Nəqliyyat
sektorunun inkişafı Azərbaycan iqtisadiyyatını daha da
gücləndirəcək
(əvvəli ötən
sayımızda)
Beynəlxalq aləmdə ekoloji
problemlərə silahların azaldılmasından sonra, qlobal
bir problem kimi yanaşıldığı bir vaxtda, təbii
ki, Azərbaycan Respublikasında da bu istiqamətdə nəzarətin
gücləndirilməsi vacib hesab edilir. Hələ
1991-92-ci illərdə, Bakı şəhərinin nəqliyyat
intensivliyi sıx olan mərkəzi küçələrindən
götürülmüş hava nümunəsinin təhlili nəticəsində
məlum olmuşdur ki, havanın çirkləndirilməsi
proqnozlaşdırılan normativdən 40-50 dəfə
çoxdur. Təbii ki, belə ekoloji
göstəricilər ətraf mühitin zəhərlənməsində,
yaşıllıqların deqradasiyaya uğramasında, xəstəliklərin
və xəstə doğuşların artmasında və digər
belə arzuolunmaz halların yaranmasında mühüm rol
oynayır. Son illər respublikamızda
avtomobil parkının yüksək templə genişləndiyini
və avtonəqliyyat vasitələrinin sayının 700 min ədəddən
çox olduğunu nəzərə alsaq, ekoloji problemlərə
ciddi yanaşmağın zəruriliyi məlum olar. İstər
BİY boyunca nəqliyyat vasitələrinin hərəkəti
zamanı, istərsə də əvvəldə təklif edilən
infrastruktur müəssisələrin yaradılması və
istismarı zamanı ekoloji tarazlığın gözlənilməsi
zəruridir.
Ümumiyyətlə, həyata
keçirilən bu proqram zamanı yarana biləcək ekoloji
problemlərin qarşısını maksimum almaq
üçün beynəlxalq təcrübəyə əsaslanaraq
Ekoloji Auditin tətbiq edilməsi məqsədəuyğun
hesab edilir. Bu audit vasitəsilə fəaliyyətdə
olan və yaradılacaq müəssisələrin, eyni zamanda,
orada istismar edilən avadanlıqların ekoloji normaya
uyğunluğuna nəzarət etmək,
çatışmazlıqlar barədə lazımi
instansiyaları vaxtında məlumatlandırmaq və beləliklə
də ətraf mühiti daha effektli mühafizə etmək
olar. Həyata keçirilməkdə olan
TASİS, TRASEKA kimi proqramların, BİY layihəsinin Azərbaycan
iqtisadiyyatında, respublikamızın nəqliyyat sistemində,
xüsusilə avtomobil nəqliyyatı sahəsində
inkişafa zəmin yaratdığını, bu sahələrin
beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə
təkan verdiyini və bu kimi digər vacib istiqamətlərdə
əhəmiyyətli rol oynadığını qiymətləndirməklə
yanaşı, gələcəkdə yaranacaq problemlərin
minimuma endirilməsi üçün aşağıdakı tədbirlərin
həyata keçirilməsi zəruri hesab edilir:
- yol boyunca günün tələblərinə
cavab verən infrastruktur müəssisələrinin təşkil
edilməsi;
- mövcud olan və
yaradılacaq texniki xidmət və təmir bazalarının,
eləcə də avtoservis müəssisələrinin
müasir avtomobillərin konstruksiyalarına və beynəlxalq
standartlara uyğun nəzarət-ölçü cihazları,
diaqnostik aparatlar, ehtiyat hissələri və köməkçi
materiallarla təmin edilməsi;
- yolların bərpasında və
yeni müəssisələrin yaradılmasında yararlı
torpaq sahələrindən maksimum qənaətlə və səmərəli
istifadə edilməsi;
- BİY layihəsindən əldə
ediləcək gəlirlərin regionlarda yeni iş yerlərinin
açılması və qeyri-neft sektorunun inkişafı
istiqamətində istifadəsi;
- yollarda DYP işçiləri
ilə yanaşı, sırf ekoloji vəziyyətə nəzarət
edən xüsusi qrupların fəaliyyət göstərməsi;
- yollarda və müəssisələrdə
ekoloji vəziyyətə nəzarəti gücləndirmək
üçün Ekoloji Auditin təşkil edilməsi;
- nasaz avtomobil
istismarçılarına qarşı inzibati tədbirlərin
daha da sərtləşdirilməsi (böyük məbləğdə
cərimələr, müəyyən müddət
sürücülük hüququndan məhrum etmə və
s.);
- hərəkətin təhlükəsizliyini
və yüklərin toxunulmazlığını təmin etmək
üçün yollarda ciddi nəzarətin təmin
olunması.
