Azərbaycanda
aparılan uğurlu islahatlar qlobal maliyyə-iqtisadi
böhranın ölkəmizə təsirinin
qarşısını aldı
Son bir il dünya
ictimaiyyətinin yaddaşında qlobal maliyyə və iqtisadi
böhranın tüğyan etdiyi dövr kimi qalacaq.
Dünyanı bürümüş bu böhran nəticəsində
bir sıra aparıcı şirkətlərin fəaliyyəti
məhdudlaşdırılmış, bəziləri isə
tamamilə dayanmışdır. Bu da iqtisadiyyatın
inkişafına öz mənfi təsirini göstərmiş,
insanların pul gəlirləri azalmış, iş yerləri
ixtisara düşmüş, bəzi şirkətlər, habelə
müəssisələr öz işçilərini məcburi
məzuniyyətə göndərmişlər. Qlobal iqtisadi və
maliyyə böhranının qarşısının
alınması üçün dünyanın
tanınmış iqtisadçıları bütün
imkanlara, vasitələrə əl atmışlar. Son vaxtlar
böhranın təsir imkanları azaldılsa da hələ
bunun qarşısı tam alınmayıb.
Azərbaycanda son illər
aparılan uğurlu islahatlar, seçilən düzgün yol
maliyyə və iqtisadi böhranın ölkəmizə təsirini
azaltmışdır. Dünyanı lərzəyə salan
böhranın ölkəmizdə təsiri minimum dərəcədə
hiss olunmuşdur. O da bəzi sahələrdə. Onu da qeyd edim
ki, iqtisadi və maliyyə böhranının tüğyan
etdiyi bir vaxtda Azərbaycanda pensiyaların sığorta hissəsi
artırıldı, nəzərdə tutulmuş infrastruktur
layihələrin reallaşdırılması istiqamətində
işlər davam etdirildi. Çoxşaxəli olan Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf etdirilmiş,
tikinti-abadlıq, quruculuq işləri səngiməmiş,
beynəlxalq standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət
ocaqlarının tikintisi sahəsində əvvəlki illərdə
olduğu kimi, yenə də irəliləyiş qeydə
alınmışdır.
Ötən illərdə əhalini
ən çox narahat edən işsizlik probleminin aradan
qaldırılması istiqamətində əsaslı
dönüş yaradılması ən çox yadda qalan məsələlərdən
biri oldu. Beş il ərzində 750 mindən çox yeni
iş yerlərinin yaradılması böyük və unudulmaz
hadisələrdən biri idi. Yeni iş yerlərinin
yaradılması əhalinin həyat səviyyəsini yüksəltmiş,
pul gəlirlərini artırmış, ümumi daxili məhsul
istehsalının həcmi xeyli artmış, istehlak
bazarlarında bolluq yaranmış, ucuzlaşma qeydə
alınmışdır. Dünyada cərəyan edən
iqtisadi və maliyyə böhranı Azərbaycanda bir o qədər
hiss olunmamışdır.
2009-cu ilin ilk aylarından da
ölkəmizdə iqtisadiyyatın uğurla inkişaf etdiyi
müşahidə olunmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında da dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlərin hökm sürdüyü qeyd olundu.
Buna baxmayaraq, bu ilin birinci yarısında Azərbaycanda
ümumi daxili məhsul istehsalı 3,6 faiz artmışdır.
Qeyri-neft sektorunda artım isə 4,1 faiz olmuşdur.
Sevindirici haldır ki, ölkəmizin
iqtisadiyyatı və gələcəyi neft amilindən
çox asılı deyil. Bəzi bədxahlar elə
düşünürlər ki, Azərbaycan yalnız neft
amilindən asılıdır. Təbii ki, neft amilinin ölkənin
inkişafında rolu böyükdür. Bir sıra beynəlxalq
layihələrin həyata keçirilməsində neft
sektorunun rolu danılmazdır. Ancaq buna baxmayaraq, qeyri-neft
sektorunun inkişafı dövlət
başçımızın daim diqqət yetirdiyi sahələrdən
olub. Biz artıq bu ilin birinci yarısının yekunlarında
bunun şahidi olduq. Azərbaycanın seçdiyi uğurlu və
düzgün yol sayəsində neft-qaz sektorunun inkişafı
və bu sahədən götürülən gəlir
çox düzgün istiqamətləndirilmiş, iqtisadi
qüdrətimizi xeyli artırmışdır.
