Təqvim yada salır

 

Nəğmələrdə yaşayan Müslüm Maqomayev

 

Əgər yaşasaydı avqustun 17-də 67 yaşı tamam olacaqdı. Lakin həyatını vaxtından xeyli əvvəl tərk etməklə onu hərarətlə sevənləri dərindən kədərləndirdi. 17 avqust unudulmaz Maqomayevin doğum günü kimi hər zaman əlamətdar olacaq.Bu günlərdə dahi müğənninin doğum günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi barədə” sərəncam verməsi həmvətənlərinin unudulmaz sənətkara ehtiramının təzahürü kimi səsləndi və hamını sevindirdi.

Müslüm həyata səhnədə parlamaq üçün gəlmişdi. 17 yaşından başlayaraq onu dünyanın müxtəlif səhnələrində gurultulu və sürəkli alqışlar müşayiət edirdi. Babasının adını daşıyan sənətkar Dövlət Filarmoniyasının gül-çiçəklərə qərq olmuş səhnəsindən son mənzilə də xalqın gurultulu alqışları altında getdi. Matəm mərasimi zamanı Müslümün ancaq ona xas üslubda səslənən “Əlvida Bakı, mən səni bir daha görməyəcəyəm” mahnısı ürəkləri göynətməklə yanaşı, öz dərin səmimiyyəti ilə də hamını mat qoydu. Həmin anda hamıya agah oldu ki, bu dünyadan o dünyaya təkcə bənzərsiz istedad deyil, həm də BÖYÜK İNSAN köçür.

Tarixdən məlumdur ki, heç də bütün dahilər yüksək insani keyfiyyətləri ilə seçilməyib. Səmimiyyət kimi yüksək insani keyfiyyət tanınmışlara nadir hallarda xas olub. Müslümün əzəməti onun qəlbinin incəliyində və səmimiliyində idi. Bütün bunlar ifa etdiyi mahnılarda da özünü tam açıqlığı ilə büruzə vermişdi. “Dost” sözünə çox ciddi yanaşan ulu öndər Heydər Əliyev Müslüm Maqomayevi bütün Azərbaycan xalqı qarşısında “mənim dostum” adlandırırdı. Bu, böyük şəxsiyyətin böyük insani keyfiyyətlərə verdiyi qiymət idi.

Müslüm Maqomayev sovet estradasının meqa ulduzu kimi şöhrətlənmişdi. O, super professional müğənni idi, fantastik populyarlıq qazanmışdı. SSRİ məkanında heç bir müğənni Müslüm səviyyəsinə qalxa bilməmişdi. Müslüm böyük tutumlu stadionlarda görünməmiş uğurla konsertlər verən vaxtlarda Alla Puqaçova öz karyerasına hələ təzə-təzə başlayırdı. Hətta ən məşhur musiqi xadimləri də sovet estradasını Müslümsüz təsəvvür edə bilmirdilər. Müslüm həyatdan vaxtsız gedəndə sanki, özü ilə böyük bir sənət epoxasını da apardı. Moskvaya Maqomayevlə vidalaşmaq arzusu ilə gələnləri Çaykovski adına Dövlət Konservatoriyasının Böyük Konsert salonu da tutmurdu.

Onun səsi yeri gələndə bas-bariton kimi gurlayır, yeri gələndə də ona tenorsayağı oxu texnikası nümayiş etdirməyə imkan verirdi. Səsini tədricən gücləndirib, sonra yavaş-yavaş zəiflətməklə uzatmaq( buna vokalda filirovka deyilir), mahnı təranələrini dəqiq canlandırmaq, sözlərin tələffüzü zamanı dürüst diksiya nümayiş etdirmək, vokal cümlələrini ürəkdən duymaqla düzgün nizamlamaq, mahnının ovqatını tam incəliyi ilə çatdırmaq qabiliyyəti sayəsində Müslüm dinləyicilərin sevimlisinə çevrilmişdi. O, Azərbaycan bəstəkarlarının mahnılarını oxuyarkən muğam ifası texnikası elementlərindən də bacarıqla istifadə etməklə, onları dəfələrlə gözəlləşdirməsi sayəsində musiqisevərlərin böyük məhəbbətini qazanmışdı.