Azərbaycan
Respublikasının beynəlxalq aləmə inteqrasiyası,
milli nəqliyyat sisteminin və iqtisadiyyatın
inkişafında mühüm əhəmiyyət kəsb edən
layihələrdən biri də Şimal-Cənub nəqliyyat dəhlizinin
reallaşması istiqamətində həyata keçirilən
layihədir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında ilkin
razılaşma Rusiya Federasiyası, İran İslam
Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın
12-də Sankt-Peterburq şəhərində
bağlanılmışdır. Razılaşmanın
əsas məqsədi yük və sərnişin
daşımalarının təşkilində nəqliyyat əlaqələrinin
səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin
dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq
nəqliyyat xidmətləri bazarına giriş
üçün şəraitin yaradılması, beynəlxalq
daşımaların həcminin artırılmasına
yardım göstərilməsi, nəqliyyat vasitələrinin
hərəkətinin təhlükəsizliyinin və
daşıma sifarişlərinin operativliyinin təmin
olunması, eləcə də
razılaşdırılmış nəqliyyat
siyasətinin həyata keçirilməsidir. Şimal-Cənub
nəqliyyat dəhlizi də bütün nəqliyyat növlərini
– dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava
nəqliyyatını, eləcə də bu nəqliyyat
növlərinə aid infrastruktur sahələrini əhatə
edir. Razılaşmanın üzvləri arasında Hindistan
istisna təşkil edir. Belə ki, bu ölkənin Şimal-Cənub
dəhlizinin işində yalnız dəniz marşrutları
ilə iştirakı nəzərdə tutulur.
Şimal-Cənub nəqliyyat dəhlizi
haqqında razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə
minmişdir. Həmin tarixdə Sankt-Peterburq
şəhərində əldə edilən razılaşmaya
üzv ölkələrin nəqliyyat nazirlərinin
görüşündə Koordinasiya Şurasının
yaradılması barədə Protokol imzalanmış, eləcə
də dəhlizin Katibliyinin Tehran şəhərində yerləşməsi
qərara alınmışdır. Bütün layihələrdə
olduğu kimi, razılaşmadan keçən dövr ərzində
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bir
çox başqa ölkələrin də marağına səbəb
olmuşdur. Belə ki, ötən illər ərzində bu
razılaşmaya Belarus Respublikası, Qazaxıstan, Tacikistan və
s. ölkələr də qoşulmuşdur. Azərbaycan
Respublikası isə 2001-ci il 21 dekabr tarixində bu
razılaşmaya qoşulması üçün müraciət
etmiş və 2005-ci ildə müsbət cavab
almışdır. 2005-ci il sentyabrın 20-də
imzalanmış 984-IIQ nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə respublikamız “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə
qoşulmuşdur.
Qeyd etmək
lazımdır ki, Şimal-Cənub nəqliyyat dəhlizi də,
öz növbəsində ölkəmizin nəqliyyat əlaqələrinin
genişləndirilməsinə və tranzit ölkə kimi bu
sahədən böyük həcmdə gəlir əldə
etməsinə imkan verəcəkdir. Bu da Azərbaycan Respublikası
üçün xüsusi əhəmiyyətə malikdir. Eyni
zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin siyasi əhəmiyyəti
də danılmazdır. Başqa sözlə desək, bu dəhliz
həm də Rusiya Federasiyası ilə
balanslaşdırılmış siyasətin bir nümunəsi
kimi qəbul edilə bilər.
