Media və sosial müdafiə
Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil
etdiyi “Ünvanlı sosial yardım və sosial reabilitasiya”
mövzusunda seminarda ölkənin aparıcı kütləvi
informasiya vasitələrinin əmək və sosial müdafiə
mövzusunda yazan jurnalistləri işgüzar, faydalı
diskusiyanın iştirakçısı oldular.
İsmayıllı rayonunun səfalı,
axar-baxarlı güşəsində yaradılmış
“Qaya” istirahət kompleksi ikinci dəfə idi ki, məmur-jurnalist
dialoquna ünvan olmuşdu. Seminarı giriş sözü ilə
açan Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi aparatının rəhbəri Rizvan Əliyev bildirdi
ki, seminarın keçirilməsində məqsəd media
nümayəndələrinə nazirliyin qanunvericilikdə nəzərdə
tutulmuş fəaliyyət dairəsi, vəzifələri və
s. haqqında məlumat verməkdən, bu sahədə
onların bilik və informasiyalarını artırmaqdan ibarətdir.
Gələcəkdə əmək və sosial müdafiə
mövzusunda yazan jurnalistlərin tədricən akkreditə
edilməsi sistemi həyata keçiriləcək. Ümumiyyətlə,
nazirliyin həyata keçirdiyi tədbirlərə, layihələrə
bu sahədə geniş informasiyası olan, xüsusi
hazırlıq keçmiş jurnalistlərin dəvət
olunması nəzərdə tutulur.
Nazirliyin mətbuat xidmətinin rəhbəri
Elnur Kələntərov iştirakçıların nəzərinə
çatdırdı ki, bir il əvvəl burada
keçirilmiş ilk seminarda nazirliyin bir sıra idarə və
şöbələrinin rəhbərləri öz fəaliyyətləri
və media üçün maraqlı olan məsələlər
barədə geniş məlumat vermiş, sualları
cavablandırmışdılar. Ötən dövrdə
nazirliklə KİV arasında əlaqələrin əhatəsi
genişlənmiş, fəallığı
artmışdır. Builki seminarda nazirliyin yoxsulluq problemləri
və ünvanlı sosial yardım siyasəti şöbəsinin
fəaliyyəti, ÜSY-ın təyinatı mexanizmi, onun məqsədi,
ailələrin gəlirlərinin hesablanması, sosial
reabilitasiyaya keçid və s. mövzular diqqət mərkəzində
olacaq. Məqsəd jurnalistlərin həm də istirahət
etmələrinə, bir-biri ilə daha yaxından tanış
olmalarına, fikir mübadiləsi aparmalarına şərait
yaratmaqdır.
Sonra nazirliyin yoxsulluq problemləri
və ÜSY siyasəti şöbəsinin müdiri Natiq Qasımovun
“Sosial yardım və reabilitasiya, davamlı inkişaf”,
şöbənin aparıcı mütəxəssisi Musa
Ağamalıyevin “Ünvanlı sosial yardım siyasəti: zərurət
və təyinat mexanizmi” mövzusunda məruzələri dinlənildi.
Natiqlər bildirdilər ki, Azərbaycan Prezidentinin müvafiq fərmanına
əsasən, 2006-cı ildən ölkəmizdə
ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə
başlanılıb. Cari ilin birinci yarısında 179504 ailə
(817355 nəfər ailə üzvü) dövlətdən
ünvanlı yardım almışdır. Ölkədə hər
ailəyə düşən ünvanlı yardımın orta
aylıq məbləği 98,19 manat, hər ailə
üzvünə düşən ünvanlı yardımın
orta aylıq məbləği isə 21,56 manatdır.
Yardım təyin olunan ailələrin
73191-i (40,8 faizi) 3 və daha çox uşağı olan,
973-ü (0,5 faiz) tərkibində müharibə əlili olan,
22863-ü (12,7 faizi) digər səbəblərdən əlil
olmuş üzvləri olan, 293-ü (0,2 faizi) qəyyumluq təyin
edilmiş, 16043-ü (8,9 faizi) məcburi köçkün və
44-ü (0,02 faizi) şəhid ailələridir. Ünvanlı
yardım alan ailələrin 77,8 faizi dövlətdən ilk dəfə
yardım alanlardır ki, bunu da ünvanlılığın təzahürü
kimi qiymətləndirmək olar.
Ünvanlı dövlət sosial
yardım sistemi ilə bağlı qanunvericilik sistemi daha da təkmilləşdirilib.
Ehtiyac meyarının məbləği artırılıb,
ünvanlı yardım üçün tələb olunan sənədlərin
sayı azaldılıb. Yardımların əhatə dairəsi
genişləndirilib, həmçinin ünvanlı
yardımın təyin olunma müddəti 6 aydan bir ilədək
uzadılıb, yardımın təyin olunmasından imtina
müddəti 2 ildən 1 ilə endirilib. Yardımın şəffaf
və ədalətli şəkildə
çatdırılması diqqət mərkəzindədir.
Fəal diskussiyalardan sonra seminar
mövzusu üzrə test yoxlaması keçirildi. Jurnalistlərə
mövzunun mənimsənilməsini təsdiqləyən
sertifikatlar təqdim olundu. Nazirliklə KİV-in əlaqələrini
günün tələblərinə uyğun qurmaq
üçün iştirakçıların rəy və təklifləri
də öyrənildi.
Tahir R.
Xalq qəzeti.- 2009.- 21 avqust.- S. 4