Müslüm bu və ya digər mahnının tempini ləngitmək, yaxud sürətləndirməklə , ona bəstəkarın nəzərə ala bilmədiyi incə məqamlar qoşmaqla ifa xarüqəsi yarada bilirdi. O, hərtərəfli savad , yüksək bədii mədəniyyət sahibi kimi oxuduğu mahnıların— rus, italyan, alman, Qafqaz mahnılarının milli xüsusiyyətlərindən bacarıqla yararlanırdı. Müslümün qeyri-adi, geniş intonasiyalı bariton səsi nadir olduğu üçün dərhal tanınırdı. Konsertlər zamanı konferansye növbəti nömrəni elan etmək üçün səhnəyə çıxıb “Oxuyur Müslüm...” ifadəsini tam dilə gətirməmiş ”Maqomayev” kəlməsi tamaşaçı-dinləyicilərin gurultulu və sürəkli alqışları altında eşidilməz olurdu.Çox hallarda Müslümü tamaşaçılar ayaq üstə qarşılayırdılar. Bütün bunlar böyük ifaçıya böyük xalq məhəbbətinin bariz nümayişi idi.

Müslüm ən tanınmış sovet bəstəkarlarının mahnılarını yüksək ifa zirvələrində reallaşdırırdı. Onun ən sevimli bəstəkarı A. Paxmutova idi. Müslüm A. Paxmutovanın hər bir mahnısının simfoniya qədər tutarlı olduğunu söyləyirdi. M.Maqomayev bütün mahnı janrlarının böyük xiridarı idi. Onun mahnılarını heç bir müğənni həmin gözəllikdə oxuya bilmirdi.

1960—1970-ci illərdə əcnəbi ölkələrdə və Sovet İttifaqında böyük müvəffəqiyyətlə konsertlər verən Maqomayev həddindən artıq şöhrət qazanmışdı. Ona olan məhəbbət “sitayiş” səviyyəsinə yüksələrək Sovet İttifaqının hər yerinə “epidemiya” kimi yayılmışdı. İndiki otuzyaşlıların analarının, demək olar ki, əksəriyyəti Müslümə dəlicəsinə vurulmuşdu. Onun konsertlərinə bilet tapmaq müşkül bir işə çevrilmişdi. Müslümün oxuma manerası, xarici görkəmi, özünü səhnədə aparması, qabiliyyəti, bir sözlə, hər bir hərəkəti adamların ağlını aparırdı. O, ideal artist və ideal centlemen idi. Böyük Tanrı ona gözəl səs, böyük istedad və xüsusən, qadınları heyran qoyan atletik görkəm vermişdi. Müslüm oxuyanda bütün enerjisini sərf etməkdən çəkinmirdi, səs tellərinə rəhmi gəlmirdi. Səsi bəmdə də, ortada da , zildə də öz gözəlliyini və məlahətini saxlayırdı. Çünki bu səs, Allah vergisi idi. Allah vergisi isə hər musiqiçiyə qismət olmur.

Müslüm operada da müvəffəqiyyətlə çıxış edirdi. Böyük italyan bəstəkarı Coakino Rossininin XIX əsrin ən yaxşı komik oprelarından sayılan “Sevilya bərbəri” operasında Fiqaronun böyük diapazonlu səs tələb edən çoxkeçidli kavatinasını Müslüm kimi xüsusi şövqlə və böyük məharətlə oxuyan olmamışdır. Bəzi məqamlarda bariton səsin onun üçün səciyyəvi olmayan soprano keçidləri Müslümün ifasını əlçatmaz edirdi. Qalın kişi səsi - bariton üçün yazılmış bu partiyanın müəyyən yerində incə qadın soprano səsinə yer verilməsinin öhdəsindən yalnız dünyanın bir neçə məşhur baritonu , o cümlədən musiqi ifaçılığı tarixində silinməz iz buraxmış məşhur italyan baritonu Titta Ruffo gələ bilirdi. Müslüm Maqomayevin də Fiqarosu onun yüksək ifa texnikası sayəsində öz sevimli sələfindən geri qalmırdı. Onu da deyək ki, uşaq ikən müğənni olmaq arzusunun gerçəkləşməsi üçün var qüvvəsini sərf edən Müslümün gələcək karyerasına tenor Enriko Karuzonun və bariton Titta Rufonun patefon valları öz həlledici təsirini göstərmişdi. Həyatda paradokslar az olmur. Musiqi məktəbində təhsil alan zaman uşaq xorunun solisti olmaq istəyən Müslümü səs tembrinin xoşagəlməzliyinə görə xordan kənarlaşdırmışdılar. O, özünün gələcəkdə bir müğənni kimi ad çıxaracağına inamını itirmədiyindən həmişə dəniz kənarına gedir və saatlarla, həm də var qüvvəsi ilə oxuyurdu. Mutasiya dövrü yetişəndə yeniyetmənin səsi açıldı və xoş tembrə büründü. Müslüm yeddinci sinifi bitirdikdən sonra musiqi məktəbinin vokal şöbəsində oxumağa başladı. Məktəbdə konsert praktikasına geniş yer verildiyindən o, dinləyicilər qarşısında çıxışlara başlamaq imkanı tapmışdı.Vokal şöbəsini bitirdikdən sonra müxtəlif mədəniyyət ocaqlarında çıxışları ilə diqqəti cəlb edirdi.