Tədqiqatlardan
aydın olur ki, Azərbaycan Respublikasının bu layihədə
iştirakının ölkəmiz üçün əhəmiyyətli
olduğu, respublikamızın coğrafi və potensial tranzit
ölkə kimi imkanları nəzərə alınaraq,
mövcud nəqliyyat infrastrukturunun bərpası və
inkişaf etdirilməsi işlərinə başlanılmışdır.
Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan
üzərindən yüklərin böyük əksəriyyətınin
daşınmasında dəmir yolunun iştirakı nəzərdə
tutulur ki, burada da əsas amil kimi, yüklərin bir nəqliyyat
növü ilə böyük həcmdə, tez bir zamanda,
daha uzaq məsafəyə daşınması əsas
götürülür. Dəhliz vasitəsilə
yük daşımalarına Azərbaycan Respublikasının
yol-nəqliyyat kompleksınin daha geniş cəlb edilməsi,
xüsusən avtomobil nəqliyyatının və Xəzər
Dəniz Gəmiçiliyinin imkanlarından tam və səmərəli
istifadə olunması üçün şərait
yaradılması istiqamətində tədbirlər
görülməkdədir. Eyni zamanda, dəhliz
boyunca xüsusi əhəmiyyətə malik olan, Azərbaycanla
İranı birləşdirən avtomobil yollarının bir
istiqaməti də Biləsuvar–İran sərhədi avtomobil
yoludur. 19,5 km-lik bu yolun tikintisinin maliyyələşdirilməsi
Azərbaycan tərəfinin hesabına həyata keçirilir
ki, bu istiqamətdə də hazırda tikinti-tamamlama
işləri görülür.
Beləliklə,
yekun olaraq bu nəticəyə gəlmək olar ki, Azərbaycan
Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə
qoşulması, dəhlizlə yük və sərnişin
daşımalarında fəal iştirakı
respublıkamızın iqtisadi maraqlarına uyğun olacaq. Yüklərin, o
cümlədən tranzit yüklərin daha geniş cəlb
olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin
artmasına, tranzit xidmətlərini büdcənin əsas gəlir
mənbələrindən birinə çevirməyə,
ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni
iş yerlərınin açılmasına və digər
problemlərin həllinə şərait yaradacaqdır.
Azərbaycan Respublikasının
sosial-iqtisadi və siyasi uğurlarının əsas səbəblərindən
biri də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin
reallaşmasıdır. Hələ bu kəmərin
reallaşdırılması istiqamətində işlər
aparılan zaman ümummilli lider Heydər Əliyev demişdir:
“Bizim ən böyük nailliyyətimiz Bakı neftinin Ceyhandan
dünya bazarlarına göndərilməsi olacaq. O zaman Azərbaycan
iqtisadi cəhətdən çox qüdrətli dövlətə
çevriləcəkdir”.
Məlumdur ki, 20
sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər
dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”,
“Çıraq” və “Günəşli” yataqlarının
birgə istismarı ilə bağlı neft hasilatı üzrə
ixtisaslaşmış, 12 iri neft şirkəti arasında beynəlxalq
müqavilə imzalanmışdır ki, bununla da ölkəmizin yeni neft strategiyasının
uğurla həyata keçirilməsinin əsası
qoyulmuşdur. Bağlanmış müqavilələr Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ulu öndər Heydər
Əliyevin öz çıxışlarında dəfələrlə
vurğuladığı kimi, ölkəmizin iqtisadi
inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin
müqaviləsi” adlandırılan bu iri layihə üzrə
ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə
başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə
yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək
işlərə 12-14 milyard ABŞ dollarına yaxın
investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini
yenicə əldə etmiş Azərbaycan Respublikası
üçün çox vacib məsələ idi.
