Torpağın altında yatan
tariximiz
yaxud qədim Qəbələnin
sirləri necə öyrənilir?!
Eramızdan əvvəl IV əsrdən başlayaraq təqribən 800 ilədək Qafqaz Albaniyasının paytaxt şəhəri olmuş Qəbələnin tarixi uzun illərdir ki, tarixçi və arxeoloq alimlər tərəfindən öyrənilməkdədir. 1926-cı ildən başlayaraq orada müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl və sistemli şəkildə arxeoloji tədqiqatlar aparılır. Beləliklə, Azərbaycan arxeoloqlarının, demək olar ki, bütün nəsilləri Qəbələdə görkəmli arxeoloq-alimlərdən S. Qazıyev, İ. Cəfərzadə, Ö. İsmizadə, Q. Əhmədov, R. Vahidov, İ. Babayev və başqalarının rəhbərliyi altında aparılan qazıntılarda iştirak etməklə, sözün əsl mənasında, mükəmməl çöl-tədqiqat məktəbi keçmişlər.
Qəbələdə aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan nəticələr təkcə qədim paytaxtımızın deyil, bütövlükdə Albaniya tarixinin bir çox mühüm problemlərinin elmi cəhətdən çözülməsində əhəmiyyətli rol oynamışdır. Bütün bunlar mətbuatda və elmi-kütləvi ədəbiyyatda, xüsusən də akademik nəşrlərdə yetərincə öz əksini tapdığından bu yazıda yalnız cari ilin çöl-tədqiqat işlərinin nəticələri barədə söhbət açmaq fikrindəyik. Mətləbə keçməzdən əvvəl onu da bildirim ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası 3 dəstədən ibarət olmaqla, bu il ilk dəfə beynəlxalq tərkibdə fəaliyyət göstərib. Belə ki, Azərbaycan arxeoloqları ilə yanaşı, Koreya—Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) dəvəti ilə respublikamızda olan koreyalı arxeoloqlar qrupu da bir ay ərzində Qəbələdə aparılan çöl-tədqiqat işlərində iştirak etmişlər. Yeri gəlmişkən onu da bildirim ki, Qəbələ arxeoloji ekspedisiyası artıq bir neçə ildir ki, SEBA-nın hərtərəfli əməli və maliyyə dəstəyi şəraitində işləyir.
Builki tədqiqatlar şəhərin müxtəlif tarixi dövrlərinə aid edilən Güllü tala, Səlbir və Qala adlanan ərazilərdə aparılmışdır. AMEA-nın müxbir üzvü İ. Babayevin rəhbərlik etdiyi antik dəstə Güllü tala ərazisində e.ə. IV—II əsrlərə aid nəhəng ictimai binaların və 90-a yaxın iri təsərrüfat küpündən ibarət anbar yerinin tədqiqini davam etdirmişdir. Xatırladım ki, mütəxəssislərin böyük marağına səbəb olan bu tip tapıntılara Qafqazda və Yaxın Şərqdə ilk dəfədir ki, təsadüf edilir. Əldə edilən bu nümunələr bir daha onu deməyə əsas verir ki, şəhər olaraq Qəbələ hələ 2400 il bundan öncə özünün əzəmətli tikililəri ilə təkcə Albaniyada deyil, Qafqazda və Yaxın Şərqdə də məşhur olub.
Koreyalı arxeoloqlar qrupunun şəhərin Səlbir adlanan ərazisində başladıqları tədqiqatlar da mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün oxuculara bildirim ki, I—XI əsrlərdə intensiv şəhər həyatı olmuş bu ərazidə əvvəllər də Azərbaycan arxeoloqları tərəfindən bir neçə yerdə kifayət qədər əhatəli tədqiqat işləri aparıblar. Həmin axtarışlar zamanı şəhərin şimal və qərb qala divarları və bürclərinin tikilmə tarixi, memarlıq xüsusiyyətləri, ərazidə mədəni təbəqənin stratiqrafik göstəriciləri, qəbir abidələri və kommunikasiya şəbəkəsinə aid qurğular aşkar edilərək öyrənilmişdir. Ümid edirik ki, koreyalı həmkarlarımız da müasir texnoloji avadanlıqlardan istifadə etməklə Qəbələnin tarixinə dair yeni, həm də daha sanballı nəticələr əldə edəcəklər.
