Azərbaycan Sərhəd Mühafizəsinin
yaradılmasının 90 illiyi
Azərbaycan Sərhəd Mühafizəsi: tarix və bu
gün
1919-cu il avqust
ayının 18-də Azərbaycan Respublikasının
parlamentində bütün respublikada sərhəd
postlarının qurulmasını nəzərdə tutan 8 bənddən
ibarət “Azərbaycan Respublikasının gömrük
baxımından sərhəd mühafizəsinin təsis edilməsi
haqqında” Qanun qəbul olundu. Ulu öndər Heydər Əliyev
həmin günün Sərhəd Qoşunları əməkdaşlarının
peşə bayramı hesab edilməsinə dair 16 avqust 2000-ci
il tarixli fərman imzalamışdır.
Sərhədlərin
mühafizəsinin dövlətin mövcudluğu
üçün mühüm amil olduğunu nəzərə
alan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyun
ayının 22-də o dövr üçün xüsusi əhəmiyyətə
malik qərarı ilə Poylu stansiyasında sərhəd postu
yaradıldı. Bu qərarı müstəqil Azərbaycan sərhədlərinin
mühafizəsi sahəsində ilk addım hesab etmək olar. Beləliklə,
müstəqil Azərbaycanın tarixində ilk dəfə sərhəd
mühafizəsinin təşkili sahəsində vəzifələrin
yerinə yetirilməsinə başlanıldı. Bu postun
ardınca Azərbaycan Respublikasının əksər,
xüsusilə, qərb və şimal-qərb sərhəd ərazilərində
sərhəd mühafizə qüvvələri təşkil
olundu.
1918-ci ilin iyul ayında Kür
çayı üzərində (5 nəfər), Salahlı,
Şıxlı, Qıraqkəsəmən kəndlərində
(hər birində 6 nəfər) və Poylu stansiyasında (15
nəfər) sərhəd postları təşkil edildi. Cənubdan
Azərbaycan ərazisinə basqın edən quldur dəstələrinin
qarşısını almaq üçün Nazirlər
Şurasının qərarı ilə İranla sərhəd
olan Muğan hüdudunda 200 nəfər atlıdan ibarət
mühafizə dəstəsi yaradıldı və bunun
ardınca Dağıstanla sərhəddə 7 müvəqqəti
sərhəd postu quruldu.
Ümumiyyətlə, 1919-cu ilin
axırları, 1920-ci ilin əvvələrində həyata
keçirilmiş ardıcıl tədbirlər nəticəsində
sərhədlərin mühafizəsi məsələsi
hökumətin hərbi, siyasi və diplomatik fəaliyyətinin
ayrılmaz tərkib hissəsini təşkil edirdi. Azərbaycan
Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min
kv.km idi. Şimal-qərbdən Borçalı, Qarayazı və
Sığnaq mahalları (8,7 min kv.km), qərbdən isə
İrəvan, Eçmiədzin, Sürməli, Yeni Bəyazid
mahallarının müvafiq hissələri (7,9 kv.km) Azərbaycan
hökuməti tərəfindən mübahisəli ərazi
hesab edilirdi.
SSRİ dönəmində
respublikamızın özünün sərhəd siyasəti
olmamış, imperiya siyasəti nəticəsində azərbaycanlılar,
demək olar ki, sərhəddə təmsil olunmamışlar.
Azərbaycan sərhədlərinin yerli kadrlara etibar edilməsi
yalnız Heydər Əliyevin fəaliyyət göstərdiyi
vaxtda mümkün olmuşdur.
Azərbaycan Demokratik
Respublikasının süqutu ilə yarımçıq qalan
sərhəd tariximiz 1991-ci ilin 9 dekabrında “Azərbaycan
Respublikasının Dövlət Sərhədi haqqında”
qanunla yenidən bərpa olundu. Cəmi bir həftə
sonra-dekabr ayının 16-da Azərbaycan Respublikası Dövlət
Sərhədini Mühafizəsi Komitəsi (DSMK) yaradılsa
da, sərhədlərimizin etibarlı mühafizəsində bəzi
problemlər qalmaqda davam edirdi. Sovet sərhədçiləri
daim belə təəssürat formalaşdırmağa
çalışırdılar ki, onların nəzarəti
olmadan sərhəd qoruna bilməz.
