədəki demoqrafik vəziyyət, əhalinin sayı, tərkibi, yerləşməsi və digər əlamətləri haqqında geniş məlumat əldə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun tərtib edilmiş siyahıyaalmanın sorğu vərəqəsi evdə (ailədə) yaşayanların siyahısından, ev təsərrüfatlarının (ailənin) mənzil şəraitini əks etdirən 6 sualdan və ayrı-ayrılıqda hər bir şəxsi səciyyələndirən 29 sualdan ibarət olmuşdur. Sorğu vərəqəsinin strukturu, sualların yerləşmə prinsipi, qoyuluşu və ehtimal olunan cavablar elə tərtib olunmuşdu ki, həm sorğunu aparan siyahıyaalma işçiləri, həm də sorğulanan şəxslər üçün çətinlik yaratmasın və cavablar bir-birini tamamlamaqla qısa, aydın və hər kəs üçün anlaşılan olsun. Siyahıyaalma proqramının, yəni sorğu vərəqəsinin hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Proqramın tərtibinə 2007-ci ilin iyun ayında başlanmış və onun layihəsi aidiyyatı dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, elmi idarələrin, eləcə də ictimai təşkilatların rəhbər və mütəxəssislərinin iştirakı ilə bir ildən çox müddətdə müzakirə edilmişdir. Nazirlər Kabineti yanında əhalinin siyahıyaalınmasına yardım komissiyasının iclaslarında geniş müzakirədən sonra son variantı, nəhayət, 2008-ci ilin avqust ayında təsdiq edilmişdir.

Sualların tərtibində mövcud təsnifatlardan istifadə olunmaqla alınacaq nəticələrin beynəlxalq metodologiyaya uyğun müqayisəliliyinin təmin edilməsinin zəruriliyi və yerli şərait nəzərə alınmışdır.

1999-cu il siyahıyaalınmasının sorğu vərəqəsindən fərqli olaraq əhalinin coğrafi, demoqrafik, etnik-mədəni, sosial-iqtisadi əlamətlərini və ev təsərrüfatlarının mənzil şəraitini və abadlığını əks etdirən bir sıra əlavə suallar, o cümlədən səbəbləri göstərilməklə əhalinin daimi yaşayış yerində yaşama və müvəqqəti qaib olma müddətləri, bir il əvvəlki yaşayış yeri, məktəbəqədər yaşlı uşaqlar haqqında, daxili və xarici miqrasiya, o cümlədən əmək miqrasiyası, iş yerinin harada yerləşməsi, mənzilin abadlığına dair suallar proqrama daxil edilmiş, təhsil, nikah vəziyyəti, məşğulluq, işsizlik, yaşayış üçün gəlir mənbəyinə aid və digər suallar genişləndirilərək təkmilləşdirilmiş, sualların sayı 1999-cu ildəki 21-dən 35-ə çatdırılmışdır.

Siyahıyaalmaya hazırlıq işlərinin tam yerinə yetirilməsində zəruri amillərdən biri də bu məqsədlər üçün lazım olan maliyyə vəsaitinin vaxtında ayrılmasıdır. Maliyyə Nazirliyi tərəfindən vəsait vaxtında verildiyinə görə siyahıyaalma materiallarının ölkənin şəhər və rayonlarından qəbul edilib işlənməsi və saxlanması üçün nəzərdə tutulan zalların təmiri, siyahıyaalma materiallarının işlənməsini təmin etmək məqsədilə qəbul ediləcək işçilər üçün avadanlıq və inventarların alınması başa çatdırılmış, siyahıyaalma materiallarının elektron vasitələrdə işlənməsini təmin etmək üçün vahid kompyuter şəbəkəsi yaradılmışdır.

Siyahıyaalmanın sorğu vərəqəsinin göstəricilərinin kompyuterlərə daxil edilməsi üzrə proqram təminatı hazırlanaraq Şamaxı rayonunda keçirilmiş əhalinin sınaq siyahıyaalınmasının materialları əsasında yoxlanılaraq təkmilləşdirilmişdir. Hazırda siyahıyaalmanın nəticələrini əks etdirən çıxış cədvəllərinin alınması üzrə proqram təminatının hazırlanması üzərində işlər davam etdirilir.