Nəhayət ki, 1962-ci ildə gənc ifaçının başına xoşbəxtlik quşu qondu. Həmin ildə Kremlin qurultaylar sarayında keçirilən Azərbaycan mədəniyyəti festivalında ona “Buhenvald harayı” mahnısını və ”Sevilya bərbəri” operasından Fiqaronun kavatinasını oxumaq nəsib oldu. Müslüm Maqomayevin ilk solo konserti isə 10 noyabr 1963-cü ildə Moskvanın Çaykovski adına konsert salonunda baş tutdu. Baxın, Hendelin, Motsartın, Rossininin, Şubertin, Çaykovskinin , Rahmaninovun, Hacıbəyovun vokal əsərlərini sürpriz gözəlliyi ilə oxuyan gənc müğənni sürəkli alqışlarla qiymətləndirildi.

Müğənni iki hissədən ibarət konsertdə nəzərdə tutulmuş 16 mahnı oxuyandan sonra proqram sona yetməli idi. Ancaq belə olmadı. Dinləyici-tamaşaçılar konsert salonunu heç cür tərk etmək istəmirdilər. Hamı ayaq üstə alqışlar yağdırmaqla müğənnini geri çağırmaq niyyətində idi. Müslümü müşayiət edən orkestrin səhnəni tərk etməsini görsələr də öz istəklərinə nail olmaq niyyətindən əl çəkmək istəmirdilər. Çaykovski adına konsert salonunda belə sürəkli çağırışların olmasını heç kim xatırlamırdı. Tamaşaçıların istəklərinə etinasızlıq göstərə bilməyən Müslüm planlaşdırılmamış üçüncü şöbədə royal arxasına keçərək özünün müşayiəti ilə daha yeddi mahnı - italyan və sovet estradası mahnısı oxudu. Bütün bunların şahidi olan SSRİ mədəniyyət naziri Yekaterina Furtseva demişdi: “Nəhayət ki, bizdə də əsl bariton peyda oldu”.

Müslüm 18 yaşında ikən Helsinkidə keçirilən gənclər festivalında uğurlu çıxışlarından sonra çox məşhurlaşmışdı. Bunu nəzərə alan Moskva onun İtaliyanın musiqi mərkəzi sayılan La Skala opera teatrında staj keçməsini lazım bilmişdi. Neapolda ikən1964-1965-ci illərdə məşhur vokal müəllimi maestro Cenarro Barradan mükəmməl vokal dərsi almış,yüksək ifaçılıq texnikasına yiyələnmişdi. O, həmçinin Coakkino Rossininin məşhur “Sevilya bərbəri” operasından hiyləgər bərbər Fiqaronun və Cakomo Puççininin ümümdünya şöhrəti qazanmış “Toska” operasından zülmkar polis rəisi Skarpianın partiyalarını və s. hazırlamışdı.

1963-cü ildə Azərbaycan Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlamış Müslüm Maqomayev, eyni zamanda, çox sevilən estrada mahnılarından ibarət uğurlu konsert proqramları ilə də tamaşaçıların sevimlisinə çevrilmişdi. Opera solistinin həm də estrada mahnıları ifaçısı kimi çıxışları görünməmiş bir hadisə idi. Dünyanın musiqi meridianlarında belə bir geniş ifa imkanlı müğənni heç vaxt çox olmamışdı.