Təxribat xarakterli bu
psixologiyanın qarşısını alan ulu öndər
müdrik siyasəti ilə bu məsələni məharətlə
həll etdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali
Məclisində Heydər Əliyevin sədrliyi ilə
keçirilən iclaslarda qəbul olunmuş qərarda sərhədlə
bağlı deputat komissiyasının yaradılması nəzərdə
tutuldu. Onun Zaqafqaziya sərhəd dairəsinin 41-ci sərhəd
dəstəsinin Naxçıvandan çıxarılması
üçün həyata keçirdiyi siyasi və əməli
tədbirlər 1992-ci ilin 22 avqustunda öz bəhrəsini
verdi və Naxçıvan sərhəd dəstəsinin
yaranması rəsmən elan edildi.
Sərhəd
Qoşunlarının yaradılması prosesində
qarşıya çıxan əsas problemlərdən biri
ixtisaslı kadrların çatışmaması idi.
Keçmiş SSRİ Silahlı Qüvvələri
sıralarında xidmət edən azərbaycanlı zabitlərin
başqa millətlərlə müqayisədə azlıq təşkil
etməsi yeni yaradılmış Sərhəd
Qoşunlarının sərhədçi zabitlərlə
komplektləşdirilməsində çox böyük problemə
çevrilmişdi. Bu işdə hələ 1970-ci ildə
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri
köməyə çatdı. Bunlarla bərabər, SSRİ
Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı
zabit və gizirlərin, demək olar ki, hamısı
könüllü olaraq Azərbaycan Sərhəd Mühafizəsində
xidmətə daxil oldu. Lakin bunlar qoşunların tələbatını
tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə
də digər hərbi mükəlləfiyyətli vətəndaşlar
könüllü olaraq xidmət etmək üçün Sərhəd
Qoşunlarına həqiqi hərbi xidmətə qəbul
edildilər.
1992-ci ildən sərhədçi
zabitlər hazırlanması məsələsi Müdafiə
Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun
Komandanlıq Məktəbinin sərhəd fakültəsində
həyata keçirilməyə başlandı. 1994-cü ildən
başlayaraq Sərhəd Qoşunları həmin məktəbin
məzunları ilə komplektləşdirildi. Məktəbin tədris
prosesində Sərhəd Qoşunlarının spesifik
xüsusiyyətlərinin tam nəzərə
alınmaması, sərhədçi zabitlərin peşə
və mənəvi-psixoloji hazırlıqlarının
lazımi səviyyədə olmaması son nəticədə
dövlət sərhədinin etibarlı mühafizə edilməsi
işinə mənfi təsir göstərirdi. Sərhədçi
zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə
qəbul olunanların bilik və peşə
bacarığını artırmaq məqsədi ilə Sərhəd
Qoşunlarının tərkibində 1994-cü il avqust
ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi
Kursları yaradıldı.
2002-ci ilin 31 iyulunda Dövlət
Sərhəd Xidmətinin yaradılması haqqında Heydər
Əliyevin imzaladığı fərmanla sərhəd təhlükəsizliyinin
təminatı məsələləri keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Əsasını Heydər Əliyevin
qoyduğu milli sərhəd siyasətimizi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev layiqincə davam
etdirmiş, ötən illər ərzində Xudat, Şəmkir,
Zaqatala sərhəd dəstələrində, Dövlət Sərhəd
Xidmətinin Mərkəzi Aparatında dəfələrlə
sərhədçilərimizlə görüşmüş,
onlara orden və medalları şəxsən təqdim
etmişdir.
2002-ci il oktyabr ayının 24-də
sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına
verilmiş təyyarə və vertolyotlar əsaslı təmir
edilərək xidmətə cəlb olundu, sərhədin
havadan mühafizəsinin təşkili, dövlət sərhədində
baş verən hadisələrə çevik reaksiya verilməsi
və şəxsi heyətin təyinat yerinə vaxtında
çatdırılması, dağlıq ərazilərdə
və dənizdə xilasetmə əməliyyatlarının
aparılması üçün sərhəd
aviasiyasının istifadəsinə başlanıldı.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin fərmanı ilə
2004-cü il yanvar ayının 14-də Naxçıvan sərhəd
dəstəsinin bazasında sərhəd diviziyası
yaradıldı. 2005-ci il fevral ayının 18-də cənab
Prezidentin fərmanı ilə sərhəd gözətçi
gəmilər dəstəsinin əsasında DSX-nin Sahil
Mühafizəsinin yaradılması dəniz sərhədlərinin
mühafizəsinə və Xəzərdə ölkəmizin
maraqlarının daha yüksək səviyyədə təmin
edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər
dənizində müşahidə, axtarış və xilasetmə
imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi
gəmiləri müasir naviqasiya və aşkaretmə
avadanlıqları ilə təchiz edildi, dəniz səthi
üzərində nəzarətin təşkili
üçün zəruri istiqamətlərdə radiolokasiya
stansiyaları quraşdırıldı.