Cari mövsümdə bu sətirlərin müəllifinin rəhbərliyi ilə fəaliyyət göstərən orta əsrlər dəstəsinin şəhərin Qala adlanan ərazisində və onun ətrafında aparmış olduğu arxeoloji tədqiqatlar xüsusilə uğurlu nəticələr vermişdir. Məlumat üçün bildiririk ki, Qalada Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət ərzində yaşayış olmuşdur. Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5—6 metrə çatır.
Bu yay tədqiqatlar əsasən Qalanın cənub-qərb kənarına yaxın ərazidə seçdiyimiz 600 kvadratmetrlik sahədə aparılmışdır. Xatırladım ki, həmin sahənin XVI—XVII əsrlərə aid üst qatı ötən mövsüm öyrənilmişdi. Bu il isə elə həmin ərazidə XII—XV əsrlər təbəqəsi öyrənilmişdir. Orada müxtəlif dövrlərə aid 20-dən çox ev-otaq yeri aşkar edilərək tədqiq olunmuşdur. Aşkar edilmiş divar qalıqlarının əksəriyyətinin üst hissəsi müxtəlif səbəblər ucbatından dağılsa da, onların bünövrə hissəsi, demək olar ki, tam salamat vəziyyətdə qalmışdır. Yalnız bəzi tikintilərdə çay daşından bünövrə üzərində bişmiş kərpic qeydə alınmışdır. Bəzi binalarda isə evlərin döşəməsinin də bişmiş kərpicdən olduğu müəyyənləşdirilmişdir.
Arxeoloji axtarışlar zamanı tapılan çoxsaylı və rəngarəng çeşidli kirəmit nümunələri orta əsrlər dövründə Qəbələdə yaşayış binalarının və istehsalat xarakterli tikililərin üstünün daha çox məhz saxsı kirəmitlə örtüldüyünə dəlalət edir. Bu isə yüksək şəhər mədəniyyətinin çox mühüm göstəricilərindən biridir. Əldə olunan tapıntılar Qəbələdə binaların bir qisminin fasad və günbəz hissələrinin firuzəyi rəngli kaşılarla üzləndiyindən xəbər verir. Bu cür tapıntılara şəhərin XII—XV əsr yaşayış qatında xüsusilə tez-tez təsadüf olunmuşdur. Bütün bunlar isə sözsüz ki, orta əsr şəhərsalma probleminin, tikinti və memarlıq ənənələrinin təşəkkül və inkişaf dinamikasını araşdırmaq baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
Budəfəki qazıntılar zamanı Qəbələdə ilk dəfə bir-birinin yaxınlığında olmaqla, iki hamam aşkara çıxarılaraq tədqiq olunmuşdur. Onlardan birinin yeri kərpiclə, ikinci isə xüsusi olaraq hazırlanmış saxsı plitələrlə döşənmişdir. Maraqlıdır ki, eni 47, uzunluğu 48, qalınlığı isə 4 santimetr olan bu cür saxsı plitə-metləxlərə Azərbaycan ərazisində ilk dəfədir ki, təsadüf olunur. Plitə-metləxlərdən birinin orta hissəsində trap funksiyası daşıyan xüsusi deşik-çökəklik vardır. Hamamda istifadə olunan su künclərdən mərkəzə doğru istiqamətlənən növlər vasitəsilə trapa axır və oradan da xaric olurmuş. Xatırladım ki, tədqiqatlar zamanı hər iki hamamın yaxınlığında çirkab sularının axıdıldığı xüsusi quyu-sambo da aşkar edilib. Bu qəbildən olan tapıntılar, sözsüz ki, hələ XII—XIII əsrlərdə Qəbələ şəhərində abadlıq və sanitariya mədəniyyəti məsələlərinin kifayət qədər sivil səviyyədə olduğunu göstərir.
