Dövlət qulluqçusu xalqın mənafeyini hər
şeydən uca tutmalıdır
Ümummilli liderimiz Heydər
Əliyev xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdandan sonra dövlət idarəçiliyinin
və dövlət qulluğunun təkmilləşdirilməsi
ilə bağlı əsaslı islahatlar həyata keçirməyə
başladı. İlk öncə bu dahi şəxsiyyətin
müəllifi olduğu yeni Konstitusiyamızın qəbul
edilməsi (12 noyabr 1995-ci il), eləcə də bu
Konstitusiyanın 55-ci maddəsinin təsbit edilməsi dövlət
idarəçiliyi ilə bağlı müstəqil Azərbaycan
vətəndaşlarının dövlətin idarə
olunmasında iştirakı üçün geniş
imkanların açılmasına şərait yaratdı. Ulu
öndərimizin təşkilatçılığı və
rəhbərliyi ilə 21 iyun 2000-ci ildə “Dövlət
qulluğu haqqında” Qanun qəbul edildi ki, sonralar bu qanunun tənzimlənməsi
və təkmilləşdirilməsi istiqamətində müəyyən
dəyişikliklər edildi.
Ümummilli liderimiz hələ
respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci
illərində milli kadrların yetişdirilməsində, həm
də mövcud kadr potensialının irəli çəkilməsində
misilsiz xidmətlər göstərmişdi. Ulu öndər
Sovet dövlətinin rəhbər vəzifələrində
çalışdığı vaxtda da milli
kadrlarımızın bu nəhəng dövlətin yüksək
vəzifələrində işləməsi üçün
əlindən gələni əsirgəmirdi. Təsadüfi
deyil ki, bu gün də nəinki ölkəmizin idarəetmə
orqanlarında, hətta MDB məkanında yüksək vəzifələrdə
və digər sahələrdə çalışanların əksəriyyəti,
məhz o dahi şəxsiyyətin qayğısı ilə
yetişən kadrlardır ki, onlar da bu vəzifələrin
öhdəsindən peşəkarlıqla gələrək,
sözün həqiqi mənasında, yüksək idarəçilik
mədəniyyəti nümayiş etdirirlər.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, cənab Ramiz
Mehdiyev özünün “Milli məfkurə, dövlətçilik,
müstəqillik yolu ilə” kitabında yazır: “Ölkəmizdə
dövlət qulluğunun inkişafında və kadrların
yetişməsində sovet hakimiyyəti illərində mövcud
olmuş Azərbaycan Respublikasının inkarolunmaz əhəmiyyətini
də vurğulamaq zəruridir. Xüsusilə o dövrdə
Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin
gördüyü tədbirlər nəticəsində dövlət
idarəçiliyi sistemində çalışan milli kadr
potensialının yaradılması mümkün olmuşdur”.
Bəli, bu faktdır, heç bir sübuta ehtiyacı yoxdur.
Bilirik ki, həmin qanun qəbul olunana kimi dövlət
qulluqçularının bu sahə ilə bağlı fəaliyyəti
Konstitusiya və əmək qanunları məcəlləsi,
müvafiq normativ aktlar və icra hakimiyyəti orqanları
haqqında əsasnamələrlə tənzimlənirdi.
Bu gün bütün dünyada
dövlət qulluğunun mahiyyəti, rolu və onun qəbul
edilməsi səviyyəsi günü-gündən
artmaqdadır. Hamımıza məlumdur ki, BMT Baş
Assambleyasının 7 mart 2003-cü il tarixli qətnaməsi ilə
23 iyun “Beynəlxalq dövlət qulluğu günü” elan
edilib. Möhtərəm Prezidentimiz BMT-nin tövsiyəsini nəzərə
alaraq 25 may 2006-cı ildə ölkəmizdə “Dövlət
qulluqçularının peşə bayramı
gününün təsis edilməsi haqqında” sərəncam
imzalamışdır. O Müasir dünyada siyasi və iqtisadi
islahatların gedişi, ölkələrin bir-birinə olan
inteqrasiyası, demokratiyanın genişlənməsi və s.
