Azərbaycanın uğurlu diplomatiyası Ermənistanı
beynəlxalq aləmdə çətin vəziyyətə
salır
Bunu işğalçı ölkənin sabiq dövlət
rəsmiləri də təsdiqləyirlər
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində aparılan danışıqlar beynəlxalq
aləmdə son illər daha çox diqqət mərkəzində
olub. Artıq nüfuzlu qurumların, həmçinin
dünyanın inkişaf etmiş dövlətlərinin
ekspertləri də birmənalı olaraq təsdiqləyirlər
ki, münaqişənin nizamlanmasında Azərbaycan tərəfi
nə qədər konstruktivlik nümayiş etdirirsə, Ermənistan
tərəfi bir o qədər qeyri-konstruktiv mövqedədir.
Bu da beynəlxalq aləmdə birmənalı
qarşılanır və işğalçı ölkə
küncə sıxışdırılır.
ATƏT-in Minsk qrupunun amerikalı
həmsədri Mətyu Brayzənin son vaxtlar bir-birinin
ardınca verdiyi müsahibələrdə münaqişənin
nizamlanmasında Ermənistanı qınaq hədəfinə
çevirməsi, danışıqlarda Dağlıq
Qarabağın tərəf kimi iştirakını təklif
edən erməni politoloqlarını kəskin tənqid etməsi,
Dağlıq Qarabağa bitişik Azərbaycan
rayonlarının hamısının azad edilməsi fikrini irəli
sürməsi Ermənistanda ciddi narahatlıq yaradıb. M.Brayzənin
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi
keçirdiyi son mətbuat konfransında Amerikanın Azərbaycana
xüsusi diqqət göstərdiyini söyləməsi, iki
ölkə arasında münasibətlərin getdikcə
yaxşılaşdığı barədə fikir səsləndirməsi
də diqqətdən yayınmayıb. Siyasi ekspertlər bunu
ABŞ dövləti adından səsləndirilən fikir kimi
dəyərləndirir və Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunun artması, Ermənistanın isə reytinqinin
artıq heçə enməsi ilə əlaqələndirirlər.
Diplomatın “Dağlıq Qarabağ münaqişəsinin
tezliklə nizamlanması həm ABŞ-ın, həm də Azərbaycanın
maraqlarına uyğundur” deməsi dünyanın super dövlətinin
ölkəmizlə əməkdaşlığa daha çox
meylli olmasını xarakterizə edir. M.Brayzə ABŞ-Azərbaycan
əlaqələrinin daha da inkişafına işarə edərək
deyib: “Birləşmiş Ştatlar ilə Azərbaycan
arasında dostluq və tərəfdaşlıq münasibətləri
mövcuddur. Təhlükəsizliyin müdafiəsi və beynəlxalq
terrorizmə qarşı mübarizə sahələrində hər
iki ölkənin maraqları eynidir.”
Amerikalı diplomatın bu
açıqlamalarından sonra Ermənistandakı gərginlik
daha mürəkkəb xarakter alıb. Artıq Ermənistan
Milli Konqresi hakimiyyətin uğursuz diplomatik fəaliyyətinə
etiraz olaraq mitinq və küçə yürüşlərini
bərpa etmək barədə qərar qəbul edib. Ölkənin
sabiq prezidenti Robert Koçaryan və sabiq xarici işlər
naziri Vardan Oskanyan da Ermənistanın beynəlxalq aləmdə
ən aşağı reytinqə malik olmasını təsdiqləyiblər.