Sonsuz populyarlıq qazanmış Müslüm 1966-cı ildə Parisin möhtəşəm “Olimpiya” konsert salonunda ilk konsertini vermişdi. ”Olimpiya”nın direktoru Bruno Kokatris Müslümün daha bir il Parisin bu salonunda oxuması üçün müqaviləni uzatmaq istəyini bildirmiş, onun az bir müddətdən sonra beynəlxalq miqyaslı ulduza çevriləcəyini vəd etmişdi. SSRİ Mədəniyyət Nazirliyi bu təklifə razılıq verməmişdi. Əsas səbəb kimi Müslümün hökumət konsertlərində çıxışlarının vacibliyi göstərilmişdi. Parisin mühacir dairələri də müğənninin Parisdə qalması və qeyri-leqal mühacirə çevrilməsi təklifini irəli sürmüşdülər. Müslüm onlara demişdi ki, “vətənim Azərbaycanı canımdan artıq sevdiyim üçün vətənsiz qala bilmərəm”.

Şöhrəti durmadan artan müğənni ifa tərzinin təkrarsızlığı ilə digər məşhur musiqiçiləri xeyli üstələmişdi. Ona vətənində və uzaqlarda xalq məhəbbəti durmadan artırdı. Müslüm 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən beynəlxalq estrada mahnıları festivalında birinci mükafata, Fransanın Kann şəhərində keçirilən beynəlxalq festivalda isə “Qızıl val”a layiq görülmüşdü.

Ötən əsrin 60-cı illərində Müslüm SSRİ-nin böyük şəhərlərində “Toska” və ”Sevilya bərbəri” tamaşalarında uğurla iştirak etmişdi. O, “Bolşoy Teatr”ın truppasına keçmək təklifi ilə razılaşmamış, estrada müğənnisi kimi qalmağı üstün tutmuşdu.Müslüm deyirdi ki, “həyatımın 2—3 ilini operaya sərf etmişəm. Sonralar başa düşdüm ki, opera çərçivəsi məni sıxır. Ona görə ki, oprea partiyası ən çoxu 40 dəqiqə çəkir. Tamaşa qurtarır. Mən isə elə hey oxumaq-oxumaq istəyirəm. Ona görə də solo konsertlər verməklə istəyimi reallaşdıra bildim. Solo konsertlərim olanda birinci şöbədə klassik əsərlər, ikinci şöbədə isə estrada mahnıları oxuyurdum. Buna görə də məni gözügötürməyənlər məzəmmət etməyə başladılar. Və etirazlarını o vaxtki mədəniyyət naziri Yekaterina Furtsevaya çatdırdılar. Nazir qadın bu bədxahlara belə demişdi: “Bunun nəyi pisdir axı?! Oğlan yaxşı oxuduğu üçün konsertlərinə saysız-hesabsız tamaşaçı gəlir. Onlar estrada mahnıları dinləmək üçün gəlirlər, Müslüm də onları həm də klassikaya qonaq edir. Buna ancaq sevinmək lazımdır”.

Müslüm SSRİ-də ilk xarici pop-mahnılar oxuyan müğənnilərdən biri idi. Bu, yüksək vəzifəli şəxslərin - Xruşşovun, Brejnevin, Andropovun, habelə Furtsevanın gənc müğənniyə yaxşı münasibətlərindən irəli gəlirdi. Həmin vaxtlar Müslümü stadionda verdiyi solo konsertinə görə pisniyyət məmurlara çox görünən miqdarda qonorar alması səbəbindən cəzalandırmışdılar. Onun yarım il ərzində səhnəyə çıxmasına qadağa qoymuşdular. Müğənni deyirdi ki, “bunun mənə xeyri o oldu ki, Bakıya qayıdıb Konservatoriyanı bitirib diplom ala bildim”.

