Ağsaqqallıq nümunəsi
Daha bir ağsaqqal qəzetimizin yubileyi yaxınlaşır. “Xalq qəzeti”nin 90 yaşı tamam olur. Bu, əslində, bir qəzetin yox, bütün Azərbaycan mətbuatının tarixi dövrüdür. Mədəni tərəqqi tariximizdir.
Hər adama ağsaqqal deyilmədiyi kimi, hər qəzetə də ağsaqqal demək olmur. Ağsaqqalıq müdriklik, etimad, etibar dərəcəsidir. Azərbaycanda ağsaqqal sözü tarix boyu yüksəkdən yüksək tutulub. Yaşından asılı olmayaraq ağsaqqallıq fəxr sayılıb. El içində “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” demişlər.
“Xalq qəzeti” 1919-cu il avqustun 29-da dünyaya “Kommunist” adı ilə gəlmiş, 72 il bu adla yaşamışdır. Həmişə də əsasən böyük arzu və əməllərin bayraqdarı olmuş, respublikamızın bir nömrəli qəzetinə çevrilmişdir. Hər halda, mən “Kommunist” qəzetini belə xatırlayıram. Başqa cür ola da bilməzdi, çünki tələbə ikən mənim ilk istehsalat təcrübəm də, əsas jurnalist fəaliyyətim də “Kommunist” qəzeti redaksiyasında keçmişdir. Bir sözlə, “Kommunist” qəzeti mənim ömür kitabıma qızıl hərflərlə yazılmışdır.
Aydındır ki, Kommunist sözünə həmişə hamıda eyni münasibət olmamışdır. Mən Kommunist Partiyasının necə ləğv edilməsinin şahidi olmuşam. Azərbaycan KP Mərkəzi Komitəsinin iclas salonuna müxtəlif vəzifə, ixtiyar sahibləri dəvət olunmuşdu. Əslində, onlar məsələ həll etməyə yox, Moskvada “öldürülmüş” partiyaya “əlvida!” deməyə çağırılmışdılar. Gurultulu alqışlardan sonra xitabət kürsüsünə qalxanlardan təkcə akademik Ziya Bünyadov, bəlkə də ömründə ilk dəfə ağladı. Çünki o, keçmişinə tüpürən insanlardan deyildi. Yaşadığın ay da, il də, on illər də ömürdəndir. Ziya Bünyadov özü dediyi kimi, rüşvət hesabına kommunist olmamışdı, partiya biletini faşizmə qarşı ölüm-dirim cəngində göstərdiyi hünərə görə almışdı. Dünyanın ən nəhəng partiyalarından biri ona görə bircə iclasla ləğv olundu ki, onun sıralarında Ziya Bünyadov kimilər çox az idi, ölkə demokratiya maskası taxmış üzdəniraq partokratların əlində idi. Nəhayət, Kommunist Partiyası bir daha sübut etdi ki, nüfuzdan düşmək fəlakətdir.
Daha bir xatirə. “Kommunist” qəzetinin 50 illiyi təntənəsində iştirak edən jurnalistlərdən biri də mən olmuşam. Bu təntənə bir cəhətdən də əlamətdardır ki, respublikaya yenicə rəhbər gəlmiş Heydər Əliyevin iştirak etdiyi ilk yubiley təntənəsi həmin iclas olmuşdu. O illər rəhbərlər, rəsmi adamlar rus dilində çıxış etsələr də, Heydər Əliyev “Kommunist” qəzeti haqqında öz geniş sözünü məhz Azərbaycan dilində söylədi. O, bütün Azərbaycan mətbuatı haqqında başda “Kommunist” qəzeti olmaqla, ən dəyərli sözləri dedi. Səhəri gün qəzetləri Heydər Əliyevin ölməz sözləri bəzədi.
“Bu qəzet həmişə yeni həyat uğrunda çarpışmaların ilk sıralarında getmişdir”.