məhz dövlət məmurlarının yüksək kefiyyətlərindən,
onların peşəkarlığından, iş
bacarığından, həm də təşəbbüskarlıqlarından,
səriştəsindən və dövlətçiliyimizə
sadiqliyindən çox asılıdır. Yeri gəlmişkən,
ümummilli liderimiz 2002-ci ilin aprel ayında keçirdiyi
Sumqayıt müşavirəsində demişdir: “İnsanlar
öz bacarığına, biliyinə, dünya
görüşünə, yüksək əxlaqi keyfiyyətlərinə
və məsuliyyətinə, həm də bizim dövlətçiliyimizə
sədaqətinə görə dövlət vəzifələri
tutmalıdırlar. Bax, yalnız buna görə.”
Ümummilli liderimiz Heydər Əliyev
dövlət orqanlarında çalışanların yüksək
mənəvi və iş keyfiyyətlərinə malik
olmasına xüsusi diqqət yetirməklə, kadrların
düzgün seçilib yerləşdirilməsini olduqca
prinsipial və vacib sayırdı. O, idarəçilik prinsiplərindən,
onun mühüm istiqamətlərindən danışarkən
ilk öncə milli-mənəvi dəyərlərimizin
qorunması üçün milli kadr potensialının
artırılmasını diqqət mərkəzinə çəkirdi.
Sovet hakimiyyəti dövründə, dövlət idarələrində
azərbaycanlıların üstünlüyünü təmin
etmək üçün aparılan geniş miqyaslı tədbirlər,
hər il ali məktəblərə qəbul zamanı Azərbaycan
millətindən olan tələbələrin SSRİ-nin
tanınmış ali təhsil ocaqlarına göndərilməsi
dahi rəhbərimizin millətinin gələcək
inkişafı, onun idarəçilikdə yüksək səviyyədə
fəaliyyət göstərməsi üçün
düşünülmüş addımı idi. İndi həmin
kadrlar müstəqil dövlətimizin bugünkü
inkişafına öz layiqli töhfələrini verirlər.
Həqiqətən də XX əsr, xüsusən də 70-ci
illərdən başlayaraq Azərbaycanın
ictimai-siyasi-hüquqi, iqtisadi həyatının
inkişafı prosesində idarəçilik amilləri daha
dolğun şəkildə özünü büruzə verməyə
başlamışdır. Qeyd etmək yerinə düşərdi
ki, ümummilli liderimizin hakimiyyətə
qayıdışından əvvəlki vaxtlarda ölkədə
ağır siyasi və iqtisadi vəziyyət mövcud idi.
Dövlət hakimiyyəti iflic idi. Dövlət qulluğunda
çalışan idarəçilikdən xəbəri
olmayanların səriştəsizliyi ucbatından xalqla hakimiyyətdə
olanlar arasında nəinki qarşılıqlı münasibətlər
pozulmuş, hətta bunlar arasında böyük uçurum
yaranmışdı. Məhz ümummilli liderimizin xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə
qayıdışından sonra dövlətimiz
düşdüyü böhrandan qurtuldu, eyni zamanda, dövlət
qulluğundakı səriştəsiz kadrların daha
bacarıqlı, dövlətçiliyimizə sadiq kadrlarla əvəz
olunması nəticəsində dövlətlə xalq
arasında yaranmış inamsızlıq tədricən aradan
qaldırılmağa başlandı. Xalq bildi ki, indi onun
hüquqlarını müdafiə edən və qanunlara riayət
edən dövlət məmurları var. İndi dövlətimiz
sürətli və dinamik inkişaf dövrünə qədəm
qoyub ki, burada hamıdan, xüsusilə də dövlət
qulluğunda çalışanlardan təşəbbüskarlıq,
bacarıq, yüksək intellektuallıq və məsuliyyət
