Dünya şöhrətli şəfa ocağı

 

Söhbət Naftalandan, son vaxtlar burada yaradılmış özəl sağlamlıq və müalicə mərkəzlərindən gedir

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayevlə söhbətimiz son illər Naftalanda özəl bölmənin, sahibkarlığın inkişafı ilə əlaqədar görülən tədbirlər, həyata keçirilən konkret işlər barədə idi. Musa müəllim bir neçə fakt və rəqəm sadaladı, müqayisələr apardı. Hazırda tikintisi davam etdirilən obyektlər barədə məlumat verdi. Söhbətimizin sonunda isə belə məsləhət bildi ki, Naftalan tarixən sanatoriya-kurort şəhəri kimi məşhurdur, ona görə də yaxşı olar, son illər bu istiqamətdə görülmüş işlərdən yazaq. Burada, həqiqətən, deməyə söz çoxdur.

Belə də etdik. Gəzdik, gördük və şahidi olduq ki, doğrudan da, son vaxtlar Naftalanda azad sahibkarlığın, özəl bölmənin sürətli inkişafı üçün hər cür şərait yaradılmışdır. Özəl müalicə və sağlamlıq mərkəzlərinin fəaliyyəti xüsusilə razılıq doğurur. Təsadüfi deyil ki, təkcə son 3 ildə burada 3 müalicə və sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdir. Bundan başqa, hazırda özəl müalicə ocağının tikintisi sürətlə davam etdirilir.

Yolumuzu Naftalan Müalicə və Sağlamlıq Mərkəzinə saldıq. Burada qısa müddət ərzində, sözün həqiqi mənasında, möcüzə yaradılıb. Müalicə ocağı yüksək zövq və səliqə ilə tikilib, müasir standartlara tam cavab verir. 3 yaşayış və müalicə korpusu, poliklinika, yeməkxana, idman zalı var. Həyətdə əkilmiş müxtəlif ağaclar, güllər adamda xoş duyğular yaradır, bura qədəm basan hər kəsdə unudulmaz təəssürat doğurur. Öyrəndik ki, sağlamlıq mərkəzində 70 nəfər daimi işlə təmin olunmuşdur. Mövsümi işlərlə əlaqədar isə onların sayı xeyli artır.

“Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin direktoru İlqar Hüseynov uzun illər Rusiyada yaşayıb. Ancaq qəlbi hər an doğma vətəni, torpağı, milləti ilə döyünüb. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin xarici ölkələrdə və respublikada yaşayan iş adamlarına tarixi müraciəti İlqar Hüseynovu da doğma Vətənə qaytardı. Beləliklə, Naftalanda ilk özəl müalicə və sağlamlıq mərkəzinin bünövrəsi 2004-cü ildə qoyuldu.

Söhbət zamanı İlqar Hüseynov dedi:

— Bütün şəhər sakinləri kimi, kollektivimizin üzvləri də ölkə Prezidenti İlham Əliyevin 2008-ci il mart ayının 3-də şəhərimizə tarixi səfərini böyük minnətdarlıq və xoş duyğularla xatırlayırlar. Ölkə başçısı bizim müalicə və sağlamlıq mərkəzində də oldu, həkimlərlə, tibb işçiləri, o cümlədən burada müalicə olunan insanlarla səmimi söhbət etdi. Prezidentimizin diqqət və qayğısı, məsləhət və tövsiyələri işimizi daha yaxşı qurmaqda bizə çox kömək etdi. Təsadüfi deyil ki, gördüyünüz bu müasir yaşayış korpusu məhz həmin görüşdən sonra qısa müddətdə tikilib istifadəyə verilmişdir.

İndi hər 3 korpusda eyni vaxtda 160 nəfər istirahət edə və müalicə oluna bilər. Onu da deyim ki, bizim mərkəzə təkcə respublika əhalisi gəlmir. Bu il mərkəzimizə Rusiyadan, Polşadan, Almaniyadan, Fransadan, İrandan və başqa ölkələrdən də insanlar gəlib. Kollektivimizin hər bir üzvü ona nail olmağa çalışır ki, müalicə və istirahət üçün bizə üz tutanlar burdan razılıqla, xoş təəssüratla qayıtsınlar.

Artıq tibb elmi təsdiq etmişdir ki, naftalan neftinin tətbiqi 70-dən çox, o cümlədən sümük-əzələ sistemi, periferik sümük və damar, ginekoloji, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsinə imkan verir. Mərkəzdə naftalan vannaları və yaxmaları, yod-bromlu su vannaları, parafinlə müalicə, masaj, sualtı dartırma və başqa kabinetlər, diaqnostika, biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.

Naftalan Müalicə və Sağlamlıq Mərkəzində müalicə olunan, şəfa tapan, dincələn insanlarla da görüşdük, onların ürək sözlərini dinlədik.