Dövlət Statistika Komitəsi tərəfindən hazırlıq işlərinin gedişinə daim nəzarət edilmiş, müxtəlif məsələlər üzrə işlərin gedişini yoxlamaq və əməli kömək göstərmək məqsədilə komitənin əməkdaşları dəfələrlə bütün rayon, şəhər statistika idarələrinə ezamiyyətə göndərilmiş, çətinlik çəkən, səhvlərə yol verən yerli statistika orqanlarında isə hazırlıq işlərinin icrası bütünlükdə ezam edilmiş işçilərin özləri tərəfindən görülüb başa çatdırılmışdır.

Əsasən ölkə üzrə bütün yaşayış məntəqələrini əhatə etməklə 540 siyahıyaalma məntəqəsi, 3780 təlimatçı-nəzarətçi, 19 mindən artıq sayıcı məntəqəsi yaradılmışdır. Ümumilikdə siyahıyaalmanın keçirilməsinə 24 min nəfərdən çox müvəqqəti işçi cəlb edilmiş, onların hər birinə əsas iş yerindəki maaşı saxlanılmaqla Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş qaydalara uyğun əmək haqqı ödənilmişdir.

Xarici İşlər Nazirliyinin xətti ilə yaşamaq, işləmək, təhsil almaq və digər məqsədlərlə başqa ölkərlərdə yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycanın ayrı-ayrı ölkələrdəki səfirlik və konsulluqları vasitəsilə siyahıyaalınması təmin edilmiş, siyahıyaalma materialları həmin diplomatik nümayəndəliklərdən Dövlət Statistika Komitəsinə göndərilmişdir.

Qapalı müəssisələrdə əhalinin siyahıyaalınması həmin müəssisələrin Dövlət Statistika Komitəsinin işçiləri tərəfindən təlimatlandırılmış mütəxəssisləri tərəfindən aparılmışdır.

İşğal altında olan ərazilərdən məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları faktiki məskunlaşıb yaşadıqları yerlərdə siyahıya alınsa da siyahıyaalma materialları elektron vasitələrdə işlənərkən həmin şəxslər tərk etdikləri şəhər və rayonların əhalisinin sayına daxil ediləcəklər.

Siyahıyaalmanın mahiyyəti, ölkənin sosial-iqtisadi inkişafı üzrə müxtəlif proqram və layihələrin hazırlanmasında əhəmiyyəti, onun keçirilməsi üçün hazırlıq işlərinin gedişi və siyahıyaalmanın keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində izahat və ölkə əhalisinin məlumatlandırılması sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.Ötən dövrdə müxtəlif mətbuat vasitələrində xüsusi məqalələr dərc edilmiş, radio və televiziya kanallarında müxtəlif proqramlarda çıxışlar təşkil edilmiş, əhalini məlumatlandırma və maarifləndirmə məqsədilə hazırlanmış reklam çarxları nümayiş etdirilmişdir.

Siyahıyaalma başa çatdıqdan sonra, may ayının 18-dən başlayaraq təsdiq olunmuş cədvələ uyğun olaraq şəhər və rayon statistika idarə və şöbələrindən materialların qəbuluna başlanmış və bu proses iyulun 9-da başa çatdırılmışdır. İyul ayının 11-də isə rəsmi dövlət qəzetlərində onun ilkin yekunları dərc edilmişdir.

Hazırda siyahıyaalma materiallarının kompyuterlər vasitəsilə işlənməsi prosesinə başlanmışdır və bu məqsədlə müvəqqəti cəlb edilmiş 160 nəfərdən çox operator işə qəbul edilərək onlar üçün normal iş şərait yaradılmışdır.

Əhalinin siyahıyaalınması materiallarının elektron vasitələrdə işlənməsi prosesi gələn ilin ortalarında başa çatdırılaraq onun yekunlarından ibarət statistik məcmuələrin hazırlanmasına başlanacaqdır.

 

 

Ziyad Abbasəliyev

 

Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 2.