Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin
adı ilə bağlıdır
Min bir bəlalar
görmüş Azərbaycan XX əsrin sonunda bir daha
sınağa çəkildi. Suların boz-bulanıq selə
döndüyü məqamda ulu Tanrının qüdrəti və
xalqın iradəsi ilə Heydər Əliyev dünyanın
siyasi arenasında yenidən parladı.
Ulu öndərin ölkəyə
rəhbərliyə yenidən qaydışı ilə nəinki
Azərbaycanın uğurlu gələcəyi təmin olundu,
düzgün yol seçildi, həm də ümumi dünya
siyasətində pozulmuş tarazlıq bərpa edildi. Fenomenal
yaddaşa, qeyri-adi istedad və biliyə malik olan Heydər Əliyev
dəfələrlə ən çətin problemlərin həllini
reallaşdırdı.
“Xalq mənə ümid bəsləyir,
mən də bu ümidi doğrultmaq üçün
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram və həyatımı xalqıma
qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında
həkk olunmuşdur. XX əsrin 70-ci illərindən etibarən
quruculuq missiyasını cəsarətlə öz üzərinə
götürən böyük tarixi şəxsiyyətin xalq təsərrüfatının
bütün sahələrində, eləcə də elm və
təhsildə apardığı nəhəng islahatlar gələcək
uğurlarımız üçün geniş zəmin və
şərait yaratmışdır. 1969-cu ildə respublika rəhbərliyinə
irəli çəkilən Heydər Əliyev o vaxtkı
mövcud rejimin sərt qanunları çərçivəsində
Azərbaycanın intibahı və tərəqqisi, iqtisadiyyat,
elm və təhsilin yüksəlişi üçün
düşünülmüş siyasət yeritdi. Heydər Əliyevin
respublikada rəhbərlikdə olduğu 1969-1982-ci illərdə
Azərbaycan hökumətinin diqqət mərkəzində ən
ümdə vəzifələrdən biri kənd təsərrüfatının
inkişafına qayğının artırılması
olmuşdur.
Təbiətin Azərbaycana
verdiyi imkanlardan və potensialdan yalnız 70-ci illərin əvvəllərindən,
yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə
başladığı illərdən etibarən daha geniş,
düzgün və səmərəli istifadə edilməyə
başlanmışdır.
Məhz Heydər Əliyev
xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və
xüsusilə əkinçiliyin qızıl fondu sayılan
suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla
istifadə etməyin forma və metodlarını öyrətdi.
Azərbaycanda kənd təsərrüfatını sürətlə
inkişaf etdirməyin mümkünlüyünü sübut
etdi, bu sahədə, sözün əsl mənasında,
dönüş yaratdı.
Həmin dövrdə ulu öndər
çox böyük məharət və bacarıqla
keçmiş SSRİ rəhbərlərinin diqqətini Azərbaycanın
kənd təsərrüfatının inkişaf etdirilməsinə
yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri,
tikinti materialları, mineral gübrə, kimyəvi
preparatların gətirilməsinə nail olmuşdu.
Çoxdan bəri SSRİ rəhbərliyinin
diqqətindən kənarda qalmış Azərbaycanın kənd
təsərrüfatını inkişaf etdirmək haqqında
geniş tədbirlər planı hazırlandı və 1970-ci
il iyul ayının 23-də Sov.İKP MK-nın və SSRİ
Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatının
inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərarı
qəbul olundu. Praktiki olaraq həmin qərar doqquzuncu
beşillikdə və ondan sonrakı dövrlərdə
respublikamızın kənd təsərrüfatının
inkişafını müəyyənləşdirən əməli
fəaliyyət proqramı idi.
Müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişi ilə də az bir zamanda iqtisadi tərəqqi nəzərə
çarpdı. Sürətlə qurulmuş infrastrukturun, neft-qaz
sənayesinin və onun əsasında digər sahələrin,
aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan
kəndinin simasının dəyişməsi dövlətin təməlinin
möhkəmlənməsinə səbəb oldu.
