Regionların dinamik inkişafı
Azərbaycan dövlətinin
qüdrətini sürətlə
artırır
2013-cü ilədək ölkədə fərdi
sahibkarların sayı 3,8 dəfə artacaqdır
Azərbaycanın gələcəyini regionlar müəyyən edəcəkdir. Bölgələrdə güclü insan potensialı var. Biz gərək burada güclü iqtisadi potensialı da yaradaq və əminəm ki, buna nail olacağıq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Prezidenti hələ ölkənin Baş naziri olduğu dövrdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsini diqqət mərkəzində saxlamışdı. Prezident seçildikdən sonra isə bu məsələ İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasi-diplomatik fəaliyyətdən sonra ən çox məşğul olduğu ikinci məsələyə çevrilmişdir. İlin fəslindən və hava şəraitindən asılı olmayaraq tez-tez bölgələrə gedən dövlət başçısı regional inkişafın 2003-2008-ci illəri əhatə edən birinci proqramın icrasının çox böyük uğurlarla başa çatdırılmasına nail oldu.
2003-2008-ci illərdə elə bir kənd, qəsəbə, şəhər olmadı ki, orada neft gəlirləri hesabına möhtəşəm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilməsin. Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Qəbələ, Lənkəran, Zaqatala... ölkənin bütün şəhərləri başdan-başa yenidən quruldu. Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Zaqatalada müasir aviasiya nəqliyyatının gediş-gəlişini təmin etmək üçün bütün zəruri tələblərə cavab verən hava limanları yaradıldı. Ölkənin bütün bölgələrində nəhəng yol şəbəkəsinin tikintisinə start verildi. 13 şəhər və rayonda olimpiya-idman kompleksi, 15 ünvanda isə dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verildi. Yüz illərdən bəri keçilməz olan dağ çayları üzərində onlarla müasir körpü tikildi. Məktəb tikintisi, mövcud məktəb binalarının təmiri, səhiyyə, mədəniyyət ocaqlarının, idman qurğularının bərpası yeni vüsət aldı. Regionlarda işsizliyin qarşısının alınması üçün aparılan siyasət yüz minlərlə yeni iş yerinin yaradılması ilə nəticələndi. Bu isə ilk növbədə yoxsulluğun azaldılmasına zəmanət yaradılması idi.
Nəticədə, Azərbaycan 2004-2008-ci illəri əhatə edən inkişaf tendensiyasına görə bütün dünyada nüfuz qazanmış oldu. Respublikamızın adı önünə “Adambaşına düşən ümumi daxili məhsulun artım tempinə görə lider ölkə”, “sənaye məhsulu istehsalının ən çox artdığı ölkə”, “işsizlik və yoxsulluğun azaldılması üçün ən böyük islahatlar aparılmış ölkə”, “MDB ölkələri arasında ən çox məktəb tikintisi aparılmış ölkə” və bir çox başqa ifadələr yazıldı. Beynəlxalq maliyyə təşkilatları Azərbaycanın ən yaxşı biznes mühitinə malik ölkə olduğunu elan etdilər. Ancaq dünya iqtisadçıları Azərbaycanın sosial-iqtisadi həyatındakı bütün uğurları təqdir etməklə yanaşı, bir məsələni xüsusilə qabardırlar: “Azərbaycan sahibkarlığın inkişafına dövlət dəstəyini ən yüksək səviyyədə təmin edən ölkədir”.
Yeri gəlmişkən, bu məzmunlu bəzi məqamları yada salaq. Sahibkarlığın inkişafına dövlət dəstəyini gücləndirmək məqsədiylə 2003-2007-ci illərdə (hələ birinci dövlət proqramının icrası tam başa çatmamış) Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda fəaliyyət göstərən 5674 sahibkarlıq subyektinə 172 milyon manat məbləğində güzəştli kreditlər verilmişdi. O zaman erməni ekspertlər Azərbaycanın təkcə kənd rayonlarındakı sahibkarlara bu qədər kredit verilməsini xatırladaraq Ermənistan iqtidarını “yatmamağa” çağırmışdılar: “Dövlətin qüdrətlənməsinin əsas səbəblərindən biri olan sahibkarlığın inkişaf etdirilməsi Azərbaycanı Ermənistandan qat-qat üstün dövlətə çevirir. Ona görə də Ermənistan rəhbərləri yatmamalı, vəziyyətdən çıxmaq üçün variantlar axtarmalıdırlar”.