Cənab İlham Əliyev ölkəyə
rəhbərlik etməyə başladığı ilk
vaxtlardan ulu öndər Heydər Əliyevin milli sərhəd
siyasətini uğurla davam etdirərək sərhədçiləri
və Sərhəd Qoşunlarını daim dövlət
qayğısı ilə əhatə etdi. Cənab İlham Əliyevin
2004-cü il iyul ayının 21-də Xudat Sərhəd Dəstəsinin
şəxsi heyəti ilə görüşü ölkənin
sərhəd mühafizəsi salnaməsində yeni səhifə
açdı. Ali Baş Komandanın 2005-ci il avqust
ayının 16-da Dövlət Sərhəd Xidmətinin mərkəzi
aparatında hərbi hissə komandirlərinə
Döyüş Bayraqlarını təqdim etməsi və
Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin
açılışında iştirakı, oktyabr
ayının 12-də Şəmkir Sərhəd Dəstəsinin
xidməti ərazisində sərhəd mühafizə
infrastrukturu ilə tanış olması, 2006-cı il aprel
ayının 12-də Zaqatala Sərhəd Dəstəsinin
şəxsi heyəti ilə görüşü, həmin
ilin dekabr ayının 7-də Xudat Sərhəd Dəstəsinin
zabit-gizir heyəti üçün inşa olunmuş 11 binadan
ibarət 66 mənzilli yaşayış massivinin
açılışında, 2007-ci il avqust ayının 17-də
“Sərhədçi” istirahət mərkəzinin istifadəyə
verilməsində, 2008-ci il noyabr ayının 8-də
Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni
bazasının açılışında, 2009-cu il mart
ayının 6-da “N” saylı hərbi hissənin istifadəyə
verilməsi mərasimində iştirak etməsi Dövlət
Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin
mühafizəsinə göstərilən diqqət və
qayğının əyani təzahürüdür.
2007-ci il iyun ayının 12-də
cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin
Akademiyasının yaradılması barədə sərəncam
imzalaması Vətənimizin sərhəd mühafizəsi
sisteminin təkmilləşdirilməsində mühüm rol
oynadı. 2008-ci il sentyabr ayının 14-də Dövlət Sərhəd
Xidməti Akademiyasının ilk kursantları Vətənə,
dövlətə sədaqət andı içərək təlim
və tədrisə başladılar. 2008-ci il noyabr
ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzi
istifadəyə verildi. Mərkəzdə kursantların nəzəri
hərbi biliklərinin təcrübədə işlənilməsi,
zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə
yiyələnməsi üçün hər cür şərait
yaradılmışdır.
Hazırda “Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsi
sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair
Dövlət Proqramı” Dövlət Sərhəd Xidmətində
uğurla həyata keçirilir. Son illər ərzində
Şəmkir, Şəki, Horadiz sərhəd dəstələrinin
qarnizonları, xidməti heyvanlar təlimatçılarının
hazırlığı mərkəzi, “Sərhədçi”
istirahət mərkəzi, aviasiya dəstəsində
komanda-idarəetmə mərkəzi, hərbi hissə
qarnizonlarında zabitlər üçün yaşayış
binaları, sərhəd nümayəndələri
üçün görüş evləri, sərhəd dəstələrində
müasir sərhəd zastavası kompleksləri və sahil məntəqələri
xidməti istifadəyə verilmiş, Astara rayonu ərazisində
cənub katerlər divizionu, Türkan qəsəbəsində
Sahil Mühafizəsi üçün müasir tələblərə
cavab verən, böyük limana, hidrotexniki qurğulara,
vertolyot meydançasına, təlim mərkəzinə,
geniş xidməti obyektlərə və yaşayış
massivinə malik yeni baza tikilmişdir. Cənub sərhədlərində
onlarla sərhəd zastavası əsaslı təmir
olunmuş və yeni sərhəd yolları
salınmışdır. Sərhəd dəstələrində
videonəzarət sistemlərinin yaradılması, sərhəd
zastavalarında müşahidə kameralarının
quraşdırılması və görüntülərin dəstə
qərargahına ötürülməsi nəticəsində
sərhəd xəttində xidmətin təşkilinə
bilavasitə nəzarət gücləndirilmişdir.