Heydər Əliyev çox
aydın hiss edirdi ki, kənd təsərrüfatına məqsədli
vəsait qoymadan yüksək nəticələr əldə
etmək mümkün deyil. Ona görə də bu istiqamətdə
düşünülmüş, əsaslı tədbirlər
ardıcıllıqla həyata keçirilməyə
başlandı. Nəticədə doqquzuncu beşillikdə
respublikanın iqtisadiyyatında illər boyu davam etmiş
geriliyə son qoyulmuş, aqrar sahənin inkişafında yeni
dönüş mərhələsi başlanmış, kənd
təsərrüfatı istehsalının əsaslı
yüksəlişi təmin edilmişdir. Həmin beşillikdə
kənd təsərrüfatının inkişafının
konkret yolları müəyyənləşdirilmiş və
bu inkişafın dinamikliyi üçün əsaslı tədbirlər
həyata keçirilmişdi.
O dövrdə aqrar sahəyə
vəsait qoyuluşunun artırılması mühüm vəzifə
kimi qarşıda dururdu. Ona görə də doqquzuncu
beşillikdə respublikamızın kənd təsərrüfatına
ayrılan əsaslı vəsaitin miqdarı 1518 milyon manat məbləğində
müəyyən edildi ki, bu da səkkizinci beşillikdəkinə
nisbətən 57,1 faiz çox və yeddinci beşillikdəkindən
2,5 dəfə çox idi. Bu əsaslı vəsait əsas
etibarilə respublikada kənd təsərrüfatının məhsuldarlığını
inkişaf etdirmək üçün torpaqların irriqasiya,
meliorasiya və bir sözlə, suvarma sisteminin
yaxşılaşdırılmasına yönəldildi.
Məhz bu dövrdə yeni torpaq
sahələrinin istifadəyə verilməsi, torpaq fondunun
sağlamlaşdırılması, su təchizatının
yaxşılaşdırılması sahəsində konkret tədbirlər
görüldü və beləliklə də kənd təsərrüfatının
intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası
rayonlarında meliorasiya qurğuları tikilməsinin
miqyası genişləndirildi. Respublikanın qərb
zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən
Ağstafaçay dəryaçasının inşası
başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin
inkişafına səmərəli təsir göstərəcək
dəryaça-sugötürmə qurğusunun tikintisinə
başlanıldı.
Beşillik ərzində 27 min
hektar sahədə yeni suvarılan torpaq istifadəyə
verildi. 189 min hektar sahədə suvarılan torpaqların
meliorasiya vəziyyəti yaxşılaşdırıldı.
120 min hektar sahədə torpaq əsaslı surətdə
yuyuldu, 140 min hektar sahədə əkin yerləri əsaslı
surətdə hamarlandı, 189 min hektar sahədə suvarma
sistemləri yenidən quruldu və torpaqların su ilə təchizatı
yaxşılaşdırıldı. Bu işlər də
öz növbəsində əkinçilik məhsulları
istehsalının xeyli artmasına səbəb oldu. Həmin
beşillikdə respublikamız üçün əlavə
olaraq dövlət 80 min hektar suvarılan torpağın
şoranlıqdan təmizlənməsi xərcini öz öhdəsinə
götürdü.
Doqquzuncu beşillikdə dövlət
tərəfindən kənd təsərrüfatına əsaslı
vəsait qoyuluşunun əhəmiyyətli dərəcədə
artırılması respublikada 18 sənaye xarakterli
heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsinə
imkan yaratdı. Bu komplekslərdən 12-si quşçuluq,
3-ü maldarlıq 3-ü də donuzçuluq kompleksi idi.
Şəkidə, Salyanda, Binədə, Ramanada ilk dəfə
heyvandarlıq kompleksləri tikilib istifadəyə verildi. Səkkizinci
beşilliyə nisbətən iki dəfə çox mineral
gübrə anbarları, beş dəfə çox elevatorlar,
iki dəfə yarım çox quşçuluq fabrikləri,
təqribən səkkiz dəfə çox tərəvəz
anbarları, silos qurğuları tikildi. Beş il ərzində
Kənd Tikintisi Nazirliyinin gördüyü işlərin həcmi
47 faiz artmışdı.