“Əsrin müqaviləsi” üzrə
hasil edilən Azərbaycan neftinin dünya bazarlarına
ixracı üçün ilkin dövrlərdə
Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən
istifadə olunurdu. Lakin yaxın illərdə
müqaviləyə daxil olan yataqlar üzrə illik
hasilatın 50 milyon tona çatdırılacağını nəzərə
alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə daha böyük nəqletmə imkanına malik ixrac
marşrutları araşdırıldı və optimal variant
kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
seçildi. Məhz buna görə də layihənin
həyata keçirilməsində dahi Heydər Əliyevin əvəzsiz
xidmətlərini nəzərə alan layihə
iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru
kəmərinə Heydər Əliyevin adının verilməsi
barədə qərar qəbul etdilər.
Artıq Bakı-Tbilisi-Ceyhan layihəsi
üzrə işlər tamamlanmış, eyni zamanda 2005-ci ilin
mayında Bakıda kəmərə ilk neft vurulmuş və
bu neft 2006-cı ilin I rübündə Ceyhan limanına
çatmışdır. Onu da qeyd edək ki, “Əsrin
müqaviləsi” üzrə ilkin neftin hasilatına
başlandığı 1997-ci ilin noyabrından bu günə
qədər 50 milyon tondan çox xam neft hasil edilərək
öz alıcısına
çatdırılmışdır. Təbii
ki, bütün bu işlərin başlıca məqsədi
SSRİ-nin süqutundan sonra böhran vəziyyətinə
düşmüş Azərbaycan iqtisadiyyatını
dirçəltmək, dünya iqtisadiyyatına daha geniş
inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin
nüfuzunu artırmaq və Azərbaycan dövlətini
dünyəvi bir dövlətə çevirməkdən ibarət
idi. Bu yerdə ümummilli lider Heydər Əliyevin “Əsrin
müqavıləsi”nin 5 illik yubileyi ilə əlaqədar
keçirilən mərasimdə söylədiyi
aşağıdakı fikirləri xatırlatmaq yerinə
düşərdi: “Biz ölkəmizi iqtisadi cəhətdən
inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin
vətəndaşlarına firavan həyat yaratmaq istəyirik.
Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik.
Bütün bu işlər - təkcə neft sahəsində
deyil, Azərbaycan iqtisadiyyatının, həyatının
bütün başqa sahələrində də
gördüyümüz işlər məhz bu məqsədi
daşıyır”.
Hazırda ulu
öndər Heydər Əliyevin adını daşıyan bu
kəmər Azərbaycan neftınin dünya bazarlarına
çıxarılmasına imkan verməklə yanaşı,
həm də İpək yolunun və türkdilli ölkələrin
əsas magistral kəməri statusunu qazanmışdır.
Ümummilli liderin möhkəm siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan
neft kəmərləri sisteminə dünya arteriyası kimi
daxil olmuşdur. Onu da qeyd edək ki, minbir əziyyətlə
başa gələn bu əsas ixrac neft kəmərinin
texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi
rolu da danılmazdır. Belə ki, bu neft kəməri
dünya dövlətləri ilə Azərbaycan dövlətinin
yeni münasibətlərinin yaranmasına, dünya xalqları
ilə əlaqələrinin yenidən qurulmasına təkan
verərək, Azərbaycan dövlətinin xarici siyasətinin
güclənməsinə, beynəlxalq aləmdə
nüfuzunun artmasına, eləcə də onun siyasi və
iqtisadi baxımdan inkişaf etməsinə səbəb
olmuşdur.
Ümumiyyətlə,
BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə
beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və
neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq
edən dövlətlər üçün müstəsna əhəmiyyət
kəsb edən bir layihədir. Çoxlarının qeyri-real,
əfsanə hesab etdiyi bu layihə artıq bütün dünyanın qəbul
etdiyi əzəmətli bir gerçəklikdir. Burada,
“Əsrin müqaviləsi”nin 10-cu ildönümündə
ölkə başçısı İlham Əliyevin səsləndirdiyi
bir fikri yada salmaq yerinə düşərdi: “Əsrin
müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna
inanmırdı və hesab edirdilər ki, müqavilə elə
kağız üzərində qalacaq. Çünki onun həyata
keçirilməsi üçün təkcə iqtisadi
deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər
öz həllini tapmalı idi. Heydər Əliyevin neft
strategiyası və Heydər Əliyev diplomatiyası
bunların həllini təmin etdi".