Birinci yarım ildə
regionların sosial-iqtisadi inkişafı yenə də diqqət
mərkəzində olmuşdur. Məlum
olduğu kimi, artıq növbəti beş il
üçün regionların sosial-iqtisadi inkişafı
üçün yeni Dövlət Proqramı təsdiqlənmiş,
nəzərdə tutulmuş iri infrastruktur layihələrin
reallaşdırılması üçün mühüm əhəmiyyətli
tədbirlər planı hazırlanmışdır.
Dövlətimizin başçısı həmin tədbirlər
planının həyata keçirilməsi üçün
konkret vəzifələr müəyyənləşdirmişdir.
Bu vəzifələrin həyata keçirilməsinin nəticəsidir
ki, arxada qalan 6 ay ərzində ölkəmizdə 35 min yeni
iş yeri açılıb. Onlardan 25 mini daimidir. Bu ondan xəbər
verir ki, regional inkişaf proqramının ikinci mərhələsi
uğurla həyata keçirilir.
Onu da qeyd edim ki, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çox
böyük və konkret bir proqramdır. Bu
proqramda qarşıya çox mühüm vəzifələr
qoyulub. Ötən dövlət proqramının
qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə
yetirilməsi bir daha təsdiqləyir ki, yeni inkişaf
proqramının uğurlu icrası 2013-cü ilə qədər
Azərbaycanın regionlarını daha da inkişaf etdirəcək,
mövcud olan bütün problemlər öz həllini tapacaq.
Ümumiyyətlə,
bu ilin altı ayı ərzində ölkəmizdə
bütün sahələr üzrə inkişaf qeydə
alınmışdır. Əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, aztəminatlı ailələrin aradan
qaldırılması və digər sahələrin
inkişafı diqqət mərkəzində olmuşdur. Nəzərdə tutulan
bütün sosial proqramlar həyata keçirilmişdir. Məktəblərin əsaslı təmiri, yenilərinin
tikilməsi, xəstəxanaların, idman komplekslərinin
inşası diqqət mərkəzində olmuşdur.
Ünvanlı sosial yardım alan insanların sayı 800 minə
çatmışdır. Əvvəlki illərlə
müqayisədə ünvanlı sosial yardımın məbləği
artırılaraq yüz manata
çatdırılmışdır. Bu da təsdiqləyir ki,
qlobal iqtisadi və maliyyə böhranı Azərbaycana bir o qədər
də təsir edə bilməyib.
Göründüyü kimi, geriləmə
əvəzinə inkişafın, artımın şahidi
oluruq. Aztəminatlı ailələrin hər
birinə yüz manat ünvanlı sosial yardım verilməsi
iqtisadi inkişafdan xəbər verir. Çətin vəziyyətdə
yaşayan soydaşlarımızın sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
dövlət tərəfindən görülən konkret tədbirlər
yerlərdə böyük rəğbətlə
qarşılanmışdır.
Yola saldığımız 6 ay ərzində
inflyasiyanın səviyyəsi də çox aşağı
olmuşdur. Altı ay ərzində
inflyasiyanın 3,7 faiz təşkil etməsi qarşıya
qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən
xəbər verir. Əhalinin pul gəlirlərinin, orta
aylıq əmək haqqının artımı da iqtisadi
inkişafın nəticəsidir. Son altı ay ərzində
orta əmək haqqının təxminən 15 faiz, əhalinin
pul gəlirlərinin 10 faiz artımı regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
müvəffəqiyyətlə icra olunmasından xəbər
verir. Həmin proqramın uğurla icra olunması növbəti
beş il ərzində Azərbaycanın regionlarında
mövcud olan bütün problemlərin aradan
qaldırılmasına rəvac verəcək.
Beynəlxalq Valyuta
Fondunun dərc etdiyi dünya iqtisadiyyatının proqnozuna
görə, bu il inkişaf etmiş ölkələrdə
ümumi daxili məhsul istehsalı 2,5 faizdən 5 faizə qədər,
Avropa ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial
dövlətlərində 6 faiz, MDB dövlətlərində
4 faiz azalacaqdır.
