Ömür ki var, bir yelkənli gəmidir...

 

Xarakterlər ustası Şahmar Ələkbərovun xatirəsinə

 

Başlığa çıxardığım bu sözlər böyük aktyor, gözəl insan Şahmar Ələkbərov haqqında yazdığım şeirdəndir. O vaxt bu mehriban insanın ölümü sənətsevəçrləri hədsiz kədərləndirmişdi.

Yaradıcılığının çiçəkləndiyi bir dövrdə dünyasını dəyişdi Şahmar Ələkbərov. Onun milli kinomuzun inkişafındakı xidmətləri olduqca böyükdür. Bu istedadlı sənətkarın yaratdığı rollar və çəkdiyi filmlər kino sənətimizin çox qiymətli nümunələridir.

Şahmar Ələkbərovu Azərbaycanda tanımayan, sevməyən çətin tamaşaçı tapılardı. O, kinoya hədsiz həvəslə gəlmişdi və bu həvəslə də ömrünün sonuna kimi onun inkişafına xidmət etdi. Yaratdığı rolların əksəriyyəti özü kimi səmimi, qayğıkeş, mərd insanlar idi. Elə bil rolları onun boyuna biçilmişdi. Bəzən deyirdilər ki, Şahmar həmişə öz xarakterinə uyğun rolları seçir. Amma belə deyildi. Şahmar Ələkbərov xaraktercə müsbət adam olduğundan, müsbət qəhrəmanların rolları da ona çox yaraşırdı. Əslində bu ampluaya düşmək deyildi, sadəcə olaraq o oynadığı müsbət rollara elə çalarlar verirdi ki, heç biri digərinə bənzəmirdi. Onlar arasında tarixi qəhrəmanlar da var, müasir insanlar da. Deyirdi ki, bircə dəfə “Qaçaq Nəbi” filmində mənfi rol oynadım, o da gözümdən düşdü.

Elə bil ömrü bir nağıl idi. Biri var idi, biri yox... Şam kimi yanıb, tez də söndü. Amma bu nağıldan bizə üç alma yox, onlarla dəyərli rollar, gözəl filmlər qaldı.

Şahmar Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan idi ki, onunla həmsöhbət olan hər kəs məmnunluqla ayrılardı ondan, həm də uzun müddət unutmazdı bu görüşün xoş məqamlarını. Bu nikbinlik ona tanrı vergisi idi. İnsanları sevirdi və bu sevgi onun təbiətində idi.

1943-cü il avqustun 23-də Gəncədə dünyaya gəlmişdi. Cəmi yarım əsr ömür yaşadı. Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər bəlkə də bir böyük ömrə sığası iş deyildi.

“Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. İncəsənət İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil almışdı. Bu o demək idi ki, Şahmar müəllim artıq püxtələşmiş bir aktyor idi və elə “Dağlarda döyüş”dəki debütündə də bu aydın görünürdü. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov quruluş vermişdi. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün “Tikanlı məftillər” povesti əsasında ssenari yazmışdı. Şahmar Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi əsgərdir. Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın taleyində uğurlu alınmışdı və onun qəhrəmanı Fərruxun bütün xarakterik cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının sərhədi başladı. Və bu sərhəd rejissor kimi tamamladığı “Qəzəlxan” filminə qədər uzun və keşməkeşli bir yol keçdi.

“Mən ki, gözəl deyildim” filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilmişdi. Aktyor heç bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını, ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır. Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda yeni bir obraz idi.

20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar müəllim. Bütün bu yaradıcı “ittifaqlar” çox uğurlu alınmışdı. Bunlar haqqında o öz “Xatirələrim” adlı yazısında çox gözəl açıqlamalar vermişdi. Mən həmin bioqrafik yazı ilə tanış idim. Lakin ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi. Orada hər şey var idi. O, təkcə Şahmar Ələkbərovun tərcümeyi-halı deyil, bütövlükdə kinomuzun 20 illik dövrünün canlı salnaməsi idi.

Onun rollarını xatırlayıram: Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl qaz”), oğlanlardan biri (“Bizim küçənin oğlanları”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbəti idi.

Bu rolların hər birini ayrıca xarakterizə etməyə, məncə, heç ehtiyac yoxdur. Ancaq Şahmar müəllimin elə qəhrəmanları var ki, onları xatırlamamaq qəbahət olardı. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamınız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirsiniz. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar müəllim bunu bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi.

Şahmar müəllim kinoda rejissor kimi də sözünü demək istəyirdi. Deyirdi ki, bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari də apardım. Dedim ki, Ədil müəllim, film çəkmək istəyirəm. Nə cavab versə yaxşıdır: “Sənin nə gözəl kostyumun var” - dedi. Yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, “Gözəl materialı var, birini də mənə tikdirək” - dedi. Bildim ki, məsələ artıq həll olundu və o gediş bir müddət rejissorluq barədə düşünmədim.

Amma sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək imkanı vermirdi. Beləliklə o rejissor kimi işləməyə qərar verdi və ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkdi. Bu ictimai motivli filmdə Şahmar müəllim çox böyük həvəslə işləmişdi. Hər şey ona tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da, aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi. Ssenarini Anar özünün “Şəhərin yay günləri” povesti əsasında yazmışdı. Amma Gülbəniz xanımla elə rahat işləyirdi ki, elə bil uzun illər rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son qoyuldu. Ssenari müəllifi də, Gülbəniz xanım da, tamaşaçılar da filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.

Sonra isə Elçin özünün “Toyuğun diri qalması” povesti əsasında ssenarisini yazdığı “Sahilsiz gecə”ni çəkdi. Bu isə 1989-cu il idi. O vaxt Şahmar müəllimə dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Elə bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların həyatında bəzi məqamların göstərilməsi idi.

Filmdə həqiqətən çox ciddi ictimai motivlər vardır. Bəli, müharibə hər bir vəziyyətdə insanlara faciələr gətirir. Ailələri başsız qoyur, taleləri bədbəxt edir. Elə filmin qəhrəmanı Zibeydə kimi. Rejissor bu obraz üçün Özbəkistandan Oğludurdun Məmmədquliyevanı dəvət etmişdi. Mehriban Xanlarovanı isə ilk dəfə kinoya gətirmişdi.

“Sahilsiz gecə”nin xoş təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da ötəri oldu. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya gedəsi oldu. Yaxşı idi. Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu məşhur qəzəlxan Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və günlərin birində eşitdik ki, Şahmar Ələkbərov öz ssenarisi əsasında “Qəzəlxan”ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar müəllim filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film ekranlara çıxdı. “Qəzəlxan” Azərbaycanın görkəmli şairi Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi. Amansız ölüm onu aramızdan apardı. 1992-ci ildə Şahmar Ələkbərovun ömrü əbədiyyətə qovuşdu. Çox idi arzuları. Bir ssenari yazmışdı. Özü çəkmək istəyirdi onu. Məşhur Bakı milyoneri Ağamusa Nağıyevə həsr etmişdi. Doğrudur, ölümündən sonra bu ssenari çəkildi. Rejissor Rövşən Almuradov çəkdi bu filmi. Özü də 1995-ci ildə.

 

 

Mükərrəmoğlu M.

 

Xalq qəzeti.- 2009.- 22 avqust.- S. 6.