Çevik hərəkət qurumları üçün
yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat
vasitələri, sualtı əməliyyat və müşahidə,
istehkam avadanlığı və qoruyucu vasitələr
alınmışdır. Hazırda akademiya kompleksi, “Sərhədçi”
Olimpiya İdman kompleksi, mərkəzi anbarlar kompleksi,
çoxsaylı sərhəd zastavaları, sahil mühafizə
məntəqələri və digər xüsusi əhəmiyyətli
obyektlərin tikintisi yekunlaşır. Çoxsaylı sərhəd
məntəqələrində cari və əsaslı təmir
işləri aparılır. Tikinti-quruculuq işləri
arasında sosial obyektlər xüsusi yer tutur. Hazırda
Bakı şəhərində və sərhəd dəstələrində
ümumi sayı 546 mənzilə bərabər
çoxsaylı yaşayış binaları, hərbi
hospitalda kompyuter-tomoqrafiya binası və digər
çoxsaylı sosial təmayüllü binalar inşa edilir.
Dövlət Sərhəd Xidmətinin
idarəetmə sistemi xeyli təkmilləşdirilmiş,
müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqinə
başlanılmış, Dövlət Sərhəd Xidmətinin
mərkəzi aparatı ilə sərhəd dəstələri
arasında peyk rabitəsi sistemi yaradılmışdır.
Dövlət sərhədindən buraxılış məntəqələrində
sərhəd nəzarətinin təşkili beynəlxalq
standartlar səviyyəsinə qaldırılmış, sərhəd
nəzarəti məntəqələrində sənədlərin
yoxlanılması üzrə müasir tipli laboratoriyalar
yaradılmışdır. Şəxsi heyət dövlət
sərhədindən keçən şəxslər və nəqliyyat
vasitələri üzərində etibarlı sərhəd nəzarətinin
həyata keçirilməsi üçün müasir texniki
avadanlıq ilə təchiz edilmiş, bütün sərhəd
keçid məntəqələrinin
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin
ciddi nəzarətə götürülməsi təmin
olunmuşdur.
Sərhədçilər
haqlı olaraq mərkəzi aparatın yerləşdiyi binada
yaradılmış Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi
ilə öyünür. Yüksək Avropa standartlarına
uyğun şəkildə yaradılmış elmi mərkəz
həm də Qərblə Şərqin memarlıq
üslublarının sintezinə gözəl nümunədir.
Elmi mərkəzin zövqlə yaradılmış
şöbə və bölmələrində ulu öndərin
həyat və fəaliyyətini əks etdirən
çoxsaylı sənədlər, kitablar, elmi əsərlər,
filmlər, fotoşəkillər nümayiş etdirilir.
Buradakı kompyuterləşdirilmiş tədris mərkəzində
ulu öndərin müxtəlif tədbirlərdəki nitq,
çıxış və görüşlərindən
hazırlanmış və elektron məlumat
daşıyıcılarına yazılmış
görüntülərini izləmək mümkündür. Mərkəzin
nəzdindəki konfrans və rəsmi tədbir zalları
ölkəmizin sərhəd mühafizəsi tarixinə
yazılan tədbirlərin tez-tez şahidi olur.
Dövlət Sərhəd Xidməti
gənclər arasında sərhədçi peşəsinə
rəğbət yaratmaq üçün yaradıcılıq
müsabiqələrinin təşkil edilməsinə
xüsusi önəm verir. DSX MA-da tələbələrlə
görüşlər, hərbi-vətənpərvərlik
mövzusunda kino sənəti, təsviri və tətbiqi incəsənət,
musiqi və bədii ədəbiyyat müsabiqələri
keçirilir. Peşəkar və həvəskar rəssamlar,
şair və yazıçılar, sərhədçi əsgərlər,
orta məktəb şagirdləri arasında keçirilən
bu müsabiqələrdə sərhədçilərin fədakar
xidməti tərənnüm olunur.