tələb olunur.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra Heydər Əliyevin rəhbərliyi
dövründə, sözsüz ki, kadr heyətinin
formalaşdırılması işi müasir prinsiplər zəminində
həyata keçirilməyə başlandı. Ulu öndərin
təşəbbüsü və rəhbərliyi ilə
“Dövlət qulluğu haqqında” Qanun hazırlandıqdan
sonra 2001-ci ildə Prezident sərəncamı ilə təsdiq
edildi. 6 fəsil, 35 maddədən ibarət olan bu qanunda I-III fəsillər
dövlət qulluğu anlayışı, onun məqsədi,
təsnifatı, vəzifələri, prinsipləri və
başqa məsələlər, IV-VI fəsillərdə isə
dövlət qulluqçusu barədə anlayış, onun
andı, əsas vəzifələri, prinsipləri, məsuliyyəti
və başqa vacib müddəalar öz əksini
tapmışdır. Bu qanun Azərbaycanda dövlət
qulluğu sisteminin inkişafını təkmilləşdirib
yüksəltməklə dövlətlə vətəndaş
arasında körpü olan məmur münasibətlərini nəinki
hüquqi çərçivədə tənzimləmək,
hətta şərait və məkan uyğunluğunda diqqətdə
saxlamağı önə gətirir. “Dövlət qulluğu
haqqında” Qanunda qeyd olunur ki, bu sahədə
çalışan hər bir məmurun işi ilk öncə
Konstitusiya və digər qanunvericilik aktları əsasında
tənzimlənir. Həmin normativ hüquqi aktlara görə
dövlət qulluğunun normativ-metodiki təminatını Azərbaycan
Respublikasında dövlət qulluqçuları
kateqoriyasına aid edilən şəxslərin
siyahısını müəyyən etməyi Azərbaycan
Respublikasının Dövlət Qulluğunun İdarəetmə
Şurası həyata keçirir. Şura 18 üzvdən ibarətdir.
Şuranın 6 üzvü Azərbaycan Prezidenti tərəfindən,
6 nəfəri Milli Məclisin sədri tərəfindən, 6
nəfəri isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri
qanunla təsdiq edilmiş əsasnamə ilə müəyyən
edilir. Qanunun 5.2 bəndində qeyd edilir ki, bu şura dövlət
orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini
ictimai əsaslarla həyata keçirir, eyni zamanda, onun qəbul
etdiyi qərarların məcburiliyi müvafiq dövlət
qulluqçuları üçün müvafiq olaraq Azərbaycan
Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin
sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri tərəfindən təmin edilir (bax: “Dövlət
Qulluğu haqqında” Qanun. Maddə 5. Bakı şəhəri,
21 iyul 2001-ci il).
Tarix sübut edir ki, dövlət
qulluğuna, onun mövcud qanunlarının və bu qanunun ədalətli
olmasına ictimaiyyətin inamı hər bir cəmiyyətdə
vacib olan məqamlardan biridir. Demokratik və hüquqi cəmiyyətin
inkişafı istiqamətində dövlət
qulluqçusunun əsas vəzifəsi vətəndaşların
qanunla müəyyən edilmiş hüquq və
azadlıqlarını daim diqqətdə saxlaması və onu
müdafiə etməsidir. Bu, Konstitusiyamızda təsbit
edilmiş dövlətimizin ali məqsədinə də
aiddir. Siyasi nəzəriyyələr tarixindən və
praktikadan da məlumdur ki, humanist qanunları olan dövlətin
səriştəsiz, bacarıqsız və həmin qanunlara xələl
gətirən məmurları olarsa, o quruluş məhvə məhkumdur.
