Goranboy:
İnkişafın yeni mərhələsi
Goranboy həm ərazisinə, həm də əhalisinə görə respublikanın böyük rayonlarındandır. Bir tərəfi Arana, arxası Qarabağ yaylasına, bir yanı Mincəçevir dəryaçasına, bir səmti də Gəncə kimi iri sənaye və mədəniyyət mərkəzinə qovuşan bu bölgənin münbit torpaqları, zəngin təbii ehtiyatları, son illərdə yeniləşmiş və böyümüş maddi-texniki bazası, ən başlıcası yorulmaq bilməyən, saf niyyətli insanlarının zəhməti inkişaf və tərəqqi üçün hərtərəfli imkanlar açır.
Bu resurslardan necə istifadə olunur, ötən illərin uğurları necə davam etdirilir, adamların güzəranında hansı dəyişikliklər baş verir, bölgədə mənəvi-siyasi ab-hava necədir? Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin geniş iclasında qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə, ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş ümumrayon toplantısında bu məsələlər ətrafında işgüzar, təhlili dhiskussiya aparıldı.
Rayon icra hakimiyyətinin başçısı Elşən Abasov hesabat məruzəsində 6 ayın uğurlarını və məsul vəzifələri geniş şərh etdi:
– Son illərdə ölkəmizdə, eləcə də Goranboy rayonunda qazanılmış tarixi uğurlardan söz açan natiq bildirdi ki, şübhəsiz, bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi iqtisadi strategiyanın dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirən, amalları həyat gerçəkliyinə çevirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanda son illər aparılan islahatlar nəticəsində dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizə təsiri minimum dərəcədə hiss olunur. Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir. Möhtərəm Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixində ilk dəfə olaraq, biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək. Bu, 1 ildə 500 min ton əlavə taxıl deməkdir.
Bir müddət bundan əvvəl Azərbaycanda çox böyük Şəmkirçay su anbarının təməli qoyuldu. Goranboylular bu layihənin reallaşmasını uzun illər idi ki, gözləyirdilər. Beş rayona xidmət edəcək Şəmkir maşın kanalı təxminən 74 min hektar sahəni əhatə edəcək ki, bunun da 20 min hektarı rayonumuzun payına düşür. Maşın kanalının istifadəyə verilməsi ilə rayonda suvarma suyu ilə bağlı problem, demək olar ki, tam həllini tapacaq. Buna görə bütün goranboylular adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.
2009-cu ilin birinci yarısının yekunları rayonda da təhlil olunmuşdur. Respublikamızda olduğu kimi, rayonda da bütün sahələrdə analoji inkişaf özünü göstərmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər) bu ilin əvvəlində uğurla başa çatmışdır. 2009–2013-cü illəri əhatə edən yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vəzifələr konkretləşdirilmiş, yerli resurslar və digər mənbələr nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişaf planı təsdiq edilmişdir. Planda abadlıq-quruculuq işləri, əhalinin içməli və suvarma suyuna olan tələbatının daha da yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, istehsal və emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Respublika təşkilatlarının səlahiyyətinə aid olan problemlərin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir. Artıq bəzi dövlət orqanlarından müsbət cavablar almışıq. İlin sonunadək Rus Borisi kəndində 180 şagird yerlik məktəb binasının tikintisinə başlanacaq. Növbəti illərdə Mərkəzi Xəstəxana təmir ediləcək, yeni avadanlıq və inventarla təchiz olunacaq. Gigiyena və Epidemiologiya Mərkəzi üçün, habelə Əzizbəyov, Qaradağlı, Muzdurlar, Aşağı Ağcakənd həkim məntəqəsi, Balakürd, Qasımbəyli, Yeniyol, Hacallı, Qaramusalı və Qırıxlı kəndlərində tibb məntəqəsi üçün, 17 kənddə sahə baytarlıq məntəqəsi üçün inzibati binalar tikiləcək. İlin sonunadək Goranboy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanacaqdır.
