biri vardı, biri yoxdu...
Sözün və musiqinin ucalığına yüksələn
qadın
Yayın qorabişirən qızmar günlərindən birində on beş-on altı yaşlarında bir qızcığaz soraqlaşa-soraqlaşa, Bakının dolanbac küçələri ilə arzusunun ünvanına yetişdi. Qapının ağzında oturub, gəlib-gedənlərə bələdçilik eləyən qoca qapıçıdan Seyid müəllimin burda olub-olmadığını soruşdu. Qapıçı: - Burdadır, qızım, buyur, keç içəri, - deyə nəvazişlə onu içəri ötürərək, əli ilə meşin qapılı kabineti göstərdi.
Qızcığaz ustufca qapını döyərkən “buyurun, gəlin!” - sözlərini eşidib, çəkinə-çəkinə, bir az da ərklə içəri adladı, salam verdi. Qarşısındakı kağız-kuğuzu dəstələyib, stolun bir küncünə yığan Seyid müəllim başını qaldırıb, ürkək baxışlı bu yeniyetmə qızın salamını aldı, oturmaq üçün yer göstərdi. Sonra demisinə bir qüllab vurub soruşdu:
- Hə, bala, de görüm, kimsən, mənə nə sözün var?
Rəfiqə özünü itirmədən:
- Ağa, mən Şuşadan gəlmişəm. Mirzə Məhinin qızıyam. İstəyirəm ki, musiqi təhsili alam. Sizin yanınıza da ona görə gəlmişəm ki, səsimi yoxlayasınız, əgər bəyənsəniz... - sözü yarımçıq qaldı.
Seyid Şuşinski
Mirzə Məhi Həmzəyevi yaxşı
tanıyırdı. Bilirdi ki, İranda ruhani təhsili
alıb, Qarabağın sayılıb-seçilən,
işıqlı adamlarındandı. Sovetləşmənin
ilk illərində Şuşanın bir çox kənd məktəblərində
şəriət dərsi deməklə yanaşı,
mövhumata qarşı da mübarizə aparıb, qadınların çadraatma
kampaniyasında fəal iştirak eləyib. Ən əsası
da onu bilirdi ki, Mirzə Məhinin hər adama nəsib olmayan
gözəl və məlahətli muğam səsi olub. Elə
ona görə də üzünə qayğıkeş bir
ifadə verib, ehtiramla və ata nəvazişilə Rəfiqənin
sözünü kəsdi:
- Qızım, demirsən ki,
şuşalısan?! Görünən kəndə bələdçi
nə lazım?! Həm də ot kökü üstə bitər,
- sonra nəsə fikirləşib, əlavə elədi:
- Amma bir-iki ağız desən,
yaxşı olardı.
— Bu doğmalıq qızı bir
az da cəsarətləndirdi. Gendən-genə
tanıdığı, qapısını ürəklə
döydüyü bu ağayana kişinin qarşısında
qarabağlıların ən çox sevdiyi “Segah”
muğamından bir parça oxudu. Seyid müəllim məmnunluqla
başını tərpədib:
- Əla, kifayətdir! - dedi. - Sən
artıq tələbəsən. Get, sənədlərini
hazırla. Allah qoysa, sentyabrın birində gələrsən
dərsə...
Rəfiqə sevincindən nə
edəcəyini bilmədi. Seyid müəllimə
utancaqlıqla minnətdarlığını bildirib,
küçəyə çıxdı. Sanki, qanadlanıb,
evində qaldığı xalası Şövkət xanımgilə
uçdu. Elə həmin gün Şuşaya - evlərinə
də müjdə xəbəri göndərdi.
... Rəfiqə
evin sonbeşiyi idi. İki yaşı olanda qəfil
ölüm atası Mirzə Məhini onlara çox
gördü. Anası Xatın xanım bir
hörüyünü ağ, bir hörüyünü qara
hörüb, 4 uşağına həm də ata əvəzi
oldu. Çətinliklə övladlarını
böyüdüb, boya-başa çatdırdı, yerbəyer eləyə bildi.
Kiçik Rəfiqə də bütün həmyerliləri
kimi Şuşanın “səs bulağı”ndan su
içmişdi. Tanrının ona verdiyi gözəl
və məlahətli səslə evdə də, məhəllədə
də, məktəbdə də “dinləyiciləri”ni əməlli-başlı
ovsunlamışdı. Onun səsi məktəbdə
keçirilən bütün tədbirlərdə - ədəbi
gecələrdə, görüşlərdə, konsertlərdə
tez-tez eşidilirdi. Hətta 1939-cu ildə, beşinci sinifdə
ikən Bakıda məktəblilərin özfəaliyyət
ansambllarının olimpiadasında iştirak edərək həm
xorda, həm də solo oxumuş, qaliblər sırasına
çıxmışdı...
Rəfiqə A. Zeynallı
adına Bakı Musiqi Məktəbində 2 il Seyid
Şuşinskinin sinfində sənət dərsi aldı.