Zaman keçdikcə
Azərbaycanın yeni neft strategiyası reallığa
çevrilməyə başlandı. Çünki həyata
keçirilən neft siyasətinin də əsasını məhz
ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin
həlli, vətəndaş azadlığının və digər
demokratik dəyərlərin təmin olunması təşkil
edirdi. Hazırda
Azərbaycan iqtisadiyyatı öz inkişafının
çox mühüm mərhələsinə qədəm
qoyub. Davamlı olaraq həyata keçirilən
irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar,
qəbul edilən qərarlar, reallaşan dövlət
proqramları sayəsində Azərbaycan iqtisadi artım
göstəricisi ilə dünyanın lider dövlətləri
sırasındadır. Bu gün ölkəmiz nəinki
Qafqazda, həm də bütün bölgədə söz
sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə
qlobal layihələrin həyata keçirilməsi
qeyri-mümkündür. Respublikamızın coğrafi
mövqeyindən irəli gələn bu imkanları, təbii
ki, ölkədə həyata keçirilən uğurlu
iqtisadi islahatlar daha da artırır.
Məlumdur ki, bu gün milli
iqtisadiyyatın təşəkkülündə və
formalaşmasında respublikamızın vahid nəqliyyat
sisteminin bir qolu olan boru kəmərləri nəqliyyatı
prioritet əhəmiyyət kəsb edir. Təbii ki, burada əsas
səbəb ölkəmizin ixrac potensialının əsasını
neft və neft məhsullarının təşkil etməsidir.
Neft respublikamızın ən zəngin təbii sərvətidir
və onun ölkə iqtisadiyyatının
inkışafında əvəzsiz rolu vardır. Eyni zamanda, nəzərə alsaq ki, əsas ixrac neft
kəməri olan BTC özünün yüksək rəqabətqabiliyyətliliyi,
səmərəliliyi, təhlükəsizliyi və s. kimi
xüsusiyyətləri ilə neft ixrac edən digər
dövlətlərin də diqqətini cəlb etməkdədir,
onda bu kəmərin əhəmiyyəti bir daha aydın
olar. Bu da sübut edir ki, Azərbaycan Respublikası BTC əsas
ixrac neft kəmərindən həm hasil edilən neftin
dünya bazarlarına çıxarılması ilə, həm
də tranzit xidmətləri göstərməklə bəhrələnəcəkdir.
Göründüyü kimi,
bütün dünya BTC-yə böyük əhəmiyyət
verir. Həqiqətən də Şərq-Qərb enerji dəhlizinin
vacib tərkib hissəsi olan bu layihə bölgədə təhlükəsizliyin
və sülhün qarantı, iqtisadi inkişafın təminatçısı
kimi həyati əhəmiyyət kəsb edəcəkdir. BTC kəməri
ilə ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək nəzərdə
tutulmuşdur. Hazırda isə kəmərlə gündə
400 min barreldən çox neft nəql olunur. Bütün bu
faktlar isə BTC-nin dünyanın enerji layihələri
arasında çox mühüm yer tutduğunu və XXI əsrin
ilk nəhəng enerji layihəsi olduğunu bir daha təsdiqləyir.
Mütəxəssislərin
hesablamalarına görə bu kəmər 20 ildə Azərbaycana
140 milyard dollar gəlir gətirəcək. Bu gəlirlər
isə təbii ki, qeyri-neft sektorunun təşəkkülünə,
ölkəmizin sosial-iqtisadi inkışafına və eyni
zamanda, ölkənin hərbi qüdrətinin
artırılmasına xidmət edəcəkdir. Deməli,
“Üç dənizin əfsanəsi” adlanan BTC əsas ixrac
neft kəməri ölkəmizin müqəddəratını
həll edən və xalqımızın xoşbəxt gələcəyinin
təminatçısı olan strateji layihədir.
