Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyəti genişlənir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 iyul 2004-cü ildə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması haqqında Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzalanmışdır. 2007-ci ildə bu proqrama əlavələr edilmiş və ölkə Prezidenti tərəfindən xüsusi sərəncamla təsdiqlənmişdir. Həmin proqramda Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna da bu tədbirlərin reallaşdırılması üçün xüsusi tapşırıqlar verilmişdir.

Fond artıq bu sahədə xeyli layihələrin həyata keçirilməsini təmin etmişdir. Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş əlavələrlə bağlı son iki ildə fondun reallaşdırdığı layihələr məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov bildirmişdir ki, proqrama əlavələrin 1.1 və 1.2 bəndində 15 fin tipli qəsəbədə məskunlaşmış 6227 məcburi köçkün ailəsi və respublika üzrə məktəb binalarında məskunlaşan 2768 ailə üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutuluşdur.

Artıq Goranboy rayonunun inzibati ərazisində Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi üçün (Fin qəsəbəsi) 120 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmış, Dövlət Ekspertiza Baş İdarəsindən müsbət rəy alınmışdır. 2009-cu ilin iyun ayından evlərin, sosial obyektlərin, mühəndis kommunikasiyalarının tikintisinə başlanmışdır. Bu ərazidə 89 ədəd 1 otaqlı, 275 ədəd 2 otaqlı, 200 ədəd 3 otaqlı və 32 ədəd 4 otaqlı birmərtəbəli yaşayış evlərinin tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda, qəsəbədə 360 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, poçt binası, 2 çıxışlı yanğınsöndürmə deposu, ambulatoriya və inzibati bina, anbar inşa ediləcək.

Qəsəbənin içməli su təchizatını təmin etmək üçün 8 subartezian quyusu qazılacaq, 2 ədəd 1000 kubmetrlik və 2 ədəd 500 kubmetr su anbarı tikiləcək.

İmişli rayonunun inzibati ərazisində 2007-ci ilin avqust ayında 983 məcburi köçkün ailəsi (birinci mərhələdə 550 ev) üçün 197 hektar torpaq sahəsi ayrılmışdır. “Azəriinşaatlayihə” DBLKTİ layihə institutu və “İnterenerqo” müəssisəsi tərəfindən layihə-smeta sənədlərinin tərtibatı başa çatmış və hazırda sənədlər Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir.

Yevlax rayonu ərazisində isə 612 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binaların inşası ilə əlaqədar 10 hektar torpaq sahəsi ayrılmışdır və texniki şərtlər alınmışdır. Layihə sənədlərinin hazırlanması üçün “Azərdövlətlayihə” DBLİ ilə müqavilə bağlanmış və hazırda layihənin tərtibatı başa çatmış və o da Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi üçün hazırlıq işləri aparılır.

Ayaz müəllim bildirdi ki, Mingəçevir şəhərində (502 ailə üçün 8 hektar) ayrılmış sahələrə texniki şərtlər alınmış və “Azərdövlətlayihə” DBL KTİ ilə müqavilə bağlanmışdır. Hazırda layihə-smeta sənədlərinin tərtibatı davam edir. Ağcabədi rayonu üzrə rayondakı Fin qəsəbələrində məskunlaşmış 994 və məktəb binalarında yaşayan 114 məcburi köçkün ailəsindən Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlarından olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisinə torpaq sənədləri və texniki şərtlər alınmışdır. Hazırda “Azərdövləttikintilayihə” ilə müqavilələr bağlanmışdır və layihə-smeta sənədlərinin tərtibatına başlanmışdır.