Hazırkı tədqiqatlar şəhər təsərrüfatının daha geniş anlamda öyrənilməsi baxımından da çox əhəmiyyətli olmuşdur. Öyrənilən ərazidə aşkar edilən 30-dək təndir, 20-dən çox ocaq, 4 dulus kürəsi, əmək alətləri, metal, şüşə, sümük və müxtəlif çeşidli saxsı məmulatlarının istehsalı prosesində yaranmış çıxar nümunələr və istehsalat tullantıları ayrı-ayrı sənət sahələrinin kifayət qədər geniş şəbəkəsinin mövcudluğundan xəbər verir. Yəni, həmin kürələr, hazırlanarkən, yaxud da bişirilərkən yararsız vəziyyətə düşən bəzi çıxar nümunələr və istehsalat tullantıları bir daha qəti şəkildə onu deməyə əsas verir ki, arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı nəfis və rəngarəng çeşidli sənətkarlıq nümunələrinin böyük əksəriyyəti yerli ustalar tərəfindən bilavasitə Qəbələdə istehsal olunmuşdur. Həmin ustaların bir qisminin adı artıq bizə məlumdur. Bunu cari mövsümdə tapılan və üzərində ərəb əlifbası ilə kim tərəfindən istehsal olunduğu yazılmış nümunələr əsasında müəyyənləşdirmək mümkün olmuşdur. Bu qəbildən olan tapıntılar içərisində hər iki tərəfində ərəb əlifbası ilə, həm də son dərəcə nəfis xəttlə bitkin mətn işlənmiş saxsı disk xüsusilə böyük maraq doğurur. Əlbəttə, saxsı qablar üzərində tez-tez təsadüf olunan və imza funksiyası daşıyan bu yazıların bilavasitə dulusçu-ustaların özləri tərəfindən işləndiyi əsla şübhə doğurmur. Bu isə öz növbəsində XII—XV əsrlərdə Azərbaycanda hətta dulusçu ustaların belə mükəmməl yazı mədəniyyətinə malik olduğundan xəbər verir.
Orta əsrlər dövründə Qəbələnin dünyanın bir sıra şəhər və regionları ilə qızğın ticarət və mədəni əlaqələri olmuşdur. Arxeoloji tədqiqatlar zamanı tapılmış pullar, saxsı, çini və seladon qab nümunələri, habelə çoxsaylı nadir bəzək və məişət əşyaları İran, Çin və digər Şərq ölkələri ilə əlaqələrin xüsusilə intensiv olduğunu göstərir.
Qəbələ qərbdən Qaraçay, şərqdən isə Çovurlu çayları ilə əhatələnib. Bu çaylar şəhərdən bir qədər cənubda—Ağzıbir adlanan ərazidə qovuşurlar. Şəhər şimal tərəfdən isə gur sulu bulaqların əmələ gətirdiyi dərin dərə ilə əhatə olunur. XI əsrin əvvəllərində Qəbələ bir sıra daxili və xarici amillərin təsiri nəticəsində çox ciddi tənəzzülə məruz qaldığından ərazisi təqribən iki dəfə kiçilib və bu səbəbdən də şəhərin orta hissəsindən dərin xəndək qazılıb. O vaxtdan etibarən həmin xəndəkdən şimalda “Səlbir” adı ilə məlum olan ərazidə həyat dayanıb. Yaşayışın XVIII əsrədək davam etdiyi “Qala” ərazisi isə içərisi daimi olaraq su ilə dolu olan dərin xəndək boyunca yeni tikilmiş qala divarları ilə daha da möhkəmləndirilib.
Təbiidir ki, yuxarıda sadalanan dərə, xəndək və çaylardan keçərək şəhərə daxil olmaq üçün ayrı-ayrı yerlərdə körpülərin olması vacib idi. Həmin körpülərdən birinin qalıqları builki tədqiqatlar zamanı aşkar olunaraq öyrənilib. Səlbirin şimal qapısı önündə olan bu körpü təqribən VIII əsrin sonlarında inşa edilib. Körpünün bişmiş kərpicdən hörülmüş dayaqlarından biri tam salamat vəziyyətdədir.
Qəbələ arxeoloji ekspedisiyası orta əsrlər dəstəsinin cari mövsümdəki ən ciddi uğurlarından biri də şəhər əhalisini içməli su ilə təchiz edən baş su kəmərinin aşkar edilməsidir. Məlumat üçün bildirək ki, ayrı-ayrı vaxtlarda şəhərin müxtəlif yerlərində orta əsrlərə aid su xətlərinin qalıqlarına təsadüf edilmişdir. Ötənilki tədqiqatlar zaman isə Qalanın şimal-qərb divarları öyrənilərkən orada nisbətən kiçik diametrli su tünglərindən istifadə edilməklə çəkilmiş yeddi xətdən ibarət bütöv bir şəbəkə aşkar edilmişdi. Şəhəri içməli su ilə təchiz edən baş su xətti isə bu il tapıldı. Əsaslı tədqiqatlara başlamazdan əvvəl ərazini gəzərkən Qəbələdən təqribən 5—6 yüz metr şimalda—Uzuntala adlı ərazidə yol yeri genişləndirilərkən təsadüfən üzə çıxmış su tüngü qırıqları diqqətimizi cəlb etdi. Orada kiçik miqyaslı yoxlama qazıntısı apardıq. Nəticədə, uzunluğu 40, diametri 20 sm olan saxsı borulardan ibarət su kəməri aşkar edildi. Su xətti yer səthindən təqribən 1 metr dərinlikdə çəkilərək üstü kəhriz sistemində olduğu kimi, bişmiş kərpiclə hörülmüşdür. Mütəxəssislərin hesablamalarına görə, bu xətlə saatda orta hesabla 350—370 kubmetr su ötürmək mümkündür.