Bəli, Azərbaycan
iqtisadiyyatı, ölkənin ən mühüm qeyri-neft
sektoru olan nəqliyyat sistemi ümummilli lider Heydər Əliyevin
yaratdığı təməl üzərində hərtərəfli
və dinamik inkişafdadır. Bu gün nəqliyyat sisteminin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər ardıcıl olaraq davam
etdirilməkdədir. Hazırda Bakının mərkəzindən,
Heydər Əliyev prospektindən keçməklə hava
limanına qədər yolun yenidən qurulması ilə
bağlı ciddi işlər görülür. Layihəyə
əsasən, bu yolun Sabunçu dairəsinə qədər
12 zolaqlı, oradan hava limanına qədər isə 8
zolaqlı olması nəzərdə tutulur. Dövlət
başçısının tapşırığına əsasən,
həyata keçirilən digər bir layihə Bakıdan
Hövsan istiqamətində yeni magistral yolun tikilməsi ilə
bağlıdır. Eyni zamanda, Sumqayıtdan dəniz kənarı
ilə şimal sərhədinə qədər yolun
inşası ilə bağlı da intensiv işlər gedir.
Tikinti-quruculuq
işləri ilə yanaşı, Bakı şəhərində
sərnişindaşımaya yeni iritutumlu avtobuslar cəlb
edilir, xidmətlərin keyfiyyəti artırılır, nəqliyyat
əməliyyatlarının intellektual idarə edilməsi
sisteminin yaradılması istiqamətində ardıcıl
işlər aparılır və s.. Əlbəttə,
infrastruktur sahələrinin inkişafına vəsait
ayrılması ölkənin ümumi iqtisadi dirçəlişinə
xidmət edən əsas amillərdən biridir. O cümlədən,
nəqliyyatın infrastruktur sahələrinin inkişaf etdirilməsi
günümüzün aktual problemlərindən biri kimi, təcili
həllini tələb edir. Nəzərə
alsaq ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda nəqliyyat
vasitələrinin sayı sürətlə artır və
ölkəmiz bir sıra iri beynəlxalq nəqliyyat dəhlizlərinin
qovşağında yerləşir, onda nəqliyyat
infrastrukturunun inkişaf etdirilməsinin zəruriliyi məlum
olar.
Eyni zamanda, ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı
istiqamətində məqsədli olaraq həyata keçirilən
iqtisadi islahatların nəticələri, əhalinin
maddi-sosial vəziyyətinin ilbəil
yaxşılaşması, nəqliyyat vasitələrinin
sayının artması, iri şəhərlərdə
(Bakı, Sumqayıt, Gəncə və s.) əhali
sıxlığının yüksəlməsi və bir
çox digər səbəblər nəqliyyat sisteminin və
onun infrastruktur sahələrinin müasir tələblərə
uyğun təkmilləşdirilməsini zərurətə
çevirmişdir. Bu sahənin inkişaf
etdirilməsi istər ekoloji, istər hərəkətin təhlükəsizliyi,
istərsə də yük və sərnişin daşımalarının
rahatlığı üçün, eləcə də Azərbaycanın
nəqliyyat sisteminin beynəlxalq daşıma standartlarına
uyğunlaşdırılması baxımından xüsusi
əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ölkənin
bütün ərazisində, xüsusən də Bakı
şəhərində yol-nəqliyyat infrastrukturlarının
inkişaf etdirilməsi çox aktual bir problemdir.
