Dövlət əmlakının səmərəli idarə edilməsi prioritet məsələdir

 

Bu gün Azərbaycanda dövlət idarəetməsinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması qarşıda mühüm vəzifə kimi durur. Həmin vəzifənin səmərəli və operativ şəkildə yerinə yetirilməsi üçün yeni strukturlar formalaşdırılmış, peşəkarlıq və iş keyfiyyətləri nəzərə alınmaqla kadr islahatı həyata keçirilmişdir.

Bu ilin yanvar-iyul aylarında dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının tərtib edilməsi, habelə ünvan reyestrinin aparılması sahələrində ardıcıl tədbirlər reallaşdırılmışdır.

Ötən müddətdə dövlət əmlakının səmərəli idarə edilməsi, onun qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində şəffaflığın və səmərəliliyin daha da artırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi və digər bu kimi vəzifələr əsas prioritetlər təşkil etmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində səmərəliliyin və şəffaflığın artırılması, özəlləşdirmənin sürətləndirilməsi və dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə əvvəlki dövrlərdə hazırlanmış və təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim edilmiş 25-ə yaxın normativ-hüquqi sənədin layihələri ilə bağlı işlər davam etdirilmişdir.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi sahəsində əməli tədbirlər görülmüşdür. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində 280-ə yaxın kiçik dövlət müəssisə və obyekti, eyni zamanda, dövlət mülkiyyətində olan, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi 270-ə yaxın torpaq sahəsi özəlləşdirilmişdir.

Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 30 hərrac keçirilmişdir. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilmişdir.

İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2009-cu ilin yanvar-iyul aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30 milyon manat məbləğində investisiya qoyulmuşdur. Ümumilikdə, 1 avqust 2009-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 430 milyon manat investisiya qoyulmuş və bu müəssisələrdə təqribən 12,5 mindən çox iş yeri açılmışdır.

Dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, onun qorunub saxlanılması və təyinatı üzrə istifadə olunması, habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyətinin araşdırılması, bu sahədə səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər həyata keçirilmişdir.

Dövlət və qeyri dövlət mülkiyyətində olan müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi və onlarda torpaq qanunvericiliyinin tələbləri pozulmaqla istifadə hallarının müəyyən edilməsi, habelə qarşısının alınması məqsədilə Bakı şəhəri, həmçinin respublikanın digər şəhər və rayonlarında monitorinqlər keçirilmişdir. Aparılan işlər nəticəsində ümumilikdə 260-a yaxın müəssisə və obyektin torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi və qeyri-qanuni tikinti işlərinin aparılması halları aşkarlanmışdır. Bununla bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciətlər olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi dövlət mülkiyyətində olan torpaq sahələrindən əsassız istifadə hallarının qarşısının alınmasına imkanlar yaradır.

Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində tədbirlərin reallaşdırılması da davam etdirilmişdir. Tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə əmlakın mövcud vəziyyətinin və ondan istifadənin səmərəliliyinin araşdırılması istiqamətində monitorinq və araşdırmalar aparılmışdır. Eyni zamanda, bu məqsədlə əmlakın inventar siyahıları və əmlakdan istifadə barədə dövlət müəssisə və təşkilatları tərəfindən təqdim olunmuş hesabatlar təhlil edilmişdir.

Bu ilin yanvar-iyul aylarında 100 müəssisə və səhmdar cəmiyyətlərdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması, ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti də araşdırılmışdır. Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 70-ə yaxın sosial təyinatlı obyektdə monitorinqlər aparılmışdır.

Dövlət və qeyri-dövlət müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqları barədə dəqiq və müfəssəl məlumatlar əldə edilməsi üçün torpaqlar və üzərlərində olan əmlak, onların təşkilati-hüquqi və mülkiyyət forması, ünvanı, torpaq sahələrinin hüdudları, ölçüləri barədə qrafik və digər zəruri bilgilərdən ibarət məlumat bankına 16 minə yaxın informasiya daxil edilmişdir.

Daşınmaz dövlət əmlakı və dövlət mülkiyyətində olan qeyri-yaşayıs sahələrindən qanunvericilik çərçivəsində istifadə edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilmişdir. Bu müddətdə 490-a yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.

Bu ilin ötən aylarında daşınmaz dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Görülən işlərin nəticəsində hesabat dövründə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 3 milyon manata yaxın vəsait köçürülmüşdür ki, bu da yeddi aylıq proqnozun 110 faiz yerinə yetirilməsi deməkdir.

Avqust ayının 1-nə kimi 11 minə yaxın dövlət təsisatı malik olduğu 120 min daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Hesabat dövründə dövlət əmlakının registrinə 1600 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında qeydiyyat vərəqələri daxil olmuş və məlumat bazasında yerləşdirilmişdir.

Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrinin aparılmasının daha da təkmilləşdirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı prosesində operativliyin, şəffaflığın və etibarlılığın təmin olunması, ölkəmizdə əmlakın qeydiyyatı sisteminin qabaqcıl ölkələrin təcrübəsinə uyğunlaşdırılması məqsədilə ötən aylarda bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və sahiblərinə dövlət reyestrindən çıxarış verilmişdir. Bunlardan 12200-ü fərdi yaşayış və bağ evi, 12000-i mənzil, 20,6 minə yaxını torpaq sahəsi, 970-i qeyri-yaşayış binası, 910 yaşayış sahəsi, 200-ü əmlak kompleksi, 4-ü çoxmərtəbəli yaşayış binası, 200-ü çoxillik əkin sahələridir.

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində yaradılmış İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin başlıca vəzifəsi qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə müasir şəraitə uyğunlaşdırılmış Daşınmaz Əmlakının Milli Qeydiyyat Sisteminin, habelə dövlət əmlakının idarə edilməsinin informasiya sisteminin inkişafını sürətləndirməkdir. Mərkəzin əsas funksiyası isə ölkə üzrə daşınmaz əmlaka dair vahid məlumat bazasının yaradılması, bu sahədə əldə edilmiş informasiyaların ümumiləşdirilməsi, emalı və təhlil edilməsi, habelə daşınmaz əmlakla bağlı müqayisəli, analitik və statistik materialların hazırlanmasıdır.

Hazırda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, kadastrı və ünvan reyestrinin aparılması sahələrində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində müvafiq tədbirlər görülür.

 

 

Bayramov V. 

 

Xalq qəzeti.-2009.- 22 avqust.-S .1.