Proqrama uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində aparılan tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə yeni mərhələyə keçmiş, yerinə yetirdiyimiz işlərdə müasirlik və keyfiyyət öndə durmuşdur. Birinci dövlət proqramında rayonda 5 bölmə üzrə tədbirlər nəzərdə tutulduğu halda, ikinci proqramda 13 bölmə olmaqla, rayon üzrə həllivacib bütün məsələlər əhatə edilmişdir.
Dövlət Proqramında yalnız Goranboy və Dəliməmmədli şəhərlərində küçə və səkilərin tikintisi rayon icra hakimiyyətinə həvalə edilmişdir. Ötən müddətdə Goranboy şəhərində 5 küçədə 2,4 kilometr uzunluğunda, Dəliməmmədli şəhərində 360 metr, Qızılhacılı qəsəbəsində isə 500 metr uzunluğunda asfalt örtük salınmışdır. Goranboy şəhərində 720 metr piyada yolu tikilmişdir. Hesabat dövründə rayonda ümumilikdə 29 milyon 55 min manatlıq tikinti-abadlıq işləri görülmüşdür. Bunun 5 milyon 662 min manatı daxili imkanlar hesabına yerinə yetirilmişdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəmlər müvafiq olaraq 17 və 2,8 milyon manat təşkil etmişdir.
Tikintiyə yönələn investisiya 2003-cü ildə 1,4 milyon manat, 2007-ci ildə 12,6 milyon manat olduğu halda, yalnız 2009-cu ilin birinci yarısında bu rəqəm 23 milyon manat təşkil etmişdir. Sosial sahəyə qoyulan investisiya da kəskin artmışdır. 2003-cü ildə bu rəqəm 65,2 min manat, 2006-cı ildə 603 min manat olduğu halda, ötən yarım ildə 4,4 milyon manat təşkil etmişdir.
Hesabatda daha sonra göstərilirdi ki, ötən ilin müvafiq dövrünə nisbətdə ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 71,6 milyon manata, adambaşına düşən gəlir isə 15 manat artaraq 691 manata çatmışdır. Rayonda bir nəfərin aylıq istehlak səbəti respublika göstəricisini 8 manat qabaqlayaraq 92 manat təşkil edir. Nəzərə alsaq ki, bir nəfərin orta aylıq gəliri 115 manatdır, onda 92 manat istehlak səbəti nəzərə alındıqda hər bir nəfər üçün 23 manat sərbəst pul vəsaiti qalır. Bu isə yüksək göstəricidir.
Ötən il rayonun 1366 nəfər sahibkarı 5 milyon 952 min manat güzəştli dövlət kreditlərindən istifadə etmişdir. Cari ilin 6 ayında isə əhali tərəfindən eyni məqsədə 2,8 milyon manat vəsaitdən istifadə edilmişdir. 2009-cu ilin birinci yarım ilində əhalinin bütün mənbələrdən pul gəlirləri 66,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 2,4 milyon manat çoxdur. Adambaşına düşən gəlir 691,8 manat, orta aylıq nominal əmək haqqı isə 185,3 manat təşkil etmişdir.
Goranboy şəhərinin 3 ərazisində 10,9 hektarda yaşıl ot örtüyü salınmış, 96 mindən çox dekorativ ağac və gül kolları əkilmişdir. Bütövlükdə, son iki ildə rayonda yaşıllıq zolaqlarının salınması və bərpası məqsədilə 410 mindən artıq müxtəlif növ ağac əkilmişdir ki, bunun da 120 mindən artığı bu ilin payına düşür.
Məruzəçi qeyd etdi ki, ilin əvvəlindən Maliyyə və Statistika idarələrinin inzibati binasında, 16 mənzilli kommunal yaşayış evində tikinti işləri başa çatmışdır. Subartezian quyularının istismarı idarəsi və Suvarma sistemləri idarələrinin inzibati binası isə əsaslı təmir edilmiş, ərazisi abadlaşdırılmışdır.
