Azərbaycan-ABŞ strateji münasibətləri sürətlə inkişaf etməkdədir

 

Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır.

Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri dövlətlərə çox ciddi zərbələr vursa da, Azərbaycana bir o qədər də təsir göstərə bilmədi. Ölkəmizin bu uğurları da diqqətdən yayınmamış və rəsmi Bakı əlaqələrini daha da artırmışdır. Hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir. Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox cəlb edir.

Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. Siyasi şərhçilərin bildirdiyinə görə, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. 2001-ci ildən Azərbaycan-ABŞ münasibətləri daha da yaxşılaşmış, strateji müttəfiqlik istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror hadisələri yəqin ki, xatirələrdən silinməyib. O zaman beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ-a öz hava məkanını açıq elan etdi və bu sahədə lazımi məlumatları təqdim etməyə hazır olduğunu bildirdi. Bununla da Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilə həmrəyliyini nümayiş etdirdi. Sonradan Əfqanıstanda və İraqda terrorizmə qarşı mübarizədə Azərbaycanın əsgər və zabitlərinin fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırdı. Azərbaycanın antiterror koalisiyasındakı fəal iştirakı ABŞ rəsmiləri və senatorları tərəfindən yüksək qiymətləndirilib. Biz bunu Amerikadan Azərbaycana gələn rəsmi nümayəndələr ilə keçirilən görüşlərdə də eşidirik. Məsələn, Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Riçard Luqar ölkəmizdə səfərdə olarkən bəyan etdi ki, Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələri var, iki ölkə arasındakı bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Bu da öz növbəsində regionun təhlükəsizliyinə töhfə verəcək. R.Luqar həmçinin bildirib ki, Amerika-Azərbaycan əlaqələrinin çox ümidverici gələcəyi vardır.

Amerikada fəaliyyət göstərən güclü erməni lobbisi uzun müddət çalışsa da, qondarma “erməni soyqırımı” məsələsinin Konqresdə müzakirəyə çıxarılmasına nail ola bilmədi. Hətta bu barədə qanun layihəsi hazırlanıb Konqresə təqdim olunsa da, son anda sabiq ABŞ Prezidenti Bill Klinton və sabiq dövlət katibi Kondaliza Rays bu qanun layihəsinin müzakirəyə çıxarılmaması ilə əlaqədar Konqresə müraciət etmiş və istəklərinə nail olmuşlar. Hətta həmin qanun layihəsinə imza atan konqresmenlər sonradan öz imzalarından imtina etmiş, bunu əsl həqiqəti ətraflı öyrənməmələri ilə əlaqələndirmişlər. Təbii ki, bu, ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətlərinə xələl gətirməməsinin nəticəsi kimi dəyərləndirilir. Ümumiyyətlə, Corc Buş Administrasiyası iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə – siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilməsinə nail olmuş, “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılması nəticəsində ikitərəfli əlaqələrdə dönüş yaranmışdır. Xüsusi olaraq qeyd edilmişdir ki, beynəlxalq mübarizənin təşkilində, regionda sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycan böyük potensiala malikdir və bu potensialdan çox səmərəli istifadə olunur. Azərbaycan əsgərlərinin antiterror koalisiyanın tərkibində sülhməramlı missiyada fəal iştirakı rəsmi Vaşinqtonu tam razı saldı. Beynəlxalq terror təşkilatlarına qarşı mübarizədə bir sıra konvensiyalara qoşulan Azərbaycanda sonradan qəbul olunan bir çox qanunvericilik aktlarının həmin sənədlərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir. ABŞ-ın dövlət rəsmləri bu faktı dəfələrlə vurğulamaqla ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında başlanmış, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti təqdir etmişlər.

Son illər Azərbaycanda keçirilən parlament və prezident seçkiləri öz demokratikliyinə, aşkarlığına və şəffaflığına görə beynəlxalq aləmin, o cümlədən ABŞ-ın diqqət mərkəzində olmuşdur. Seçkilər zamanı namizədlərə demokratik şəraitin yaradılması, dövlət başçısının azad və ədalətli seçkilərin keçirilməsi ilə əlaqədar siyasi iradə nümayiş etdirməsi beynəlxalq müşahidəçilər və ABŞ-dan gəlmiş ziyalılar, siyasi xadimlər, habelə digər müşahidəçilərin diqqətindən yayınmamışdır.