Yeni quruluşun ön sıralarında getmək hörmətli qəzetimizin həyat amalına çevrilmişdir. Obrazlı desək, yeni həyat uğrunda çarpışma 1969-cu ildən bəri respublikamızın mübarizə və inkişaf proqramına çevrilmişdir. Bu, əslində, yeni dövrün başlanğıcı idi. Həmin dövrün nədən ibarət olduğunu bilmək üçün 90 yaşını qeyd etməyə hazırlaşdığımız ağsaqqal qəzetimizi vərəqləmək kifayətdir. Bu, şəhər və kənd iqtisadiyyatında, elm, maarif və mədəniyyətdə sehrli bir dönüş dövrüdür. “Kommunist” bu dövrü “Yüksəliş yarışı”, “Gözəllik yarışı” adlandırmışdır. Bu rubrika altında qəzetdə irili-xırdalı materiallar getmişdir. “Yüksəliş yarışı”nda əmək qabaqcılları haqqında oçerklər gedirdisə, “Gözəllik yarışı”nda şəhər və kəndlərimizin abadlaşdırılmasından, gözəlləşməsindən danışan səhifələr gedirdi.
70-ci illər ədəbiyyat və incəsənətin, ümumən, mədəniyyətin hərtərəfli və müasir dünya notunda inkişafı dövrünə çevrildi. Həmin illərdə istər yaşlı olsun, istərsə gənc nəsl öz sözünü həvəslə deməyə çalışırdı. Bu, otuzuncu illərin bədnam atalar — oğullar çarpışması — Pavlik Morozov çarpışması yox, təcrübə ilə gənclik ehtirasının əlbirliyi, dilbirliyi idi.
“Kommunist” qəzetinin redaksiyası demək olar ki, bütün ədəbiyyat və incəsənət xadimlərinin — Səməd Vurğunun, Qara Qarayevin, Süleyman Rüstəmin, Rəsul Rzanın, Fikrət Əmirovun, Niyazinin, Əli Vəliyevin, Tofiq Quliyevin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun, İmran Qasımovun, Bəxtiyar Vahabzadənin, Hüseyn Arifin, Bəkir Nəbiyevin, Mehdi Məmmədovun, Kərim Kərimovun və başqalarının ən çox sevdikləri ziyalı ocağı olmuşdur.
Heydər Əliyev kabinetə qapanıb qalan rəhbər deyildi, müşavirələri tez-tez yerlərdə keçirirdi. Belə kütləvi müşavirələrə söz-sənət adamlarını da cəlb edirdi. Bu yolla ölkənin iqtisadiyyatı mədəniyyəti ilə qaynayıb qarışmış, daha da doğmalaşmışdı.
Belə müşavirələrdə daha aydın görünürdü ki, Heydər Əliyev qayğıkeş olduğu kimi də tələbkardır. Yalan tərifləri heç sevmirdi.
Yadımdadır, Şamaxıda keçirilən müşavirədə bir ağdamlı kolxoz sədri qürrə ilə raport verdi ki, bu il rekord məhsul — hər hektardan 75 sentner buğda götürüblər. Hamı əl çaldı. Alqışlar səngiyəndə sədr üzünü rəyasət heyətinə tutaraq xahiş etdi ki, toxumluq taxıl almaqda onlara kömək göstərilsin! Heydər Əliyev təəccüblə dedi ki, siz Kanadadan da yüksək məhsul götürmüsünüz, indi borc istəyirsiniz, bəs o qədər taxılı neylədiniz?.. Sədr cavabında dedi ki, verdik heyvana. Heydər Əliyev bir qədər susub, nəhayət, sədrin bu boş hay-küyçülüyünü yekunlaşdırdı: Elə nadir məhsulu heyvana?... Bununla da sədrin yalan raportuna nöqtə qoyuldu.