Proqramda Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində 4 yeni qəsəbənin salınması üçün də tədbirlər müəyyənləşdirilmişdir. Goranboy rayonu ərazisində müvafiq mühəndis kommunikasiyaları olan Aşağı Ağcakənddə 150 ailəlik, Börüdə 130 ailəlik, Meşəlidə 100 ailəlik qəsəbələrin tikintisi başa çatıb. Yuxarı Ağcakənd qəsəbəsində isə 120 ailəlik qəsəbənin tikintisi başa çatmaq üzrədir. Aşağı Ağcakənd qəsəbəsində 15 siniflik orta məktəb, inzibati bina, poçt şöbəsi, klub-icma mərkəzi, 50 yerlik uşaq bağçası, baytarlıq xidməti binası və 2 çıxışlı yanğınsöndürmə deposu tikilmişdir. Börü qəsəbəsində inzibati bina, 96 şagird yerlik məktəb binası və feldşer-mama məntəqəsi, Meşəli qəsəbəsində – inzibati bina inşa edilmişdir. Yuxarı Ağcakənd qəsəbəsində inzibati və 96 şagirdlik məktəb tikilməsi nəzərdə tutulmuşdur.

Xocavənd rayonundan olan 500 ailə üçün Beyləqan rayonu ərazisində yeni qəsəbənin salınması da nəzərdə tutulmuşdur. Burada yeni qəsəbənin tikintisi başa çatmışdır. Qəsəbədə klub-icma mərkəzi, 15 siniflik orta məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, poçt şöbəsi, baytarlıq xidməti binası, 2 çıxışlı yanğınsöndürmə deposu və 25 çarpayılıq xəstəxana tikilmişdir.

Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatmışdır.

Bundan başqa, Göygöl və Qəbələ rayonları ərazisində müvafiq olaraq 26 və 155 məcburi köçkün ailəsi üçün hər iki rayonun ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılmışdır. Artıq onlar üçün texniki şərtlər alınmışdır və “EL.N” MMC Layihə Tikinti Dizayn təşkilatı tərəfindən layihə-smeta sənədləri hazırlanmışdır.

Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün hazırda iki beşmərtəbəli binanın və 188 şagird yerlik orta məktəbin tikintisi davam edir. Bu məhəllənin su, kanalizasiya, elektrik və qaz təchizatı, kommunikasiyaların tikintisi də eyni zamanda aparılır. Obyektin bu il ərzində tikilib istismara verilməsi planlaşdırılır.

Göygöl rayonu ərazisində müvafiq mühəndis kommunikasiyaları olan 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatmışdır və hazırda köçürülmə prosesi davam edir.

Bakı şəhəri Binəqədi rayonu 2 ¹-li Evtikmə Kombinatının ərazisində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 hektar torpaq sahəsi ayrılmışdır və 369 məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün çoxmərtəbəli evlərin layihələndirilməsi və tikintisi nəzərdə tutulmuşdur. Bu ərazidə 5 ədəd 63 mənzilli, 1 ədəd 54 mənzilli yaşayış binaları, 260 şagird yerlik məktəb binası, müvafiq texniki infrastruktur və abadlıq işləri nəzərdə tutulmuşdur. Hazırda tikinti işlərinin 80 faizə yaxın hissəsi görülmüşdür və bu ilin oktyabr-noyabr aylarında başa çatdırılması planlaşdırılır.

Füzuli rayonunda idman kompleksinin tikintisi üçün Horadiz bələdiyyəsinə məxsus torpaqlardan ayrılmış sahədə tikinti işlərinin aparılması üçün “Alıbəyli Şirkəti” MMC ilə ilə müqavilə bağlanmışdır və tikinti işlərinə başlanmışdır. Kompleksin tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılır. Biləsuvar rayonu ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün “İmay inşaat Taahhüt Proje Tesisat və Ticarət” LTD ilə müqavilə bağlanmışdır və hazırda tikinti işləri başa çatmaq üzrədir.

Göründüyü kimi, yaxın gələcəkdə ölkə Prezidentinin həyata keçirdiyi tədbirlər nəticəsində bütün məcburi köçkün ailələri rahat yaşayış mənzilləri ilə təmin olunacaqlar.

 

 

Mükərrəmoğlu M.

 

Xalq qəzeti.- 2009.- 21 avqust.- S. 4.