Azərbaycanın güclü iqtisadi potensialı onun uğurlu gələcəyindən xəbər verir

 

Yeddi ayda ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 688,3 milyon manatlıq çox məhsul istehsal edilmişdir

 

Dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün böyük uğurla davam etdirilən neft strategiyası ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına da öz müsbət təsirini göstərmişdir. Qeyri-neft sektoru sürətlə inkişaf edir və təkcə mərkəzi şəhərlərdə deyil, regionlarda da müasir texnologiyaya əsaslanan yeni istehsal obyektləri işə salınır. Sahibkarlığın inkişafına dövlət qayğısı daha da artırılır.

İndi Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici bir ölkəyə çevrilmişdir və respublikamızın iqtisadiyyatına yönəldilən kapital axını ilbəil artmaqdadır. Beynəlxalq mövqeləri möhkəmlənən Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələrinin əksəriyyəti onunla dostluq münasibətləri qurmağa çalışır. Həmin münasibətlər qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qurulur və bu müstəqillik yolu ilə inamla irəliləyən gənc Azərbaycan dövlətinə böyük uğurlar gətirir.

Ən əsası, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, regionların sosial-iqtisadi inkişafı haqqında qəbul edilən dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrin siması tamam dəyişir. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Son illər ərzində qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. O investisiyaların böyük əksəriyyəti dövlət tərəfindən qoyulmuşdur. Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində biz bu gün özümüzü demək olar ki, bütün cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu üç istiqamətdə Azərbaycan çox böyük uğurlarla fəxr edə bilər. Bu vaxta qədər əldə edilmiş uğurlar əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi islahatları bundan sonrakı illərdə davam etdirəcəyik”.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılan və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi və siyasi islahatların uğurla yerinə yetirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Artıq bir ildən çoxdur ki, tüğyan edən iqtisadi böhrana baxmayaraq ölkə iqtisadiyyatı öz sürətli inkişafını dayandırmamışdır. Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ötən yeddi ayda ölkədə 17,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 688,3 milyon manat, yəni 2,7 faiz çoxdur. ÜDM-in 63,3 faizi məhsul istehsalı sahələrində — 48,2 faizi sənayedə, 8,8 faizi inşaat kompleksində, 6,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29,5 faiz olmuşdur. Adambaşına ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış və 1968,7 manat (2448,7 ABŞ dolları) olmuşdur.

Sənaye məhsulu istehsalı ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə malik olan sahədir. Burada fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox və ya 11,3 milyard manatlıq məhsul istehsal edilmişdir. Məhsulun 72,5 faizi mədənçıxarma bölməsində, 21,2 faizi emal bölməsində və 6,3 faizi elektrik enerjisi, qaz və suyun istehsalı, bölüşdürülməsi bölməsində istehsal olunmuşdur. Ölkədə neft hasilatı 1,6 faiz artırılaraq 29,2 milyon tona, əmtəəlik qaz hasilatı isə 10,1 faiz artırılaraq 10 milyard kubmetrə çatdırılmışdır. Yeddi ay ərzində ölkədə 11 milyard kv.saat elektrik enerjisi istehsal edilmişdir.

Respublika Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, bu mövsüm aqrar bölmənin işçiləri üçün daha uğurlu olmuşdur. Avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 1077,7 min hektarı biçilmiş və 2796,5 min ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan 25,9 sentner məhsul toplanmışdır.

Yığım başlanandan bəri tarlalardan 551,2 min ton kartof, 660,4 min ton tərəvəz, 162 min ton meyvə və giləmeyvə, 232,2 min ton bostan məhsulları, 0,7 min ton tütün toplanmışdır. Bu dövrdə 171,6 min ton, yəni ötən ilin ilk yeddi ayı ilə müqayisədə 0,2 faiz çox diri çəkidə ət, 827,7 min ton (2,1 faiz çox) süd, 716 milyon ədəd (11,6 faiz çox) yumurta, 13,2 min ton (2,7 faiz çox) yun istehsal edilmişdir.

2008-ci ilin yanvar-iyul aylarına nisbətən ölkədə bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,1 faiz, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalı 6,6 faiz artmışdır.

İlin əvvəlindən inşaat kompleksində 4,1 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 70,4 faizi və ya 2,9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2008-ci ilin yeddi ayına nisbətən inşaat işlərinə xərclənmiş investisiyanın həcmi 9,7 faiz azalmış, bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin miqdarı isə 1,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 82,7 faizini və ya 3,4 milyard manatını daxili investisiyalar təşkil etmiş və 6,8 faiz artmışdır.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Yeddi ay ərzində ümumi sahəsi 657,8 min kvadratmetr yaşayış evləri, 508 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 175 çarpayılıq xəstəxana, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi , 140 yerlik klub, Bakı şəhərində Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Tennis Akademiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Bərdədə Avtovağzal binası və Müalicə-Diaqnostika Mərkəzi, Şəmkirdə Olimpiya İdman Kompleksi, Gədəbəydə Qızıl-Mis Emalı Zavodu, Naxçıvanda “Gəmiqaya” mineral sular zavodu, Şərurda asfalt-beton zavodu, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 106,3 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çox yük, 739,9 milyon nəfər və ya 7,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10,9 faizi dəmir yolu nəqliyyatı, 47,9 faizi avtomobil nəqliyyatı, 7 faizi dəniz nəqliyyatı, 34,1 faizi boru kəmərləri ilə, sərnişinlərin 82,4 faizi avtomobil, 17 faizi metropolitenlə daşınmışdır.

Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 560,9 milyon manat dəyərində və ya ötən ildə olduğundan 12,7 faiz çox rabitə xidməti göstərmişdir. Xidmətlərin 78,1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Ölkə iqtisadiyyatının sürətli inkişafı əhalinin həyat şəraitinin yaxşılaşmasına və onların gəlirlərinin artmasına da öz müsbət təsirini göstərmişdir. Ötən yeddi ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,6 faiz artaraq 12,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12,1 faiz artaraq 1423 manata çatmışdır. Gəlirlərin 67,2 faizi son istehlaka, 10,3 faizi vergilərin sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 17,8 faiz artaraq 298 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və digər sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuşdur. Yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 448,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 444,4 manata çatmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və 12,6 faiz artım deməkdir.

Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaratmışdır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin yeddi ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz artaraq 6,5 milyard manata, pullu xidmətlərin həcmi isə 12,8 faiz çoxalaraq 2,05 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,6 faizini ərzaq məhsulları, 34,4 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 10,8 faiz və 3,7 faiz artmışdır.

Müstəqil Azərbaycan dövlətinin xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi də ilbəil artır. 2009-cu ilin yanvar-iyun aylarında 120 ölkə ilə ticarət əlaqəsi aparılmışdır. Həmin ölkələrlə aparılan ticarət dövriyyəsinin həcmi 8530,5 milyon dollar təşkil etmiş, 83,6 faizi və ya 7132 milyon dolları uzaq xarici dövlətlərlə, 1398,5 milyon dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.

Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 5811,6 milyon dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, ölkəmizə isə 2718,9 milyon dollar dəyərində məhsul gətirilmişdir.

Xarici ticarət əlaqələrinin 38,2 faizi Avropa Birliyi ölkələrinin, 16,4 faizi MDB-yə daxil olan ölkələrin, 45,4 faizi digər dövlətlərin payına düşmüşdür. Əmtəə dövriyyəsinin 51,9 faizi Avropa, 32,3 faizi Asiya, 14,4 faizi Amerika 1,3 faizi Afrika qitələrinin ölkələri ilə aparılmışdır.

Altı ayda 3092,7 milyon dollarlıq məbləğində müsbət saldo yaranmışdır. İdxalın 81,7 faizi, ixracın 91,3 faizi sərbəst dönərli valyuta ilə həyata keçirilmişdir.

Maliyyə Nazirliyinin məlumatına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 4861,9 milyon manat, ötən ilin yeddi ayındakına nisbətən 1,1 faiz çox vəsait daxil olmuşdur. Büdcə gəlirlərinin 1007,9 milyon manatı (20,7 faizi) əlavə dəyər vergisi, 535,2 milyon manatı (11 faizi) mənfəətdən vergilər, 298,5 milyon manatı (6,1 faizi) əhalidən tutulan vergilər, 121,7 milyon manatı (2,5 faizi) aksiz vergisi, 41,8 milyon manatı (0,9 faizi) mədən vergisi əsasında formalaşmışdır.

Yeddi ayda büdcədən 4437,9 milyon manat, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çox vəsait xərclənmişdir. 424 milyon manat məbləğində (ümumi məhsulun 3 faizi qədər) profisit yaranmışdır.

Büdcə xərclərinin 44 faizi və ya 1952,9 milyon manatı iqtisadiyyatın inkişafına, 12,2 faizi, yaxud 541 milyon manatı sosial müdafiə və sosial təminata, 11,6 faizi və ya 513,5 milyon manatı təhsilə yönəldilmişdir. Büdcə xərclərinin 30,9 faizi və ya 1370,4 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.

Əhalinin gəlirləri artdıqca onların banklardakı əmanətlərinin məbləği də çoxalmışdır. Belə ki, əhalinin banklardakı əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 16,4 faiz artaraq iyul ayının 1-nə 1934,2 milyon manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 17,3 faiz azalaraq 696,5 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 51,1 faiz artaraq 1237,7 milyon manat olmuşdur.

Ötən yeddi ayda ölkə üzrə təbii artım 45477 nəfər olmuş və əhalinin ümumi sayı 8 milyon 946 min nəfərə çatmışdır. İlin əvvəlindən bəri Azərbaycanda 72 min 568 körpə doğulmuşdur.

 

 

Bayramov Ə.

 

Xalq qəzeti.- 2009.- 20 avqust.- S.3.