“Sənə oğul olammasam...”
1975-ci ilin avqust ayında Ağcabədinin Qaravəlli kəndində Baxış müəllimin ailəsində gözəl bir oğlan uşağı dünyaya gəldi. Bütün oğlu olan analar kimi Səhər xanım həmin gün qürurlanıb taleyə yazılası bır gün yaşadı... Hələ orta məktəbdə ikən Fəqanın bəzi xüsusiyyətləri müəllimlərinin, kollektivin diqqətindən yayınmırdı. O, yoldaşlarına nisbətən fəal, çevik və məsuliyyətli idi. Quş qanadlı illər ötdükcə Fəqan da böyüyüb sağlam bir oğlan oldu. Orta məktəbi namərd qonşularmız torpaq iddası ilə soydaşlarımızı Ermənistandan və Dağlıq Qarabağdan kütləvi şəkildə qovanda — müharibənin başlandığı ilk dövrdə bitirdi. O zaman Fəqan bütün qeyrətli vətən oğulları kimi Vətənin müdafiəsinə hazır olduğunu qət etdi. Öz fikrini ailədə ata-anasına bildirdi. Onlar Fəqana uğurlu yol arzuladılar.
Vətən eşqim, qalx
ayağa,
Göyü yandır, yeri yandir.
Sənə oğul olammasam,
Məni diri-diri yandır.
1993-cü ildə Fəqan hərbi komissarlığa gələrək döyüşə könüllü getmək arzusunda olduğunu bildirdi... O illərdə vətənin ixtisaslı hərbi kadrlara çox böyük ehtiyacı olduğu üçün hərbi komissarlıq Fəqana Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində (indiki H.Əliyev adına Hərbi Akademiya)oxumağı məsləhət bildi. 1993-cü ildə Fəqan həmin ali məktəbə daxil oldu. 1997-ci ildə o, məktəbi bir zabit kimi əla qiymətlərlə bitirib Azərbaycan Müdafiə Nazirliynin göndərişi ilə Tərtər rayonuna, yağı düşmənlə üzbəüz N-saylı hərbi hissəyə vzvod komandiri təyin olundu. İlk gündən əsgərlərin, hissə komandirlərinin dərin hörmətini qazandı, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib intizamlı zabit olduğunu öz hərbi işində sübut edərək, dəfələrlə təltiflər aldı.
O, bu illərdə
Azərbaycan Mudafiə Nazirliyinin Tərtər, Mingəçevir,
Bərdə, Şəki, Gəncədəki hərbi hissələrində
tabor komandiri xidməti vəzifəsini yerinə yetirdi. Fəqan
bu müddətdə mənfur düşmənimizin
ayağının Vətən torpağına dəyməməsi
üçün vuruşur, sərhədi qoruyurdu. Onun hərbi
paltarı sevimli libası oldu. Ayaqları qabar olsa da, əsgər
çəkmələrini çıxarmadı, rahat yataqda
yatmadı, ləzzətli ev yeməklərinə, ailəsinə,
körpə balalarına həsrət qaldı. Ömrünün
ən gözəl çağını, qaynar gəncliyinin
qışını, yazını cəbhədə
keçirdi. Yastığı Vətən daşı,
döşəyi Vətən torpağı, yorğanı Vətən
göyləri oldu. Ancaq içdiyi əsgər andına sadiq
qalıb müharibənin çətinliklərinə sinə
gərdi. Mayor rütbəsinə çatdı və tabor
komandiri oldu. Fəxri fərmanlar, təşəkkürlər
aldı, şəkli şərəf lövhəsini bəzədi.
Atası Baxış müəllim, anası Səhər onunla
fəxr edirdi. Fəqan həm fiziki, həm mənəvi cəhətdən
tam yetkin şəxsiyyət, ağıllı və təcrübəli
hərbçi olmuşdu. Ancaq müəllim atası, nigaran
anası döyüş zonasında olan oğlundan həmişə
narahat idilər. Onlar səksəkəli
yaşayır, gördükləri yuxuları xeyirə yozur və
gözləri daim cəbhə yollarına dikilirdi.
Müstəqil Azərbaycanın
zabiti, mayor Xudaverdiyev Fəqan Baxış oğlunun 4 körpə
balası da (böyüyünün 9, sonbeşiyi 2
yaşında) atalarını doyunca gorməmişdilər.