Səmərqənd Bayramov Naxçıvandan gəlib:

— Artıq üçüncü ildir ki, müalicəyə bura gəlirəm. Naftalan nefti, həqiqətən, möcüzədir. Dördüncü vannadan sonra özümü yaxşı hiss edirəm. Həkimlərdən, tibb işçilərindən, ümumiyyətlə, burda çalışanların hamısından çox razıyıq. Hər tərəf təmiz və səliqəlidir. Burada həm müalicə olunmaq, həm də mənalı istirahət etmək üçün hər cür şərait var. Mən belə təbii müalicəxana yaratdıqlarına, diqqət, qayğı və isti münasibətə görə mərkəzin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Yekaterina ÇERKASOVA isə Moskvadan gəlib:

— Mən də üçüncü dəfədir ki, bura gəlirəm. Özü də 3 uşağımla birlikdə. Naftalan neftinin dünyada tayı-bərabəri yoxdur. O, Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biridir. Siz xoşbəxt xalqsınız. Mən bu barədə çox ədəbiyyat oxumuşam. Qətiyyətlə deyə bilərəm ki, dünyada naftalan neftinin analoqu yoxdur. Onu da deyim ki, hər dəfə Naftalana gələndə yeniliyin, inkişafın şahidi oluram. Şəhər ildən-ilə görkəmini dəyişir, daha abad və müasir olur. Naftalan Sağlamlıq və Müalicə Mərkəzi isə mənim və ailəmin doğma və isti ocağına çevrilib. Sağlıq olsun, mən hələ bu yerlərə çox gələcəyəm...

Mərkəzin həyətindəki müxtəlif stolüstü oyunlar, bilyard, üzgüçülük hovuzu, çayxana, rəqs meydançası xəstələrin istirahətini məzmunlu etməyə imkan verir. İstirahət günləri respublikanın tarixi şəhərlərinə — Gəncəyə, Şəkiyə, Mingəçevirə, səfalı guşələrə — Hacıkəndə, Göygölə səyahətlər təşkil edilir. Bir sözlə, uğurlu müalicə və mənalı istirahət etmək istəyənlər üçün Naftalan Müalicə və Sağlamlıq Mərkəzində hər cür şərait yaradılmışdır.

Ayrılanda mərkəzin direktoru İlqar Hüseynov bizdən bir xahiş etdi:

— Bəlkə də, qəzetçilikdə belə bir təcrübə yoxdur. Ancaq mümkünsə, bunu istisna hal kimi qəbul edin, mərkəzin ünvanını, telefon və kod nömrələrini qəzetinizdə verin. İnanın ki, bizdən daha çox illərlə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara lazımdır. Qoy, onlar ünvanımızı, imkanlarımızı dəqiq bilsinlər, gəlib həm şəfa tapsınlar, həm də istirahət etsinlər. Mərkəzin ünvanı belədir: Az 4600 Azərbaycan Respublikası Naftalan şəhəri, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi” MMC.Telefonlar: (994-255) 2-30-38 2-26-85 Faks: (994-255) 2-30-38; Mob: direktor: 649-31-41. e-mail: info@ naftalan-tour.com

“Möcüzəli Naftalan” özəl sağlamlıq mərkəzi 2007-ci ildə tikilib istifadəyə verilmişdir. Əvvəllər bura lazımsız ərazi idi, zir-zibil tökürdülər. İndi isə əsl cənnəti xatırladır. Müasir və yaraşıqlı korpus 94 çarpayılıqdır. Yeməkxana, müalicə və idman zalı, neft vannaları da binanın içərisindədir. Mərkəzin direktoru Elşən Əmiraslanovla söhbətdən öyrəndik ki, xəstələr, əsasən, ilin əvvəlindən həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur. Respublika vətəndaşlarından başqa, bura Əfqanıstandan, Özbəkistandan, Tacikistandan və başqa xarici ölkələrdən də müalicəyə və istirahətə gələnlər var.

Sağlamlıq mərkəzinin həyəti göz oxşayır. Burada xəstələrin normal istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə 2000-ə yaxın müxtəlif ağac və gül kolları əkilmişdir. Bir sözlə, “Möcüzəli Naftalan” bura müalicəyə və istirahətə gələnlərə xoş duyğular, mənalı günlər, ən əsası isə sağlamlıq bəxş edir.

Naftalanda son illər yaradılmış sağlamlıq mərkəzlərindən biri də “Şəfa vannaları” sanatoriyasıdır. Hələlik 60 çarpayılıqdır. Burada da istirahətə gələnlərə və müalicəyə ehtiyacı olanlara hər cür diqqət və qayğı göstərilir. Sanatoriyanın direktoru Feyruz Qocayev bildirdi ki, gələcəkdə sağlamlıq ocağını daha da yeniləşdirmək fikrindəyik. Ona görə ki, bizə müraciət edənlərin sayı çoxdur. Digər tərəfdən, azad sahibkarlıq, səmərəli biznes mühiti üçün yaradılmış əlverişli şərait bizi daha geniş fəaliyyət göstərməyə sövq edir.

Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin özəl bölmənin inkişafına, azad sahibkarlığın sürətli inkişafına göstərdiyi diqqət və qayğı, hər yerdə olduğu kimi, Naftalanda da inkişaf və yüksəlişə səbəb olmuşdur. Şəhər gündən-günə böyüyür, gözəlləşir, müxtəlif təyinatlı özəl müəssisələr işə düşür, yeni iş yerləri açılır. Heç də təsadüfi deyil ki, misilsiz şəfa ocağı Naftalana istirahətə və müalicəyə gələnlərin sayı ildən-ilə artır...

 

 

Ziyəddin Sultanov

 

Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 3.