Lənkəranda Xanbulançay su
təsərrüfatı kompleksinin tikintisi onuncu beşilliyin
birinci ilində müvəffəqiyyətlə başa
çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə
çatan kanallarla Lənkəran rayonunun 6 sovxozunun, Astara
rayonunun 3 sovxozunun və digər təsərrüfatların
torpaqları suvarıldı. Kompleksin tikintisinə 50 milyon
manat vəsait sərf edilmiş, burada 10 milyon kubmetr torpaq-çınqıl
işi görülmüş, 315 min kubmetrdən çox beton
işlənmişdi. Xanbulançay dəryaçası 22 min
hektar, yəni 1975-ci ildəkindən təqribən 5 dəfə
çox münbit torpağı suvarmağa, Lənkəranda
faraş tərəvəz istehsalını az bir müddət
ərzində 200-250 min tona çatdırmağa, çay və
subtropik bitkilər əkinini xeyli genişləndirməyə
imkan vermişdi.
Bundan başqa, Tərtər, Bərdə,
Goranboy rayonlarının əkin sahələrinin
suvarılmasını xeyli yaxşılaşdırmağa
imkan verən Tərtərçay enerji və su təsərrüfatı
kompleksi də məhz 1976-cı il dekabrın son günlərinlə
istifadəyə verildi. Suvarılan əkinçilik
respublikası olan Azərbaycanda doqquz və onuncu beşilliklər
ərzində dəryaçaların ümumi su tutumu təqribən
20 milyard kubmetrə, suvarma şəbəkələrinin
uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin
uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı
700-ə çatdırılmışdı. Torpaqların
irriqasiya və meliorasiyasının ənənəvi suvarma
regionu olan Kür-Araz ovalığından başqa, dağətəyi
və dağlıq zonalarda aparılması üçün
10-cu beşillikdə xeyli iş görüldü. Bu dövrdə
Quba, İsmayıllı, Qubadlı, Zəngilan rayonlarında və
bir sıra başqa rayonlarda, Naxçıvan MR-də və
DQMV-də böyük həcmdə meliorasiya işləri
aparıldı. Bir çox bölgələrdə iri
hidrotexniki qurğular tikilmiş, 83 min hektar yeni suvarılan torpaq
istifadəyə verilmiş, 452 min hektar otlağa su
çıxarılmış, 700 min hektar sahədə suvarma
şəbəkəsi yenidən qurulmuşdu. Əgər
yaxın keçmişdə kənddə əsaslı tikinti
miqyasına və əhəmiyyətinə görə
kiçik obyektlərin tikilməsi ilə məhdudlaşdırılırdısa
və primitiv səviyyədə, lazımi miqyas olmadan
aparılırdısa, indi o, xalq təsərrüfatının
iri müstəqil sahəsinə çevrilmişdi.
Ulu öndərin ikinci dəfə
ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan
iqtisadiyyatında yeni inkişaf mərhələsi
başlandı. Ölkə Prezidenti aqrar sahədə də vəziyyəti
araşdıraraq, kənd təsərrüfatının
inkişafına diqqətin artırılması
üçün bütün qüvvələri səfərbər
etdi. O, göstərdi ki, “müstəqil inkişaf yoluna qədəm
qoymuş respublikada artıq köhnə sosialist sistemindən
imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı,
iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar
iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün
sahələrində, o cümlədən kənd təsərrüfatında
islahatlar aparılmalıdır, təsərrüfat sahəsində
iqtisadi islahatlar yeganə yolumuzdur”. Bununla da ulu öndər
1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə
islahatlar haqqında gedən uzun- uzadı mübahisələrə
və müzakirələrə son qoydu, sözdən işə
keçməyin yolunu müəyyən etdi və eyni zamanda,
islahatların keçirilməsi yolları, üsulları və
müddəti barədə proqram hazırlanmasının
labüdlüyünü əsaslandırdı. Beləliklə
də Heydər Əliyev respublikada aqrar islahatın hüquqi
bazasının yaradılması, onun təşkili və həyata
keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin
həm banisi, həm də təşkilatçısı oldu.