Bir dəfə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Y. Andropov Y. Furtsevaya zəng vurub demişdi: “Bu yaxınlarda DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsinin) yubileyidir. İşçilərim Maqomayevə qulaq asmaq istəyirlər”. Y. Furtseva buna cavab olaraq demişdi ki, “Müslümün çıxışına qadağa qoyulmuşdur”. Andropov : “O, bizim siyahımızda son dərəcə təmizdir! Onun gəlişini təmin edin”- deyə qətiyyətini bildirmişdi. Müslüm Maqomayevin repertuarı çox rəngarəng idi. Onun konsertlərində rus dilində populyar mahnılardan savayı, italyan şlyagerləri və dünya xitləri , kinofilmlərdən , müziklərdən ən seçmə mahnılar səslənirdi. Çox vaxt da özünü fortepianoda müşayiət edirdi. Axı, Müslüm həm də əla pianoçu idi, Azərbaycan Konservatoriyasının eyni vaxtda fortepiano sinfini də beş üstəgəl ilə bitirmişdi. Müslümün ifasında Paxmutovanın, Feltsmanın və özünün bir-birindən gözəl mahnıları dinləyicilərin yaddaşlarında silinməz izlər buraxmışdı. Məşhur müğənnilərin çoxuna mahnı yazmaqdan vaz keçən məşhur bəstəkar Boris Feltsman Müslüm Maqomayev haqqında belə demişdi: ”O, mənim müğənnimdir. Yazdığım mahnıları mənim istədiyimdən də yaxşı, ürəkdən oxuyur".

Lakin aşağı eşelonlardakı kiçik məmurların Müslümdən xoşları gəlmir, ona hər cür pislik etmək məramlarında qalırdılar. Ona görə də Müslümə, “SSRİ xalq artisti” fəxri adı verilməsi üçün sənədlər Moskvaya göndəriləndən sonra bu təqdimata uzun müddət əhəmiyyət verilməmişdi. Müslümə belə bir münasibət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi çox narahat etmişdi. Bir dəfə L.İ. Brejnevlə söhbət zamanı Heydər Əliyev soruşmuşdu: “Bəlkə Müslümə bu adın verilməsini onun azərbaycanlı olmasına görə süründürməçiliyə salıblar?”. Ulu öndərimizin sözləri baş katibə təsir etdiyindən o, 31 yaşlı Müslüm Maqomayevə dərhal SSRİ xalq artisti fəxri adı vermişdi. Müslüm Maqomayev həmin yaşda bu böyük ada layiq görülmüş ilk ifaçı idi.

1960-1970-ci illərdə SSRİ-də Müslüm Maqomayevin populyarlığı görünməmiş həddə yüksəlmişdi. Onun stadionlarda verdiyi konsertlərə ən gözəl estrada mahnılarını dinləyib zövq almaq üçün on minlərlə adam gəlirdi. Hətta bir dəfə Lujniki stadionunda konsert vermək üçün stadiona gələn müğənninin avtomobilini fanatlar başları üzərində havaya qaldıraraq xeyli aparmış və sonra da ehmalca yerə qoymuşdular.

Maqomayev bir neçə nəslin sevimlisi idi. Onun konsert repertuarında 600-dən artıq əsər — rus romansları, klassik mahnılar, estrada və neapolitan mahnıları yer almışdı. O, “Nizami”, “Oxuyur Müslüm Maqomayev” və “Moskva notlarda” filmlərində çəkilmişdi. Maqomayev 20-dən artıq mahnı müəllifi idi, kinofilmlərə musiqilər yazmışdı. Onun məşhur “Toy” mahnısını dinləyən musiqiçi dostları zarafatla deyirdilər ki, əgər Müslüm bu mahnını toylarda oxusaydı yaxşı qazanardı. Müğənni telemüsahibələrinin birində həmin mahnını bir o qədər də sevmədiyini etiraf etmişdi. O, Amerika müğənnisi Mario Lansanın sənətinin vurğunu idi. Bu məşhur müğənninin həyat və yaradıcılığına həsr olunmuş televerilişlərin müəllifi və aparıcısı olmuşdu. Mario Lansa haqqında kitab da yazmışdı.

Müslümdə heykəltəraş və qrafika ustası istedadı da vardı. O, yaxşı şəkillər çəkir, heykəllər yapırdı. Yaxşı təşkilatçı kimi də tanınırdı. Yaratdığı Azərbaycan Dövlət Simfonik-Estrada Orkestrinin 1975-ci ildən başlayaraq 1989-cu ilədək bədii rəhbəri olmuş, SSRİ şəhərlərində dəfələrlə konsertlər vermişdi. Onun mahnıları yazılmış vallar böyük tirajlarla çıxırdı.