Heydər Əliyev parkında, Kapital Bankın rayon şöbəsinin, mədəniyyət və turizm şöbələrinin qarşısındakı fəvvarə kompleksləri yenidən qurulmuşdur. Ötən dövrdə Goranboy şəhərinin 3 istiqamətdən girişində yol dairələri yenidən qurulmuş, hər birinin ərazisində dövlətimizin rəmzi olan irihəcmli bayraq ucaldılmışdır. Region üçün strateji əhəmiyyət kəsb edən, düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində daha möhtəşəm, hündürlüyü 60 metr olan bayrağın inşası başa çatmaq üzrədir. Goranboy şəhərinin girişində istirahət kompleksinin, üzgüçülük hovuzunun tikintisi davam edir.
Hazırda EKO qəsəbəsində məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün Veyisli kəndi yaxınlığında yeni qəsəbənin inşası aparılır. Bütün infrastruktura malik qəsəbə bu ilin sonunadək istifadəyə veriləcək. Hazırda qəsəbənin tikintisində 1200 nəfərdən çox işçi çalışır.
Ölkə Prezidentinin tapşırığına əsasən, 2005–2012-ci illəri əhatə edən “Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Goranboy rayonunda işə başlanmışdır. Artıq həlli vacib olan və müxtəlif kəndləri əhatə edən 28 problemin siyahısı hazırlanmışdır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı sahəsində hər iki idarənin fəaliyyəti qənaətbəxşdir. Hər iki sektorda görüləsi işlərimiz də çoxdur. 2010–2013-cü illərdə rayonun elektrik şəbəkələri yenidən qurulmalı, əhalinin keyfiyyətli qazla təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Elektrik və qaz idarələri bu işlərin yaxın illərdə həllinə nail olmalıdırlar. Hazırda rayonda təbii qaz almayan kəndlərin 7-sində iş gedir. Səfikürd və Qarasüleymanlı kəndlərində qaz xətləri yenidən çəkilmişdir.
Təhsil
sahəsində son illər çox işlər
görülüb. Yalnız ötən il 5 yeni məktəb
binası tikilmiş, avadanlıqlarla təchiz olunmuşdur. Səfikürd kənd orta məktəbi
əsaslı təmir edilmişdir. Ali məktəblərə
qəbul üzrə göstəricilər ilbəil artır.
2008-ci ildə orta məktəbi bitirmiş 1326 məzundan 771-i
və ya 58 faizi ali məktəblərə sənəd verdiyi
halda, bu il 919 məzundan 623-ü və ya 68 faizi sənəd
vermişdir. 2009-cu ildə qəbul üzrə göstəricinin
əvvəlki illərlə müqayisədə daha yüksək
olacağı gözlənilir.
E.Abasov sonda bildirdi:
— Bizi qarşıda daha
mühüm vəzifələr gözləyir. Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi
kimi, biz növbəti altı ayda da səmərəli
işimizi davam etdirməliyik. Bunun üçün hər bir
vəzifəli şəxs rəhbərlik etdiyi kollektivdə
iş və icra intizamına nəzarəti gücləndirməli,
tapşırılan işin məsuliyyətini dərk etməlidir.
Dövlət başçısı Nazirlər Kabinetinin
iclasındakı yekun nitqində 2009-cu ilin ikinci
yarısında qarşıda duran vəzifələr barədə
konkret tapşırıqlar vermişdir. Biz onları fəaliyyət
proqramı kimi qəbul edirik və qarşıdakı aylarda
daha gərgin işləməliyik. Rayon fəallarının köməkliyi
ilə 2009-cu ili daha böyük uğurlarla başa vuracaq,
Goranboy rayonunun inkişaf salnaməsinə yeni bir səhifə
yazacağıq.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rauf Teyyubov, Maliyyə İdarəsinin rəisi İltifat Sadıqov, Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Nəriman Gülüşov, Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov ayrı-ayrı sahələrdə qazanılmış nailiyyətləri təhlil etdilər, qarşıda duran vəzifələrin həlli yollarından söz açdılar. Müzakirələr ilin birinci yarısında əldə olunmuş uğurları davam etdirərək ili sevindirici nəticələrlə başa vurmaq, rayon əhalisini narahat edən məsələləri təxirəsalmadan yoluna qoymaq, ölkə başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən tərəqqi və yüksəliş xəttinə goranboyluların töhfəsini artırmaq məramı ilə başa çatdı.
Sultanov Z.
Xalq qəzeti.-2009.- 7 avqust.- S.4.