Məlumdur ki, aqrar islahatın həyata
keçirilməsinin ilkin addımları Naxçıvan
Muxtar Respublikasında atılıb. Hələ Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
işləyərkən 1992-ci ilin aprel ayında muxtar
respublikanın Ali Məclisinin sessiyasında aqrar islahatlara dair
xüsusi qərarlar qəbul olunmuşdu.
Heydər Əliyev respublikada
dövlət mülkiyyətinin özəlləşdirilməsində,
mülkiyyət formalarının dəyişdirilməsində,
sahibkarlıq üçün şərait
yaradılmasında və ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının bütün sahələrində bazar
iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində
aqrar bölmənin ehtiyat mənbələrinin böyük əhəmiyyəti
olduğunu xüsusi qeyd etmişdir.
Ulu öndər respublikanın əhalisinin
ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin
edilməsində kənd təsərrüfatının
imkanlarından maksimum istifadə edilməsi ilə
yanaşı, kənd təsərrüfatı sahəsində
iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini
ilk plana çəkir, respublikada heyvandarlıq sahəsində
özəlləşdirmənin sürətləndirilməsini
tələb edirdi: “Artıq ictimai təsərrüfatlarda
mal-qaranın bütün növləri üzrə sayı
azalırdı, əksinə, fərdi təsərrüfatlarda
onların miqdarı və məhsuldarlığı getdikcə
artırdı. Bu isə, öz növbəsində, ictimai təsərrüfatlarda
olan mal-qaranın əsas fondlarının özəlləşdirilməsi
üçün şərait yaradırdı. Bu işi
sürətləndirmək məqsədi ilə ictimai sektora
ayrılan yem sahələrini özəl sektora vermək,
onları zəruri texnika və ləvazimatla təmin etmək
lazım idi. Nəticədə respublika əhalisinin ərzaq məhsulları
ilə daha yaxşı təmin olunmasına şərait
yaranacaqdır ki, iqtisadiyyatda bizim əsas strateji yolumuz məhz
bundan ibarətdir”.
Ulu öndər 23 dekabr 1994-cü
ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr
olunmuş respublika müşavirəsində aqrar
islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi: “...Aqrar
bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət
formasını dəyişmək, torpaq islahatı keçirmək,
sərbəst iqtisadiyyata geniş yol açmaq
respublikamızın həyatında çox mühüm, eyni
zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli
və taleyüklü məsələdir”.
Heydər Əliyev respublikada
ictimai bölmədə heyvandarlığın tənəzzülə
uğramasının, sahənin zərərlə işləməsinin,
heyvandarlıq məhsullarına süni surətdə
aşağı qiymət qoyulmasının,
satılmış məhsulun dəyərinin vaxtında
alına bilməməsinin, istehsal, emal və istehlak
arasında iqtisadi mütənasibliyin pozulmasına səbəb
olduğunu nəzərə alaraq heyvandarlığın
özəlləşdirilməsini sürətləndirdi.
Heydər Əliyevin fəaliyyəti
ilə kənd təsərrüfatının əsas sahəsi
olan heyvandarlığın özəlləşdirilməsi
artıq öz bəhrəsini vermiş, başqa respublikalardan
idxal olunan heyvandarlıq məhsullarına olan
asılılıq aradan qaldırılmış və əhalinin
ət və süd məhsullarına tələbatı
respublikadaxili istehsalla tam təmin olunur.
Heydər Əliyevin yenidən rəhbərliyə
başladığı dövrdən etibarən respublikada həyata
keçirdiyi çoxsahəli özəlləşdirmə tədbirləri
aqrar elmin yeniləşdirilməsində də
özünü göstərməkdədir. O bilirdi ki,
islahatlar yalnız elmi əsaslarla həyata keçirilməlidir.
Bu münasibətlə respublikada aqrar elmi tədqiqatlar
sistemində də islahatlara başlanılmış və 15
aqrar elmi-tədqiqat institutunu birləşdirən Aqrar Elm Mərkəzi
yaradılmışdır. Bununla da Aqrar Elm Mərkəzi
öz işini elmi nəticələrin tətbiqində özəl
bölmənin real problemlərinin aradan
qaldırılmasına yönəltmişdir.
Balakişiyev M.
Xalq qəzeti.- 2009.- 22 avqust.- S. 3.