Azərbaycanın məşhur bəstəkarı və dirijoru Müslüm Maqomayevin şərəfinə Müslüm adı verilmiş bu zəkalı nəvə uşaqlıq və məktəb illərini doğma əmisi Camaləddin Maqomayevin himayəsində keçirmişdi. Müslümün teatr rəssamı olan atası Məhəmməd almanlarla savaş meydanında, müharibənin qurtarmasına 2-3 gün qalmış düşmən gülləsinə tuş gəlib həlak olmuşdu. O, müharibəyə gedəndə Müslüm bələkdə idi, oğlunun xoşbəxt gələcəyinə inam bəsləyən ata döyüş bölgəsindən ona məktub da yazmışdı. O, həmin məktubunda oğluna ədalətli və xoşniyyət insan kimi böyüyəcəyinə inam bəslədiyini bildirmişdi. Onun bir arzusu da Müslümün yaxın gələcəkdə həmin məktubu oxuya biləcəyi ümidi idi.

Müslümə ata nəvazişini duymaq xoşbəxtliyi nəsib olmadı. Əmisi Camaləddin Müslümü atadan da yaxşı saxladı və ərköyün böyütdü. Müslüm musiqi məktəbində dəcəl şagird kimi tanınırdı. Hətta bir dəfə onu cəzalandırmış, bir müddət pioner qalstuku taxmaması qərarını vermişdilər. Bundan sonra Müslüm özünü çox rahat hiss etməyə başlamışdı. Demişdi ki, qalstuk taxmamaq daha yaxşıdır, çünki yazı yazanda onun ucları mürəkkəb qabının içinə girərək bulaşır.

Müslüm telemüsahibələrinin birində söyləmişdi ki, Camaləddin əmisi dünyasını dəyişəndən sonra bir müddət özünü tənha hiss edən Müslümə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ata qayğısı göstərmiş, onun uğurlarına yol açmaq üçün əlindən gələni əsirgəməmişdi. Hətta Müslüm evlənib Tamara Sinyavskayanı alandan sonra toy səyahətinə öz vətəni Bakıya gələndə SSRİ xalq artisti, beynəlxalq mükafatlar laureatı, “Bolşoy Teatr”ın primadonnası Tamara xanımı bütün Azərbaycanın gəlini kimi hərarətlə qarşılamışdılar. Hətta ulu öndər şəxsən gənc ər-arvadın şərəfinə öz bağında məclis düzəltmişdi.

Doğma Azərbaycanı bütün varlığı ilə sevən və onu ana vətəni hesab edən Müslüm obyektiv səbəblərdən Moskvada bir bakılı kimi yaşamalı olmuş, Rusiya vətəndaşlığı almamışdı. O, Heydər Əliyevin yanına gəlib demişdi: “Bilirsiniz ki, mən çoxdandır ki, Moskvada yaşayıram , lakin oranın vətəndaşı deyiləm. Gördüyünüz kimi, Rusiyada ehtiraslar getdikcə qızışır. Ola bilsin ki, günlərin bir günü kimsə gəlib mənə desin ki, nə üçün burada qeydiyyatsız yaşayırsan? Ona görə də Moskva qeydiyyatına düşmək istəyirəm” . Ulu öndərimiz Müslümə belə cavab vermişdi: “Sən çoxdanın moskvalısısan, sənin Moskva pasportun olmalıdır”. Müslüm Bakı bağlarının birində dincələn zaman gətirib ona Azərbaycan pasportu təqdim etmişdilər. Müslüm Heydər Əliyevdən bunun səbəbini soruşanda belə bir cavab almışdı: “Sən Rusiya vətəndaşısan, lakin biz səni heç yerə buraxmarıq. Ancaq bilməlisən ki, sən həm də Azərbaycan vətəndaşısan”.

Ümummilli lider Heydər Əliyev Müslümün ifaçılıq karyerasına son qoymasından sonra ona və arvadına aylıq dövlət müavinəti ayırmışdı. Müslüm Prezident İlham Əliyevin atasının qoyduğu ənənəyə sadiq qalaraq maddi təminat məbləğini bir qədər də artırmasından çox razılıq edirdi.