Onlar bildiriblər ki, Ermənistan az qala bütün dünyada
işğalçı dövlət kimi tanınıb. Zaman hər
an bu ölkənin ziyanına işləyir. Sabiq dövlət
rəsmiləri Prezident Serj Sarkisyanın Ermənistanın beynəlxalq
aləmdə bir küncə
sıxışdırılmasını görməməsindən
təəccübləndiklərini bildiriblər. Ermənistanın
sabiq xarici işlər naziri Vardan Oskanyan Prezident Serj
Sarkisyanı tutduğu vəzifəyə layiq
olmadığı şəxs adlandırıb. O, “Azadlıq”
radiosuna verdiyi müsahibəsində S.Sarkisyanı hərdəmxəyal
adlandırıb və onu qeyri-ciddi adam kimi qəbul etdiyini
deyib. V.Oskanyan deyib ki, S.Sarkisyan diplomatik fəaliyyətdə,
siyasi gedişlərdə qonşu dövlətlərin
başçılarından çox geridə qalır. Ona
görə də Ermənistan bütün dünyada
işğalçı dövlət imicini qazanıb. Sabiq
xarici işlər naziri S.Sarkisyanın Türkiyə ilə
münasibətlər yarfatması fəaliyyətindəki qəribəliklərə,
dövlət başçısına yaraşmayan hərəkətlərinə
təəccüb etdiyini gizlətməyib. “S.Sarkisyan deyir ki, mən
o zaman Türkiyəyə gedəcəyəm ki, sərhədlər
açılsın və ya blokada aradan qaldırılsın”.
V.Oskanyanın fikrincə, dövlət
başçısı hər bir hərəkətində,
danışığında diqqətli olmalıdır, yoxsa
verdiyin vədi danmaq nə siyasətçiyə, nə də
dövlət başçısına yaraşır. Onun
sözlərinə görə, S.Sarkisyan Türkiyəyə
getməyə söz vermişdi. İndi verdiyi vəd
yaxınlaşanda ya qorxusundan, ya da kimlərinsə təsirindən
sonra Türkiyəyə səfərindən imtina etməsi
onun qorxaq və ya siyasətdə piyada olmasının nəticəsidir.
Prezident hər bir işdə dəqiq olmalıdır. “Yoxsa
futbol matçına qədər sərhədlər
açılmasa, mən Türkiyəyə getməyəcəyəm”
– deməklə heç nəyə nail olmaq mümkün
deyil. V.Oskanyan deyib ki, Ermənistan prezidentinə əvvəldən
məlum olmalı idi ki, Türkiyə Azərbaycanla eyni
xalqdır. Dağlıq Qarabağ münaqişəsi həll
olunmayana qədər, (özü də Azərbaycanın istədiyi
şəkildə ) Türkiyə öz qapılarını
Ermənistanın üzünə açmayacaq. Bu da Ermənistana
çox baha başa gələcək. Çünki Ermənistanda
ümumi daxili məhsul istehsalı, iqtisadiyyatda artım, əhalinin
yaşayış səviyyəsində yüksəliş yox
dərəcəsindədir. Əgər Türkiyə ilə sərhədlər
açılsa, Ermənistanda bütün sahələr
üzrə irəliləyiş hiss olunacaq.
V.Oskanyanın fikrincə, Ermənistan
prezidentinin Türkiyəyə ya futbol matçına
baxmağa, ya da digər məqsədlə getməsində
yerli əhalinin heç bir marağı yoxdur. Əksinə,
onlar Serj Sarkisyanın Türkiyəyə getməsini istəmirlər.
Fakt isə ondan ibarətdir ki, Ermənistan qonşu dövlətlərin
diplomatiyası qarşısında acizdir və uduza-uduza gedir.
V.Oskanyan S.Sarkisyan hakimiyyətinin ümumiyyətlə,
uğursuz siyasət yeritdiyini diqqətə
çatdırıb. O, Ermənistanda demokratiyanın yalan və
saxtakarlıq üzərində qurulduğunu qeyd edib. Bildirib
ki, Serj Sarkisyan özünü demokratiyanın
inkişafına meyl göstərən, sülhsevər
dövlət başçısı kimi təqdim etməyə
çalışır. Lakin unudur ki, o, bu hərəkətləri
ilə özü-özünü aldadır. Çünki
beynəlxalq ictimaiyyət kimin-kim olduğunu çox
yaxşı görür. Bu baxımdan Serj Sarkisyanın qeyri-ciddi,
yalançı olması artıq bütün dünyaya bəllidir.
O, problemlərin aradan qaldırılması istiqamətində
heç bir irəliləyişə nail ola bilməyəcək.
Əksinə, Ermənistanın olan-qalan reytinqini də
heçə endirəcək, beynəlxalq aləmdən təcrid
edəcək. Artıq Ermənistan qonşu dövlətlərin
birgə həyata keçirdiyi beynəlxalq layihələrdən
kənarda qalıb. Bu da öz acı nəticələrini
göstərməkdədir.
