Dövlət qulluqçusu
xalqın mənafeyini hər şeydən uca tutmalıdır
(Əvvəli qəzetimizin 16
avqust 2009-cu il tarixli sayında )
Dövlət qulluğu ilə bağlı mövcud qanun-qayda və təlimatların olması dövlət qulluqçularının işlərini daha da yaxşılaşdırmaq, onların tutduqları vəzifəyə, tapşırıq və göstərişlərin icrasına, hərəkətlərinə məsuliyyətlə yanaşması, həm də sosial qayğılarını yüksəltmək üçün mühüm əhəmiyyət kəsb edir. “Dövlət qulluğu haqqında” qanunun 21, 25-ci və 26-cı maddələri də məhz bu məsələlərə şamil olunur.
Məlumdur ki, dövlət qulluğu müxtəlif sosial normalar əsasında nizamlanır. Mən sosial normalar dedikdə dövlət qulluqçusunun hüquqa, mənəviyyatımıza, adət-ənənələrimizə, eyni zamanda, vəzifəsi və məsuliyyəti ilə yanaşı, onun ixtisasını, təhsil səviyyəsini, qanunları və digər normativ hüquqi aktları nə dərəcədə dərk etməsini nəzərdə tuturam.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev qeyd edir ki, “hər bir dövlət qulluqçusu öz fəaliyyətində yüksək peşəkarlığı, dövlətçiliyə və milli mənafelərə sədaqəti əsas tutmaqla yanaşı, mənəvi saflığı, humanizm və sosial-ədalət, xalqa xidmət prinsiplərini ön plana çəkməlidir. Unutmaq olmaz ki, dövlət qulluqçularının öz vəzifəsinə münasibəti, əxlaqi-mənəvi keyfiyyətləri hakimiyyət orqanlarının nüfuzunun formalaşmasına bilavasitə təsir göstərir, dövlət idarəetmə mexanizminin səmərəli fəaliyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün mühüm amil rolunu oynayır... Dövlət qulluqçusu peşəkarlıq səviyyəsini artırmaq üçün daim çalışmalı, vətəndaşların müraciətlərinə böyük həssaslıqla yanaşmalı, mədəni davranışı, əxlaqi keyfiyyətləri ilə onların rəğbətini qazanmalıdır. Qərarların qəbul edilməsində və həyata keçirilməsində dövlət və vətəndaş maraqları uzlaşdırılmalı, qanunçuluğa əməl olunması ilə yanaşı, humanizm və mənəvi-əxlaqi dəyərlərə hörmət və sədaqət nümayiş etdirməlidir” (bax: “Milli məfkurə, dövlətçilik və müstəqillik yolu ilə.” Bakı, 2007. II cild, səhifə 582.).
Məlumdur ki, yüksək səviyyəli dövlət idarəçiliyi sistemi bərqərar olmuş Azərbaycanda, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi altı ildə gələcək sosial-iqtisadi və siyasi həyatımızın inkişaf istiqamətlərini müəyyən edən uzunmüddətli dövlət proqramları, strateji qərarlar qəbul edilmiş və bunun nəticəsidir ki, indi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət qulluğunda çalışanların həyat şəraitinə öz müsbət təsirini göstərməkdədir. Azərbaycanın dövlət başçısının uzaqgörən siyasəti dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır. Erməni təcavüzünün nəticələrinə, dünyanın super dövlətlərinin maraqları dairəsində olmasına baxmayaraq ölkəmiz geniş bir regionun lider dövlətinə çevrilmişdir. Əlbəttə bu, ölkə başçısının yeritdiyi balanslaşdırılmış siyasətinin nəticəsidir ki, bütün bunlar dövlət idarəçiliyi mexanizminin bir hissəsi olan dövlət qulluğu təsisatının yüksək səviyyədə olmasından irəli gəlir.Elə bu siyasətin nəticəsidir ki, ölkəmizdə formalaşan dövlət qulluğunun müasir dövrün tələblərinə cavab verən hazırkı sistemi də dövlət hakimiyyəti orqanlarının həm strukturu, həm də funksiyalarının əsaslı surətdə dəyişdirilməsinə səbəb olmuşdur.