Dövlət Proqramının birinci mərhələsində regionlarda mövcud olan təbii və əmək potensialından səmərəli istifadə edilərək Sumqayıt şəhərində polietilen və polipropilen boru zavodu, Gəncə şəhərində şokolad fabriki, Qəbələ rayonunda “Gilan Holdinq” Şirkətlər Qrupunun konserv və kərpic zavodları, Astara rayonunda “Azər-Cənub” Məsul Məsuliyyətli Cəmiyyətinin beynəlxalq yük terminalı, Yevlaxda “Lalə Tekstil” MMC-nin tikiş fabriki, İmişlidə şəkər zavodu, Şirvan şəhərində yağ emalı zavodu, Şamaxıda “Star Ltd” televizor zavodu, Naxçıvan Muxtar Respublikasında Yeyinti Sənaye Kompleksi kimi yeni istehsal və emal müəssisələri yaradılmışdır. Bu proses sonrakı dövrdə daha iti sürətlə davam etdirilmişdir.
Statistik göstəricilərdə bildirilir ki, 2003-cü ildə Azərbaycanda (regionlar nəzərdə tutulur – red.) 30,1 min vahid hüquqi şəxs var idisə, 2008-ci ildə bu göstərici 39,6 min vahid olub. Yəni cəmi dörd ildə regionlarda 9500 vahid hüquqi şəxs artıb. 2013-cü ildə isə bu göstəricinin 56,9 min vahid olacağı proqnozlaşdırılır. Regionlarda fərdi sahibkarların sayı isə 2003-cü ildəki 97,9 min vahiddən 2008-ci ildə 195 min vahidə qədər artıb. Proqramın icrasının son mərhələsində — yəni 2013-cü ildə bu göstəricinin 372 min vahid olacağı gözlənilir. Yəni, həmin dövrə qədər ölkədə fərdi sahibkarların sayı 3,8 dəfə artacaq.
Növbəti mərhələdə tarazlı inkişafı təmin etmək üçün regionların sosial-iqtisadi inkişafında, infrastruktur təminatında, əhalinin həyat səviyyəsində və başqa məsələlərdə mövcud fərqlər aradan qaldırılacaq. Regionların sosial-iqtisadi inkişafının səviyyəsi Bakı şəhəri üzrə müvafiq orta inkişaf səviyyəsinə çatdırılacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemliliyi və ardıcıllığı təmin ediləcək. Dövlət tərəfindən sahibkarlıq fəaliyyəti daha yüksək səviyyədə dəstəklənəcək və yerli istehsal sahələri genişləndiriləcək. Bunların nəticəsində isə Azərbaycan Respublikasında bütün infrastrukturun dünya səviyyəsinə çatdırılması və Avropa Birliyinin meyarlarına bərabərləşdirilməsi təmin ediləcəkdir.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 22 aprel tarixli geniş iclasında yekun nitqi söyləyən Prezident İlham Əliyev beynəlxalq ekspertlər üçün də maraqlı olan, kənd rayonlarının inkişafını göstərən fikirlər söyləmişdir: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli praktik tədbirlər də görülmüş, texnika alınmışdır... Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq. Aqroservislər yaradılır. Bildiyiniz kimi, fermerlərə güzəştli qiymətlərlə gübrə, yanacaq, toxum verilir, subsidiyalar verilir. Xüsusilə buğda əkən fermerlərə hər hektara 80 manat vəsait verilir. Bunun hesabına biz son illər ərzində ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Bu gün Azərbaycanda istehsal olunan məhsulların tam əksəriyyəti, yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu, böyük nailiyyətdir, həm ölkədə biznesin, sahibkarlığın inkişafına, regionların inkişafına böyük xidmət göstərir, eyni zamanda biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik”.
Elə beynəlxalq iqtisadçılar da Azərbaycanın sosial-iqtisadi inkişafında bu amili – sahibkarlığın inkişafına dövlət dəstəyinin artmasını yüksək qiymətləndirir, təqdir edirlər.
Mirzəbəyli
İ.
Xalq qəzeti.- 2009.- 21
avqust.- S. 1.