Fikrimizcə, IX əsrin əvvəllərində inşa olunan bu kəmərdən eyni vaxtda həm Səlbir, həm də Qala sakinləri istifadə etmişlər. Ehtimal etmək olar ki, həmin kəmər öz mənbəyini Mirzəbəyli kəndinin cənubundakı dərələrdən birində, daha doğrusu, “Kərpicli yol” yaxınlığındakı bulaqdan götürür. Məlumat üçün bildirək ki, həmin bulaq Qəbələətrafı ərazidə məlum olan ən gur sulu içməli su mənbəyidir.
Şəhərin Qala hissəsinin içməli su ilə təchizatına xidmət edən baş su xəttinin aşkara çıxarılması da Qəbələ ekspedisiyasının builki ciddi uğurlarından hesab olunmalıdır. Bu su xətti də şəhərə şimal istiqamətindən daxil olur. Maraqlıdır ki, həmin xətt Səlbirə daxil olmadan Qaraçayın terrası boyunca qazılmış tunelin içərisi ilə çəkilib. Tunelin eni 1—1,2, hündürlüyü 1,7—1,8, yer səthindən dərinliyi isə təqribən 5—8 metr təşkil edir.
Tunel-kəmərdə istifadə olunmuş saxsı tünglərin bəziləri ölçüsünə və formasına görə bir-birindən fərqlənir. Başlıca olaraq isə uzunluğu 37, içərisinin diametri 18 santimetr olan tünglərdən istifadə olunmuşdur. Tunel şəraitində işləmək çətin olduğundan tünglər heç də hər yerdə səliqə ilə bir-birinin içərisinə keçirilməyib. Yuxarıda qeyd olunan baş su kəmərindən fərqli olaraq tunel-kəmərdə boruların üstü kərpiclə hörülməyib. Görünür, yer səthindən kifayət qədər dərində olduğundan buna ehtiyac duyulmayıb.
Şəhərin baş su xəttinin tunel içərisi ilə çəkilməsi, sözsüz ki, hərbi-strateji əhəmiyyət kəsb edirdi. Məlum olduğu kimi, bu və ya digər şəhərlər mühasirə şəraitində müdafiə olunarkən düşmən ilk növbədə əhalini susuz qoymaq və yaxud da içməli suya zəhər qatmaq barədə düşünürdü. Odur ki, Qəbələ sakinləri bu cür arzuolunmaz vəziyyətə düşməmək üçün öz işlərini vaxtında ehtiyatlı tutublar.
Tədqiqatçılar uzun illər ərzində belə hesab edirdilər ki, Qəbələ şəhərinin Qala adlanan hissəsində ilk orta əsrlər dövründən başlayaraq həyat olub. Doğrudur, Qəbələnin əsas tədqiqatçılarından olan mərhum arxeoloq Qara Əhmədovun rəhbərliyi ilə hələ ötən əsrin 80-ci illərinin əvvəllərində orada I əsrə aid çaxır anbarı və içərisində qızıl əşyaların da olduğu qəbir abidəsi aşkar edilib. Əlbəttə, antik dövrdə Qala ərazisində intensiv şəhər həyatı olduğunu söyləmək üçün bu tapıntılar yetərli əsas ola bilməzdi. Odur ki, bu istiqamətdə axtarışları davam etdirmək tələb olunurdu. Cari mövsümdə orta əsrlər dəstəsinin apardığı tədqiqatlar bu cəhətdən uğurlu nəticələrlə əlamətdar olmuşdur.
Birincisi, Qala ərazisində tədqiqatların davam etdirildiyi XII—XV əsrlərə aid mədəni təbəqədəki ayrı-ayrı təsərrüfat quyuları təmizlənərkən oradan antik dövrə, daha konkret desək, eramızdan əvvəl I — eramızın I əsrlərinə aid çoxlu kirəmit və küp parçaları tapılmışdır. Bu isə orta əsrlərə aid yaşayış qatının altında antik dövrə aid tikililərin olduğuna dəlalət edir. Onu da nəzərə almaq lazımdır ki, antik dövrdə heç də bütün binaların deyil, əsasən şəhərin ictimai-siyasi həyatında xüsusi yeri olan binaların üstünü kirəmitlə örtürdülər. Tapıntılar Qala ərazisində də bu cür tikintilərin olduğundan xəbər verir.