Onun qısamüddətli gəlişini həsrətlə,
intizarla gözləyirdilər. Fəqanın işi imkan vermədi
ki, ilk ovladı Adəmin, yeganə qızı Gültəkinin
məktəbə getməsini, Eltonun dil, Elcanın ayaq
açmasını görsün. O, Azərbaycan Müdafiə
Nazirliyinin əmri ilə 2007-ci ildə təkrarən Tərtər
rayonundakı N saylı hərbi hissənin 2-ci motoatıcı
taborunun komandiri oldu. Tərtər rayonunda onun komandir olduğu
bu tabor yağı düşmənlə üzbəüz 18
km bir məsafəni ermənilərdən qoruyurdu. Neçə
dəfə mənfur qonşularımız atəşkəsi
pozan zaman onun taboru ermənilərə çox layiqli cavablar
vermişdi. Tabeliyində olan əsgər və zabitlərə
çox qaygı və hörmətlə yanaşır, “bu
dünya heç kimə qalmayacaq, bizdən bircə elədiyimiz
xeyirxahlıqlar qalacaq”- deyirdi Fəqan.
Bir neçə dəfə
anası Səhər xanım oğluna ehtiyatlı
olmağı tapşıranda “öz torpağını
qorumaq, onu düşmən tapdağından azad etmək şərəfdir,
ana. Mən təlim görmüş zabitəm. Vətən
dar gündədir, düşmən qəddar və
amansızdır. Onunla üzbəüz dayanmışıq.
Geriyə yol yoxdur” - demişdi.
Nə tükənməz gənclik
ehtirası, nə şirin canı, nə körpə
balaları, nə hey gözü yolda qalan gənc həyat
yoldaşı onun düşməndən intiqam almaq,
torpaqları azad etmək istəyini azalda bilmədi. Qısa
ömrünün 17 ilini Vətənə qulluğa sərf
etdi. Ona görə də N saylı hərbi hissənin
göndərişi ilə Bakı şəhərinə təhsilini
davam etdirmək üçün ezam olundu. O, 2008-ci ilin avqust
ayında Azərbaycan Müdafiə Nazirliyinin Hərbi
Akademiyasına daxil oldu.
Qaranlıq, müdhiş bir gecədə
yeni döyüş tapşırığı bu igidin– mayor
Xudaverdiyev Fəqan Baxış oğlunun həyatına elə
2008-ci il avqustun 22-də son qoydu. Bu pəhləvan cüssəli
zabit özünün komandir olduğu N saylı hərbi hissənin
həyətində 32 yaşında faciəli şəkidə
həlak oldu.
Fəqanın şəhid
olması xəbəri doğulub boya başa
çatdığı Ağcabədi rayonunun Qaravəlli kəndində
ildırım kimi çaxdı. Adamlar dəstə-dəstə
Baxış müəllimə, beli bükülmüş Səhər
anaya həyan olmağa gəlir, dərdlərinə şərik
çıxırdılar. İnanın , o gün Fəqangilin
həyətində o qədər adam vardı ki, iynə atsan,
yerə düşməzdi. Kənd hələ indiyə kimi bu
qədər qonaq qəbul etməmişdi. Gəlmişdilər
ki, onların azadlığı, xöşbəxtliyi və gələcəyi
üçün canını qurban verən, əbədiyyətə
qovuşan igid Vətən oğlu ilə vidalaşsınlar.
Vaxtı ilə Fəqanla
öyünən, az qala onunla nəfəs alan atası
Baxış müəllimin indi yaşının ixtiyar
vaxtı bu faciədən beli bükülüb. Anası Səhər
bu vaxtsız ölümlə, əvəzsiz itki ilə
barışa bilmir.
Esmiranın donmuş
baxışlarında atasız balalarını Fəqanın
adına layiq böyütmək məsuliyyətinin
ağırlığı ilə bərabər, çiliklənmiş,
parça-parça olmuş bir nakam məhəbətin
ağır itkisi həkk olunub.
Bu dərd Fəqanın nə
xaricdə yaşayan bacısı Saranı, nə də ailəsindən
xəbərsiz qalaraq ata-ananı ovundurmağa
çalışan qardaşı Hacı Nicatı, nə də
əmisini hələ uzun illər tərk etməyəcək.
Amma onlar bilməlidirlər ki, şəhidlər ölmür,
gülə-çiçəyə dönüb yenidən yer
üzünə qayıdırlar.
Hacı Naxış
Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 6.