“Gallup” kimi nüfuzlu bir təşkilatın apardığı rəy sorğusunun nəticələri Azərbaycan reallıqlarını əks etdirir

 

Müsahibimiz YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır.

— Mübariz müəllim, Amerikada yerləşən nüfuzlu “Gallup” təşkilatının Azərbaycanda apardığı rəy sorğularının nəticələrində bildirilir ki, Azərbaycan əhalisinin 77 faizi hakimiyyətin fəaliyyətindən razıdır. Beynəlxalq təşkilatlar rəy sorğusu apararkən əsasən hansı sahələri diqqət mərkəzində saxlayırlar?

— İctimai rəyin öyrənilməsi ilə əlaqədar ayrı-ayrı ölkələrdə müxtəlif qurumlar fəaliyyət göstərir və bunların sırasında ABŞ-da yerləşən “Gallup” İnstitutu xüsusilə qeyd olunmalıdır. Bu qurum ictimai rəyin, dünya üzrə insan resurslarının öyrənilməsi, statistik araşdırma xidmətləri göstərməklə məşğuldur. Qeyd edim ki, bu qurumun keçirdiyi rəy sorğuları özünün obyektivliyi ilə fərqlənir. Yəni, bu qurumun keçirdiyi rəy sorğuları tam elmi əsaslara söykənir və çox ciddi hazırlıq işləri aparıldıqdan sonra onun çıxardığı nəticələr əsasında həmin sorğular elan edilir. ABŞ-ın bu qurumunun Azərbaycanda keçirdiyi sorğu və bunun nəticələri hesab edirəm ki, ölkəmizdəki reallıqlarla üst-üstə düşür. Bəzi müxalifət nümayəndələrinin və mətbuatının həmin nüfuzlu qurumun keçirdiyi rəy sorğularını və onun nəticələrini hansısa formada gözdən salmağa cəhd göstərməsi sadəcə gülüş doğurur. Niyə bu qənaətdəyəm? Hər şeydən əvvəl ona görə ki, xalq çox yaxşı bilir ki, “Gallup” təşkilatı dünya miqyasında tam etimad qazanmış və qurumun çıxardığı nəticələr hamı tərəfindən tamamilə qəbulediləndir. Buna görə də Azərbaycan əhalisinin 77 faizinin hakimiyyətin fəaliyyətindən razı qalması qənaətinə gəlinməsi ölkəmizdəki reallığı özündə əks etdirir. Biz ötən il keçirilən prezident seçkilərində və bu il keçirilən ümümxalq səsverməsində (referendumda) Azərbaycan seçicisinin, vətəndaşının hakimiyyətə, dövlətimizə münasibətini bir daha aydın şəkildə gördük. Həm prezident seçkiləri, həm də ümumxalq səsverməsi (referendumda) həmin rəqəmlər bu və ya digər formada özünü büruzə verdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə həm seçicinin, həm də vətəndaşların münasibətinin göstəricisidir. Bu gün biz görürük ki, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, xarici siyasət sahəsindəki uğurlar o cümlədən Azərbaycanın Cənubi Qafqaz bölgəsindəki lider dövlətə çevrilməsi, ölkəmizin sürətli inkişafı, həmçinin hər bir vətəndaşın, hər bir azərbaycanlının həyatında müsbətə doğru baş verən dəyişikliklər təbii ki, Azərbaycan vətəndaşını hakimiyyətə, onun yeritdiyi siyasətə müsbət münasibət göstərməyə sövq edir və rəyi soruşulan hər bir şəxs də bunu açıq şəkildə ifadə edir.

— Regionların sosial-iqtisadi inkişafı, beynəlxalq standartlar səviyyəsində, tikilən istehsal və sənaye müəssisələri, yeni iş yerlərinin açılması da yəqin ki, bu sorğunun nəticələrinə öz müsbət təsirini göstərməmiş olmaz.