Bütün bunlar qlobal maliyyə-iqtisadi böhranın fəsadlarıdır.
Qeyd etdiyim kimi Azərbaycanda isə bunun əksi – yəni
ümumi daxili məhsul istehsalının 3,6 faiz həcmində
artımı qeydə alınmışdır. Bütün
bunlara möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında aparılan iqtisadi islahatlar nəticəsində
nail olunmuşdur.
Ümummilli lider
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
siyasi hakimiyyətə gəldikdən sonra sahibkarlıq fəaliyyətinin
inkişafına xüsusi önəm yetirmiş,
iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin
açılmasında və ümumi daxili məhsul
istehsalının həcminin artırılmasında bu sahənin rolunu yüksək
qiymətləndirmişdir. O vaxtdan başlayaraq azad
sahibkarlığın inkişafına xüsusi qayğı
göstərilir, bu sahədə qarşıya çıxan
süni əngəllər aradan qaldırılır. Ulu öndərin daxili və xarici siyasətini
layiqincə davam etdirən möhtərəm Prezidentimiz
İlham Əliyev də sahibkarlıq fəaliyyətinin daha da
inkişafı üçün əlverişli şərait
yaratdı. 2009-cu ildə sahibkarlığın inkişafı
üçün daha böyük vəsait nəzərdə
tutulub. Dövlətimizin başçısı Nazirlər
Kabinetinin iclasında bu məsələ ilə əlaqədar
demişdir: “Bu il sahibkarlığın inkişafı
üçün daha da böyük vəsait nəzərdə
tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin
məbləği artır, eyni zamanda, ənənəvi olaraq
kənd təsərrüfatının inkişafı
üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da
deməliyəm ki, birinci altı ayda həm sənaye
istehsalı, həm də kənd təsərrüfatı sahəsində
artım müşahidə olunur. Yəni Azərbaycanda elə
bir sahə yoxdur ki, orada tənəzzül müşahidə
edilsin. Bir daha demək istəyirəm ki, bu onu
göstərir ki, Azərbaycan gələcəyə çox
böyük ümidlərlə baxır. İndiki vəziyyət
çox ürəkaçandır və şübhə etmirəm
ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər
davam edəcəkdir”.
Nazirlər Kabinetinin iclasında ən
çox diqqət çəkən məqamlardan biri də Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi istiqamətində
görülən işlər, aparılan danışıqlar
barəsində verilən məlumat oldu. Dövlət
başçımızın məntiqli siyasəti nəticəsində
artıq dünyanın inkişaf etmiş dövlətləri,
habelə tanınmış beynəlxalq qurumlar Azərbaycanı
sülhsevər, Ermənistanı isə
işğalçı dövlət kimi tanıyır. Bu,
bizim diplomatiyamızın, xarici siyasətimizin uğurudur.
Münaqişənin aradan qaldırılması istiqamətində
Azərbaycan Prezidentinin mövqeyi birmənalı olaraq dəstəklənir.
Çünki Azərbaycanın mövqeyi bütün beynəlxalq
normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən
qəbul edlir. Möhtərəm Prezidentimiz
öz çıxışında münaqişənin
nizamlanmasında Azərbaycanın mövqeyinin beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilmiş qətnamə və qərarlar
əsasında qurulduğunu və məsələnin bu
hüquqi müstəvidə öz həllini tapa biləcəyini
diqqətə çatdırdı. Dövlət
başçımız qətiyyətlə bildirdi ki, Azərbaycanın
ərazi bütövlüyü tam şəkildə təmin
olunmalıdır.
2009-cu ilin birinci yarısının yekunları bir daha təsdiqlədi ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır. Qlobal iqtisadi və maliyyə böhranı ölkəmizin inkişafının qarşısını almaqda acizdir. Ən əsası ona görə ki, dövlətimizin, dövlət başçımızın seçdiyi yol düzgün yoldur. İnanırıq ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq.
Cavadov Ə.
Xalq qəzeti.- 2009.- 9 avqust.- S. 3.