Prezident seçkilərini müşahidə etmiş ABŞ ziyalılarının fikirləri də bunu təsdiqləyir. Məsələn, ABŞ-dan olan müşahidəçilər qrupu verdiyi bəyanatda bildirib ki, Azərbaycanda keçirilən seçkilər azad və ədalətli şəkildə keçirilib. Qrupun rəhbəri Tvenn Belkurt bildirib ki, ABŞ-dan olan müşahidəçilər qrupuna 40 müşahidəçi daxil olub. Onların arasında keçmiş konqresmenlər və siyasətçilər var. 200-dən çox məntəqədə müşahidə aparan sabiq konqresmenlər və ictimai-siyasi xadimlər Azərbaycanda tətbiq oluna seçki texnologiyasını ABŞ-da olan texnologiyaya bənzədiblər. Müşahidəçilər qrupunun rəhbəri T.Belkurt bildirib ki, seçkilər azad və ədalətli keçirilib, yüksək səviyyədə hazırlanıb, seçki prosesi haqqında informasiya hamı üçün açıq olub. O daha sonra deyib ki, seçkilər günü bütün siyasi partiyalardan nümayəndələr məntəqələrdə seçkiləri müşahidə edib, veb-kamera və exit-poldan istifadə edilib. Bütün bunlar göstərir ki, Azərbaycan seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün ciddi səy göstərib. T.Belkurt öz fikrini yekun olaraq belə tamamlayıb: “Qrup tam şəffaflıq və ədalətlilik müşahidə edib ki, bu da çox sevindiricidir”.

ABŞ-ın “Amerikanın səsi” radiostansiyasının yaydığı informasiya da diqqəti cəlb edir. Həmin informasiyada deyilir: “Belə bir rəy var ki, Qafqazda daxili sabitlik baxımından Azərbaycan birinci yerdədir... İlham Əliyev də atası kimi qeyri-adi insandır və bunu dəyərləndirməmək mümkün deyil”.

Belə faktlardan çox göstərmək olar. Hətta bəzi amerikalı ziyalılar Azərbaycanda prezident seçkiləri zamanı gördükləri bir sıra yeniliklərin hələ bu vaxta qədər öz ölkələrində müşahidə olunmadığını bildiriblər. Bütün bunlar Azərbaycanın demokratik proseslərin inkişafına xüsusi önəm yetirməsi və demokratik ölkə kimi formalaşması barədə ABŞ-da kifayət qədər rəy fonrmalaşdırıb. İki yüz ildən artıq bir vaxtda demokratik ölkə kimi tanınmış super dövlətin ölkəmizi belə yüksək qiymətləndirməsi və müstəqil dövlətimizlə əməkdaşlığa, böyük maraq göstərməsi təbii ki, yüksək qiymətə layiqdir.

Bu gün dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzənin son açıqlamaları bir daha təsdiqləyir ki, ABŞ münaqişənin nizamlanmasında Azərbaycanla həmrəydir. Xatırladaq ki, M.Brayzə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll olunmalı, beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmalıdır. Ermənistan əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sonra münaqişənin nizamlanması barədə düşünməlidir. Təbii ki, bu fikirlər M.Brayzəyə yox, ABŞ dövlətinə məxsusdur.

Son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində yeni bir canlanmanın yarandığını təsdiq edən hadisələr baş verir. ABŞ-ın yeni Prezidenti Barak Obamanın bir qədər əvvəl dövlət başçımız cənab İlham Əliyevə yazdığı məktubda da strateji tərəfdaşlıq fonunda fikir irəli sürməsi və müstəqil dövlətimizlə əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyulmasından söhbət açması diqqəti cəlb etməkdədir. Bundan başqa ABŞ-Azərbaycan əməkdaşlığında yeni səhifə açıla biləcək ideyalarını irəli sürən konqresmenlər Azərbaycanla dostluq yönündə maraqlı fikirlər səsləndirmişlər. Qeyd olunmuşdur ki, “907-ci düzəlişin ləğv edilməsi zərurəti artıq özünü büruzə verməkdədir. Onun sadəcə formal olaraq qalması ABŞ-ın öz imicinə zərbədir. Müsəlman aləmində Türkiyə Amerika üçün ən çox önəm daşıyan dövlətdir. Ərəb dünyasında Misir, Qafqazda isə Azərbaycan onun strateji tərəfdaşı rolunu oynamalıdır. Azərbaycan müsəlman dövlətləri arasında ABŞ üçün böyük önəmə malikdir. ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmisi, professor Ceyms Makduqal da ABŞ-ın Azərbaycandan müsəlman dünyası üçün körpü kimi istifadə edə biləcəyini vurğulayıb. Cənab Makduqal Azərbaycanın dünyəvi müsəlman ölkə kimi mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın Qərblə müsəlman dünyası arasında anlaşmanın yaranmasına töhfə verə biləcəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan müsəlman dünyasında inkişaf etmiş dünyəvi dövlət kimi bir nümunə olaraq göstərilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a gerçəkləşən səfərinin yekunları iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə impuls vermişdir. Dövlətimizin başçısı Amerikada keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında əlaqələrin ən müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı geniş potensialın olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri ABŞ rəsmiləri və ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanmış, müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırmışdır.

Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırmış, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasına zəmin yaratmışdır.

 

 

Bədəlov Ə.

 

Xalq qəzeti.- 2009.- 19 avqust.- S.1.