— Təbii ki, elədir. Mən bir faktı oxucuların diqqətinə çatdırmaq istərdim. Bu günlərdə cənab Prezident Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edirdi. Dövlət başçısı yerli sakinlər qarşısında çıxış etdi və çıxışında Naxçıvanda görülən işlərlə bərabər, o cümlədən ümumilikdə Azərbaycan üzrə sosial-iqtisadi sahələrdə həyata keçirilən məsələlərdən danışdı. Bu tədbirlərdə Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü və Milli Məclisin deputatı kimi mən də dəvətli idim. Doğrusu, Naxçıvanda son dövrlərdə sosial-iqtisadi sahədə baş verən dəyişikliklər tədbirdə iştirak edən nümayəndə heyətinin hər biri tərəfindən çox böyük rəğbətlə, məmnunluqla qarşılandı. Yəni, bu gün həm Naxçıvanda, həm də Şəmkirdə, mən bu rayondan deputat seçildiyimə görə Şəmkiri qeyd edirəm, ümumiyyətlə, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda quruculuq, abadlıq işləri, yeni iş yerlərinin açılması və digər proseslər gedir. Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Bütün bunlar, əlbəttə, Azərbaycanda seçicinin, vətəndaşın hakimiyyətə, dövlət rəhbərinə münasibətinin formalaşmasına təsir göstərir. Hər bir vətəndaş, hər bir seçici də ona yönələn suallara cavab verərkən özünün həyatında, yaşadığı ərazidə baş verən dəyişiklikləri göz önünə gətirərək cavab verir. Gallup”ın keçirdiyi həmin rəy sorğuları tam anonim şəkildə aparılmışdır. Ona görə də bu sorğuların nəticələrini hansısa formada şübhə altına almaq hesab edirəm ki, ümumən sorğu keçirmə texnologiyasını və bu sahədə əldə edilmiş nailiyyətləri şübhə altına almaq deməkdir. Əslində, dəfələrlə müşahidə etmişik ki, bəzi müxalifət partiyalarının nəzarətində olan mətbu orqanlarda, qəzetlərdə bəzən özlərinin “keçirdikləri” sorğuların nəticələri elan olunur. Yəni, müxalifət partiyalarının nəzarətində olan bəzi QHT-lərin keçirdikləri “rəy sorğularının” nəticələri barədə məlumatlar verilir. Həmin sorğuların başdan-ayağa saxtakarcasına aparıldığı müşahidə olunur. Müxalifət partiyaları bu və ya digər sorğu nəticələri elan edirsə, həmin sorğular demək olar ki, onların hansısa bir anket sorğuları ilə deyil, yalnız hansısa bir yerdə oturaraq uydurma yollarla həyata keçirilir. Belə sorğuların nəticələri də təbii ki, uydurma olur. Amma “Gallup” kimi mötəbər, nüfuzlu bir qurumun keçirdiyi sorğu tamamilə elmi əsaslara söykənir və elmin bu sahədə əldə etdiyi nailiyyətlər əsasında aparılır. Hesab edirəm ki, “Gallup” təşkilatının keçirdiyi rəy sorğusu Azərbaycan hakimyyətinin həyata keçirdiyi siyasətin sorğu yolu ilə öyrənilməsi baxımından əhəmiyyətlidir və bu, Azərbaycan vətəndaşı ilə Azərbaycan hakimiyyətinin, iqtidarla xalqın vəhdətinin göstəricisidir.

— Mübariz müəllim, şübhəsiz ki, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində dövlətimizin gördüyü işlər də xalqın ürəyincədir. Azərbaycan diplomatiyasının uğurları Ermənistanı beynəlxalq aləmdə bir küncə sıxışdırıb. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