Ayrıca olaraq Xan Şuşinskidən də muğamların
sirrini öyrəndi, ondan da görüb-götürdü.
Xeyli açılışdı, cilalandı, püxtələşdi.
Soprano-koloratura səsi olan gənc tələbə-müğənni
tarzən Əhməd Bakıxanovun da diqqətindən
yayınmadı, onu rəhbərlik etdiyi xalq çalğı
alətləri ansamblına dəvət elədi. Rəfiqə
M. Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi dəfələrlə fabrik,
zavod fəhlələri, kənd təsərrüfatı əməkçiləri
qarşısında çıxış elədi.
Lakin uşaqlıqdan şeirə,
poeziyaya, ümumiyyətlə, klassik ədəbiyyata
marağı çox çəkmədən musiqiyə olan həvəsi
ilə eyniləşdi, ali filoloji təhsil almaq fikrinə
düşdü. Azərbaycan Dövlət Universitetinin şərq
filologiyası fakültəsinə daxil oldu. Burda
oxuyarkən fars dilini bütün incəlikləri ilə
öyrəndi, klassik ədəbiyyatı dərindən mənimsədi.
1952-ci ildə ali təhsilli mütəxəssis kimi Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat
kafedrasına laborant vəzifəsinə işə
götürüldü. Uzun illər Feyzulla Qasımzadə,
İsmayıl Şıxlı, Afat Qurbanov,
Mustafa Mustafayev kimi tanınmış alimlərlə
çiyin-çiyinə bir kafedrada çalışdı. Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri, professor
Feyzulla Qasımzadə Rəfiqənin elmi-tədqiqat işlərinə
tükənməz həvəsini görüb, ona aspiranturaya
girməyi, mövzu götürüb, işləməyi
məsləhət gördü və elmi rəhbərliyi də
öz üzərinə götürdü.
Gənc Rəfiqə
1955-ci ildə institutun aspiranturasına daxil oldu, namizədlik
dissertasiyası üzərində çalışmağa
başladı. XIX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin
həyat və yaradıcılıq yolu onun elmi-tədqiqat
mövzusuna çevrildi. Nəhayət, 1968-ci ildə uğurla elmi iş müdafiə
edib, filologiya elmləri namizədi elmi dərəcəsi
aldı.
Gənc alim Seyid Əbülqasim
Nəbatinin həyat və yaradıcılığı
haqqında o vaxtadək adda-budda şəkildə
yazılanları ümumiləşdirməklə
yanaşı, şairin ədəbi irsindən, əsərlərinin
bədii xüsusiyyətlərindən də geniş bəhs
etmiş, anadan olduğu məkanı, hansı xalqa mənsubluğu,
əslini-nəslini, doğum və ölüm tarixinin
dürüstlüyünü, “Nəbati” ədəbi təxəllüsünün
mənasını dəqiq müəyyənləşdirmişdi.
O, şairin əsərlərinə istinad etməklə, həyatının
bəzi qaranlıq səhifələrinə işıq
salmış, həmçinin aşıq və klassik
üslubda yazdığı şeirlərin sənətkarlıq
xüsusiyyətlərini göstərmişdi.
Rəfiqə Həmzəyeva
1961-ci ildən baş müəllim, dosent vəzifələrində
çalışdı, 2 ildən sonra isə aspirantura
şöbəsinin müdiri təyin olundu. O,
istər aspiranturada oxuduğu, istərsə də sonrakı
illərdə qələmini bədii yaradıcılıqda da
sınadı, lirik və satirik şeirlər, elmi-publisistik məqalələr
yazdı. Fars dilindən mənzum şeirlər tərcümə
elədi, dövri mətbuat səhifələrində
ardıcıl dərc olundu.
Məlahətli səslə,
yüksək intellektual səviyyə ilə bərabər,
Allah-taala bu enerjili gənc qadına bir kişi dəyanəti,
işgüzarlığı da bəxş eləmişdi. Rəfiqə xanım ömrünün ən
qızğın və məhsuldar çağlarında
“yoruldum” demədən institutun ictimai həyatında fəallıqla
çalışırdı. 1966-cı ildə o, yekdilliklə
institut qadınlar şurasının sədri, az sonra isə
respublika qadınlar şurasının büro üzvü
seçildi, fəaliyyət dairəsini daha da genişləndirdi.
1967-ci ildə
institutda Sovet İttifaqında ilk dəfə olaraq ali məktəb
müəllimlərindən ibarət özfəaliyyət
ansamblının yaradılmasının əsas təşəbbüskarlarından,
yaradıcılarından və aparıcı solistlərindən
biri olması məhz Rəfiqə Həmzəyevanın ictimai
fəallığının uğurlu nəticəsi idi. Cəmi 9 nəfərlə
fəaliyyətə başlayan kollektivə “Təhsil” adı
verildi. Ansamblın ümumi rəhbərliyini
Mürsəl Əliyev, konsertmeystrliyini Sabir Quliyev, bədii rəhbərliyini
isə respublikanın əməkdar artisti, tarzən Əliağa
Quliyev öz üzərinə götürdü. Eksperimental və
nəzəri fizika kafedrasının baş müəllimi
Müseyib Bəşirov, ümumi fizika və astrologiya kafedrasının
müəllimi Vaqif Nəsirov, incəsənət
kafedrasının baş müəllimi Kərim Rzayev, bədən
tərbiyəsi kafedrasının baş müəllimi Hilal Ələkbərov,
laborant Humay Musayeva və aspirantura şöbəsinin
müdiri Rəfiqə Həmzəyeva kollektivin ilk üzvləri
oldular.
