Azərbaycanın sənaye müəssisələrində
rəqabət qabiliyyətli
məhsul istehsal edilir
Bu gün Azərbaycanda böyük imkanlara malik istehsal gücləri, sənaye obyektləri mövcuddur. Hazırda əsas məqsəd həmin güclərdən – sənaye potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsalını reallaşdırmaqdır. Neft maşınqayırma, kimya, emal müəssisələrinin bir nismində bu məsələ artıq öz müsbət həllini tapıb. Başqa sözlə, bazar iqtisadiyyatı münasibətləri şəraitində buraxılan bəzi neft-mədən avadanlıqları, kimya məhsulları təkcə respublika daxilində deyil, həm də xaricdə yüksək keyfiyyətlərinə görə alıcıların diqqətini cəlb edib.
Ölkəmizdə əsaslı iqtisadi islahatların davam etdirilməsi, özəlləşdirmə və bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən tədbirlərin nəticələri sənayenin inkişafına öz müsbət təsirini göstərir. Sənaye müəssisələrinin istehsalı gücləndirməsi, xarici bazarla əlaqələri möhkəmləndirməsi sabitliklə, iqtisadiyyatımızdakı dinamik proseslərlə bağlıdır. Ölkənin sənaye müəssisələri də bu sabitlikdən, iqtisadi islahatlardan yararlanaraq istehsalı artırmaq, keyfiyyəti yüksəltmək, dünya bazarına çıxmaq əzmindədir. Bunu Dövlət Statistika Komitəsinin 2009-cu ilin 7 ayının yekunlarını əks etdirən məlumatı da aydın göstərir.
Bu ilin yanvar-iyul aylarında ölkə sənayesində 11313 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulu istehsalının 72,5 faizini həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərin göstərilməsi 1,6 faiz artmış, 21,2 faizlik paya malik olan emal bölməsində 8 faiz, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 4,9 faiz azalma müşahidə olunmuşdur.
Sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 488,1 milyon manatlıq və ya ümumi buraxılışın 4,3 faizi qədər sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu ilin ilk yarısında sənaye müəssisələrində çalışan işçilərin sayı 166,3 min nəfər olmuşdur. Onların 60,1 faizi sənayenin dövlət bölməsinə, 39,9 faizi isə qeyri-dövlət bölməsinə məxsus müəssisələrdə çalışmış, işçilərin 2,7 faizi mədənçıxarma, 25,9 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, yarısından çoxu – 51,4 faizi isə sənayenin emal bölməsində cəmlənmişdir.
Yanvar-iyun aylarında sənaye işçilərinin orta aylıq nominal əmək haqqı 448,1 manat təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artmışdır. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 540,2 manat olmaqla dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,4 dəfə yüksək olmuşdur. Əmək haqqı mədənçıxarma sənayesində 4 faiz, emal sənayesində 15,2 faiz, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 7,2 faiz artmışdır.
Mədənçıxarma sənayesinin ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəkdir. Bu ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsal həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 1,6 faiz çox olmuş, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 23,3 milyon ton neft və ya 2,4 faiz çox, 6152,1 milyon kubmetr və yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox əmtəəlik təbii qaz hasil edilmişdir.
Bu ilin yanvar-iyun aylarında sənaye işçilərinin 22,8 faizi mədənçıxarma sənayesində çalışmış, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 1029,8 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 7 ay ərzində ölkədə 10973,6 milyon kVt-saat elektrik enerjisi istehsal olunmuş, onun 10,6 faizi su elektrik stansiyalarının, 89,4 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
Bu il avqustun 1-i vəziyyətinə əsas istehlakçılarda 13,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbərtən 6,8 faiz çox avtomobil benzini, 6,2 min ton və ya 17 faiz çox neftbitum olmuşdur.
2009-cu ilin birinci yarısında istehlakçılara 7,5 milyard kVt-saat elektrik enerjisi verilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən bu ilin birinci yarımilində 696 milyon kVt-saat elektrik enerjisi, 59,5 milyon kubmetr təbii qaz, 15 milyon kubmetr su istehlak edilmişdir.
Hesabat dövründə kimya sənayesində də müsbət dəyişikliklər nəzərə çarpmışdır. Müəssisələrdə əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı 52,9 faiz azalmasına baxmayaraq, anbarlarda saxlanılan hazır məhsul ehtiyatının həcmi aşağı düşmüşdür.
Kimya sənayesi müəssisələrində 2009-cu ilin yanvar-iyun aylarında işləyən 8671 nəfərin və rezin-plastmas məmulatları istehsalı sahəsində çalışan 2528 nəfərin orta aylıq əmək haqqı müvafiq olaraq 236,5 manat və 184,9 manat olmuşdur.
Bu gün ölkə iqtisadiyyatının inkişafında və ixrac potensialının artmasında mühüm rol oynayan “Azərikimya” Dövlət Şirkətində istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və məhsulların keyfiyyətinin dünya standartlarına çatdırılması sahəsində aparılan məqsədyönlü tədbirlər onun sabahkı güclü və sürətli inkişafı üçün real zəmin yaradır.
Azərbaycan Respublikası Prezidentinin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərikimya” Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir.
İnşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılmaqdadır. Son iki il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanmış və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilmişdir. Bu işlərin birinci, ilk mərhələsində “Technip” firması tərəfindən yalnız respublikamızın müxtəlif daxili xammal ehtiyatları bazası əsasında yeni neft-kimya kompleksinin prinsipial konsepsiyası hazırlanmışdır. İkinci mərhələ ”Nexant” firması tərəfindən yeni neft-kimya və gübrə kompleksləri üçün texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlıdır. Bu mərhələdə maliyyə məsləhətçisinin iştirakı ilə “Societe Generale” bankı ilə və hüquq məsləhətçisinin “White & Jase” firması ilə birgə layihənin mümkün olan maliyyə mənbələrinin analizi ilə kommersiya və korporativ strukturu üzərində iş aparılmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə “Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), ”Uhde” (“Thysenn Krupp” - Almaniya), ”Technip" (Fransa), KBR (İngiltərə) firmalarının müasir texnologiyalarının tətbiqi nəzərdə tutulmuş və əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu dünya səviyyəli transmilli firma və şirkətlər kimya və neft-kimya məhsullarının, xüsusilə də poliefirlər, gübrə və digər üzvi sintez məhsullarının istehsalı üzrə dünya liderləridirlər. Hazırda “Azərikimya” Dövlət Şirkətində layihənin reallaşdırılması işləri yüksək texniki səviyyədə həyata keçirlir. Heç şübhəsiz ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizdə neft-kimya sənayesinin də dinamik inkişafı üçün böyük perspektivlər açacaqdır. Möhkəm özülə malik bu strategiya Azərbaycanı nəinki dünyanı sarsıdan iqtisadi və maliyyə böhranından qətiyyətlə qoruyacaq, hətta ölkəmizin güclü və qüdrətli iqtisadiyyata malik bir ölkə kimi liderlər sırasında olmasını etibarlı və dönməz şəkildə təmin edəcəkdir.
Bayramov V.
Xalq qəzeti.- 2009.- 19 avqust.- S. 2.