Dövlət orqanlarında qulluq etmək insanların sosial fəaliyyətlərindən biri olmaqla, həm dövlətlə, həm də onun cəmiyyət həyatında rolu ilə sıx surətdə bağlıdır. Dövlət qulluğunun mənası “cəmiyyətə xidmət edən qulluqçu” kimi başa düşülür. Ümumilikdə nəticə etibarı ilə dövlət qulluğu xalqa xidmət etmək, xalqın qulluğunda durmaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz.” Əlbəttə, bu gün dövlət hakimiyyəti orqanlarında çalışmaq, dövlət qulluğu vəzifəsi tutmaq çox böyük şərəf olmaqla bərabər, həm də çox ciddi məsuliyyət və cavabdehlik deməkdir. Dövlətimizin inkişaf etdiyi bir dövründə ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri icra etmək səviyyəsində olmaq üçün dövlət qulluqçusu daim öz üzərində çalışmalı, andına sadiq olmalı, fəaliyyətində qanunçuluğu, qanunun aliliyini rəhbər tutmalı, özünün peşəkarlıq səviyyəsini və səriştəsini artırmalıdır.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları hazırlamaq, onların elmi səviyyəsini artırmaq üçün mühüm təhsil ocağıdır. Hər il buradan yüzlərlə məzun kadr kimi respublikamızın inkişafına öz töhfələrini vermək üçün meydana qədəm qoyur. Statistik məlumatlara görə hazırda dövlət qulluğuna aid vəzifələrdə 30 minə yaxın işçi var ki, bu da 2006-cı illə müqayisədə 4400 nəfər çoxdur, “Dövlət qulluqçusunun reyestri”nə isə 7 min nəfər daxil edilib ki, bu da həmin dövrlə müqayisədə təxminən 6 dəfə çoxdur. Həmin proses bu gün də davam etdirilir.
Bəli, dövlət qulluqçusu üçün vacib olan şərtlərdən biri də dövlət siyasətinin məqsəd və vəzifələrini həm özü yaxşı bilməli, həm də vətəndaşlarımıza izah və təbliğ etməyi, özünün şəxsi nümunəsi ilə dövlət hakimiyyətinin nüfuzunun qorunmasına səylə çalışmalı, bu nüfuza xələl gətirən halları aradan qaldırmağa nail olmalı, qulluq etikasına riayət etməli, iş yerində, cəmiyyət arasında hər sözünə və hərəkətinə fikir verməlidir. Bəzən dövlət qulluqcusu yol verdiyi nöqsana və səhvə görə üzr istəməyi belə özünə sığışdırmır, halbuki, bilərəkdən baş verməyən, təsadüfi yol verilən səhvə və nöqsana görə üzr istəmək heç də qəbahət olmaz, əksinə, həmin işçinin hörmətini daha da yüksəldər.
“Dövlət qulluğu haqqında” Qanunun əhəmiyyəti bir də ondadır ki, bu qanun dövlət qulluqçularının özləri arasında yüksək mədəni münasibətlərin formalaşmasında mühüm rol oynayır. Ümumiyyətlə, bu qanunun maddələrinə müraciət etməklə dövlət qulluqçularının fəaliyyətində bir çox stimullaşdırıcı məsələlərə aydınlıq gətirmək olar.
Lakin mən bu qanunun yalnız kiçik bir hissəsinə müraciət etməklə öz səviyyəmdə düşündüyümü açıqlamağa çalışdım. Dərk edirəm ki, dövlət qulluqçusu ümummilli liderimiz Heydər Əliyevin qurduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inkişaf etdirdiyi bugünkü Azərbaycanımızın möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifah halının daha da yaxşılaşması naminə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməli, dövlət qulluqçusu adını yüksək tutmalı, öz işi, əməli ilə dövlətimizə və xalqımıza vicdanla, namusla qulluq etməlidir.
Hörmətli Ramiz Mehdiyev yazır ki, “Azərbaycan Prezidentinin işə münasibəti, konkret tapşırıq və tövsiyələri hər bir dövlət qulluqçusu tərəfindən fəaliyyət prinsipi kimi qəbul olunmalı, xalqa xidmət nümunəsi olaraq örnək rolu oynamalıdır” (Bax: R.Mehdiyev “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” kitabı, Bakı-2007, səh. 584).
Yeri gəlmişkən , dövlətçilik və idarəçilik sistemində zəngin təcrübəsi olan hörmətli Ramiz müəllimin möhtərəm cənab Prezidentimiz tərəfindən “Ali dövlət qulluqçusu” fəxri adına layiq görülməsi hamımızın sevincinə səbəb olmuşdur. Fəxr edirik ki, Ramiz müəllim kimi dövlət xadimlərimiz var. Arzu edirik ki, belə insanlar çox olsun, uzun ömürlü olsun, biz də onlardan həm nümunə götürək, həm də öyrənək.
Bəşirov
X.
Xalq qəzeti.- 2009.- 19 avqust.- S. 3.