Gərgin məşqlərdən
sonra ansambl səhnələrə ayaq açdı,
respublikanın bir sıra rayonlarına qastrola
çıxdı. İlk səfəri isə 1968-ci ilin əvvəllərində
Gəncə şəhərinə oldu. Kollektiv tikiş
fabrikində, dram teatrında, pedaqoji institutda, toxuculuq
kombinatında çıxış edərək dahi Nizami
yurdunun sənətsevərlərinə böyük musiqi
çələngi ərməğan elədi.
Elə həmin il 1 May bayramı ərəfəsində
P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin dəvəti
ilə “Təhsil” institutunun “Bahar” estrada ansamblı ilə
birlikdə Moskvaya qastrol səfərinə yola
düşdü. Tamaşaçılar, xüsusən də, əcnəbi
musiqisevərlər Rəfiqə xanımı dönə-dönə
alqışladılar, dəfələrlə səhnəyə
qaytardılar. Ansamblın üzvləri
Rauf Hacıyevin məşhur “Azərbaycan”
mahnısının sədaları altında və
ardı-arası kəsilməyən sürəkli
alqışlarla səhnəni tərk etdilər.Elə həmin
gün kollektivin ünvanına bir məktub da
çatdırıldı: “Aprelin 19-da sizi M. V. Lomonosov
adına Moskva Dövlət Universitetinin professor-müəllim
heyəti və tələbələri ilə
görüşə dəvət edirik.
“Həmin vaxt universitetdə
Sovet-Suriya dostluğu günü ilə əlaqədar təntənəli
yığıncaq keçirilirdi. Azərbaycanlı qonaqlar bu
dəvəti məmnuniyyətlə qəbul etdilər.
Üst-üstə düşən dostluq görüşlərinin
son akkordlarını vurmaq isə “Təhsil”ə həvalə
olundu və kollektiv gecəni xoş ovqatla yekunlaşdırdı.
Daha sonra ansambl M. Qorki adına Mədəniyyət Sarayında
da rəngarəng proqramla çıxış elədi. “Təhsil”in
konsertləri paytaxt tamaşaçılarının xatirindən
uzun müddət silinmədi. Moskva və Azərbaycan mətbuatında
kollektivin çıxışları haqqında geniş məqalələr
dərc olundu və bu yazılarda, təbii ki, müğənni
Rəfiqə Həmzəyevanın adı minnətdarlıqla
və xüsusi məhəbbətlə çəkilir,
çıxışlarından ayrıca bəhs olunurdu.
“Təhsil”in uğurları
artdıqca üzvlərinin sayı da çoxalırdı. Fəaliyyətinin
ikinci ilində onun üzvlərinin sayı artıq 32 nəfər
idi. Bəstəkar Hacıbaba Həsənov, Əhəd
Əhmədov, Buta Sadıqov, Lütfi Axundov (tar), Telman Bədəlbəyov-Ağdamski,
Əsgər Axundov (kamança), Mürsəl Həkimov (saz), Əmrulla
Abdullayev (qarmon), Əsgər Tağıyev (qoşa nağara),
Əhmədağa Quliyev (arqonolda) və başqaları bu
ansamblı yaşatmaq, şöhrətləndirmək
üçün əllərindən gələni əsirgəmirdilər...
Rəngarəng tədbirlər,
ailə qayğıları, doktorluq dissertasiyası üzərində
iş... Bunlar Rəfiqə xanımın vaxtını
çox alsa da, həyatını daha da mənalandırır,
şirinləşdirirdi. Lakin
dünyasının ən gözəl və məhsuldar
çağlarında ömrünün payızı qəflətən
başının üstünü kəsdirdi, bütün
işlərini yarımçıq qoydu bu fədakar
insanın. 1971-ci ilin oktyabrında ağır cərrahiyyə
əməliyyatının cəngindən xilas ola bilməyən
Rəfiqə xanım əbədi olaraq öz dünyasına
qovuşdu...
Rəfiqə
xanımın həmkarları, dostları, balaları,
xüsusən, Sədaqət xanım ana xatirəsini həmişə
uca tutdu, öz övladlıq borcunu verməyə
çalışdı. “Seyid Əbülqasim Nəbati”yə
ikinci həyat bəxş elədi, onu iki dəfə kitab
halında çap etdirdi, bir daha həm böyük şairi, həm də
sevimli anasını daha çox oxucuya tanıtdı.
Quliyev V.
Xalq xəzeti.- 2009.- 9 avqust.- S. 6.