Maestro Niyazinin xatirəsi heç
zaman unudulmayacaq
Onun dirijorluğu da, bəstəkarlığı da Azərbaycan musiqi sənətində əsl hadisə idi. Niyazini dünyanın çox ölkələrində tanıyır və sevirdilər. İstedadlı sənətkarın dirijoru olduğu konsertlər bu gün də unudulmur.
Üzeyir bəyin
qardaşı Zülfüqar Hacıbəyovun oğlu idi
Niyazi. Musiqi onun ruhuna hopmuşdu. 1912-ci il avqustun 20-də
Bakı mühiti Niyazinin dünyagörüşünə güclü təsir etdi, o, musiqi dünyasında özünə layiqli yer qazandı. Beləliklə, sovet məkanının, eləcə də dünyanın tanınmış dirijoru və bəstəkarı oldu. Bunu maestronun təltif olunduğu mükafatlar, fəxri adlar da bir daha təsdiq edir. O, SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982), Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951-52), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı laureatı (1967), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1972), Beynəlxalq “Nehru” mükafatı laureatı (1972) və s. mükafatlara və fəxri adlara layiq görülmüşdür.
Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmmiyətli rol oynamışdır. O, “Rast” (1949) simfonik muğamı, Zaqatala suitası (1934), Ləzgihəngi (1934), Konsert valsı (1954) və s. simfonik əsərlərin, “Almas”, “Kəndlilər”, “Fətəli Xan”, Mahnı belə yaranır və s. filmlərin musiqi müəllifidir. Niyazi “Aşıq Qərib” (Z. Hacıbəyov), “Arşın mal alan” (Ü.Hacıbəyov) və s. əsərlərin yeni redaksiyasını hazırlamışdır. Azərbaycan xalq mahnılarını (“Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləmişdir.
1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salmışdır. Xarici ölkələrdən Çexoslovakiya, Bolqarıstan, Almaniya, Macarıstan, Fransa, Türkiyə, İran və s. qastrolda olmuşdur. Niyazi Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, Bolqarıstanın “Kiril və Mefodi” ordeni, Macarıstanın “B. Bartok” medalı ilə təltif edilmişdir.
Niyazi gül-çiçəkli təbrikləri sevmirdi, gurultulu alqışlardan üzündə bircə əzələ titrəməzdi. Əsərin məşqlərində də, ifa zamanı və konserti bitirdikdə də sanki yad, özgə bir aləmdə idi. Əslinə qalsa, onun məşqləri heç də gərgin keçmirdi, çünki lap qısa zaman kəsimində belə can atdığı məqsədə yetişəcəyinə arxayınlığı var idi. Bu arxayınlığı ilə də orkestri ovsunlayırdı.
Niyazi 1930-cu illərin sonundan başlayaraq, 40-cı və 50-ci illərdə, hətta 60-cı illərin I yarısında, Azərbaycanda gənc dirijor nəsli yarananadək bəstəkarlarımızın yaratdığı simfonik və səhnə (opera və balet) əsərlərinin baş təfsirçisi olub. Hətta bir sıra əsərlərə dönə-dönə qayıdaraq onları bir neçə təfsirdə lentə yazdırmışdı.
“Arşın mar alan” filminin
1945-ci ildə çəkilən ilk variantında Böyük
Üzeyirin musiqisini Niyazi orkestrləşdirmişdi. Filmin
sonrakı, ”çağdaşlaşdırılan”
variantında orkestrləşmə işi F.Əmirova
tapşırılmışdı və bəstəkar bir
sıra artırmalara yol vermişdi. Əlbəttə, belə
gediş Niyazini razı sala bilməzdi və daha sonrakı illərdə
o, partituraya dönə-dönə qayıdaraq, nəhayət,
1973-cü ildə “Arşın mal alan”ı öz yeni
redaksiyasında misilsiz Rəşid Behbudovla qrammafon valına
yazdırdı. Ən nəhayət isə, o zaman gənc bəstəkar
İsmayıl Hacıbəyovla dərdləşərkən
boynuna almışdı ki, bir çox parçaları yenidən
nəzərdən keçirərkən özünün ilk
variantına deyil, Böyük Üzeyirinkinə
üstünlük verib. Bax belə azman şəxsiyyət idi
Niyazi!
O, 1970-ci illərin sonu və
80-cı illərin başlanğıcında Qarabağda –
Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və
Yevlaxda keçirilən simfonik konsert silsilələrinin və
festivalların baş ilhamverəni və təşkilatçısı
olub. Onun Bakıda, Filarmoniyada, hər ayın sonu vəzifəliləri
maarifləndirən konsertləri də indiyədək
yaddaşlardan silinməyib. Hətta bir sıra gənc
muğam ustalarımız məhz onun xeyir-duası ilə
böyük estradaya yol tapmışdır. Bütün
bunlarla yanaşı, demək lazımdır ki, 1970-ci illərin
ortalarına yaxın Niyazi Azərbaycan bəstəkar
musiqisinin nəbzini tuta bilmirdi, yaxud da istəmirdi.
Sınıxmışdı. Yorulmuşdu. İncimişdi. Hətta
özünün arzusu ilə İsmayıl Hacıbəyovun
yaratdığı fortepiano ilə orkestr üçün “Cəngi”
əsərinin ilk ifasını gözlənilmədən
R.Abdullayevə, qrammafon yazısını R.Məlikaslanova,
Moskvadakı ilk ifanı isə V.Feroseyevə ”güzəştə”
getmişdi.
Çox-çox bəstəkar və
solo ifaçıların – pianoçu, skripkaçı,
violonçelçalan və vokalçıların söylədiyinə
görə, onunla məşq etmək və konsert vermək əsl
yaradıcılıq yarışını
xatırladırdı.
Dünən bu böyük sənətkarın
ev muzeyində “açıq qapı” günü elan
olunmuşdu. Buraya gələnlər muzeyin eksponatları ilə
tanış olur, Niyazini yad edirdilər. Ən əsası isə
bu dahi sənətkarın əsərlərini dinləyirdilər.
Mükərrəmoğlu M.
Xalq qəzeti.- 2009.- 21 avqust.- S .6.