Dövlət Sərhəd Xidməti
dövlətimizin yaratdığı şəraitdən bəhrələnərək
NATO, Avropa İttifaqı, GUAM, ATƏT, BMTQAK, Şiofok
konfransı, BMT kimi beynəlxalq təşkilatlarla,
aparıcı və nüfuzlu ölkələrin aidiyyəti orqanları
ilə geniş əlaqələr qurur.
Son zamanlar Azərbaycanın həm
regional əməkdaşlıq istiqamətində böyük
nailiyyətlər əldə etməsi, həm də
Avro-Atlantik strukturlara inteqrasiyası və ümumavropa dəyərlərinin
milli maraqlarımıza uyğun formada tətbiqi sayəsində
DSX-nin beynəlxalq əməkdaşlıq əlaqələri
şaxələnib genişlənməkdədir. Son illərdə
Azərbaycan və Rusiya sərhəd xidmətləri
arasında qarşılıqlı əlaqə xeyli güclənmişdir.
Azərbaycan-Rusiya arasında dövlət sərhədinin
delimitasiya məsələləri müvəffəqiyyətlə
həll edilməkdədir. Bakı və Rusiya Federasiyası
şəhərlərinin beynəlxalq hava limanlarının sərhəd
nəzarəti bölmələri arasında sərhəd əməkdaşlığı
yaradılmış və hal-hazırda bu əlaqələr
inkişaf etməkdədir.
Gürcüstan sərhəd xidməti
ilə neft-qaz ixrac-boru kəmərlərinin sərhədboyu
zolaqdan keçən hissələrinin mühafizəsinin təşkili,
TRASEKA, Şərq-Qərb və GUAM dəhlizlərinin təhlükəsizliyinin
təmin edilməsi kimi mühüm sahələr üzrə
qarşılıqlı anlaşma və mehriban qonşuluq
prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri
mövcuddur. Türkiyə Respublikasının Silahlı
Qüvvələri ilə təlim-tədris, komanda idarəetmə
mərkəzi, aviasiya və hərbi tibb, habelə çevik
qüvvələrin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində əməkdaşlıq
münasibətləri inkişaf edir, sərhədlərin
mühafizəsi zamanı meydana çıxan bütün məsələlər
dostluq və qarşılıqlı anlaşma şəraitində
həll olunur. İran İslam Respublikası Nizam-İntizam
Qüvvələrinin Sərhəd Polisi ilə münasibətlər
yüksələn xətlə inkişaf etməkdədir.
İki dövlət arasındakı sərhəddə yaranan
problemlərin aradan qaldırılması məqsədi ilə
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
və İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin
Sərhəd Polisi arasında mütəmadi olaraq müzakirələr
keçirilir.
Xəzər dənizində transsərhəd
mütəşəkkil cinayətkarlığın
qarşısının alınması, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, transxəzər
iqtisadi layihələrin həyata keçirilməsi məqsədi
ilə Rusiya, Qazaxıstan və Türkmənistanın sərhəd
qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri
inkişaf etməkdədir.
NATO ilə əməkdaşlıq
əlaqələri çərçivəsində 2007-ci il
may ayının 2-də NATO qərargahında Azərbaycan
Respublikasının Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planının (FTƏP) 1-ci mərhələsinin
yekununa və 2008-2009-cu illərdə görüləcək
işlərə həsr olunmuş müzakirələrdə
iştirak etmək məqsədilə yüksək səviyyəli
nümayəndə heyətinin tərkibində DSX nümayəndə
heyəti Brüsselə işgüzar səfər etmişdir.