Eyni zamanda,
araşdırmalar göstərir ki, quruculuq işləri bu tədbirlərlə
kıfayətlənmir və Azərbaycan Respublikasının
həm respublikadaxili, həm də tranzit daşımalardan
maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə
ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir
standartlara və yerli tələblərə uyğun yenidən
qurulması istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilir. Bu tədbirlərdən
biri də möhtərəm İlham Əliyevin
tapşırığı ilə ölkə əhalisinin nəqliyyat
xidmətlərindən istifadəsinin
yaxşılaşdırılması və eləcə də
respublikanın nəqliyyat-tranzit potensialından səmərəli
istifadənin təmin edilməsi məqsədilə “Azərbaycanın
yol-nəqliyyat infrastrukturunun inkişafı ilə
bağlı Dövlət Proqramı”nın
hazırlanmasıdır. Milli iqtisadiyyatın
mühüm infrastrukturlarından biri olan nəqliyyat sisteminə
dövlət qayğısının nəticəsi olan və
2006-2015-ci illəri əhatə edəcək bu proqramda
respublikanın yol infrastrukturu, o cümlədən dəmir
yolu, hava, dəniz və quru nəqliyyatının inkişaf
etdirilməsi nəzərdə tutulub. Proqrama
uyğun olaraq yolların genişləndırilməsi,
lazımi istiqamətverici və tənzimləyici qurğularla
təmin edilməsi, yol boyunca müvafiq infrastrukturların
yaradılması, yolların beynəlxalq standartlara və
müasir nəqliyyat vasitələrinin tələblərinə
uyğun qurulması, xüsusən şəhərdaxili sərnişin
daşımalarında böyük tutumlu yeni nəqliyyat vasitələrinin
tətbiq edilməsi, ekoloji təsirlərin azaldılması və
s. tədbirlər həyata keçiriləcəkdir. Bu da Azərbaycan
Respublikasının nəqliyyat sisteminin, bütövlükdə
respublika iqtisadiyyatının davamlı inkişafına öz
bəhrəsini verəcəkdir.
“Avtomobil nəqliyyatı
haqqında” mükəmməl bir qanunun qəbul edilməsi və
qanunda daşıma prosesində iştirak edən bütün
tərəflərin hüquq və vəzifələrinin dəqiq
müəyyən olunması, Nəqliyyat Nazirliyinin strukturunda
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin
yaradılması bu sahədə inkişafı daha da sürətləndirən,
eləcə də nəqliyyat xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi sahəsində mühüm
addımdır. “Avtomobil nəqliyyatı
haqqında” qanunda taksi, avtobus və yük avtomobillərinin
istismar qaydalarının aydın şəkildə öz əksini
tapması, ekoloji normaları tez-tez pozan iri nəqliyyat vasitələrinin
texniki baxışdan keçirilmə qaydalarının təkmilləşdirilməsi,
respublika üzrə avtovağzalların (avtostansiyaların)
konkret və vahid quruluşunun müəyyənləşdirilməsi,
bu sahədə lisenziyalaşdırma işlərinin təkmilləşdirilməsi
və s. avtonəqliyyat xidmətləri sahəsində ciddi irəliləyişlərə
səbəb olacaqdır. Təbii ki, hər bir sahədə səmərəli
fəaliyyətin təşkili, ilk növbədə
müvafiq normativ-hüquqi bazanın yaradılmasını tələb
edir. O cümlədən, bütün
insanların gündəlik istifadə etdiyi və daha geniş
yayılmış nəqliyyat növü olan avtomobil nəqliyyatı
haqqında belə bir qanunun qəbul edilməsi istər nəqliyyat
xidmətinin keyfiyyətinin yüksəldilməsi, istərsə
də avtonəqliyyat xidmətinin gündəlik istifadəçısi
olan sadə vətəndaşlara dövlət
qayğısının bir nümunəsi kimi baxmaq olar. Qanunun
qəbul edilməsi avtomobil nəqliyyatının fəaliyyətinin
səmərəli təşkilinə hesablanmış bir
addımdır.