Bunlardan əlavə, üst qata aid tikintilərdə istifadə olunmuş tək-tək iri tuf daşlar da alt təbəqədə daha qədim dövrə aid əzəmətli binalar olduğundan xəbər verirdi. Deyilənlərə onu da əlavə edim ki, bu il Qalanın cənub müdafiə divarlarından təqribən 80—90 metr şimalda, Çovurlu çayın uçurum əmələ gətirdiyi sahədə yoxlama qazıntısı apararkən də antik dövrə aid maraqlı tapıntılar əldə olunmuşdur. Ən mühümü odur ki, həmin ərazidə şərq-qərb istiqamətində olmaqla qalınlığı 3 metr təşkil edən divar qalıqlarının bünövrə hissəsi aşkara çıxarılmışdır. Bünövrədə istifadə olunmuş iri tuf daşlardan birinin uzunluğu 140, eni 60, hündürlüyü isə 40 santimetrdir. Tədqiqat işləri davam etdirilərkən divarın üstündə və kənarlarında antik dövrə aid müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən keramikadan olan məişət və təsərrüfat əşyaları tapılıb. Bir daha xüsusi olaraq vurğulamaq istəyirik ki, şəhərin ilkin müdafiə sisteminə aid olduğu güman edilən bu tapıntı indiyədək Qala ərazisində məlum olan ən qədim tikinti qalığıdır. Bir sözlə, builki axtarışlar zamanı Qəbələ arxeoloji ekspedisiyasının orta əsrlər dəstəsi tərəfindən aşkar edilmiş antik dövrə aid tapıntılar deməyə əsas verir ki, qədim Roma alimi Böyük Plini (I əsr) və məşhur yunan alimi Klavdi Ptolomey (II əsr) tərəfindən Qəbələnin adının ilk dəfə olaraq yazılı mənbələrdə xatırladıldığı dövrdə şəhərin Qala hissəsində əzəmətli tikintiləri ilə diqqəti cəlb edən intensiv şəhər həyatı olub.
Bu il Qəbələdə stasionar arxeoloji ekspedisiyanın fəaliyyətə başlamasının 50 ili tamam olur. Tam səmimiyyətlə deməliyəm ki, bu illərin hər biri Qəbələ tarixinin bu və ya digər qaranlıq səhifələrinin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Arxeoloq alimlərimizin gərgin əməyi sayəsində tariximizin min illərdir ki, torpaq altında yatıb qalan neçə-neçə sirləri öyrənilərək elmi ictimaiyyətə çatdırılmışdır. Son illər ölkə Prezidenti İlham Əliyevin birbaşa qayğısı və Heydər Əliyev Fondunun fəal səyləri sayəsində, Azərbaycanın hər yerində olduğu kimi, Qəbələdə də keçmiş mədəni irsin daha geniş miqyasda öyrənilməsi üçün hər cür şərait yaradılmışdır.
SEBA-nın bu istiqamətindəki yardımını və əməli köməkliyini bir daha xüsusi olaraq qeyd etmək istərdim. Təsəvvür edin, bu il Qəbələyə gedən yolun kənarında açdığımız baş su kəməri, tunel-kəmər və körpünün ətrafı məhz SEBA-nın səyləri nəticəsində çox operativ şəkildə hasara alındı. Əks təqdirdə həmin tapıntılar qısa vaxt ərzində diletant insanlar tərəfindən məhv edilə bilərdi.
Deyilənlərə onu da əlavə edim ki, ötən il SEBA-nın təşəbbüsü ilə Qəbələ tarix və mədəniyyət qoruğuna daxil olan Qala və Səlbir ərazisi bütünlüklə hasara alınıb. Son olaraq onu da bildirim ki, hazırda SEBA tərəfindən Qəbələ qazıntıları zamanı öyrənilən sahələrin üstünün örtülməsi və aşkar edilmiş abidələrin konservasiyası istiqamətində çox ciddi layihələr üzərində iş aparılmaqdadır. Hesab edirik ki, digər qeyri-hökumət təşkilatları da bu istiqamətdə müəyyən işlər görə bilərlər. Bunun üçün, sadəcə, hər kəsdə Vətən tarixinə, onun qədim və zəngin mədəni irsinə hörmət və məhəbbət hissi olması kifayət edər. Əgər belə olarsa, tariximizin torpaq altında yatan bir çox sirləri daha sürətlə və daha peşəkarcasına açılar.
Qafar Cəbiyev
Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 4.