Azərbaycanın xarici siyasətdəki uğurları
ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır
Müasir müstəqil
Azərbaycanın memarı və qurucusu olan ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
xarici siyasət strategiyası bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq
aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri
genişlənmişdir. Dövlət
başçımızın dünya səviyyəsində həyata
keçirdiyi balanslaşdırılmış xarici siyasəti
Azərbaycanı inkişaf etmiş demokratik ölkələr
sırasına çıxarıb. İndi Azərbaycan
demokratik, müstəqil və azad bir ölkə kimi
tanınır.
Sovet
İttifaqının dağılması ilə Azərbaycan
xalqı öz müstəqilliyini yenidən bərpa etməklə
dövlətçiliyini möhkəmləndirmək
üçün tarixi fürsət qazandı. Lakin əldə
olunan müstəqilliyimizin ilk vaxtlarından hakimiyyətdə
olan rəhbərlərin naşılığı və
dövlət idarəçiliyindəki təcrübəsizliyi
Azərbaycanı uçuruma doğru sürükləyirdi. Xarici
dövlətlərlə əlaqələr yarada bilməyən
o vaxtkı rəhbərlərin yalnız şəxsi mənafelərinə
üstünlük vermələri müstəqil dövlətimizin
beynəlxalq aləmdə tanınmasına böyük əngəllər
yaradırdı. Sonradan hakimiyyəti ələ almış
AXC-Müsavat cütlüyü rəhbərlərinin də
siyasətdəki naşılığı ölkəmizi beynəlxalq
aləmdən təcrid etdi. Xarici siyasətdə bir-birinin
ardınca atılan uğursuz addımlar nəticəsində
Azərbaycan beynəlxalq aləmdə təkləndi. Ermənistanın
hərbi təcavüzünə məruz qalan müstəqil
dövlətimizin əraziləri bir-birinin ardınca
işğal olunurdu. Azərbaycanın ağır iqtisadi
böhranı və daxili qeyri-sabitliyi getdikcə dərinləşirdi.
Belə bir şəraitdə hadisələrin gedişindən
baş çıxara bilməyən AXC-Müsavat
cütlüyünün rəhbərləri
çaşqınlıq içərisində
qalmışdılar. Onlar heç bir ölkə ilə məntiqli
diplomatik əlaqələr qura bilmirdilər.
1993-cü ildə
ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən
sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın
müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi
istiqamətində uğurlu strategiya işlənib
hazırlandı. Dövlət idarəçiliyində zəngin
təcrübəyə malik olan ulu öndər ilk növbədə
daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil
dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin
genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət
kəsb edən tədbirlərin həyata keçirilməsinə
nail oldu. Əvvəlki rəhbərlərin xarici siyasətdə yol verdikləri kobud səhvlər tədricən
aradan qaldırıldı. Azərbaycanın sülhsevər,
demokratik proseslərin inkişafına xüsusi önəm
yetirən müstəqil dövlət olması barədə
beynəlxalq aləmdə rəy formalaşdı və
möhkəm inam yarandı. Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi,
həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi
üçün iqtisadi və siyasi imkanlardan məharətlə
istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici
siyasəti nəticəsində Azərbaycan regionda lider və
beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş
ölkə kimi tanındı. Müstəqil dövlətimizin
xarici siyasət istiqamətləri və strateji seçimləri
müəyyənləşdirildi.
Ulu öndərin
hazırladığı mükəmməl xarici siyasət
strategiyası Azərbaycanı bütün regional məsələlərdə
həlledici söz sahibi olan müstəqil dövlətə
çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı
bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi
olmadan gerçəkləşə bilməz.
Ümummilli liderin
siyasi kursunu layiqincə davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti
nəticəsində Azərbaycanın dünya birliyindəki
nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki
uğurlar müstəqil dövlətimizin mövqelərini
xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin ölkəyə
rəhbərlik etdiyi dövrdə əldə edilmiş
diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq
edən demokratik dövlətlərin sayı xeyli
çoxalıb. Gəlin, faktlara diqqət yetirək. Bu gün
Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri
vardır. Ölkəmizdə 57 səfirlik, konsulluq və beynəlxalq
təşkilatların nümayəndəlikləri fəaliyyət
göstərir. Azərbaycanın isə 56 diplomatik nümayəndəliyi,
o cümlədən 47 səfirliyi fəaliyyət göstərir.
Bu qədər səfirliyin 30-u 2004-2008-ci illərdə — cənab
İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə
açılmışdır. Dövlət başçımızın
təşəbbüsü və tapşırığı
ilə Azərbaycan Diplomatiya Akademiyası yaradılmış
və fəaliyyətə başlamışdır. Bu da
müstəqil dövlətimizin xarici siyasətinin uğurla
reallaşdırılmasında böyük əhəmiyyət
kəsb edir.
Prezident İlham Əliyevin
ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan
diplomatiyasının ən zəruri vəzifələrindən
biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü, suverenliyi və sərhədlərimizin
toxunulmazlığı əsasında öz həllini
tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə
nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində
ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar
və dünya birliyi tərəfindən daha çox qəbul
edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də
BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət”
adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir
daha təsdiqlədi ki, dünya birliyi Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməsinə tərəfdardır. Onu da qeyd edək
ki, Azərbaycan diplomatiyasının uğurları yalnız
BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx
əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın
ATƏT, İslam Konfransı Təşkilatı, Avropa
Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
etməsi xüsusi qeyd olunmalıdır.