FTƏP-in 1-ci mərhələsi çərçivəsində
Azərbaycan sərhəd təhlükəsizliyi sahəsində
islahatların aparılması, götürülmüş tərəfdaşlıq
məqsədlərinin icrası və mövcud problemlərlə
bağlı NATO- nun mənzil-qərargahında DSX tərəfindən
Təqdimatlar keçirilmiş, NATO Baş Katibinin Cənubi
Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
cənab R.Simmonsla və digər şəxslərlə FTƏP-in
icrası və NATO ilə əməkdaşlığın
perspektivlərinə dair fikir mübadiləsi
aparılmışdır. NATO ilə fərdi tərəfdaşlıq
proqramı çərçivəsində keçirilmiş
təlim kurslarında DSX zabitləri yaxından iştirak
etmişlər. DSX nümayəndələri NATO-nun Terrorizmə
Qarşı Tərəfdaşlıq Əməliyyat
Planının (PAP-T) icrasına dəstək məqsədilə
2007-ci ildə NATO Hərbi-Siyasi Komitəsi tərəfindən
yaradılmış Sərhəd Təhlükəsizliyi
üzrə İşçi Qrupunun 2008-ci ildə
keçirilmiş ikinci iclasında, “Planlaşdırma və
Analiz Prosesi” Tərəfdaşlıq Məqsədləri
hesabatı üzrə ötən ilin may ayında
keçirilmiş müzakirələrdə, habelə Azərbaycan
Respublikasının NATO ilə FTƏP sənədinin yeni
layihəsinin hazırlanmasında fəal iştirak etmişlər.
DSX Demokratiya və İqtisadi
İnkişaf Naminə Təşkilat–GUAM çərçivəsində
dövlətlərarası informasiya təhlil sisteminin yaradlması
və Virtual Mərkəz, o cümlədən Ticarət və
Nəqletməyə Yardım layihələrinin həyata
keçirilməsində yaxından iştirak edir. Bununla
yanaşı, GUAM dövlətlərinin sərhəd
qurumlarının rəhbərləri arasında hər il GUAM
sammiti çərçivəsində işçi
görüşlər keçirilir və növbəti il
üçün tədbirlər planı imzalanır. Azərbaycanın
GUAM-a sədrliyə başladığı dövrdə DSX tərəfindən
“Demokratiya və iqtisadi inkişaf naminə təşkilat –
GUAM-ın nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin
edilməsində sərhəd nəzarətinin yüksək
standartlara uyğun təşkili” adlı layihə
hazırlanaraq ötən il aprel aynın 29-30-da Bakıda
keçirilən “GUAM-Tranzit” konfransında təqdim
olunmuşdur.
Dövlət Sərhəd Xidməti
üçün ötən il xüsusilə əlamətdar
olmuşdur. Dövlət sərhədlərinin mühafizəsi
sisteminin təkmilləşdirilməsi məsələlərinə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi
diqqətinin göstəricisi olan Dövlət Sərhəd
Xidmətinə büdcə ayırmalarının 2007-ci illə
müqayisədə 45,6% artırılması nəticəsində
maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
önəmli nailiyyətlər əldə olunmuşdur. 191
bina inşa edilmiş, o cümlədən Sahil Mühafizəsi
bazası və on ədəd yaşayış binası,
Bakı şəhərində iki ədəd 88 mənzilli
yaşayış binası, istirahət mərkəzində məişət
kompleksi, Akademiyanın səhra təlim mərkəzi,
xüsusi hərbi hissə, Hərbi Hospitalın diaqnostika
binası, 11 sərhəd zastavası kompleksi, Zaqatala SD-də
iki ədəd 16 mənzilli yaşayış binası, Horadiz
SD-də görüş evi, üç sərhəd
zastavasında dörd mənzilli yaşayış binaları
xidməti istifadəyə verilmiş, daha 145 binanın, o
cümlədən Bakı şəhərində bir ədəd
88 mənzilli yaşayış binasının, “Sərhədçi”
Olimpiya İdman kompleksinin, xidməti heyvan təlimatçılarının
hazırlanması mərkəzində
üstüörtülü atçılıq manejinin, 11 sərhəd
zastavası kompleksinin, bir sərhəd
komendantlığının tikinti-inşaat işləri
yekunlaşmışdır. Şəxsi heyətin sosial məişət
şəraitinin yaxşılaşdırılması
üçün inşa edilmiş binalarda 606 hazır mənzil
istifadəyə verilmiş, cənub sərhədlərində
8 sərhəd zastavası əsaslı təmir olunmuş və
23,6 km məsafədə sərhəd yolları
salınmışdır.
DSX əməliyyat-axtarış
və istintaq orqanlarının fəaliyyəti nəticəsində
qanunsuz miqrasiya ilə məşğul olan 3
qaçaqmalçı dəstə, o cümlədən
narkotik vasitətələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan 10 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilmişdir.