Şamaxıda olarkən fasilədə Həsən Həsənov yaradıcı ziyalılara məlumat verdi ki, müşavirədən sonra Heydər Əliyev onları qəbul edəcəkdir. Gecəyarısı son dərəcə işgüzar keçən bu görüşdə ilk dəfə hiss etdik ki, təəccüblü də olsa, Heydər Əliyev də yorularmış... Cəlilabad və Şamaxı kimi iri rayonlara ikigünlük gərgin səfərdən sonra yorğunluq gözlə görünürdü. Buna baxmayaraq, Heydər Əliyev yazıçı ilə yazıçı, rəssamla rəssam, bəstəkarla bəstəkar, aktyorla teatr və kino dilində danışdı. Hər kəs rəhbərə bir hədiyyə, mən də “Dədə Bəhmən” trilogiyasının təzəcə çapdan çıxmışi ikinci kitabını bağışladım.
Sonralar Heydər Əliyev Moskvada ali rəhbərlikdə təmsil olundu. O, istefaya göndəriləndən sonra dünya elə qarışdı ki, xalq düşmənə çevrildi. Kiçik dövlətlərin ümid yeri olan böyük dövlətlər arasında da məkirli bir siyasət oyunu başladı, Allahı çağırıb iblisə baş əydilər. Həmin oyun indi də davam edir.
Həmin qarışıq vaxtlarda Moskvada “Kommunist” qəzetinin parlament müxbiri idim. Ümumittifaq parlamentindən qəzetimizdə gedən reportajlar tərcümə edilib “Bakinski raboçi” qəzetində də gedirdi. Baş mövzu Dağlıq Qarabağın üstünü bürüməkdə olan fəlakət dumanı idi. Əslində bu, Qorbaçovun korafəhmliyi və məkri üzündən bütün SSRİ-ni bürümüş qatı dumanın bir parçası idi. Dağlıq Qarabağ fəlakəti barədə yüz versiya gəzirdi. Birini isə mən Kreml divarları arasında eşitmişdim. Orta Asiyada cəza əməliyyatları ilə məşhurlaşmış erməni müstəntiq Qdlyan fasilə vaxtı deputatlara açıq deyirdi ki, Dağlıq Qarabağı Qorbaçov Parisdə tikilmiş bir dəst arvad paltarına satmışdır. Hətta onda Raisa Maksimovnanın soyunub həmin paltarı geyindiyi kadrlar da vardır. Qdlyanın bu həyasız məlumatı haqqında yazını o vaxt “Kommunist” qəzeti çap etmişdi.
Dağlıq Qarabağ haqqında SSRİ Ali Sovetinin sessiyasından çox materiallar, müsahibələr, reportajlar vermişdik. Yaponiyaya səfərdən təzəcə qayıtmış Boris Yeltsin Qarabağ oyununu Qorbaçovun ən məntiqsiz siyasəti adlandırmışdı.
Ali Sovetdən verilmiş daha bir material haqqında. İllərdən bəri partiya liderinə çevrilib yüz oyunlardan çıxan Jirinovski o vaxt deputat olmasa da Ali Sovetin binasına girməyə imkan tapmışdı. Rastına gələni söhbətə tuturdu. Əvvəllər İstanbulda “Lenin” nişanları satarkən Türkiyə polisi tərəfindən həbs olunmuş bu üzdəniraq siyasətçi Anarla mənim Bakıdan olduğumuzu bilib, “Sizi, yəqin, Qarabağ məsələsi çox düşündürür, — dedi —. Heç narahat olmayın, Qarabağı nə sizə verəcəklər, nə də Ermənistana. Amma sizə də bollu söz verəcəklər, ermənilərə də. Sizə də silah verəcəklər, ermənilərə də. Bir-biriizi o ki var qıracaqsınız”.
O tarixdən nə az, nə çox, — düz 19 il ötür, qonşuları bir-birinə qatı düşmən edən bu vəhşi siyasət hələ də davam edir, sonu isə görünmür.
Dağlıq Qarabağ haqqında “Kommunist” qəzetində çıxmış materiallardan kitablar düzəltmək olar. Vətənsevərlik həmişə “Kommunist” — “Xalq qəzeti”nin əsas mövzularından olmuşdur. Azadlıq meydanında mitinqlər başlayandan “Kommunist” qəzetinin ab-havası da tamam dəyişdi. Dağlıq Qarabağ, ana torpağın müqəddəsliyi mitinqləri daha da kütləviləşdirən katalizatora çevrildi. Şuşadan, Xankəndindən materiallar çoxaldı. 20 yanvar faciəsindən sonra qəzetin “Səhər” adlı əlavəsi daha da populyarlaşdı. Bu, eybəcər Qorbaçov siyasətinə ən tutarlı etirazımız idi. Beləliklə “Kommunist” qəzeti əsl xalq qəzeti olduğunu bir daha sübut etdi.