— Seçiciyə, vətəndaşa hər hansı bir sual ünvanlanırsa, həmin sorğularda sual yalnız bir istiqaməti əhatə etmir. Bu suallar müxtəlif sahələri özündə əks etdirir. Sosial təminatdan başlamış vətəndaşların həmin sorğular zamanı hakimiyyətin daxili və xarici, sosial-iqtisadi siyasətinə, insan haqlarının, demokratik dəyərlərin qorunması, dövlət idarəçiliyi zamanı məmurlarla vətəndaşların münasibətləri, vətəndaşların fəaliyyətinin digər sahələri və başqa amillər sorğuda öz əksini tapır. Aydın məsələdir ki, vətəndaş bu sorğuları hansısa bir formada cavablandırsa, bu zaman yalnız iqtisadi göstəriciləri deyil, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqe, həmçinin Azərbaycan xalqının hər birinin içərisində daim yaşayan Dağlıq Qarabağ məsələsi və bunun həlli ilə əlaqədar həyata keçirilən siyasətin nəticəsi də göz önünə gətirilir. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsi, işğal olunmuş ərazilər, xalqın və məcburi köçkünlərin problemlərinin həlli və digər məsələlər bu gün Azərbaycan vətəndaşının diqqət yetirdiyi ən öncül məsələlərdən biridir. Bəzən insanlarla söhbətdə iqtisadi məsələlərdən daha çox Dağlıq Qarabağ məsələsinin qabardıldığının şahidi oluruq. Vətəndaşlar bu məsələyə çox diqqət yetirirlər. Bu, hər birimiz üçün bir nömrəli məsələdir. Hər bir Azərbaycan vətəndaşı, seçicisi də Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətinin davamçısı kimi bu yöndə çox ciddi irəliləyişlərə nail olduğunu görür. Bu gün Ermənistan iqtisadi sahədə Azərbaycandan qat-qat geridir. Diplomatik cəbhədə Ermənistan tamamilə tərksilah vəziyyətindədir. Mənəvi cəhətdən düşkün, hərbi-nöqteyi nəzərdən Azərbaycandan dəfələrlə geridədir, əsgərlərin ruh yüksəkliyi məsələsində biz Ermənistandan tamamilə üstün vəziyyətdəyik. İctimai-siyasi vəziyyət, cəmiyyətin mənəvi-psixoloji durumu baxımından da Ermənistandan qat-qat üstünük. Bu üstünlüklər bütün cəbhə boyu Azərbaycanın Ermənistan üzərində hücumunun effektinə gətirib çıxarmışdır. Bizim apardığımız uğurlu siyasət Ermənistanı sülhə məcburetmə siyasətidir. Bu siyasət, Ermənistanı sülh bağlamağa məcburetmə siyasəti əgər iqtisadi, psixoloji, diplomatik və digər vasitələrlə öz həllini tapmırsa, deməli bunun həlli sonuncu variant kimi hərbi yolla gündəmdə qalır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən sonuncu toplantısında, o cümlədən digər çıxışlarında bu məsələyə aydınlıq gətirərək deyib ki, biz danışıqları davam etdiririk. Bu danışıqlarda biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bir nömrəli məsələ kimi gündəmdə saxlamışıq. Əgər bu danışıqlarda Ermənistan konstruktivlik nümayiş etdirməsə, Azərbaycan BMT-nin Nizamnaməsində müəyyən olunmuş prinsipə söykənərək problemin hərbi yolla həll etmək hüququnu özündə saxlayır. Yəni, Azərbaycan vətəndaşları “Gallup”un keçirdiyi sorğularda Qarabağ məsələsi ilə bağlı suala cavab verərkən bu yöndə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin ümumi məntiqinin milli, dövlət və xalqımızın maraqları baxımından çox yüksək səviyyədə olduğunu və mümkün olandan da artığının edildiyini görərək Azərbaycan Prezidentini, hakimiyyətini müdafiə edir. Çünki hər bir vətəndaş bu problemin kökündə nəyin dayandığını və problemin həllini yubadan səbəblərin nədən ibarət olduğunu tamamilə bilir. Problemin geopolitik bir problemə çevrildiyini və burada böyük dövlətlərin maraqlarının toqquşduğunu, Azərbaycanın bu məsələnin həlli ilə əlaqədar çox sürəkli, davamlı və hücumçu bir diplomatik xətt yeritdiyini və düşmənin Azərbaycanın uğurları qarşısında nə qədər fəlakətli şəkildə təlaş keçirdiyini görür. Azərbaycan vətəndaşı bu yöndə dövlət başçımızı, hakimiyyəti müdafiə edir. Baxın, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında nə qədər işlər görülüb. Son illər bu istiqamətdə həyata keçirilən böyük və nəhəng işlər istər-istəməz hər bir vətəndaş tərəfindən müsbət qarşılanır. Bu gün Azərbaycan Prezidentinin siyasəti xalqın, vətəndaşın, seçicinin hər birinin müdafiə etdiyi, bəyəndiyi siyasətdir. Bu siyasətə kölgə salmaq istəyənlərin də xalq tərəfindən inkar edilməsi onların məhz inkarçı mövqeyinin nəticəsidir.

 

 

Bədəlov Ə.

 

Xalq qəzeti.-2009.-7 avqust.- S.2.