Qanunda diqqəti cəlb edən
maddələrdən biri də dövlət qulluqçusunun
and içməsidir. (bax: “Dövlət qulluğu haqqında”
Qanun. Maddə 15.). Dövlət qulluqçusu xalqına,
dövlətinə sadiqliyinə, qanunlara hörmətlə
yanaşacağına, vəzifəsini qərəzsiz, vicdanla
yerinə yetirəcəyinə, dövləti və xidməti
sirri qoruyacağına and içir. Bəli, dövlət
qulluqçusu dövlətinin möhkəmlənməsi və
inkişafı yolunda əlindən gələni əsirgəməməli,
qanunların aliliyini dərk etməli, vətəndaşlarla
münasibətdə, o cümlədən onların müraciətlərinə
baxarkən bu qanunların müqəddəsliyini onlara
aşılamağı bacarmalıdır.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 24 noyabr 2003-cü ildə “Ölkədə
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” imzaladığı fərmanın 7-ci bəndində
qeyd olunur ki, “Mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının rəhbərlərinə
tapşırılsın ki, vətəndaşların müəyyən
olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların
müraciətlərinə, ərizə və şikayətlərinə
vaxtında baxılmasını təmin etsinlər, müvafiq
icra hakimiyyəti orqanlarının aparatlarında
nizam-intizamın gücləndirilməsi üçün zəruri
tədbirlər görsünlər.”
Bizim rayonda da bu sahəyə
çox ciddi diqqət yetirilir. Bu baxımdan nizam-intizama riayət
olunmasını, əmək və icra intizamının
yüksəldilməsini, vətəndaşların ərizə
və şikayətləri ilə əlaqədar məsələlərin
araşdırılmasını, qayda-qanunun gözlənilməsini
bütün aparat işçiləri özünə vəzifə
borcu hesab edir. Möhtərəm Prezidentimizin
tapşırıq və göstərişlərini rəhbər
tutaraq rayon rəhbərliyi tərəfindən yerlərdə
açıq qəbul günlərinin təşkil edilməsi,
adamlarla görüşüb söhbət edilməsi,
şikayətlərin dinlənilib operativ şəkildə həll
edilməsi, insanların, ilk növbədə, şəhid ailələrinin,
Qarabağ müharibəsi əlillərinin, əlillərin,
pensiyaçıların, qaçqın və məcburi
köçkünlərin qayğıları ilə maraqlanmaq
bu gün də diqqət mərkəzində saxlanılır.
Hər bir dövlət qulluqçusu bilir ki, insanlarla daha
yaxın münasibət onlarla bir yerdə olanda, müraciətlərinə
baxanda yaranır. Belə ki, vətəndaşın dövlətə
və qanuna olan inamı, eyni zamanda, onunla olan görüşdən
razı qalmağı dövlət qulluqçusunun
yaratdığı sağlam mühit və münasibətlərdən
çox asılıdır.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 10
aprel 2009-cu il tarixli “2008-ci ildə respublika vətəndaşlarının
müraciətlərinə baxılmasının yekunları və
bu işin yaxşılaşdırılması tədbirləri
haqqında” tövsiyələrində də vətəndaşların
müraciətlərinə vaxtında baxmaq, onların qanuna
müvafiq həll olunmasına maksimum səy göstərmək,
həlli mümkün olmayan müraciətlər barədə
şikayətçiyə qanuna müvafiq və dolğun
cavablar verməyin və s. vacib məsələlərdən
biri olduğunu göstərmişdir. Bu tövsiyyələri
rəhbər tutaraq rayon icra hakimiyyətinin
başçısı cənab Əflatun Rufiyev keçirilən
şura iclasında çıxış edərək qeyd etdi
ki, “dövlət əhəmiyyətli bu sənəd bizə vətəndaşlarla
daha yaxından münasibət yaratmağın yollarını
bir daha aydın göstərir. Bu gün vətəndaşlarla
münasibətdə yaradılan sağlam mühit dövlətimizin
möhkəmlənməsinə, xalqın dövlətə
olan inamının artırılmasına xidmət edən
amillərdən biri olmaqla bu məktub həm də gələcək
işlərimizin daha da təkmilləşdirilməsi istiqamətində
sanballı sənəddir.” Bütün bunlarla əlaqədar
RİHB yanında Şura iclasında tədbirlər planı
hazırlanıb icra üçün qəbul edilmişdir.
(ardı növbəti sayımızda)
Xaqani Bəşirov
Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 3.