“Azərbaycanı Səudiyyə Ərəbistanında, Səudiyyə Ərəbistanını isə Azərbaycanda daha yaxşı tanıdaq”

 

Bu fikirləri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fəhd Əl Əli Dosəri respublikamızın jurnalist təşkilatlarının rəhbərləri və aparıcı mətbuat vasitələrinin təmsilçiləri ilə görüşdə söylədi. 30 il Xarici İşlər Nazirliyində çalışan, bir sıra ölkələrdə səfir, konsul və digər diplomatik vəzifələrdə öz dövlətinə xidmət edən səfir Dosəri Azərbaycanı hələ ölkəmizə gəlməzdən qabaq yaxşı tanıdığını söylədi:

— Bu ölkə öz dövlət müstəqilliyinə qovuşduğu ilk günlərdən Səudiyyə Ərəbistanı Krallığının qardaşlıq köməyini hiss etməyə başlamışdır. Siyasətçilər ölkələrimizin siyasi əməkdaşlığını istənilən səviyyəyə qaldırmış, iqtisadçılar iqtisadi əlaqələrimizi daim inkişaf etdirmişlər. Mədəniyyət, idman, səhiyyə və informasiya sahələrində də geniş əməkdaşlığımız mövcuddur. Ancaq Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda, Azərbaycanın isə Səudiyyə Ərəbistanında daha geniş şəkildə tanıdılmasına hələ də ehtiyac vardır. Biz Azərbaycanın və öz ölkəmizin mətbuat vasitələrinin köməyi ilə həmin missiyanı yüksək səviyyədə yerinə yetirəcəyik.

Səfirin əməkdaşlığımızın yüksək səviyyəsini ifadə edən fikirlərindən sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Assa-İradə informasiya agentliyinin baş direktoru, “AzərNevs” qəzetinin redaktoru Fazil Abbasov, “Respublika” qəzeti baş redaktorunun müavini Nərgiz Rüstəmli, “Azərbaycan” qəzetinin əməkdaşı Rüstəm Kamal, “Xalq qəzeti”nin siyasi-analitik qrupunun üzvü və digər mətbuat nümayəndələri Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının daha da inkişaf etdirilməsinə jurnalistlərin verə biləcəyi töhfələrdən danışdılar.

Tədbirdə qeyd edildi ki, Səudiyyə Ərəbistanı işğalçı Ermənistan dövləti ilə heç bir siyasi-diplomatik əməkdaşlıq etməyən yeganə müsəlman dövlətidir. Rəsmi Yerevanın çoxsaylı cəhdlərinə baxmayaraq, Ər-Riyad öz qətiyyətindən dönmür. İşğalçı qoşunlar Dağlıq Qarabağdan və digər rayonlardan çıxarılmayınca Ermənistanla heç bir siyasi-diplomatik əməkdaşlıq olmayacaqdır. Natiqlər qeyd etdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir ildə üç dəfə səfər etdiyi yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Bu ölkə təkcə Azərbaycanı deyil, bütün müsəlman ölkələrini istənilən problemin həllində dəstəkləyir. İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı və bir çox başqa beynəlxalq təşkilatlarda aparıcı söz sahibi olan Səudiyyə Ərəbistanı Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasından başlayaraq bir neçə mühüm sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində yaxından iştirak etmişdir. 1994-cü ilin yayında ulu öndər Heydər Əliyevin qardaş ölkəyə, xüsusən Ər-Riyad ilə yanaşı, Məkkə və Mədinəyə səfərindən sonra əməkdaşlığımızın inkişafına start verilmişdi.

Bu gün hər iki ölkənin siyasi rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən çoxsaylı saziş, müqavilə və protokolların imzalanmasına nail olmuşdur. Səfirliklər və dost ölkələrin mətbuat vasitələri indiyədək əldə edilmiş nailiyyətlərin daha da çoxaldılması və tərəflərin birinin digərinin xalqı arasında geniş təbliğ edilməsi işində dövlətlərə yardımçı olmalıdırlar.

Səfir Fəhd Əl Əli Dosəri qeyd etdi ki, Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra geniş tərkibdə jurnalist heyəti ilə ilk görüşün müqəddəs Ramazan ayı ərəfəsinə düşməsi də xoş təsadüfdür. Çünki Ramazan bərabərlik, xeyir-bərəkət, ən başlıcası isə dostluq, qardaşlıq ayıdır.

 

 

İttifaq Mirzəbəyli

 

Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 2.