Azad, müstəqil dövlətin sahibi olmaq Azərbaycan xalqının həmişə baş arzusu olub. Ötən əsrin doxsanıncı illərinin əvvəli müstəqillik yolunda əsl sınaq dövrü oldu. Həm də çox dolaşıq bir dövr idi. Elə bir dövr ki, partiya liderlərinin hərəsi bir “sahib -əzzaman” olub meydan sulayırdı. “Millət! Dalımca gəl, sənin xilasın mənəm!” — deyərək, ölkəni parçalayırdılar. Qəzetlərdə, televiziyada hər müxalifət lideri bir hava çalırdı. Məhz belə çətin məqamda “Xalq qəzeti” kimi milli yönlü mətbuat orqanları xalqın harayını şəhər-şəhər, kənd-kənd yayırdı.
Etiraf etməliyik, artıq bütün dünya şahiddir ki, başımıza gələn bəlaların mayası arada bizim böyüksüz qalmağımız olmuşdur. Yoxsa, nə erməni buna cəsarət edərdi, nə də öz içərimizdəki “sahib-əz zaman” olmaq istəyən dəccallar.
Tarix bir daha sübut elədi ki, millət atası olmaq Heydər Əliyevin ilahi vergisidir. Allah onu belə yaradıb. Heydər Əliyev çox güclü, misilsiz ilahi şəxsiyyət idi. Nəhayət, xalq ağı qaradan ayıraraq yenidən küçə və meydanlara çıxıb bir daha haqqın qüdrətinə güvəndi: “Heydər baba!!! Bizi bu bəladan qurtar!!! ”harayı millət atası tərəfindən cavabsız qalmadı.
Heydər Əliyevin respublika rəhbərliyinə ikinci gəlişi ilə Azərbaycanın yeni yüksəlişi başladı. Elə bir yüksəliş ki, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Tarixi İpək yolunun bərpası müasir iqtisadiyyatı ən işlək yola çıxartdı. Bakı—Tbilisi- Ceyhan Azərbaycanı dünya neft şəbəkəsinə qoşdu. Azərbaycan adında yeni müstəqil dövlət dünyada məşhurlaşdı. Bayrağımız artıq BMT-də, Avropa Şurasında, digər ucalıqlarda dalğalanır.
Xalq damarlarında Heydər Əliyev qanı axan, Heydər Əliyev məktəbi keçmiş İlham Əliyevi ölkəyə prezident seçib. Artıq ikinci seçkidir ki, İlham Əliyev müstəqil Azərbaycanı məharətlə idarə edir. Heydər Əliyev vaxtında başlanmış tərəqqi, ucalıq və gözəllik yarışlarının davamı öz nəticələri ilə dünyanı heyran qoyur. Belə bir dövrdə, həmişə olduğu kimi, sevimli “Xalq qəzet”i yenə də haqq-ədalətin qızğın müdafiəçisi və təbliğatçısıdır.
Müstəqillik böyükdən böyük, əzizdən əziz ən müqəddəs arzu-istəkdir. “Xalq qəzeti” yarandığı gündən bu arzu ilə yaşamış, xalq diləyinin tərcümanı olmuşdur. Xeyirxahlıq təbliğatçısı olan doğma qəzetimizi 90 illik yubileyi münasibətilə təbrik edirik. “Xalq qəzeti” ifadəsini öz tərcümeyi-halında daşımaq, onun veteranları kimi, mənim üçün də böyük xoşbəxtlikdir. Siz də xoşbəxt olun, qəzetdə çalışan qələm dostlarım!
Əfqan.
Xalq qəzeti.- 2009.- 22 avqust.- S. 4.