Məlumdur ki, nəqliyyat vasitələri
olmadan yollar əhəmiyyətsiz olur, yollar keyfiyyətsiz
olduqda isə nəqliyyat vasitələrinin səmərəli
istismarı qeyri-mümkündür. Başqa
sözlə desək, nəqliyyat sistemınin və onun
mühüm infrastrukturlarından biri olan yolların vəziyyətini
yaxşılaşdırmadan arzu edilən, tarazlı regional
inkişafa nail olmaq mümkün deyil. 2006-cı ildə
regionlarda (Gəncə, Zaqatala və s.) beynəlxalq standartlara
cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax,
Xınalıq-İspik yollarının yenidən qurulması,
Yardımlı, Daşkəsən, Quba, Ucar-Kürdəmir və
s. rayonlarda yeni yol çəkilişləri regıonal
inkişafa verilən ən gözəl töhfədir. Ölkə
başçısı cənab İlham Əliyevin qeyd etdiyi
kimi: “Harada ki, müasir yol var, o bölgədə
mütləq və mütləq inkişaf olacaqdır. Əgər
yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən
təbii sərvətlər, istənilən infrastruktur,
gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və
ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir”.
Təbii ki, regionların
abadlaşdırılması, yeni yolların çəkilməsi
sahibkarlıq və turizm kimi sahələrin də
inkişafına güclü təkan verir. Hazırda ölkəmizin
nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində
tədbirlər davam etdirilir. Belə ki, nəqliyyat
sektorunun inkişafına dair “Azərbaycan Respublikasında nəqliyyat
sisteminin inkışafına dair (2005-2014-cü illər)
Dövlət Proqramı”, “Azərbaycan Respublikasının
avtomobil yolları şəbəkəsınin yeniləşdirilməsinə
və inkışafına dair (2005-2014-cü illər) Dövlət
Proqramı” və dıgər proqramlar hazırlanaraq
ölkə rəhbərliyinə və ya müxtəlif
qurumlara təqdim edilmişdir. Heç şübhəsiz bu
proqramların qəbulu nəqliyyat sektorunda əldə
edilmiş nailiyyətlərin davamlı olacağını
sübut edir.
Göründüyü
kimi, ölkə başçısı tərəfindən
göstərilən diqqət və qayğı nəticəsində
iqtısadiyyatın bütün istiqamətlərində, o
cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin
də sürətli inkişafı üçün
böyük imkanlar yaranmışdır.
Bu da nəqliyyatçılar qarşısında
mühüm vəzifələr qoyur. Azərbaycan
xalqının ümummilli lideri, Heydər Əliyevin
2003-cü il prezident seçkılərindən bir müddət
əvvəl dediyi “İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri xalqın köməyi və dəstəyi
ilə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”
- fikirlərini xatırladaraq bildirmək istərdim ki, nəqliyyatçıların,
eləcə də gənc alimlərin ən ümdə vəzifəsi
ölkə başçısı ətrafında daha da
sıx birləşərək Azərbaycan
Respublikasının ümumi iqtisadi inkişafı, nəqliyyat
sektorunun və onun infrastruktur sahələrinin təkmilləşdirilməsindən
ibarətdir. Dövlət
başçısı tərəfindən göstərilən
ehtimadın, doğruldulması üçün nəqliyyatçıların
başlıca vəzifəsi ölkəmizin coğrafi-strateji
mövqeyindən, eləcə də əlverişli tranzit
imkanlarından səmərəli istifadəni təmin etmək
və doğma Azərbaycan dövlətinin davamlı
sosial-iqtisadi inkişafına təkan verməkdir. Prezident
İlham Əliyevin sözləri ilə desək: “Hazırda
biz Azərbaycanda bir sıra hava limanları tikdirməkdəyik.
Yolların salınmasına diqqət yetiririk. Malların
daşınması üçün nəqliyyat vasitələri
alırıq. Bir sözlə, biz çox möhkəm
infrastruktur yaradırıq və bunun məqsədi iqtisadi
inkişafdır ”. Bu inkişafa dəstək vermək isə
hər bir kəsin vətəndaşlıq borcudur.
Əsədov Aqil
Xalq qəzeti.- 2009.- 7 avqust.- S. 3.