Müslüm səhnə fəaliyyətini dayandırdıqdan sonra bəzi sözgəzdirənlər şayiə yaymağa başlamışdılar ki, guya müğənninin səsi batıb. Amma onun səsi əvvəlki kimi yerində idi. O, səhnədən ləyaqətlə getməyə üstünlük vermişdi. Hamının yaddaşında bülbül səsi ilə oxuyan Müslüm kimi qalmasını istəmişdi. Bir dəfə görkəmli incəsənət xadimlərindən kiminsə doğum günü münasibətilə təşkil olunmuş məclisdə özü də gözləmədən royal arxasına keçərək “Piter boyu”, “İtalyano” və daha bir neçə mahnı oxumuşdu. Salonda əyləşənlər Müslümün tam dolğun və çox məlahətli səslə oxuduqlarından vəcdə gəlib gurultulu alqış qoparmışdılar. Məşhur bariton İosif Kobzon heyranlıqla demişdi: “Belə səsi olan da səhnədən gedərmi?” Müslümün cavabı belə olmuşdu: ”Gedər, vaxtında gedər. Adamların səni fikrən yola salmasını gözləmədən gedər. Bir də ki, mən, böyük çıxmasın, bülbül xislətliyəm. İstəyəndə oxuyuram, istəməyəndə yox”.

Müslümü xeyli müddət qastrollarda müşayiət etmiş istedadlı pianoçu Çingiz Sadıxov danışırdı ki, Moldovanın paytaxtı Kişinyovda təntənəli konsertdən sonra otelə qayıdan Müslüm küçədən onu çağıranların kimlər olduğunu bilmək üçün pəncərədən baxanda görmüşdü ki, az qala böyük bir tamaşaçı ordusu yığışıb onun oxumasını inadla tələb edir. Bu adamlar Müslümün konsertinə düşə bilmədikləri üçün onu otelin eyvanından dinləmək arzusunda olanlar idi. O, Çingizdən soruşmuşdu: “Musiqi müşayiəti olmadan necə oxuyum? Onda gəl belə edək, sən get restoran çalğıçılarından akkordeonlarını al gətir, çal, mən də oxuyum”. Dinləyicilərini heç vaxt naümid qoymaq istəməyən Müslüm qaldığı otel nömrəsinin eyvanından akkordeonun müşayiəti ilə əsl konsert vermişdi.

Bir dəfə də Moskva restoranlarının birində keçirilən Tamara Sinyavskaya ilə toy mərasimində küçədə toplaşmış fanatlarının təkidi ilə pəncərəni açıb mahnılar oxumuşdu. Soyuq havada verdiyi “konsert” nəticəsində əməlli-başlı soyuqlamışdı. Müslüm fanatlarını son dərəcə çox sevən və onlar tərəfindən dəlicəsinə sevilən müğənni idi. Əfsanəvi müğənni son zamanlar ürəyinin işemik xəstəliyindən və qan damarlarının aterosklerozundan əziyyət çəkirdi. Buna görə də dəfələrlə xəstəxanada yatmalı olmuşdu. 2008-ci ilin oktyabr ayının 25-də Müslümün ölüm xəbəri bütün pərəstişkarlarını sarsıtdı. Moskvanın Çaykovski adına konsert salonunda – onun gənc yaşlarında solo konsertlə çıxış etdiyi musiqi məkanında təntənə ilə keçən vida mərasimi sonradan babasının adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasında davam etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin inadlı təkidi ilə ( ona görə ki, həm də Rusiya vətəndaşı olan Müslüm Maqomayevi böyük rus balerinası Aqreppina Vaqanovanın adı ilə tanınan Vaqanova məzarlığında dəfn etmək qərara alınmışdı) əfsanəvi müğənninin cənazəsi xüsusi təyyarə ilə Bakıya gətirildi və 29 oktyabr 2008-ci ildə Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında Vətən torpağına tapşırıldı. Bu zaman əfsanəvi sənət fədaisinin 66 yaşı vardı...

1997-ci ildə Günəş sisteminin kiçik planetlərindən birinə “974 SP” kodu altında “4980 Maqomayev” adı verilmişdi . Onu sevənlərə elə gəlir ki, Müslüm Maqomayev ölməmişdir, ruhu onun adını daşıyan planetin trayektoriyası ilə kainatı dolaşır və kosmosdan bütün dünyaya mahnılar ərməğan edir.

 

 

Arif Hüseynov

 

Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 5.