Dövlət sərhədinin
mühafizəsinə təsir göstərən amillər də
olmuşdur. Ölkə ərazisinin 20%-ə qədər hissəsinin,
o cümlədən Azərbaycan-İran dövlət sərhədinin
132 km-nin və Azərbaycan-Ermənistan dövlət sərhədinin
733 km-nin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunması, müqabil ölkə xüsusi xidmət
orqanlarının kəşfiyyat-təxribat fəaliyyətlərinin
sərhəddən davam etməsi, 3-cü ölkə vətəndaşlarının
ərazimizdən tranzit kimi istifadə etməklə Qərbi
Avropa ölkələrinə getmə cəhdləri, ölkə
ərazisindən narkotik maddələrin tranziti
üçün istifadə cəhdləri,
qaçaqmalçılıq və digər məqsədlərlə
dövlət sərhədinin pozulması, saxta sənədlərdən
istifadə etməklə dövlət sərhədindən
keçmə cəhdləri, Şimali Qafqazda əməliyyat
şəraitinin gərgin olaraq qalması,
Rusiya-Gürcüstan silahlı münaqişəsinin baş
verməsi və Gürcüstanın Azərbaycan ilə həmsərhəd
rayonlarında əməliyyat şəraitinin qeyri-sabitliyi, dəniz
sərhədlərində mövcud gərginlik, xidmətdə
olan sərhəd naryadlarına qarşı təzyiqlər,
silahlı müqavimət göstərilməsi, müqabil
ölkələrin həmsərhəd rayonlarında sərhəd
pozucularına köməklik göstərən mütəşəkkil
bələdçi qrupların fəaliyyəti və i.a.
dövlət sərhədlərimizdə əməliyyat şəraitini
bir sıra hallarda çətinləşdirmişdir.
Dövlət sərhədinin
mühafizəsinin təkmilləşməsi istiqamətində
görülən tədbirlər nəticəsində 2008-ci
il ərzində dövlət sərhədi və sərhəd
rejimi pozuntularında iştirakı olan 3363 nəfər
saxlanılmışdır ki, bunların da 388 nəfəri sərhəd
pozucusu olmuşdur. 2008-ci il ərzində tutulan sərhəd
pozucularının sayı 2006-cı illə müqayisədə
18,4%, 2007-ci illə müqayisədə 6,1%
azalmışdır. Sərhəd pozucularının ümumi
sayının, əsasən Azərbaycan vətəndaşlarının,
o cümlədən onların sırasında sərhədyanı
rayon sakinlərinin sayının azalması ölkəmizdə
geniş iqtisadi islahatların və quruculuq işlərinin
aparılması, yeni iş yerlərinin açılması
sayəsində əhalinin iqtisadi durumunun
yaxşılaşması, şəxsi heyətin
nizam-intizamının və döyüş
hazırlığının möhkəmləndirilməsi,
dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili
nəticəsində mümkün olmuşdur.
İl ərzində dövlət
sərhədində səkkiz halda narkotik maddələrin
qanunsuz daşınması ilə məşğul olan
silahlı qruplar tərəfindən sərhəd
naryadlarına silahlı müqavimət göstərilmişdir.
Silahlı müqavimətin qarşısının alınması
üçün sərhəd naryadları təlimatlara
uyğun hərəkət etmişlər. Sərhəd
naryadları tərəfindən dövlət sərhədimizi
pozmuş silahlı qruplara qarşı silah tətbiq edilərkən
4 nəfər sərhəd pozucusu
öldürülmüş, 3 sərhəd pozucusu
yaralanmışdır. Narkotik qaçaqmalçıları
ilə atışmada Dövlət Sərhəd Xidmətinin
zabiti-leytenant Qorxmaz Həşimov qəhrəmancasına həlak
olmuşdur. Zabitin igidliyi yüksək qiymətləndirilmiş,
Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilmiş, ailəsi
dövlət tərəfindən mənzillə təmin
olunmuş və həyat yoldaşı Dövlət Sərhəd
Xidmətində işə götürülmüşdür.
