Azərbaycanda neft layihələri uğurla
reallaşdırılır
Bu ilin sentyabr ayında
Azərbaycanın yeni neft strategiyasının
reallaşdırılması istiqamətində ilk addım
sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının
15-ci ili tamam olur. Məlum olduğu kimi, 1994-cü il
sentyabrın 20-də Bakıda dünyanın yeddi ölkəsini
təmsil edən on bir iri neft şirkəti ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti arasında Xəzərin
Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsünə dair saziş imzalandı. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
iştirakı və xeyir-duası ilə imzalanan həmin neft
sazişi sonradan “Əsrin müqaviləsi” adı ilə
tanındı. Bu tarixi saziş ölkəmizin neft sənayesini
bütün xarici şirkətlər üçün
açıq elan etdi, Azərbaycanda əlverişli investisiya
mühiti üçün şərait yaratdı. Bununla da Azərbaycanın neft sənayesi
yeni inkişaf dövrünə qədəm qoydu.
Ötən dövrdə Azərbaycanın
neft sənayesinin infrastruktur imkanları xeyli
yaxşılaşdırılmış, Xəzər dənizinin
dərinliklərində kəşfiyyat işləri
aparmağa qadir olan üzən qazma qurğuları, ən
müasir, dünya standartlarına cavab verən platformalar
quraşdırılmış, sualtı neft kəmərləri
çəkilmiş, xam nefti qəbul edib texnoloji emal prosesindən
sonra ixrac sisteminə vurmaq üçün nəhəng
terminal, alternativ nəql marşrutları
yaradılmışdır. Bütün bunlar Azərbaycanda
rekord miqdarda neft və qaz hasilatına imkan yaratmış,
ölkəmizin ixrac potensialının xeyli artmasına səbəb
olmuşdur. Nəticədə Azərbaycan özünün
enerji təhlükəsizliyini tam təmin etmiş, ölkəmizin
iqtisadi qüdrəti xeyli artmışdır. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft strategiyası hazırda uğurla
reallaşdırılır. “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində neft və səmt
qazı hasilatı getdikcə artır. Ölkəmizin ixrac
imkanları genişlənir. Bu tendensiya 2009-cu ilin ötən
dövründə də davam etmiş, Azərbaycanın yeni
neft strategiyasının reallaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Bu və digər
məsələlər barəsində bp — Azərbaycan
şirkətinin 2009-cu ilin birinci yarısının nəticələri
ilə bağlı hesabatında geniş məlumat
verilmişdir.
Hesabatda bildirilir ki, cari ilin ilk
yarısında “Azəri-Çıraq-Günəşli” layihəsinə
xərclənmiş əməliyyat məsrəfləri 348
milyon dollar, əsaslı məsrəflər isə 488 milyon
dollar təşkil etmişdir. Hesabat dövründə bp “Əsrin
müqaviləsi”ndəki tərəfdaşları ilə
birlikdə “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi
Azəri” və “Şərqi Azəri”, eləcə də “Dərinsulu
Günəşli” platformaları vasitəsilə 146 milyon
barel (təqribən 20 milyon ton) neft hasil etmişdir ki, bu da
gündə orta hesabla 806 min bareldən çoxdur. Gündəlik
hasilatın 111,7 min bareli “Çıraq”, 173,2 min bareli “Mərkəzi
Azəri”, 266,8 min bareli “Qərbi Azəri”, 142,8 min bareli “Şərqi
Azəri” və 111,6 min bareli “Dərinsulu Günəşli”
platformalarının payına düşür.
Yeri gəlmişkən,
hazırda “Çıraq” yatağında 13, “Azəri”
yatağında 34, “Dərinsulu Günəşli”də isə
9 quyudan neft çıxarılır. Bundan əlavə, həmin
yataqlarda hasilatın artırılması üçün 28
texniki quyunun (suvurma və qaz injektor quyuları) imkanlarından
istifadə olunur.
