Dövlət təbiət qoruqlarına diqqət
artırılır
Dünyanın ekoloji
durumunun ildən-ilə pisləşməsi təbiətə
qarşı daha diqqətli olmağı tələb edir. İndi
dünyanın hər yerində xüsusi dövlət
qoruqları yaradılır ki, bu da öz müsbət nəticəsini
göstərməkdədir.
Dövlət Təbiət
Qoruqları səciyyəvi və nadir təbiət komplekslərini-obyektlərini
təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin-hadisələrinin
gedişini öyrənmək məqsədi ilə
yaradılan, təbiəti mühafizə və elmi tədqiqat
idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət
qoruqlarının torpaqlarından, habelə onun
hüdudlarında olan sulardan, bitki və heyvanlar aləmindən
təsərrüfat məqsədləri üçün
istifadə edilməsi qadağandır.
Azərbaycanda belə
qoruqlar çoxdur. Onlardan biri Göy-göl Dövlət Təbiət
Qoruğudur. O, 1925-ci ildə Azərbaycanda yaranan ilk qoruqlardan
biridir. Göy-gölün qoruq statusu bir neçə dəfə
ləğv edilmiş və 1965-ci ildə yenidən
yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd
Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin
subalp qurşaqlarında təbiət komplekslərinin qorunub
saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan
qoruğun əsas hissəsi meşə örtüklü ərazidir.
Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş
növləri ilə zəngindir. Heyvanlardan - nəcib Qafqaz
maralı, qonur ayı, cüyür, vaşaq, quşlardan
toğlugötürən, qara quzğun, dağ kəkliyi və
s. göstərmək olar. Su hövzələrində forel
balığı vardır. Qoruqda 420-dən artıq bitki
növləri vardır, onlardan 20-si endemikdir.
Digər təbiət
qoruğu Qızılağacdır. 1929-cu ildə Xəzər
dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min
hektar ərazidə köçəri, su, bataqlıq və
çöl quşlarının qışlaması,
artırılması və qorunması məqsədilə
yaradılmış bu qoruq YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri
kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər
haqqında” Ramsar Konvensiyasının siyahısına daxil
edilmişdir. Respublikanın “Qırmızı kitabı”na
düşən quşların əksər növləri
qoruqda və sərhəd ərazilərdə müşahidə
olunur. Burada 248 növ quşa rast gəlmək olar.
Qoruqda çöl donuzu, canavar,
qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər
məskunlaşmışdır. Qoruğun su hövzəsində
54 növ balıq vardır
Baş Qafqaz sıra
dağlarının cənub ətəklərinin orta hissəsində
Zaqatala və Balakən rayonlarının ərazisində yerləşən
Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə 25,2
hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi
dəfələrlə dəyişmiş və hazırda 23,8
min hektardır. Qoruğun yaranmasının əsas məqsədi
Böyük Qafqazın cənub yamaclarının subalp bitkilərinin,
alp və nival qurşaqlarının təbiət komplekslərinin
qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron,
fıstıq, dəfnə, gilas, Qafqaz qaragiləsi, məxməri
ağcaqayın, ayı döşəyi və s. vardır.
Qoruğun faunası çox zəngindir. Burada Dağıstan
dağ kəli, qarapaça, maral, cüyür, çöl
donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi,
vaşaq, sincab, gəlincik və s. məskunlaşmışdır.
2008-ci ildə bu qoruğun ərazisi
2-3 dəfədən çox genişləndirilmişdir.
Bozdağın arid
meşə landşaft komplekslərinin qorunması və bərpası,
dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması
məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə
Türyançay Dövlət Təbiət Qoruğu
yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun
ərazisi genişləndirilərək 22,5 hektara
çatdırılmışdır. Qoruqda 3 növ ardıc
(iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan
palıdı, adi göyüş, nar və başqa ağac
növləri vardır. Qoruqda 24 məməli, 112 növ
quş, 20 sürünən və 3 suda-quruda yaşayan
növlər məskunlaşmışdır.
1968-ci ildə isə
1521 hektar ərazidə tipik dağ-meşə
landşaftlarını, xüsusilə müxtəlif növ
bitki örtüyünü, torpağın münbit
qatını qorumaq, meşə örtüklü sahələri
artırmaq, astroiqlimə mənfi təsir göstərən
havanın tozlanması kimi hadisələrin
qarşısını almaq məqsədilə Pirqulu Dövlət Təbiət
Qoruğu yaradılmışdır. Qoruğun florası 60
növdən artıqdır. Məməlilərdən boz
ayı, canavar, meşə pişiyi, vaşaq, gəlincik,
çöl donuzu, cüyür və s. heyvanlara rast gəlmək
olar.
Qoruğun ərazisi 2003-ci ildə
2753 hektar genişləndirilərək 4274 hektara
çatdırılmışdır.
1969-cu ildə Bəndovan
Dövlət Təbiət Yasaqlığının bir hissəsində
17745 hektar ərazidə ceyranların, su quşlarının
qorunması və artırılması məqsədilə
yaradılmış, Şirvan Dövlət Təbiət
Qoruğunun ərazisi 1982-ci ildə genişləndirilərək
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5
hektarını su hövzəsi təşkil edir. Qoruğun
ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə
nadir və qiymətli köçəri quşlar
qışlayır və yuvalayır. 2003-cü ildə
qoruğun əsas hissəsi Şirvan Milli Parkının ərazisinə
verilmişdir. Hal-hazırda qoruğun ümumi sahəsi 6232
hektardır. Azərbaycan Respublikası Prezidentinin sərancamı
ilə 2003-cü ilin 5 iyul tarixində Şirvan Milli Parkı
yaradılarkən Şirvan Dövlət Təbiət
Qoruğunun ərazisi 6232 hektar qalmışdır.
