Sosial-iqtisadi siyasət hər bir ölkə vətəndaşının
gündəlik həyatında hiss olunur
Bu ilin 7 ayı ərzində
ötən ilin müvafiq dövrü ilə müqayisədə
ÜDM istehsalı 2,6 faiz artmışdır
Nazirlər Kabinetinin 2009-cu ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev
demişdir ki, sosial, iqtisadi sahələrdə əldə edilən
uğurlarımızın əsas səbəbi iqtisadi və
siyasi islahatlar, ölkəmizdə hökm sürən sabitlik,
əmin-amanlıq, ölkə daxilində yaranmış vətəndaş
birliyi və xarici investorların Azərbaycana çox
etibarlı ölkə kimi baxmalarıdır.
Azərbaycan indi nəinki regionda
gedən proseslərin fəal
iştirakçısıdır, həm də bir çox təşəbbüslərin
əsas müəllifidir. Həm iqtisadi, həm nəqliyyat,
energetika sahələrində, həm də siyasi məsələlərin
həllində Azərbaycanın mövqeyi nəzərə
alınmadan heç bir addım atılmır. Bununla
bağlı Prezident İlham Əliyev demişdir: “Azərbaycanın
iştirakı olmadan bölgədə geniş mənada əməkdaşlıq
mümkün deyildir. Bu, reallıqdır və bu
reallığı biz özümüz yaratmışıq. Bu
gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə,
maraqlarımızla hesablaşırlar və o ölkədir
ki, bölgədə sabitləşdirici rolunu oynayır və
bu rol getdikcə artmaqdadır”.
Bu gün qlobal iqtisadi böhran əksər
ölkələrdə əsas makroiqtisadi göstəricilərin
pisləşməsi ilə, o cümlədən ümumi daxili
məhsulun və xarici ticarət dövriyyəsinin
azalması, işsizliyin kütləvi xarakter alması, ciddi
likvidlik çatışmazlığı kimi problemlərlə
müşahidə olunur. Lakin həm beynəlxalq maliyyə təşkilatları,
həm də tanınmış reytinq agentlikləri və
ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi
böhranına dayanıqlığını birmənalı
ifadə etmişlər. Belə ki, Dünya Bankı mart
ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın
başqa ölkələrlə müqayisədə qlobal
böhranı daha güclü mövqe ilə
qarşıladığını, böyük təsirlərə
məruz qalmayacağını və maliyyə sektorunun
böhrandan qaça bildiyini göstərmişdir. “Fitch
Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi
daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini
və yalnız Azərbaycanda iqtisadi artım
olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə
bu artımı 8 faiz proqnozlaşdırmışdır.
Maliyyə böhranının
ölkəmizə belə zəif təsiri təsadüfi
deyil. Çünki iqtisadiyyata yönəldilən
resursların səmərəli istifadəsi, investisiya layihələrinin
prioritetliyinin müəyyən edilməsi, sahibkarlığa
dövlət dəstəyinin, istehlak bazarına nəzarətin
və antiinhisar tədbirlərinin gücləndirilməsi,
dövlət vəsaitlərindən istifadəyə nəzarət
qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin
azaldılmasına səbəb olmuşdur. Bu tədbirlərin
həyata keçirilməsi, eləcə də əvvəlki
illərdə aparılmış uğurlu siyasət nəticəsində
cari ilin ilk yarısında ölkə iqtisadiyyatının
dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi
böhran şəraitində Azərbaycanda ilin əvvəlindən
ötən 7 ay ərzində 2008-ci ilin müvafiq dövrü
ilə müqayisədə ÜDM istehsalı 2,6 faiz
artmışdır.
Uğurlu göstəricilər kənd
təsərrüfatında daha çox nəzərə
çarpır. Aqrar bölmədə avqustun 1-nə kimi
payızlıq və yazlıq dənli, habelə dənli
paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin
21,8 faizi, yaxud 1077,7 min hektarı biçilmiş və həmin
sahələrdən 2796,5 min ton məhsul
götürülmüşdür. Orta hesabla hər hektardan əldə
edilmiş məhsul 25,9 sentner təşkil etmişdir.
Yığım başlanandan
tarlalardan 551,2 min ton kartof, 660,4 min ton tərəvəz, 162 min
ton meyvə və giləmeyvə toplanmışdır. Beləliklə,
keçən illə müqayisədə bitkiçilik məhsulları
istehsalı 9,2 faiz, kənd təsərrüfatının
ümumi məhsulu isə 6,6 faiz artmışdır.
Yeri gəlmişkən, taxıl istehsalı ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr edilmiş iclasında demişdir: “...Bu il Azərbaycanın tarixində ilk dəfə olaraq biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, ”Aqrolizinq"in yaradılması hesabına... Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır.
“Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması — bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir...".
Bu ilin birinci rübündə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir. Bundan başqa, əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Son aylar ərzində qiymətlərin aşağı düşməsi də əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmişdir.
Bundan başqa, ilin ötən aylarında əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur. Hazırkı qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
İndiki dövrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Özəl bölməyə dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır.
Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 60-a yaxın iri qeyri-neft ixracatçıları ilə görüş keçirilmiş, eyni zamanda işçilərinin sayı 100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin mövcud vəziyyəti haqqında toplanmış məlumatlar təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6 ayda əmək haqqı bu müəssisələrin 47 faizində artmış, 51 faizində dəyişməmiş, 2 faizində isə azalmışdır. Müəssisələrin 57 faizi cari ildə investisiya qoyuluşunu planlaşdırır.
Son illər iqtisadiyyatın balanslaşdırılmış şəkildə inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi üzrə həyata keçirilən tədbirlər nəticəsində xüsusi müəssisələrin sayı artmış və bu, registrdə qeydə alınmış statistik vahidlərin 77,7 faizini təşkil etmişdir.
Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında türkiyəli sahibkarların payı 29,3 faiz təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 12,7 faiz, Rusiya üzrə 7,4 faiz, ABŞ üzrə 6,3 faiz, İran üzrə isə 6,4 faizdir.
Xatırladaq ki, həmin müəssisələrin 54,6 faizi Bakıda, qalan hissəsi isə regionlarda fəaliyyətə başlamışdır.
Bu ilin ötən aylarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 278 minə çatmışdır. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmişdir.
Əhalinin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Statistik məlumata görə, 2009-cu il iyul ayının 1-i vəziyyətinə əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında 1292,6 min nəfər pensiyaçı olmuş və onlar ölkə əhalisinin 15 faizini təşkil etmişdir. Pensiyaçıların 65 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artaraq 99,43 manat olmuş və orta aylıq əmək haqqının 33 faizini təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin altı ayı ərzində əhaliyə pensiya və müavinətlərin müəyyənləşdirilməsi üçün 801,5 milyon manat və keçən ilin müvafiq dövründən 198,5 milyon manat və ya 33 faiz artıq vəsait yönəldilmişdir. Vəsaitin 778,7 milyon manatını əhaliyə ödənilən pensiya, 22,8 milyon manatını isə müavinət xərcləri təşkil etmişdir.
Müavinətlərin 8,5 milyon manatı hamiləliyə və doğuma görə, 7,2 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 7,1 milyon manatı isə digər ödəmələrin payına düşür.
Vaqif Bayramov
Xalq qəzeti.- 2009.- 18 avqust.- S. 1.