Əsgər Eltun İsgəndərov 2009-cu il iyun
ayının 18-də Cəlilabad rayonunun Əsədli kəndi
yaxınlığında dövlət sərhədinin
qorunması üzrə döyüş
tapşırığını yerinə yetirərkən sərhəd
pozucularının atdığı qumbaranın
üstünü bədəni ilə örtərək
komandirlərinin və əsgər yoldaşlarının həyatını
öz həyatı bahasına xilas etmiş və bu fədakarlığına
görə Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülmüşdür.
İl ərzində dövlət
sərhədini 73 halda 110 nəfər saxta, 42 halda 47 nəfər
özgəsinin sənədi ilə və 23 halda 26 nəfər
gizli şəkildə sərhəd nəzarət məntəqələrindən
keçməyə cəhd edərkən
saxlanılmış, axtarışda olan 874 nəfər
tutulmuşdur. Əməliyyat tapşırığına əsasən
255 nəfərin ölkədən çıxışı
qadağan olunduğu üçün Azərbaycan
Respublikasından çıxmasına icazə verilməmiş,
105 nəfərin ölkəyə girişi qadağan
olunduğu üçün Azərbaycan Respublikasına
buraxılmamışdır. 140 nəfərin pasportu
etibarsız olduğu üçün
alınmışdır.
2008-ci il ərzində 529 halda təqribən
məbləği 3042,6 min manat dəyərində
qaçaqmal tutulmuşdur. İl ərzində 621 kq 200,1 qram
narkotik maddənin (2007-ci ildə 309 kq 739,8 qram, 2006-cı ildə
24 kq 601,1 qram, 2005-ci ildə 12 kq 755,9 qram) dövlət sərhədindən
keçirilməsinin qarşısı alınmışdır.
9 halda 15,2 hektar sahədən ümumi çəkisi 24,6 ton
olan 45,6 min ədəd yabanı halda bitmiş narkotik tərkibli
bitki aşkarlanaraq məhv edilmişdir.
23 ədəd odlu silah, 33 ədəd
pnevmatik tapança, 569 ədəd patron, 5200 pnevmatik
tapança patronu, 2729 ədəd odlu silah gilizi, 123,5 kq
barıt, 4 ədəd gecə görmə cihazı, 2 ədəd
durbin, 73 194 qutu tütün məmulatı, 4443 ədəd
spirtli içki, 7870 ədəd müxtəlif çeşidli
geyim əşyaları, 14 598 kq balıq, 128 kq kürü, 2
615 litr benzin, 7 913 litr dizel yanacağı, 25 baş at, 24
baş iribuynuzlu heyvan, 420 baş xırda buynuzlu heyvan, 3 749
qram zinət əşyaları, 24 ədəd qızıl sikkə
(10-luq), 23 012 AR manatı, 127 646 ABŞ dolları, 11 736 803
İİR riyalı, 500 000 TR lirəsi, 15 264 ədəd disk,
60 018 ədəd dərman preparatı, 3 ədəd qayıq,
47 756 metr tor, 95 862 ədəd qarmaq, 700 metr iri lövbər və
s. qaçaqmalın dövlət sərhədindən
keçirilməsinin qarşısı
alınmışdır.
Dövlət sərhədini
pozduqlarına görə RF-yə məxsus 1 gəmi,
İİR-ə məxsus 2 qayıq, AR-ə məxsus 1 gəmi
və 27 qayıq saxlanılmış, keçirilmiş rejim
tədbirləri nəticəsində dənizdə qanunsuz
qurulmuş 47,8 km tor və 90 582 ədəd qarmaq
yığılmışdır.
Zahirən, hətta bir qədər
darıxdırıcı təsir bağışlayan və
görülən işlər barədə ilk baxışda rəqəmlərin
dili ilə quru təsəvvür yaratmaqdan başqa bir şey
deməyən rəsmi hesabatımızdan verdiyimiz
yuxarıdakı misallar əslində dövlət sərhədlərimizin
mühafizəsinin yüksək etibarlılığa malik
olmasını, sərhədçilərin fasiləsiz xidmət
uğurunu və onlar üçün yeni, rahat mənzillərin
köks dolusu yaşanan sevincini özündə əks etdirir.
Daim fəxr edirik ki, biz, sadəcə,
sərhədçi deyil, ulu öndərin əsasını
qoyduğu sərhəd siyasətinin sadiq qoruyucularıyıq.
Asif Cəbrayılov,
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor
Xalq qəzeti.- 2009.- 18 avqust.- S. 3.