Azərbaycanın Sərhəd Qoşunları:
90 illik çətin və şərəfli yol
Azərbaycanda Sərhəd
Qoşunlarının yaradılmasının 90-cı
ildönümü münasibətilə Dövlət Sərhəd
Xidmətinin rəhbərliyi və şəxsi heyəti
avqustun 18-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
ehtiramla anmış, məzarı önünə əklil
qoymuşlar.
Sərhədçilər
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
məzarı üstünə də gül dəstəsi
düzmüşlər.
Sonra Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş cəsur Vətən
övladlarının xatirəsi anılmış, “Əbədi
məşəl” abidəsinin önünə əklil
qoyulmuş, şəhid sərhədçilərin, o cümlədən
milli qəhrəman Eldar Məmmədovun məzarı ziyarət
edilmişdir.
Daha sonra Dövlət Sərhəd
Xidmətinin mərkəzi aparatında təntənəli mərasim
keçirilmişdir.
Döyüş
bayrağı sıra meydanına gətirilmiş, Azərbaycanın
dövlət himni səsləndirilmişdir.
Dövlət Sərhəd
Xidmətinin rəisi, Sərhəd Qoşunlarının
komandanı, general-leytenant Elçin Quliyev şəxsi heyəti
peşə bayramı münasibətilə təbrik edərək
demişdir ki, bu təntənəli anlar təkcə sərhədçilər
üçün deyil, qədim ənənələrə
malik milli dövlətçilik tariximiz üçün
çox əlamətdardır. Çünki hər bir
dövlətin tarixi həm də onun sərhədlərinin
tarixidir. Milli sərhəd mühafizəsi ənənələrini
yaşadan və inkişaf etdirən Dövlət Sərhəd
Xidməti keçmişinə ehtiramla yanaşır, gələcəyinə
inam hissi ilə baxır, bu günündən qürur duyur. Bu
hisslərin təməlində dahi öndərimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi sərhəd mühafizəsi
strategiyası və Prezident, Ali Baş Komandan İlham Əliyevin
sərhəd təhlükəsizliyi məsələlərinə
göstərdiyi qayğısı durur. Dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi
altında ardıcıl həyata keçirilən islahatlar,
ölkədə mükəmməl və etibarlı sərhəd
mühafizəsi infrastrukturunun yaradılması, hərbi
texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi,
şəxsi heyətin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sayəsində Azərbaycan sərhəd
mühafizəsi son illərdə sürətli inkişaf yolu
keçmişdir. Bütün bu uğur və naliyyətlərimizin
arxasında daim əhatə olunduğumuz dövlət himayəsi,
Azərbaycan sərhədçisinə olan inam və etibar
durur. Cari il avqustun 14-də Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
imzaladığı sərəncamlarla əməkdaşlarımız
ali hərbi rütbələrə layiq
görülmüş, orden və medallarla təltif
edilmişlər.
General-leytenant Elçin
Quliyev bildirmişdir ki, müstəqillik illərində Azərbaycan
Ordusunun yaradılması, formalaşdırılması proseslərinə
bilavasitə rəhbərlik edən, bu sahədəki fəaliyyəti
ilə dövlətimizin hərb salnaməsinə şanlı
səhifələr yazan ulu öndər Heydər Əliyev Sərhəd
Qoşunlarının formalaşdırılması, ölkəmizin
sərhədlərinin qorunması işinin təşkili
istiqamətində əvəzsiz xidmət göstərmişdir.
Ümummilli lider milli sərhəd siyasətimizin əsasını
qoymuş, sərhəd strategiyamızı müəyyənləşdirmişdir.
Sərhəd məntəqələrinin
müasir texniki avadanlıqla təchiz edildiyini deyən xidmətin
rəisi vurğulamışdır ki, sərhədçilərin
məişət şəraitinin
yaxşılaşdırılması, Dövlət Sərhəd
Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi,
zabit və gizirlərin peşəkar
hazırlığının təmin edilməsi sahəsində
də önəmli işlər görülməkdədir.
Şəxsi heyət
adından Ali Baş Komandana minnətdarlığını
bildirən Elçin Quliyev demişdir ki, Sərhəd
Qoşunları ulu öndərin şah əsəri olan
müstəqil Azərbaycanın müdafiəsi və daha da
möhkəmlənməsi üçün xidməti borcunu
bundan sonra da şərəflə yerinə yetirəcəkdir.
Gənc zabitlər sərhədçi
andını içdikdən sonra orden və medalların təqdimatı
olmuşdur.
Dövlət sərhədinin
mühafizəsi üzrə döyüş tapşırığını
yerinə yetirərkən qəhrəmanlıq göstərərək
komandirlərinin və əsgər yoldaşlarının həyatını
xilas etdiyinə görə ölümündən sonra
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş
Sərhəd Qoşunlarının əsgəri Eltun İsgəndərova
məxsus döş nişanı və vəsiqə onun
atasına, ölümündən sonra “Azərbaycan
Bayrağı” ordeni ilə təltif olunmuş leytenant Qorxmaz Həşimovun
ordeni isə həyat yoldaşına verilmişdir.
Xidmətdə fərqlənmiş
bir qrup sərhədçiyə də orden, medal və digər
mükafatlar təqdim olunmuşdur.
Mərasimdə
Prezidentin müdafiə məsələləri üzrə
köməkçisi, general-leytenant Vahid Əliyev iştirak
etmişdir.
Xalq qəzeti.-2009.-
19 avqust.- S.2.