Qarayazı dövlət təbiət
qoruğu isə Kür sahili Tuqay meşələrinin
qorunması və bərpası məqsədilə 1978-ci ildə
4855 hektar ərazidə yaradılmışdır.
Əsas qorunan obyekti Kür
çayının orta axarı boyunca yerləşən nadir
və tükənməkdə olan tuqay ekoloji sistemidir. Tuqay
meşələrində əsas ağac növlərindən
ağyarpaq qovaq, palıd, qızılağac və ağ
akasiya üstünlük təşkil edir.
Dırnaqlı heyvanlardan
çöl donuzu və nəcib maral, quşlardan isə
qırqovul, qaratoyuq, göyərçin və s.rast gəlmək
olar.
2003-cü il 2 iyun tarixində
Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisi
4803 hektar genişləndirilərək 9658 hektara
çatdırılmışdır.
Bəsitçay da xüsusi əhəmiyyətə
malik dövlət təbiət qoruğudur. Nadir
Şərq çinarının qorunub saxlanılması məqsədilə
1974-cü ildə 107 hektar ərazidə yaradılmış
bu qoruq Zəngilan rayonunda Kiçik Qafqazın cənub-şərq
hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə
edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil
edir. Çinar ağaclarının orta yaşı 170 ildir.
Lakin, əsl nəhəngyaşı 1200- 1500 il,
hündürlüyü 50 m və diametri 4 m-ə qədər
olan ağaclara da rast gəlmək olar.
Bəsitçay dövlət təbiət
qoruğu işğal altındadır və qoruq rejimi məhv
edilmişdir.
Böyük Qafqazın cənub
yamacının şərq hissəsindəki təbiət
komplekslərinin qorunub saxlanılması məqsədilə
1981-ci ildə 5778 hektar ərazidə İsmayıllı
Dövlət Təbiət Qoruğu
yaradılmışdır.
2003-cü ilin iyun ayında
qoruğun ərazisi 10,96 min hektar genişləndirilərək
ümumi ərazisi 16,7 min hektara
çatdırılmışdır.
Meşəlik əmələ gətirən
ağac növləri, əsasən fıstıq, vələs
və palıd, qismən də ağcaqayın,
göyüş, cökə və s. ağaclardan ibarətdir.
Onlardan üçüncü dövrə aid
şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın
“Qırmızı kitabı”na daxil edilmişdir.
Qoruq ərazisində 170-ə
yaxın onurğalı heyvan növü yaşayır. Burada
13 dəstəyə aid 104 quş növünə rast gəlmək
olar. Məməlilərdən boz ayı, meşə
pişiyi, vaşaq, Qafqaz nəcib maralı, cüyür,
qarapaça, Dağıstan turu və s. heyvanlar
yaşayır.
Qaragöl Dövlət Təbiət
Qoruğu 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş
dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi
ətrafı təbiət kompleksinin qorunub saxlanılması məqsədilə
240 hektar ərazidə yaradılmışdır. Göl əsasən
qar, yağış və qismən də bulaq suları
hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə,
68 cinsə və 100-dən artıq növə aid bitkilər
təmsil edilmişdir. 1967-ci ildə gölə forel
balığı buraxılmışdır.
Qaragöl dövlət təbiət
qoruğu işgal altındadır və burada da qoruq rejimi məhv
edilmişdir.
1987-ci ildə daha bir dövlət
qoruğu yaradılıb. Bu İlisu qoruğudur. O, 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub
yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək
təhlükəsində olan fauna və floranı qorumaq və
artırmaq, meşələrin əvvəlki vəziyyətini
bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin
qarşısını almaq məqsədilə
yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki,
onlardan 60-a yaxını endemik növlərdir. Burada maral,
cüyür, dağ kəli, çöl donuzu, dələ,
qarapaça və s. heyvanlar məskunlaşmışdır.
2003-cü ilin mart ayında
İlisu Dövlət Təbiət Qoruğunun ərazisi
17381,6 hektara çatdırılmışdır.
Şahbuz dövlət təbiət
qoruğu isə 2003-ci ilin 16 iyun tarixində Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun
inzibati ərazisinin 3139 hektar sahəsində
yaradılmışdır. Batabat ərazisində
əsasən dağ çəmən landşaftı
inkişaf etmişdir. Ərazinin florasının əsasını
dərman bitkiləri, palıd ağacları və s.
faunasını - quşlardan Avropa tüvüyü, kəklik,
enliquyruq bülbül, məməlilərdən qonur ayı,
porsuq, vaşaq və s. təşkil edir.
Eldar Şamı Dövlət Təbiət
Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16
dekabr tarixli sərəncamı ilə Samux rayonu inzibati ərazisinin
1686 hektarında yaradılmışdır.
Qoruğun yaradılmasında əsas
məqsəd nadir və endemik növ olan Eldar
şamının və ardıc ağaclarının qorunub
saxlanılmasıdır. Eldar Şamı ərazisi (392 ha)
1967-ci ildən Göy-göl Dövlət Təbiət
Qoruğunun filialı kimi fəaliyyət göstərmişdir
Bundan başqa Azərbaycanda
Bakı və Abşeron Palçıq Vulkanları Qrupu,
Korçay Dövlət təbiət qoruqları da vardır.
Mehdiyev M.
Xalq qəzeti.- 2009.- 20 avqust.- S.4.