Beynəlxalq tədbirlərdə
Azərbaycan nümayəndələrinin fəallığı,
digər ölkələrin nümayəndələrinin
müstəqil dövlətimizə böyük maraq göstərmələri,
əməkdaşlığın artması da Ermənistanın
sabiq dövlət rəsmilərini ciddi narahat edib. Onlar bunu
“diplomatik fəallıq” adlandıraraq qonşu dövlətin
xarici siyasətinin uğurları hesab edirlər. Məsələn,
erməni politoloqu Ayk Babuxanyan ATƏT-in Minsk qrupunun
amerikalı həmsədri Mətyu Brayzənin son
açıqlamalarını Ermənistanın məğlubiyyəti
kimi dəyərləndirib. O deyib ki, hələ bir il bundan əvvəl
deyirdim ki, ABŞ bütün məsələlərdə
artıq Azərbaycanın tərəfindədir. Onun fikrincə,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
də Amerika ilə Azərbaycanın mövqeyi üst-üstə
düşür. Artıq Mətyu Brayzə bunu açıq
şəkildə bəyan etdi. Brayzə daha irəli gedərək
Ermənistan politoloqlarının ünvanına sərt
ittihamlar səsləndirdi. Ona görə də Mətyu Brayzə
Ermənistan üçün arzuolunmaz şəxs hesab
olunmalı və bir daha bizim ölkəmizə
buraxılmamalıdır. Politoloq deyib ki, ona bu fikirləri səsləndirməyə
şərait yaradan Ermənistan hakimiyyəti istefaya getməli
və ölkədən çıxarılmalıdır. Erməni
politoloqu ABŞ-la Azərbaycanın münasibətlərinin
getdikcə yaxşılaşması və Ermənistana
yardımların kəskin azaldılması barədə ciddi
düşünməyin vaxtı çatdığını
deyib. A.Babuxanyan deyib: “Mən Ermənistan hakimiyyətini
reallıqları görməyə və istefaya
çağırıram”.
Ermənistanda çıxan
“Aykakan Jamanak” qəzetinin yaydığı informasiyaya görə
Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir
Tiqran Petrosyanla görüşərək ölkədə
baş verən hadisələrlə və Ermənistanın
beynəlxalq aləmdə reytinqinin heçə enməsi ilə
əlaqədar onu möhkəm danlayıb. Sabiq prezident beynəlxalq
təşkilatların Ermənistanın adını “qara
siyahıya” salmasından ciddi
narahatçılığını bildirib. Onun deməsinə
görə, “Human watch Riqhts”, “Fitch Raitinqs” və digər
nüfuzlu qurumlar öz bəyanatlarında Ermənistanı kəskin
tənqid edirlər. Məsələn, bu günlərdə
Beynəlxalq Reytinq Agentliyinin yaydığı məlumatda
bildirilir ki, Ermənistanın reytinqi əvvəlki illərlə
müqayisədə heçə enib. Həm iqtisadi, həm
siyasi, həm də insan haqlarının qorunması sahəsində
Ermənistan bütün ölkələrdən geridə
qalır. Fitch analitik qrupunun direktoru Endry Kox bildirib ki, Ermənistan
bütün göstəricilərinə görə reytinq cədvəlində
ən aşağı yerlərdən birini tutur.
Göründüyü kimi, Azərbaycan
hakimiyyətinin və şəxsən dövlət
başçımızın yeritdiyi uğurlu xarici siyasət
ölkəmizin reytinqini nə qədər artırıbsa, Ermənistanın
reytinqini bir o qədər aşağı salıb. Dövlət
başçımızın iştirak etdiyi beynəlxalq tədbirlərdəki
çıxışının böyük rəğbət
və səmimiyyətlə qarşılanması, ölkəmizə
rəsmi səfərə gələn xarici dövlətlərin
rəhbərlərinin, habelə tanınmış qurumların
nümayəndələrinin Azərbaycan Prezidentinin
mövqeyini dəstəkləmələri də xarici siyasətdəki
uğurlarımızdan xəbər verir. Bu uğurlar Ermənistanı
beynəlxalq aləmdə bir küncə
sıxışdırıb.
Bədəlov
Ə.
Xalq qəzeti.- 2009.- 19 avqust.- S.3.