Sahibkarlığa dövlət qayğısı getdikcə artır

 

Son illər Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində — istər dövlət quruculuğunun möhkəmləndirilməsində, istərsə də neft və qeyri-neft sektorunun inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir.

Beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqımızın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, perspektiv inkişafa, insanların maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır.

Ölkə başçısının rəhbərliyi ilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial və iqtisadi sahələrin yeni inkişaf mərhələsinə daxil olmasına gətirib çıxarmış, Azərbaycan dövlətinin strateji xəttinə uyğun olaraq qəbul edilmiş proqramların gerçəkləşdirilməsini sürətləndirmişdir. Özü də bu inkişaf ötən il başlayan qlobal maliyyə böhranının dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadları, dünya ticarət dövriyyəsinin kəskin şəkildə azalması, bank və qeyri-bank kreditləşməsinin zəifləməsi fonunda baş vermişdir. Bu böhranın ilin sonuna qədər davam edəcəyi də gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) bu yaxınlarda yaydığı məlumat-proqnozda bildirilir ki, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaqdır.

Qlobal maliyyə böhranı, mütəxəssislərin fikrincə, Azərbaycan iqtisadiyyatını da sınağa çəkmişdir. Lakin Prezident İlham Əliyevin göstərişləri əsasında görülən tədbirlər nəticəsində və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı, sabitliyi qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Bunu belə bir fakt da təsdiqləyir: Bu ilin altı ayı ərzində Azərbaycan iqtisadiyyatının ardıcıl yüksəlişi davam etmiş, ÜDM-in artımı 3,6 faiz təşkil etmişdir. Həm də nəzərə alınmalıdır ki, BVF-nin 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu fonunda bu göstərici diqqəti cəlb edir.

Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında maliyyə naziri Samir Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edirlən rekord inkişaf sürəti ölkəmizin iqtisadi göstəricilərinin mütləq ifadədə xeyli artmasına səbəb olmuşdur. Bu baxımdan cari və gələcək dövrlərdə hər artım faizinin kəmiyyət tutumunun əvvəlki illərin göstəricilərinin tutumundan əhəmiyyətli dərəcədə yüksək olması diqqətdən yayınmamalıdır.

Bu il “Moodj”s İnvestor Cervice” və “Fitch Ratingc” beynəlxalq reytinq agentlikləri ölkəmizin növbəti kredit reytinq qiymətləndirilməsini keçirmişlər və əvvəlki illərdə təyin etdikləri kredit reytinqlərini müvafiq olaraq Ba1 və BB+ səviyyələrində bir daha təsdiqləmişlər. Digər bir reytinq agentliyinin — “Standard Poors”un qiymətləndirməsi isə Azərbaycan iqtisadiyyatının böyük imkanlara və dayanıqlığa malik olduğunu göstərmişdir.

Nazirlər Kabinetinin sözügedən iclasında o da vurğulanmışdır ki, Azərbaycandan fərqli olaraq, 2008-ci ilin ortalarından indiyə kimi həmin reytinq agentlikləri bir sıra MDB dövlətlərinin və Şərqi Avropa ölkələrinin kredit reytinqlərini yenidən qiymətləndirərək, onları bir və ya iki pillə aşağı endirmişdir.

Azərbaycanın iqtisadi uğurlarında özəl bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, dövlət başçısının sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür və bu, hazırda da davam etdirilir.

Misal kimi, dövlət başçısının bu yaxınlarda imzaladığı müvafiq qanunu göstərmək olar: 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir.

Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Bu ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.

Altı ay ərzində kənd təsərrüfatı istehsalçılarına da qayğı artırılmışdır. Fermerlərə ayrılan yardımların, texnika və gübrə alınmasına güzəştlərin nəticəsində bu il taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılmış, o cümlədən buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil etmişdir. Əlbəttə, bu və ya digər uğurlu göstəricilərin əldə edilməsində dövlət başçısının təşəbbüsü və dəstəyi ilə yaradılan “Aqrolizinq” Səhmdar Cəmiyyətinin mühüm rolu vardır. Bu ilin altı ayı ərzində dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün adı çəkilən səhmdar cəmiyyətə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.

Ümumiyyətlə, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla reallaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən əlverişli şərait yaradılmış, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilmiş, fermerlərə traktor, kombayn və digər maşın və avadanlıqlar, toxum, gübrə, habelə pestisidlər verilmişdir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev yekun nitqində aqrar sektorun indiki durumunu geniş təhlil etmiş, fermerlərə bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulamışdır: “Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması — bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir...”.

Bütün bunların nəticəsidir ki, bu il iyul ayının 20-nə olan vəziyyətə görə, 976 min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilmiş və 2 milyon 557 min 33 ton məhsul yığılmışdır. Həmin tarixə buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilmiş və 1 milyon 918 min 673 ton məhsul istehsal edilmişdir. Ümumiyyətlə, bu il qarğıdalı da daxil olmaqla taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, ötən ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir.

Ötən ayın əvvəlinə olan məlumata görə, bu il 66 min 200 hektar sahədə kartof, 79 min 900 sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri və s. əkilmişdir. İndiyədək 260 min tondan çox kartof, 270 min tondan çox tərəvəz, 70 min tona yaxın meyvə, 12 min tondan çox bostan məhsulları yığılmışdır. Hazırda məhsul yığımı davam etdirilir.

Göründüyü kimi, əldə edilən uğurların böyük hissəsi qeyri-neft sektorunun, özəl bölmənin payına düşür. Bu isə dövlətin sahibkarlığa, iş adamlarına göstərdiyi diqqətin getdikcə artırılması ilə bağlıdır.

 

 

Bayramov V.

 

Xalq qəzeti.- 2009.- 9 avqust.- S.3.