“Əsrin müqaviləsi”nin
şərtlərinə əsasən xam neftlə bərabər
çıxarılan səmt qazı təmənnasız olaraq
Azərbaycana təhvil verilməlidir. 2009-cu ilin birinci
yarısında “Mərkəzi Azəri”, “Qərbi Azəri” və
“Şərqi Azəri” platformalarından səmt qazının
28 düyməlik sualtı boru kəməri vasitəsilə Səngəçal
terminalına nəqli, oradan da Azərbaycanın
qazpaylayıcı şəbəkəsinə təhvil verilməsi
davam etdirilmişdir. Bundan əlavə, “Çıraq” platformasından
hasil edilmiş səmt qazının bir hissəsi mövcud 16
düyməlik sualtı boru kəməri vasitəsilə
ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına
göndərilmişdir. Dənizdəki beş hasilat
platformasından hasil edən səmt qazının qalan hissəsinin
isə təzyiqi sabit saxlamaq məqsədilə yenidən
kollektora vurulması üçün yataqdaxili sualtı kəmərlər
vasitəsilə “Azəri” yatağının mərkəzi
hissəsində quraşdırılmış kompressor və
suvurma platformasına göndərilməsi davam etmişdir.
Xatırladaq ki, hazırda “Mərkəzi Azəri” platformasında
üç quyudan laya qazvurma əməliyyatları davam edir.
Bu ilin əvvəlindən Dövlət Neft Şirkətinə
gündə təqribən 406 milyon standart kub fut (11,5 milyard
kubmetr) səmt qazı təhvil verilmişdir. 2009-cu ildə Azərbaycana
1,45 milyard kubmetr səmt qazı verilməsi nəzərdə
tutulsa da, 6 ay ərzində bu rəqəm 2,1 milyard kubmetri
ötüb keçmişdir.
“Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində qazma işləri
və digər bərpa əməliyyatları da uğurla davam
etdirilmişdir. 2009-cu ilin aprel ayında “Çıraq”
yatağında bir hasilat quyusunun qazıntısı
tamamlanmışdır. Hazırda kollektorun şimal ərazisi
istiqamətində bir maili quyu tamamlanmaq üzrədir. Bundan əlavə,
“Çıraq” platformasında digər qazma əməliyyatları
da uğurla davam etdirilir. May ayında “Qərbi Azəri”
platformasından bir suvurma quyusunun qazıntısı başa
çatdırılmış, hazırda isə buradan yeni bir
hasilat quyusu qazılır. İlin sonunadək isə
platformadan bir hasilat və bir suvurma quyusunun qazıntısı
nəzərdə tutulur. “Şərqi Azəri”
platformasında qazma əməliyyatları, bir suvurma quyusunun
istismara verilməsi və bir quyuda müəyyən bərpa
işlərinin aparılması da davam etdirilmişdir. Gələn
ay burada yeni bir hasilat quyusunun tamamlanması və ilin sonunadək
əlavə bir suvurma quyusunun qazıntısının sona
çatdırılması planlaşdırılır.
Qazma əməliyyatları
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsində isə 10 qabaqlayıcı quyunun
hamısının istismara verilməsi öncə qazma
quyuları proqramının tamamlanması ilə davam
etdirilmişdir. Hazırda “Dərinsulu Günəşli”
platformasından birinci quyunun qazıntısı başa
çatmaq üzrədir. İlin sonunadək isə buradan daha
bir hasilat quyusunun tamamlanması nəzərdə tutulur.
Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz” yataqlarından neft və qazın
sualtı boru kəmərləri vasitəsilə Səngəçal
terminalına nəqli davam etmişdir. Yeri gəlmişkən
onu da qeyd edək ki, hazırda Səngəçal
terminalının bütün texniki emal sisteminin gücü
gündə 1,2 milyon barel neft və 39, 5 milyon kubmetr qaz təşkil
edir. Cari ilin birinci yarısında terminaldan gündə orta hesabla
806 min bareldən artıq neft və 665,5 milyon standart kub futdan
artıq qaz ixrac edilmişdir. Səngəçal
terminalından dünya bazarlarına neft əsasən
Bakı-Tbilisi-Ceyhan, qaz isə Cənubi Qafqaz boru kəməri
vasitəsilə nəql edilir. Bundan əlavə, Azərbaycan
neftinin nəqli üçün 1999-cu ilin aprel ayında
istismara verilmiş Bakı-Supsa kəməri ilə cari ilin 6
ayında gündəlik 91 min bareldən artıq neft
daşınmışdır.
Bir maraqlı faktı da qeyd etməyə
dəyər. Səngəçal terminalının 2009- cu ildə
ən yüksək gündəlik ixrac göstəricisi may
ayının 1-də qeydə alınmışdır. Belə
ki, həmin gün terminal 1.001.270 barel nefti texniki emaldan
keçirərək ixrac etmişdir. Həmin neftin isə 846
min 340 bareli Bakı-Tbilisi-Ceyhan, 88 min 674 bareli Bakı-Supsa kəmərləri
ilə ötürülmüş, 66 min 256 bareli isə dəmir
yolu ilə daşınmışdır.
“Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində nəzərdə
tutulmuş tikinti işləri də plana uyğun davam
etdirilmişdir. Tikinti işləri, əsasən “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsində
aparılır. Xatırladaq ki, ötən ilin yayında
suvurma işlərinə başlamağa imkan verən cənub
və şimal manifoldların suvurma sistemlərinin
quraşdırılması və istismara verilməsi
tamamlanmışdır. İndiyədək ümumilikdə 8
quyu üçün suvurma sistemləri
quraşdırılaraq istismara verilmişdir. Qalan 5 quyu
üçün bu sistemlərin quraşdırılması və
istismara verilməsi gələn ilin ikinci rübünə
planlaşdırılır. Bu sistemlər “Dərinsulu Günəşli”
platformasından 3,2 kilometr və 5,2 kilometr arasında bir məsafədə
yerləşən üç sualtı qazma mərkəzindən
qazılan 13 quyu vasitəsilə kollektora gündə 530 min
barel su vurmağa imkan verəcəkdir. Xatırladaq ki, bu
sualtı qurğular Xəzər dənizində ilk dəfə
tətbiq olunur.
2009-cu ilin birinci yarısında Səngəçal
terminalının genişləndirilməsi proqramı çərçivəsində
də bir sıra vacib işlər
görülmüşdür. Bu dövrdə proqramın bir
hissəsi kimi lay suyu qurğuları tamamlanaraq istismara
verilmişdir. Artıq həmin qurğular vasitəsilə lay
suları yenidən dənizdəki quyulara vurulur. Sentyabrda isə
digər analoji qurğular da istismara daxil ediləcək. Bundan əlavə,
terminalda səmt qazı üçün yeni qaz kondensasiya
temperaturuna nəzarət qurğusunun tikintisi
tamamlanmış, hazırda burada istismar sınaqları
keçirilir. Qurğunun gələn ay istismara verilməsi nəzərdə
tutulur.
Cari ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan
layihəsi üzrə 38 milyon dollar xərclənmişdir. Bu
da əsasən adı çəkilən kəmərin
ötürmə gücünün artırılmasına və
digər zəruri işlərə sərf olunmuşdur. Yeri gəlmişkən,
2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhan
limanında yüklənməsindən cari ilin iyul
ayının 1-dək Bakı-Tbilisi-Ceyhan kəməri ilə
nəql olunmuş 87 milyon tondan artıq neft 824 tankerə
yüklənərək dünya bazarına göndərilmişdir.
Yaqubzadə M.
Xalq qəzeti .-2009.- 22 avqust.- S. 1.