Azərbaycan Prezidentinin xarici siyasəti
xalqımızın mənafeyini, müstəqil dövlətimizin
inkişafını və perspektivlərini müəyyənləşdirir.
Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin
təmin edilməsi məsələsi də dövlət
başçımız tərəfindən həyata
keçirilən ən mühüm vəzifələrdən
biridir. Bu istiqamətdə görülən işlərdən
biri də ölkənin milli təhlükəsizlik
konsepsiyasının təsdiq edilməsi barədə sərəncam
imzalanmasıdır.
Azərbaycan Prezidenti mövcud
beynəlxalq təhlükəsizlik sisteminin təməl
daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan xarici siyasət həyata keçirir. Digər
dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və daxili işlərinə
qarışmamaq Azərbaycanın başqa ölkələrlə
qarşılıqlı əlaqələrində
başlıca prinsipdir. Dövlət
başçımızın müstəqil dövlətimizin
milli maraqlarının təmin olunmasına və onun qlobal,
habelə regional mövqeyinin möhkəmləndirilməsinə
yönələn xarici siyasət prioritetləri Azərbaycanın
ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması, ölkəmizin təhlükəsizliyi ilə
bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin
həllidir. Bir daha qeyd edək ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Azərbaycanın
mövqeyi danışıqların ilk günlərindən dəyişməz
olaraq qalır. Dövlətimizin
başçısı qətiyyətlə bildirib ki,
münaqişənin aradan qaldırılması
üçün erməni hərbi qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılması, bu ərazilərdə Azərbaycanın
pozulmuş suveren hüquqlarının bərpası, məcburi
köçkünlərin öz doğma ocaqlarına qaytarılması, Azərbaycanın Dağlıq
Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi
inkişafı çərçivəsində
kommunikasiyaların bərpası və sosial-iqtisadi
inkişafı üçün şərtlərin müəyyən
olunması, qanuni və demokratik proses çərçivəsində
Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni
icmalarının dinc yanaşı yaşamasını,
Azərbaycan Respublikasının tərkibində muxtariyyətini
təmin edəcək statusun müəyyənləşdirilməsindən
başqa yol yoxdur.
Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biri də beynəlxalq terrorizm və
kütləvi qırğın silahlarının
yaradılmasına qarşı mübarizədə fəallıq
göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli
və ikitərəfli çərçivədə beynəlxalq
əməkdaşlığa cəlb olunub. Beynəlxalq terrorizmə
qarşı mübarizə ilə əlaqədar bütün
beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu
sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi
həyata keçirir və müvafiq məruzələr
hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və
Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən
olan əsgər və zabitlərlə çiyin-çiyinə
xidmət göstərmişlər. Dünyanın inkişaf
etmiş dövlətlərinin başçıları, həmçinin
nüfuzlu beynəlxalq qurumların nümayəndələri
Azərbaycanın beynəlxalq terrorizmə qarşı
mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər.
Siyasi ekspertlər bunu dövlət
başçımızın uğurlu xarici siyasətinin
prioritetlərindən biri kimi dəyərləndirirlər.
Transmilli cinayətkarlıq və insan alverinə qarşı
mübarizə region ölkələri ilə, eləcə də
BMT, ATƏT və digər beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın
gündəliyində duran əsas məsələdir.
Azərbaycanın
uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq
aləmdəki mövqeyinin möhkəmləndirilməsindən
söhbət düşəndə Heydər Əliyev Fondu və
şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın
fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev
Fondunun dəstəyi sayəsində Azərbaycan sivilizasiyalar
arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə
töhfə verən ilk ölkələr sırasında
olmuşdur. Qeyd etdiyimiz kimi, ölkəmizin bu istiqamətdə
fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərliyi ilə həyata keçirilir. Beynəlxalq
səviyyədə tanınmış elmi tədqiqatçıların
və mütəxəssislərin iştirakı ilə
Bakıda mədəniyyətlərarası dialoqa dair
üç möhtəşəm beynəlxalq tədbirin
keçirilməsi də ölkəmizin dünya miqyasında
nüfuzunun artmasına böyük təsir göstərmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə
Bakıda Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq
musiqi festivalında pianoçuların müsabiqəsinin
keçirilməsi xalqımızın necə yüksək mədəniyyətə
sahib olduğunu dünya miqyasında əyani şəkildə
nümayiş etdirmişdir.
Azərbaycanın son illər ərzində
xarici siyasət strategiyasının uğurla həyata
keçirilməsi ölkəmizin dünya miqyasındakı
nüfuzunu xeyli artırıb. Bu illər ərzində
Azərbaycan daim dəyişən beynəlxalq mühitə
uyğunlaşmaqla, eyni zamanda, regional liderə
çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş xarici siyasət
strategiyasının uğurlu davamı müstəqil dövlətimizin
dünya birliyindəki mövqelərini daha da artıracaq.
Bədəlov Ə.
Xalq qəzeti.- 2009.- 22 avqust.- S. 3.